Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beyləqandakı "Georgius"un qəbri necə "Zəncir piri" oldu? - VİDEO
Tarix: 07-10-2019 | Saat: 18:12
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Maraqlı / M2 / İbadət | çapa göndər


Ərəb dilindəki orijinal səslənməsi ilə Həzrət Peyğəmbərimizin (s.ə.s) ismi "Muhamməd" olsa da, dilimizdə daha çox "Məhəmməd" kimi işlədirik. Rəvayətə görə, Yunan mənşəli "Georgius" adının da dilimizdə "Cərcis" olaraq işlədiləsi hər halda eyni bu məsələyə bənzəyir. Onu da qeyd edək ki, Quranda adları keçən 25 peyğəmbərin hər biri yaşadığı dövrün dilində, o dövrün insanlarının daşıdığı və o dövrə xas adları daşımışlar. Bu minvalla Beyləqanda "Zəncir piri" də deyilən məkanda dəfn olunan Cərcis isminin orijinal halı ilə "Georgius" olması mümkündür.
Quranda peyğəmbər kimi müxtəlif yerlərdə 25 şəxsin adı keçir. Bir də Üzeyr, Loğman və Zülqərneynin adları keçsə də onların peyğəmbər olub-olmadıqları qəti olaraq bilinmir. Qurandakı peyğəmbər adları içərisində "Georgius" ya da "Cərcis" adına rast gəlmirik. Belə bir isim Quran ayələrində yoxdur. Ancaq "Peyğəmbərlərin bəzisinin əhvalatını sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik" (Nisa, 4/164) ayəsinə istinadən peyğəmbərlərin sayılarının Quranda adları keçənlərlə məhdud olmadığını söyləmək olar.
Elmalılı Hamdi Yazır "Haqq dini Quran dili" adlı təfsir əsərində Furqan surəsinin 38-ci ayəsindəki "Əshabı rəss"in (Rəss əhlinin) kimlər olduğunu şərh edir. Elmalılı təfsir əsərində Cərcisin (Georgiusun) həyatı ilə bağlı xalq arasında dolaşan məlumatlarla üst-üstə bəzi məlumatlar verir. Elmalılı "Rəss" diyarının Kür qırağı və Azərbaycan torpaqları olduğunu qeyd edir. Bu zaman ayələrə əsasən Rəss əhlinin təkzib edib yalanladığı, həmçinin quyuya ataraq öldürdüyü peyğəmbərin də Cərcis və ya Georgius olduğu ehtimalı üzərində dayanmaq olar.
İbn Kəsir də Furqan surəsinin 38-ci ayəsini təfsir edərkən ayədə keçən "Rəss" kəliməsi haqqında belə deyir: "Rəss, Azərbaycanda peyğəmbəri öldürmək məqsədilə atıldığı içi divarla hörülməmiş quyunun adıdır".
Quran ayəsində də məhz bu peyğəmbəri qətl etmə əməlinin aqibəti xəbər verilərək belə deyilir: "Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik)" (Furqan, 25/38). Digər təfsirlərdə də bu ayə izah olunarkən "Rəss əhli"nin peyğəmbərlərini öldürən və ya quyuya atan bir millət olduğu vurğulanır. Bu ehtimalla “Rəss əhli”ni Cərcisi (Georgiusu) quyuya atan xalq olduğunu demək olar.
"Qaf" surəsində də peyğəmbərlərini təkzib edib yalanlayan qövmlərin adları sıralanır. Burada da “Rəss əhli”nin adına rast gəlirik. Ayədə belə buyurulur: "Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi. Ad (qövmü), Firon (əhli), Lut qardaşları; Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi" (Qaf, 50/12-14).

Rəvayətin başqa bir variantına görə, Cərcis (Georgius) Beyləqan torpağına gəldiyi dövrdə bu yerlərdə Dərziyanə adlı zalım bir şah hökmranlıq edirmiş. Cərcis (Georgius) təkallahlığı təbliğ etməyə başlayır və az zaman içərisində onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfərə çatır. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edən Cərcis, 77 il ömür sürüb və 392-ci ildə dünyasını dəyişib.
Yunan mətnlərində rast gəlinən məlumatlara görə də, Müqəddəs Georgius 3-cü əsrdə Kappadokiyada anadan olub. Onun atası xristianlığı qəbul etdiyi üçün edam edilib, anası körpə Georgiuslə Fələstinə qaçıb. Bu vaxtlar isə Qafqaz Albaniyasında xristianlığın yayıldığı dönəmlərə təsadüf edir. Həmçinin onun adına biri İraqın Mosul vilayətində, 2-cisi Yunanıstanın Afina şəhərində və 3-cüsü Türkiyənin Urfa vilayətində olmaqla, daha üç qəbr yeri olduğu bildirilir.
İslam alimlərinin əsərlərindən yola çıxaraq Cərcisin (Georgius) peyğəmbər ola biləcəyini demək mümkündür. İkinci variant kimi də Yasin surəsində xəbər verilən və rəvayətə görə Antakya şəhərinə göndərilən iki elçi (Yasin, 36/14) kimi Cərcis (Georgius) də xristian dini təbliğçisi ola bilər.
Cərcis adının farsca "cahar" və "cur" sözlərindən əmələ gəldiyini və "dörd dəfə ölüb-dirilən" mənasını verdiyini iddia edənlər də var. Georgiusun dəfələrlə ölüb-dirilməsi haqqında deyilənlər isə məhz qədim mifik qəhrəmanların hadisələri əsasında formalaşıb.
Cərcisin (Georgiusun) qəbri üzərindəki binaya gəldikdə isə, bu tikili sonuncu dəfə 1899-1905-ci illərdə mərhum sifarişçi Hacı Qurban Hacı Nəbi oğlu tərəfindən inşa edilməyə başlanılıb. Onun vəfatından sonra oğlu Hacı Qulu Hacı Qurban oğlu bu binanı tikintisinə rəhbərlik edib. Tərəkəmə camaatının da binanın tikintisində yardımları olmuşdur. Binanın memarı usta Həsən Təbrizi olub. 6 ilə başa gələn bu bina Azərbaycan milli ornamentində tikilmiş memarlıq abidəsidir.
Gəlin biraz da Cərcis (Georgius) qəbri üzərindəki günümüzdə "məşhur" olan zəncir haqqında danışaq…  Zəncir və ya kəndir məişətdə, kənd təsərrüfatında müxtəlif təyinatları üzrə istifadə olunan, insanların ehtiyac duyduğu əşyalardan bir neçəsidir. Ancaq elə bir situasiya yaranır ki, bir də görürsən bu adi zəncir insanların mədət umduğu bir yer halına gəlir. Əslində "məharəti" o zəncirdə axtarmamalıyıq. "Məharət" o zənciri məhz ora asanlardadı. Deməli zəncir düz mərkəzdən, kümbəzin ortasından sallanır. İnsanlar zəncirin ucundakı ilgəyə yaylıq atır. Haşiyəyə çıxaraq bu zəncir söhbətini faydalı bir sayta bulaşmış ya da bulaşdırılmış bir virusa bənzədərdim. Bəlkə də zənciri ora asanda da günah yoxdur. Günbəzin memar illər əvvəl hardan bilə-bilərdi ki otağın işıqlanması üçün asılacaq lampanın yeri olan bir zəncir illər sonra mədət umularaq, yaylıq atılan bir yerə çevriləcək!
Dinlər tarixi baxımından əhəmiyyəti olan və artıq günümüzdə İslami kimliyə bürünmüş bu türbənin içində bəzi mənbələrdə çılçırağın asılması üçün yerləşdirilmiş zəncir bu gün insanların inanc yerinə çevrilib. Sosial şəbəkədə yayılmış videolardan ya da ora gedən yüzlərcə canlı şahiddən öyrənmək olar ki, xanımlar şallarını həmin zincirə ataraq arzularının yerinə yetib-yetməyəcəyini dəqiqləşdirirlər! Beləcə insanların sadəcə "Fatihə" oxuyaraq geri qayıdacaqları bir məkan xürafat və cəhalətin kök saldığı yer halına gəlib. Deməli böyükdən kiçiyə İslam doğru şəkildə insanlara çatdırılmayanda insanlar gedib bir zəncirdən mədət uma bilirlər. Nəticədə isə Cərcisin (Georgiusun) qəbri "Zəncir piri"nə çevirilir. Buradakı qəbrin dövrün haqq peyğəmbərinə məxsus olduğundan yola çıxaraq belə bir sual vermək olar... Bir peyğəmbəri qətl edən, onu bir quyuya atan zehniyyət və anlayışla həmin qəbrin üzərində zəncirə şal ataraq dilək tutan biz insanlar arasında hansı fərqlər var? Cərcis (Georgius) əslində cəhalətlə savaşırdı. Bizim içində olduğumuz, qəbrinin üstündə yaşatdığımız cəhalətlə...





2628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___