Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanlarova iclasa çörək arasında kamera keçirmişdi - Faktlar
Tarix: 28-12-2020 | Saat: 11:10
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər



Zeynəb Xanlarova azad olmayan cəmiyyətin azad sənətkarı oldu. Sovet imperiyasında yaşayanlar bunu yaxşı xatırlayırlar. Bu quruluş insanları müəyyən bir çərçivə daxilində saxlayırdı. Səhnə adamları ciddi geyimdə, lap Sovet əsgəri kimi düz dayanmalı və mahnını belə ifa etməli idi. Bizim böyük sənətkarımız Zeynəb xanım səhnəyə gəlişi ilə bütün bu sədləri aşdı, dəmir hasarları qırıb, darmadağın etdi. Sanki quruluşa qarşı bir etiraz üsyanı etdi. O zaman 60-cılar ədəbiyyatda, teatrda, kino sahəsində böyük bir hərəkat yaratmışdılar. Zeynəb Xanlarova da mahnı yaradıcılığında, özü də milli musiqidə yeni bir mərhələnin yaradıcısı oldu. Bəzən onun oxu tərzinə “sadəcə rəqs edir” deyirdilər. Bu, əslində, kökündən yalnış fikirdir. O, konsert mədəniyyətinə yeni təqdimat gətirdi. Və sübut etdi ki, müğənni partiya iclasında çıxış etmir.
İfaçı mahnının təravətini, əhvalını, eyni zamanda ifaçılıq sənətinin ən incə məqamlarını belə birləşdirməlidir. Əslində, Zeynəb xanımın ifa tərzi bir elmi analizdir. Bu sənətkarın Azərbaycan sənətinə gətirdiyi azad ifa tərzini nəinki biz, bütün dünya tamaşaçısı dəyər verərək alqışladı. Şimaldan cənuba, şərqdən qərbə hər bir tamaşaçı bu ifaya heyran qaldı. Bu, təbii idi. Çünki böyük sənətkar Zeynəb xanım mükəmməl musiqi təhsili alıb. Azərbaycan muğam sənətinin tədris banisi ustad Seyid Şuşinskinin ən sevimli tələbəsi olub. Zeynəb xanım əsrarəngiz səs sahibi olmaqla bərabər mübariz xarakterə malikdir. Bu baxımdan Seyid Şuşinski ilk dəfə qadın müğənnilər sırasında Zeynəb xanıma “Çahargah” muğamını ifa etdirib. Bunu nəzərə almaq lazımdır ki, “Çahargah”ın möhtəşəm ifaçısı məhz Seyid Şuşinski idi. Bu ifa həm də “Çahargah” ifaçıları üçün bir nümunə olub. 4-cü kurs tələbəsinə “Çahargah” muğamını oxutdurmaq və bu ifanı radionun fondu üçün lentə aldırmaq heç də sıradan iş deyildi. Onu da qeyd etmək lazımdır ki, Seyid Şuşinski ifa xətrinə daha bir “Çahargah” oxunsun deyə, bu addımı atmayıb və atmazdı da. Böyük ustad Seyid Şuşinski bilirdi ki, Zeynəb Xanlarovanın ifası ilə musiqi sənətinə silinməz bir tarix yazılır. Böyük və əvəzsiz Seyid Şuşinski Zeynəb Xanlarova imzasını tək muğam sənətinə bəxş etmədi, həm də opera sənətinə müqayisəedilməz Leyli gətirdi. Adətən, Leyli obrazı səhnədə cahilliyin qurbanı olan nakam bir qız kimi ifaçılar tərəfindən təqdim olunur. Lakin Zeynəb xanım məzlum, qul xislətli bir ərəb qızı səhnəyə gətirmədi. Onun oyunu əvvəlki ifaçılardan ona görə fərqlənirdi ki, sənətkar muğamların ifasını çatdırmaqla kifayətlənmədi, həm də aktrisa kimi Leylinin sevgisi uğrunda mübarizəsini ustalıqla nümayiş etdirə bildi. Daha doğrusu, böyük sənətkarlıqla yaratdı. Mən Leylinin ölüm səhnəsini xatırlayıram. Zeynəb xanımın səhnə önündən ölüm yatağına getməsi özü bir tamaşa idi. Mən onun səhnədəki oyun performansına istinad etdim. Bir səhnə belə bir dərslikdir. Bu gün Leyli obrazında səhnəyə çıxan gənc ifaçılar Zeynəb Xanlarovanın tam fərqli oyununu öyrənməlidirlər. Muğam və aktrisalıq sənətinin vəhdət təşkil etdiyi, özü də yüksək sənət nümunəsi Zeynəb Xanlarova ifasının sehrinə milyonlarla tamaşaçı düşdü. Bu tamaşa bir əfsanə idi. Bu gün əsl sənət sorağında olan opera tamaşaçıları Zeynəb xanımın yaratdığı Leyli obrazının intizarındadır.
Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərini yəqin ki, hamımız yaxşı xatırlayırıq. Ölkədəki özbaşınalıq, çökən iqtisadiyyat, dağılan Sovet dövləti. O zaman hər kəs ölkəni tərk edirdi. Xarici ölkədə bir balaca yaxşı güzəran qura bilən - istər azərbaycanlı olsun, istərsə qeyri-azərbaycanlı - vətəni tərk edirdi. Amma o, öz vətənini heç bir rahat və qayğısız ölkəyə dəyişmədi. Ölkənin belə qarışıq zamanında da xalqını tək qoymadı. Zeynəb Xanlarova hər zaman millətinin ağır və şad günündə həmvətənliləri ilə çiyin-çiyinə dayanıb. 20 Yanvar hadisələri hər kəsin yadındadır. O ağır, gərgin günlər... Bir tərəfdən Qarabağ hadisələri, o biri tərəfdən rus ordusunun Bakıya hücumu. Bəli, rus ordusunun Bakıya girməsi hücum idi. Hər yerə atəş açırdılar. Və... Şəhidlər...
“Mən xalqın anasıyam, mən xalqın aydınıyam” deyə özünü adlandıranlar o gün meydana çıxmadılar. Halbuki xalqı küçələrə onlar çıxartmışdı. Onlar deyirdilər ki, gəlin, əliyalın xalqa atəş açılmayacaq. Amma atəş də açıldı, cavan da, qoca da, uşaqlar da şəhid oldu. Şəhidlər dəfn olunan günü onların heç biri gəlmədi. Zeynəb Xanlarova o gün də xalqının yanında idi. Şəhid anaları ilə bir sırada dayandı. Qara kəlağayı bağlayıb xalqının müsibətinə göz yaşı tökdü. Bir il yas saxladı və səhnəyə çıxmadı. Şəhidlər üçün ilk ağını da o dedi. Heç nədən çəkinmədən. Nə deputat mandatından, nə ailəsinə ola biləcək basqılardan, nə də Sovet dövlətinin verəcəyi cəzadan! Bu onun xalqına, millətinə böyük sevgisinin təzahürü idi və bu amala o, hər zaman sadiq qaldı.
20 Yanvar hadisəsi Ali Sovetdə müzakirə olunurdu. O zamankı Sovet Azərbaycanının rəhbərləri həmin iclasın lentə alınmasını icazə vermədilər. Fövqəladə iclasın heç bir görüntüsü və lent yaddaşı olmayacaqdı, əgər Zeynəb xanım cəsarət göstərməsəydi. Həmin gün Ali Sovetin deputatlarını iclas zalından bayıra buraxmırdılar. Binaya giriş-çıxışa rus əsgərləri nəzarət edirdi. Zeynəb xanım “burada qalan deputatlara çörək gətirmişəm” deyərək, çörəyin arasında öz şəxsi kamerasını gizlədərək iclas zalına keçirə bildi. Bunu etmək üçün insanda böyük cəsarət tələb olunurdu. Çünkü rus ordusu və komendant idarəsinin nəzarəti güclü idi. Zeynəb Xanlarova Ali Sovetin deputatı olaraq heç nədən çəkinmədən fövqəladə iclasın lentə alınması üçün bu addımı atdı. Bu gün yeganə fakt kimi o iclasdan videogörüntü Zeynəb xanımın sayəsində əlimizdə qalır. Zeynəb xanım sonralar da Milli Məclisdə xalqın sözünü deyən cəsarətli çıxışları ilə fərqlənirdi. Möhtərəm cənab Prezident İlham Əliyev böyük sənətkara “Heydər Əliyev” ordenini təqdim edərkən xüsusilə qeyd etdi ki, “Siz cəsarətli və mərd xanımsınız. Milli Məclisdə xüsusi fəallığınızla fərqlənirsiniz”.
Şöhrətin zirvəsində sadəliyini itirməyən Zeynəb xanım dünyada Azərbaycanı ləyaqətlə təmsil edib. O, Amerika, Türkiyə, Avstriya, Yaponiya, Avstraliya və bir çox ölkələrdə konsert proqramı ilə çıxış edən ilk azərbaycanlı sənətkar olub. İlk dəfə Azərbaycan sözünü Zeynəb xanımın dilindən, ifasından eşidiblər. Görmədən, bilmədən, tanımadıqları Azərbaycanı məhz onun timsalında seviblər. Bu millətin kimliyini, hansı mədəniyyətə malik olduğunu anlayıblar. Zeynəb xanım o vaxtlar hər bir ölkədə verdiyi konsertdən tutmuş, qarşılanma və yola salınmaya qədər lentə alınaraq televiziyada nümayiş olunurdu. Bu fikirlər sözdə deyilən təşbehlər və ibarələr deyil, mən faktlardan danışıram. O illərdə diaspor, millətin təşkilatlanması kimi termin və fikirlər yox idi. Bilirsiniz ki, Sovet dövləti var idi və bu quruluşa daxil olan xalqların düşüncəsi bundan ibarət idi: yalnız sovet xalqı var.
Zeynəb Xanlarova getdiyi ölkədə yaşayan soydaşlarımıza Vətən anlayışını aşılayırdı. Bizə isə xaricdə həmvətənlərimizin olduğunu, onların Azərbaycan həsrəti çəkdiklərini təlqin edirdi. Zeynəb xanım Diasporla iş üzrə Dövlət Komitəsinin funksiyasını demək olar ki, tək icra edirdi. Baxmayaraq ki, bu, o qədər də asan deyildi. Sovet Təhlükəsizlik Orqanının hər yerdə gözü, əli vardı. Böyük sənətkar öz vətənini, soydaşlarını unutmurdu.
Mən 1989-cu ildə ABŞ-da Zeynəb Xanlarovanın qastrolunu və onun həmvətənlərimizlə görüşlərini xatırlayıram. O insanların çoxu Oktyabr inqilabı zamanında Azərbaycandan qaçan soydaşlarımızın övladları idi. Hətta bir həmyerlimiz öz qızı ilə küsülü idi. Qızı ingilis əsilli adamla ailə qurduğu üçün onunla danışmırdı. Zeynəb xanım ata ilə qızını barışdırdı. “Xanım Zeynəb” deyən ağsaqqal necə hönkürtü ilə ağlayırdı: “Yalnız sizə görə, xanım Zeynəb, məhz sizə görə qızımı bağışlayıram”.
Bu, Zeynəb xanımın sənətinin və şəxsiyyətinin böyüklüyünün göstəricisi idi. Zeynəb xanım xalqına tək mahnı oxumaqla xidmət etmirdi. O, həm də hər bir azərbaycanlının yanında idi. Xarici ölkələrə qastrollarda Qarabağa aid mahnıların repertuara salınması mütləq idi. Hər bir mahnının ifası zamanı mütləq Azərbaycan muğamlarını da əlavə edirdi. Əlbəttə, o, muğam ifa etməyə də bilərdi. Heç bir tamaşaçı konsertə yalnız muğam dinləmək üçün gəlmirdi. Amma o, hər zaman istər gündoğan Yaponiya olsun, istər qərb ölkələri, istərsə də Şərq, öz milli musiqisinə, onun böyük sənətinə sadiq qalırdı. Zeynəb Xanlarova ona görə dünya şöhrəti qazandı.
Zeynəb Xanlarova Azərbaycanı dünyada tanıdan xalqın elçisi idi. Millətinin mədəniyyətini, tarixini, insanlarını təbliğ etdi. Bu, Vətən qarşısında böyük bir xidmətdir. Vətənpərvər sənətkar öz əqidəsinə hər zaman sadiq qalıb. Türk dünyasının çox fatehi olub. Öz ordusu, qılıncı ilə ölkələr fəth ediblər. Zeynəb Xanlarova isə öz səsi, oxuduğu mahnı və muğamlarla dünyanı fəth edib. O, bir fatehdir! Azərbaycanın musiqi kraliçası, fateh sənətkarı Zeynəb Xanlarova!




Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___