Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası - GƏLİŞMƏ
Tarix: 15-04-2021 | Saat: 17:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası
Aprelin 13-14-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri baş tutub. Əksər müşahidəçilər səfərin uzunmüddətli planlaşmanın nəticəsi olmadığı, Lukaşenkonun təşəbbüsü əsasında qəflətən baş tutduğu qənaətindədirlər. Belarus prezidentinin Bakı səfərində məqsədi nə idi? Azərbaycanla Belarus arasında münasibətlərin hansı müstəvidə inkişafına kəskin ehtiyac yaranmışdı ki, bilavasitə prezidentin səfərini zəruri etmişdi?

Qeyd edək ki, Lukaşenko Bakıya 13-ü axşamüstü çatıb. Elə həmin gün saat 19.00-da onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi görüş başlayıb və Rusiya mətbuatının yazdığına görə, prezidentlərin söhbəti düz 5 saat çəkib.

Aprelin 14-də isə prezidentlərin rəsmi təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Prezident İlham Əliyev ölkələr arasında münasibətlərin inkişafına görə çox şad olduğunu deyib: “Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur".

Belarus prezidenti isə ölkəsinin Azərbaycanla münasibətlərinə toxunaraq “Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz” deyib. O, həmçinin Azərbaycanın öz milli arzusuna çatmaq yolunda böyük addım atdığını vurğulayıb: “Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur”.

Lukaşenko Belarusla Azərbaycanın siyasi münasibətlərinin “əla” olduğunu xüsusi vurğulayıb: “Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik. Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur”.

Dünən həmçinin prezidentlərin iştirakı ilə Azərbaycanla Belarus hökumətləri arasında 3 sənəd imzalanıb. Bunlar “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının ”Milli Turizm Agentliyi" Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”dur.

Xatırladaq ki, sonuncu dəfə dövlət başçıları 2018-ci ilin noyabrında İlham Əliyevin Minskə rəsmi səfəri zamanı görüşüblər. Məhz bu səfər zamanı Belarusun Dövlət Hərbi Sənaye Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında silah və hava hücumundan müdafiə texnikalarının tədarükü haqqında müqavilə imzalanıb. Vətən müharibəsi dövründə erməniləri qorxuya salan “Polenez” raketlərini Azərbaycan Belarusdan həmin müqavilə əsasında əldə edib.

Azərbaycan Belarusun əsas ticarət tərəfdaşlarının ilk 15-liyinə daxildir. 2020-ci ildə Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 313 milyon 163,71 min dollar təşkil edib. Bunun 148 milyon 248,21 min dollarını Azərbaycanın Belarusdan idxalı, 164 milyon 915,53 min dollarını isə bu ölkəyə ixracı təşkil edib. Azərbaycan Belarusdan əsasən kərə yağı, iribuynuzlu mal əti, süd və süd məhsulları, meşə materialları, dərman preparatları və hərbi sənaye məhsulları alır.

İxracımıza gəlincə, ötən il Belarusa 146 milyon 461,61 min dollarlıq xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, 5 milyon 559,2 min dollarlıq orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün satmışıq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevralında Belarusla Azərbaycan arasında 54 milyon dollar təşkil edib ki, bunun 38 milyon 585.52 min dolları Azərbaycanın ixracı, 15 milyon 415.62 min dolları isə idxalının payına düşür.

Maraqlıdır ki, Rusiya mətbuatı Belarus prezidentinin Azərbaycan səfərinə kifayət qədər geniş yer ayırır. Bu zaman əsas diqqət yetirilən məqamlardan biri Belarusun Azərbaycandan neft alışını artırmaq niyyətidir. A.Lukaşenkonun səfərindən bir gün öncə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkoy bəyan edib ki, ölkəsi 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft alacaq: “Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker hazırda yoldadır”.

Səfir əlavə edib ki, Azərbaycan ötən il Belarusa 800 min ton neft tədarük edib.

Rusiya ekspertləri Belarusun Azərbaycandan neft almaqla enerjidaşıyıcıları idxalını diversifikasiya etmək cəhdlərinə xüsusi diqqət yetirirlər. Onlar hesab edirlər ki, 2020-ci ildən başlayaraq Lukaşenkonun bilavasitə təşəbbüsü əsasında Azərbaycandan neft idxal edən Belarusun diversifikasiya cəhdləri uğurla nəticələnməyəcək. Belə ki, Belarusun neft emalı komplekslərinin illik emal gücü 24 milyon ton təşkil edir. Hazırda bu günü 18-19 milyon tonundan istifadə olunur. Bu isə o deməkdir ki, Belarusun emala yönəldilən neft həcmini daha 5-6 milyon ton artırmaq imkanı var. Ölkənin özündə il ərzində cəmi 1,6-1,7 milyon ton neft hasi olunur və bütünlüklə Avropaya ixrac edilir. Bununla ölkəyə valyuta axını artırılır. Emal zavodları isə bütünlüklə idxal nefti hesabına fəaliyyət göstərir. Belarus emal müəssisələrini təmin etmək üçün neftin böyük hissəsini Rusiyadan alır. Ötən il qiymətlə bağlı mübahisələr yaranan zaman Minsk qısa müddətdə ABŞ, Norveç və Azərbaycandan neft idxalını təmin edə bildi. Nəticədə Rusiya tərəfi qiymətlə bağlı onun tələblərini qəbul etmək məcburiyyətində qaldı. Buna görə də indi Rusiya ekspertləri Belarusun Azərbaycandan neft alışını artırmaq planlarına qısqanclıqla yanaşırlar.

Qeyd edək ki, neft və neft-kimya məhsullarının ixracı Belarusun ümumi ixracının 50 faizə qədərini təşkil edir. Bu məhsulların Ekvadordan tutmuş Venesuelaya, Avropaya, Çinə qədər çox geniş tərkibli alıcıları var. Nə qədər qəribə də olsa, öz nefti minimum həcmdə olan Belarus ən yüksək ekoloji standartlara cavab verən avtomobil yanacağı istehsalını təşkil edərək milyardlarla dollar qazanır. Öz tələbatından dəfələrlə artıq neft istehsal edən Azərbaycanda isə neft emalı sənayesi ekoloji tələblərə cavab vermək baxımından sovet dövründəkindən çox da uzaqlaşa bilməyib.

Rusiya mətbuatı Azərbaycanın başdan-ayağa Rusiya silahı ilə silahlanmış Ermənistanı biabırçı məğlubiyyətə uğratmasınndan sonra Bakının Belarusdan silah və hərbi texnika almasından da narahatlıq keçirməkdədir. Rusiyalı politoloq Andrey Suzdaltsev isə hesab edir ki, Belarus prezidentinin Bakı səfərində əsas məqsəd maliyyə dəstəyi almaqdır: “Lukaşenko hazırda cidd-cəhdlə pul axtarır. Azərbaycan isə onun gedə və hansısa razılaşmalar imzalaya biləcəyi çox az ölkələrdən biridir”. Politoloq deyir ki, Bakı hazırkı şəraitdə Belarusa yalnız bir neçə yüz milyon dollar, özü də qaytarmaq şərtilə verə bilər: “Lakin Lukaşenkoya bu məbləğ azdır, ona bir neçə milyard dollar lazımdır, özü də qaytarılmamaq şərtilə”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Bakı Belarusun neft və maliyyə ehtiyaclarının bir hissəsini qarşılaya bilər: “Hazırda ağır problemləri olan Belarusa neft və pul lazımdır. Bunların hər ikisi Azərbaycanda var. Nəzərə alsaq ki, Ermənistanla apardığımız müharibədə Belarus birmənalı olaraq Azərbaycanı dəstəkləyib, bu zaman Bakının çətinlikdə olan Minskə dəstək verməsində qeyri-adi heç nə yoxdur. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistanla müttəfiq olmasına rəğmən, 2016-cı ilin aprel hadisələrində də, 44 günlük Vətən müharibəsində də Azərbaycanı dəstəkləyib. İndi Aleksandr Lukaşenkonun münaqişə həll olunduqdan sonra Bakıya səfər etməsi göstərir ki, bu dəstək davam edir”.

Ekspert xatırladır ki, bir neçə il əvvəl də Belarusun ehtiyacı olanda Azərbaycan ona kredit ayırıb və artıq verilən vəsait geri də qaytarılıb: “Belarusun böyük neftayırma zavodları var, onları təmin etmək üçün neft almalıdır. Azərbaycanın da nefti var və onu satmaq üçün müştəri tapmalıdır. Bu baxımdan, Bakının Belarusa daha çox neft satması da, müəyyən maliyyə dəstəyi göstərməsi də mümkündür. Əlbəttə, münasib şərtlər daxilində”.
“Yeni Müsavat”


Xəbəri paylaş

3998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___