Ana Sayfa > M / Karusel / Gündəm / Müsahibə > Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”

Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”


27-10-2016, 12:21. Yazar: Xeberaz
Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”


“İndikilər aşıq deyil. Çıxır, təlxəklik edir, hərəkətləri ilə Azərbaycanı, türk dünyasını, Dədə Qorqudu təhqir edirlər”


Bugünlərdə ustad aşıq Ədalət Nəsibovun vəziyyətinin ağırlaşdığı, ayaqlarının tutulduğu, yeriyə bilmədiyi haqda məlumatlar yayıldı.
Sənətkarın halını öyrənmək üçün evinə yollandıq və evinin yanındakı bazarda onunla qarşılaşdıq. Aşıq Ədalət gəlişimizlə əlaqədar bazarlıq edirdi. Biz isə sənətkarı ayaq üstə görməyimizə çox sevindik.
Bazardan evə gedənəcən yolboyu böyükdən tutmuş, kiçiyə qədər hər kəs ustadla salamlaşır, hal-əhval soruşurdu. Beləcə, nəhayət ki, onun öz dili ilə desək, daxmasına – kiçik də olsa səliqəli olan, kənd evlərini xatırladan həyət evinə gəlib çıxdıq. Sonradan məlum oldu ki, sən demə, hazırda sazın atası sayılan aşıq Ədalət uzun illərdir bu evdə, qaranlıq daxmada kirayədə yaşayırmış…
– Sizi gümrah gördüyümə çox sevindim. Halbuki yazırdılar ki, yeriyə bilmirsiz…
– Həyatdır da, yola verirəm 80 yaşımda… O şkafda gördüyünüz çamadanlarda haqqımda yazılan yazılardır. Nə qədər kitab oxuyuram. Özü də aşıqlığa aid deyil, dünya ədəbiyyatından, filosof şeirləri oxuyuram.
– Daha çox hansı müəllifləri xoşlayırsız?
– Hamısını. Kimi xoşlamıram ki. Rəsul Rzanımı, Səməd Vurğunumu, Bəxtiyar Vahabzadənimi… Mən kitab sevənəm. Gördüyünüz şkaf kitabla doludur.
– Səməd Vurğundan söz düşmüşkən, görkəmcə sizin ona bənzərliyiniz çoxdur.
– Mən Səməd Vurğunla qohum təhərəm. Həm İsmayıl Şıxlıya, həm də Səməd Vurğuna oxşayıram (Öz şəklini Vurğunun şəkli ilə müqayisə edir). Bax, saçlarımız da çox oxşayır (Şkafdan bir qəlyan çıxarır). Bu, Səməd Vurğunun qəlyanıdır, öz əli ilə mənə verib… Bir gün “Pobeda” maşını ilə gəlmişdi. Dədəmə deyirdi ki, “a kişi, bu uşağı mənə ver”. Dədəm də ayaqqabı tikən idi, müharibədən yenicə qayıtmışdı, bir qolu işləmirdi. Dədəm dedi ki, “bu, gözümün ilk ovudur, onu heç kimə verə bilmərəm”. Onda Səməd əmi də bilmirəm 30 ya 40 min pul idi, çıxardıb dədəmə verdi. Dedi ki, “bu uşağı böyüt, saxla”. Mənə “beçə” deyərdi. 60-70 il bundan əvvəlki söhbətdir, onda 6-7 yaşım var idi.
– Son vaxtlar bəzi gənc şairlər Səməd Vurğunu və şeirlərini tənqid atəşinə tutdular.
– Eşitmişəm, bəzi nadanlar da dedi bunu. Səməd əmi deyirdi ki, “Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən… Çox da tərifləmə mənə vətəni, Bu qılınc olmasa yeyərlər məni!” Səməd Vurğun kimi dahi adamı pisləyərlər?!
Söhbət əsnasında otağa nəzər salırıq, köhnə əşyalar, kitablar və 4 saz…
– Bu sazların hamısı sizindir?
– Bəli. Hələ bir-ikisi rayondadır.
– Bəs sizə ən əzizi olan hansıdır?
“17 ildir ki, evim yoxdur, Bakıda kirayədə yaşayıram, ayda 400 manat kirayə haqqı verirəm”
– Burda budur (kiçik, qaraya bənzər sazı göstərir). Ən birinci sazım rayonda nəvəmdədir. Həmin sazın təxminən 70 yaşı var. Nə sənət yiyəsi olursansa ol, həmin sənətdə gərək birinci olasan. İndikilər aşıq deyil. Çıxırlar… təlxəklik axı nəyə lazımdır. Hərəkətləri ilə Azərbaycanı, bütün türk dünyasını, Dədə Qorqudu təhqir edirlər. Elə saz çalmaq olar?! Sazı ayaqlarının arasına alırlar, əllərində oynadırlar. Sən ifanı göstər görək, kimsən. Belə olmaz, hər şeyin qanunu-qaydası var. Aşıq çayxanada 3 manata saz çalmaz. Məni burdan “at minnətinə” evdən eşiyə çıxardırlar. Mən çox pis dolanmışam, bir tikə çörəyə möhtac qalmışam vaxtilə. Anam payıma düşən çörəyi saxlayırdı, elə olurdu ki, qoynuna qoyurdu, yadından çıxırdı. Bəzən sual verirlər ki, “Keçmişə dönmək istərdinizmi?” Deyirəm ki, mən niyə o günlərə dönmək istəyim, ayağımda ayaqqabım yox, şalvarım 10 yerdən cırıq, qarnım çörək tapmırdı. Getsin o vaxtlar, gəlməsin. (kövrəlir).
“Ustad aşıq” deyə müraciət edirəm, acığı tutur:
– O vaxt efirə çıxanda senzuradan keçirdik. Sovet hökumət deyirdi ki, yaz bura görüm nə oxuyacaqsan. Gedirdik, yazımızı çap maşınından çıxartdırıb göstərirdik, deyirdilər ki, hə, bunu oxumaq olar. İndi arvad demir, kişi demir, ağız-burunlarını əyib oxuyurlar. Nədir bu?! Mən aşıq deyiləm, aşıq deyiləndə acığım tutur… O vaxt olub aşiqlər, aşiqin min adı olub.
Ustad sənətkar bu məqamda jurnalistlərdən gileylənməyə, məlum “efir qalmaqalı”ndan danışmağa başlayır:
– Jurnalistlər gəlir, yazıb, gedirlər. Bəzən elə yazırlar ki, heç xəbərim olmur ondan. Bəzən dostlarım da zəng edir, diktofonu açıq qoyub səsimi yazırlar. Diktofonu açanda mənə deyirsin ki, açmışam. Bəzən nəsə deyirəm, sonra oluram sözümün nökəri. O gün birinə deyirəm ki, ayaqlarım tutulub, gəzə bilmirəm. Götürüb yazırlar ki, Aşıq Ədalətin ayaqları tutulub. Jurnalistlər 50 kitabımı aparıb, qaytarmayıblar.
Mənim çənəm coşanda özümü saxlaya bilmirəm. Düz deyirəm, sonra ziyanını çəkirəm. Mənim başıma nə oyun gətirdilər televizorda! Nəyə lazımdır belə şeylər? Sənətkarları yığıblar bir yerə, mən də sazdan, sözdən danışıram, bir də görürəm ki, lüt qızı oynadırlar sazın qabağında. Mən də sənətkar adamam, əsəbiləşdim. Bəs demirlər burda sənətkarlar, şəxsiyyətli insanlar var?! Biri mənim səsimə səs vermədi ki, sənətkar düz deyir. Hələ 50-ci ildə mən mükafat almışam. Stalini canlı görmüşəm. Mən ağsaqqal adamam, nəyə görəsə məni biabır etmək olmaz (əsəbiləşir).
“Mənə 3-4 dəfə deputatlıq təklif edildi, dedim ki, məndən deputat olmaz”
Söhbətin ahəngini dəyişməyə çalışırıq:
– Bir qədər “Yeddi oğul istərəm” filmindəki “Yanıq Kərəmi” ifanızdan danışaq.
– Mən çox filmlərdə ifa etmişəm. Amma həmin film şah əsəridir.
– Neçə ildir ki, Bakıdasız?
– 17 ildir. 17 ildir ki, mənim evim yoxdur, kirayədə yaşayıram. Ayda 400 manat kirayə haqqı verirəm. Mən gedib kiminsə qapısını döyən, minnət-xahiş edən deyiləm.
– Bəs övladlarınız dolanışığınıza köməklik edirmi?
– Xeyr. Deyirlər ki, “dədə, sən bizi nə əziyyətlə böyütmüsən, boya-başa çatdırmısan, indi biz sənə köməklik edək”, razı olmuram.
– Bəziləri elə bilir ki, siz Xalq artisti adını çoxdan almısız.
– Mən Əməkdar incəsənət xadimiyəm. Bu ad Xalq artisti adından daha yüksək, böyükdür. O vaxtı bu adı Bəxtiyar Vahabzadə mənə vermişdi. Dedi ki, sənə İncəsənət xadimi adı layiqdir. Azərbaycanda 30-40 nəfər ancaq incəsənət xadimidir, qalanı hamısı Xalq artistidir.
– Amma Xalq artistlərinə ev verilir.
– (Barmaqlarını bir-birinə sürtür) Onların pulu var da yəqin ki.
– Bəs Aşıqlar Birliyi sizə nəsə qayğı göstərmir?
– Əvvəllər qurumun rəhbəri Zəlimxan Yaqub idi. Onunla yaxın dost idim. Sonra aramızı vurdular.
Elə bu məqamda bankdan sənətkara zəng olunur. Məlum olur ki, ustad aşığın banka kredit borcu var və vaxtında ödəmək üçün ona xəbərdarlıq edirlər: “Hə, niyə bilmirəm ki, neçə ildir ki, o borcu verirəm. Ötən dəfə 3 manat əskik idi, az qala məni Bakıdan qovalayasız. Heç nə demirəm, camaatı tovlamayın, camaat yazıqdır”. Telefon danışığı bitir, söhbətimizə davam edirik:
– Hamı kimi mən də kredit götürüb maşın almışam. İki manat gec verən kimi cərimə yazdılar, gündə 15 dəfə zəng etdilər… Aşıqlar Birliyinin hazırda rəhbəri Məhərrəm Qasımlıdır. Özü də ora layiqdir və mənim təşəbbüsümlə ora qəbul olunub. Bu qurumun axı əlindən nə gəlir, yalnız xarakteristika yazır. Biz xalqla dolanırıq. Mənə 3-4 dəfə deputatlıq təklif edildi. Dedim ki, məndən deputat olmaz. Sazım mənə, mən də sazıma yaraşıram, el də məni dolandırır, ayda 1500 manat təqaüdümü alıram, bəs edir.
– Toylara gedirsizmi?
– Xeyr. Toylarda mənim xətrimə dəyirlər. 10 dəqiqə mənə vaxt verirlər. Mən elə 10 dəqiqəyə ancaq sazı düzəldirəm. Deyirlər ki, get çal, 5-10 manat pul qazan. Deyirəm ki, a kişi, mən 10 dəqiqəyə aşıqlığı göstərə bilmərəm. O gün bu sualı Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev də verdi. Mənə deyir ki, “sən hələ ev almamısan?” Deyirəm ki, “bəyəm ikinci evi alıram?” Sonra soruşdu ki, “toylara gedirsən?” Dedim, səni nə maraqlandırır. Mən nazirin qəbuluna girə bilmədim.
– Bir az öncə dediniz ki, sazınızı nəvənizə vermisiniz. Maraqlıdır, axı aşıqlar öz sazına qarşı qısqanc olur, onu heç kimə vermirlər.
– Nəvəm də gözəl ifa edir. Özü də mən öyrətməmişəm ha, öz-özünə öyrənib. Demişdim ki, məni sazımla dəfn edərsiz. Həmin vaxt dindarlar məni tənqid etdilər. Dedilər ki, “insan bu dünyaya lüt gəlib, lüt də getməlidir”. Cavab verdim ki, “saz mənimdir, onu da özümlə aparıram”. Axırda bir sazım var, üzünü sökdürüb, qopartdım. Onun üzünü özümlə aparacam, kim nə biləcək ki, sinəmdə sazın üzü var. Mən 5 yaşımdan saz çalıram. Dünyanı mənə bağışlayalar, mən sazımı vermərəm.
– Bəzən sual verirlər ki, niyə dastanlarımızda yalnız Güney Azərbaycan bölgələrinin adları çəkilir?
“Çənəm coşanda özümü saxlaya bilmirəm”
– Niyə ki? Bir çox dastanlarda Gəncənin adı çəkilir. Gəncə qüdrətli yerdir. Bəziləri deyir ki, Qarabağ qayıdanda qurban kəsəcəm. Mən də qoca sənətkaram, əlimdə bir şey yoxdur. Yalnız bir şey edə bilərəm, Gəncənin bu başından əlimdə saz piyada çala-çala Qazağa gedəcəm. Gəncə Cavad xan diyarıdır. Qollarını açır deyir ki, gəlin.
Yerindən qalxıb şkafa yaxınlaşır. Ordan içində gül olan ağzı bağlı butulka çıxardır. Sən demə, gül adı dillərdə gəzən, məşhur Xarıbülbül çiçəyi imiş. Həyatımda ilk dəfə idi ki, canlı Xarıbülbül görürdüm, bizim nəsil bu gülün adını ancaq eşidə bilib. Sənətkar maraqdan donub qaldığımı görüb asta avazla oxuyur:
– “Vətən bağı al əlvandır, Yox üstündə Xarıbülbül…” Diqqətlə bax, sanki gülün üstünə sarı bülbül qonub.
– Şüşənin içindəki maye nədir ki, onu belə canlı, təzə saxlaya bilib?
– Bilmirəm, məlumatım yoxdur. Hazırda yeganə canlı Xarıbülbül tək məndədir. 45 ildir onu mənə bağışlayıblar, mən də qoruyub saxlamışam. Eh, siz cavanlar belə şeyləri bilməzsiz…
Müsahibə boyu sənətkar həm özünə aid, həm də görkəmli şairlərimizdən xeyli şeirlər oxudu. Maraqlıdır ki, onun bu yaşda belə gözəl avazı olmasına baxmayaraq, nədənsə oxumaqdan çox, instrumental ifaçılığa üstünlük verir.
– Çox gözəl səsiniz var, amma ifanızda nəsə oxumağa üstünlük vermirsiniz.
– Mən bir insana söz vermişəm ki, daha oxumayacam. Yəqin ki, oxumağım ona xoş gəlmədi, ya nəsə.
– Nə vaxt olub bu?
– 18-20 il bundan əvvəl (Nəyisə xatırlamağa çalışır). Deyəsən, Sultanxanıma söz vermişdim ki, oxumayacam, o mənim əmim qızıdır. Amma hansısa dost məclisində xahiş edəndə oxuyuram. Uşaq vaxtı oxumağıma görə məni zəhərləmişdilər.
– Neçə yaşınız var idi?
– 12. Məni öldürmək istəyirdilər. Onda qatar, avtobus hardaydı. Bir maşına minib məni aparmışdılar Gəncəyə. Analizə baxanda dedilər ki, bizlik deyil. Apardılar məni Bakıya, həkim Topçubaşovun yanına. O vaxt atamda pul nə gəzirdi, pinəçi adam idi. Amma o vaxtlar bir kişi sözünə iş görürdülər. İbrahim Topçubaşov dedi ki, nə yaxşı ki, bu ölməyib, salamat qalıb. Mənə danışmağı qadağan etmişdilər. Beləliklə, məni xilas etdilər.
– Bəyəndiyiniz aşıq varmı?
– İndi sən deyən nə aşıq var, nə də ona qiymət verən. Amma bir aşıq xanım var, həm gözəldir, həm də gözəl oxuyur.
Ustad sənətkara yalnız qızı və nəvəsinin qulluq etməsi diqqətimdən yayınmır.
– Həyat yoldaşınız yanınızda deyil?
– Yox… Mənim pələng kimi balalarım var, hamısı da özümə oxşayır. “Üzü qara olsun bivəfa yarın. Bilmədi qədrini şah sənətkarın”. Həyatdır da. İndi fikirləşirəm ki, mən onunla uzun illər necə yaşamışam. Çəkilirdim evin birinə, çalırdım. Deyirdi ki, “bəsdir də, başımız getdi, qoy bir az yataq”. Sazı evin başına qoyurdum, aparıb küncə qoyurdu. Deyirdim “bunu ora qoymaq olmaz, mən evə qazancı onunla gətirmişəm”. Axırda dedim ki, qurtardı. 25 ildir ki, boşanmışam… Tale əvvəldən düz yazmayıb heç nəyi.
– Bəs ikinci dəfə ailə həyatı qurmadız?
– Yox, istəmirəm daha.(musavat.com)
Geri dön