Ana Sayfa > M / Karusel / Gündəm > Naxçıvanı blokadadan çıxaracağıq - Prezident

Naxçıvanı blokadadan çıxaracağıq - Prezident


10-01-2017, 23:14. Yazar: Xeberaz
Naxçıvanı blokadadan çıxaracağıq - Prezident


Naxçıvanı dəmiryolu blokadasından çıxaracağıq.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il digər vacib hadisələr baş verdi: “Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.

İlham Əliyev vurğulayıb ki, keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş verib: “Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.


Geri dön