Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bir həkimin fəryadı: "Bu, vətəndaşların məsuliyyətsizliyidir" - FOTO
Tarix: 24-06-2020 | Saat: 19:15
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Səhiyyə / Aktual | çapa göndər

Azərbaycanda bir həkimin fəryadı:"Bu, vətəndaşların məsuliyyətsizliyidir" - FOTO

“İnanmasalar belə, bunu kim ki, inanır... kim ki, bilir... kim ki, görür... onların, nəhayət, Allah xatirinə etsinlər...” Bu, pandemiya xəstəxanalarından birində çalışan azərbaycanlı cərrah Murad Məmmədlinin qəlbinin fəryadıdır. O, karantin qaydalarını pozan bir çox vətəndaşın laqeydliyini görəndə Azərbaycanın Xalq artisti Faiq Ağayevə kömək üçün müraciət edib ki, daha çox insan onun xahişini eşidə bilsin.

 
"Xeberaz.Az" həkim M.Məmmədli ilə söhbət edib və hər gün koronavirusa yoluxan xəstələri xilas edən ağ xalatlı qəhrəmanların necə ağır şəraitdə işlədiklərini öyrənib.
- Nə qədər müddətdir xüsusi rejimli tibb müəssisəsində çalışırsınız?
- Demək olar ki, üç həftədir. Növbə ilə çalışırıq, az qala daim ayaq üstəyik. Mən qərar vermişəm ki, sona qədər pandemiya xəstəxanasında işləyim, ümid edirəm, xəstələnməyəcəm və xəstələrə kömək edə biləcəyəm.
- Hansı yaş qrupuna aid xəstələr daha çoxdur?
- Bilirsiniz, indi elə vəziyyət müşahidə edirik ki, müəyyən qrupu ayırmaq çətindir. Bizdə ağır vəziyyətdə olan həm gənc, həm orta yaşlı, həm də çox yaşlı xəstələr var. Bundan əlavə, müalicə müddəti artıb. Əgər əvvəllər xəstələr iki həftəyə sağalırdısa, hazırda müalicə bir ay da davam edə bilir.

- Niyə belə olur?
- Çünki virus zamanla mutasiya edib və təəssüf ki, əvvəlkindən daha aqressiv olub. Virulentlik azalmaq əvəzinə, artmağa başlayıb.
- Həqiqətən, bir çox virusoloqlar yay mövsümünün başlaması ilə epidemiyanın yox olacağını söyləyirdi. Bunun əvəzinə, əks mənzərəni müşahidə edirik...
- Bilirsinizmi niyə? Bu, vətəndaşların məsuliyyətsizliyidir. Qaydalara ciddi əməl etsək, virusu çoxdan məğlub edə bilərdik. Anlayırsınız, yoluxanlar ilk üç gündə xəstəliyin əlamətlərini hiss etmir, ancaq bununla bərabər, daşıyıcı olurlar. Müvafiq olaraq, əgər yoluxmuş şəxs ictimai yerdə maska taxmasa və sosial məsafəni gözləməsə, bir neçə nəfəri də yoluxduracaq və bu, zəncirvari davam edəcək. Məhz buna görə, biz indi xəstələrin sayında belə kəskin sıçrayış görürük. Xəstələr çoxalıb, virus daha aqressivləşib, çox tez ötürülür, qaydaları gözləməməklə isə insanlar daha sürətli yayılmağa şərait yaradır. Maska taxmaq, məsafə gözləmək və əlləri yumaq bu qədər çətindir?!
- Əlbəttə, yox, bunlar elementar ehtiyat tədbirləridir.
 - İnsanlar bəhanə axtarmağa, həkimləri və hakimiyyəti tənqid etməyə başlayırlar... Ancaq ədalət naminə, dövlət hər cür şərait yaradıb, zəruri tədbirləri görüb və mümkün olan hər şeyi edir. Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində bütün tibb müəssisələri lazımı avadanlıqlarla, qoruyucu vasitə və dərmanlarla təchiz edilib.
Digər ölkələrdən olan həmkarlarımla ünsiyyət saxlayıram və praktiki olaraq tibb işçiləri üçün bu cür avadanlıq və xəstələrə belə münasibət heç yerdə yoxdur. Yalnız vətəndaşların sağlam düşüncəli olmasına güvənirik. Sən virusa inanmaya, bunu dünya miqyasında sövdələşmə hesab edə bilərsən, ancaq öz yaxınlarının sağlamlığı naminə, digərlərinə hörmət əlaməti olaraq, sadəcə, qaydalara əməl et. Bu ki çox sadədir!
İtaliyada pandemiyanın pik dövründə baş verənləri xatırlayın! Deputatlar, merlər sadəcə küçələri gəzərək vətəndaşları evlərinə qovurdu. Doğrudanmı, ölkəmizdə də belə etməliyik? Hamımız insanıq, eyni dildə danışırıq, demək ki, bir-birimizi başa düşməliyik.
- Deyin görək, hazırda xəstəxanalarda boş çarpayılar var?
- Yoluxanların kəskin artmasına görə bir çox xəstəxanalar dolub. Nələri görməyə məcbur olduğumuzu təsəvvür edə bilməzsiniz!
Bəli, xəstələri müalicə etmək bizim həkimlik borcumuzdur. Ancaq biz də insanıq, ailələrimiz, yaxınlarımız və doğmalarımız var, hisslərimiz, istəklərimiz var, biz də risk zonasındayıq və ölə bilərik. Biz göz yaşı içində onlara kömək etməyimizi istəyən xəstələri görürük, onlarla birlikdə ağlayırıq, gücümüz çatan hər şeyi edirik. Xəstələr xoşbəxtdirlər və köməyimizə görə bizə təşəkkür edirlərsə, sanki ilham alırıq və qanadlarımız açılır. Həkim və ya tibb bacısı olmağınızın əhəmiyyəti yoxdur, ehtiyac olarsa, xəstələri yedizdiririk, hətta bəzən yuyuruq. Bütün bunlardan sonra işə gedəndə pəncərədən insanların məsafə saxlamadığı və maska taxmadığı izdihamlı avtobusları görəndə qollarımız yanımıza düşür. Bütün əməyimiz puç olur. Belə olmaz axı! Bu, bizim sağlamlığımız, yaxınlarımızın və ölkəmizin gələcəyidir! Sadəcə, bizə xəstələrin bu axınının öhdəsindən gəlməyə kömək edin, bir az məsuliyyətli olun, qaydalara riayət edin, gəlin birlikdə pandemiyaya qalib gələk!


- Statistikaya görə, ağır xəstələrin də sayı artır...
- Təəssüf ki, əgər münasibət düzəlməsə, bu cür də davam edəcək! Bir az da keçəcək və çarpayılarımız çatmayacaq, daha sonra tibb işçilərimiz də qalmayacaq. Vəziyyət kritikdir. Hər şey Berqamodakından daha pis ola bilər. İnsanlar yalnız kömək edəcək biri olmadığı üçün öləcəklər! İnanın, bir gün əvvəl mən uşaq kimi oturub ağladım. Narahatlıqdan, yorğunluqdan, xəstələrin sayının bu qədər kəskin artması düşüncəsindən. Həkimlər daim ayaqdadır, xüsusi qoruyucu kostyumlarda və maskalarda, praktiki olaraq təmiz havadan məhrumuq, növbədə tualetə getməyə və ya yeməyə vaxtımız yoxdur. Ayaqlarıma davamlı yük düşdüyünə görə varikoz xəstəliyinə tutulmağa başladım, üzüm göyərir, antiseptik və əlçəklərə görə dərim gedir... Əgər məni görsəydiniz, qorxardınız.
- Möhkəm olun, bütün ümidlər sizədir! Virusun mutasiya etdiyini bildirdiniz, bəs xəstələrimizdəki simptomlar dəyişibmi?
- Xeyr, simptomlar eyni olaraq qalır. Bu, bir qayda olaraq temperatur, quru öskürək və halsızlıqdır. Hər insanda xəstəlik fərqli keçir, yanaşı xəstəliklərin olmasından, immunitetdən çox şey asılıdır.
- Hazırda hotellərdə yaşayırsınız?
- Bəli, yoluxmuş insanlarla işlədiyimiz üçün yaxın və doğmalarımızla yaşaya bilmərik. Biz risk zonasındayıq və başqalarını yoluxdura bilərik. Üstəlik, hətta həkimlərin özləri aralarında qaydalara riayət edir, məsafə saxlayır, maska taxmağa çalışırlar. Bu, bizi xəstəxanaya aparan və geri qaytaran nəqliyyatda da gözlənilir.
- Sizcə, epidemiya nə vaxt məhv ola bilər?
- Mən deyə bilmərəm, hər şey vətəndaşların məsuliyyətindən asılıdır. Anlamaq lazımdır ki, bizim də gücümüz qurtara bilər, biz də xəstələnə bilərik... Təsəvvür edə bilməzsiniz ki, hansı ağrıları yaşayırıq, işdən evə gəlirik və sadəcə, əldən düşürük...



1 1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___