Ana Sayfa > M / Karusel / Siyasət / Qarabağdan xəbər var > Belçikalı deputatlar: "Qarabağın həlli..."

Belçikalı deputatlar: "Qarabağın həlli..."


6-10-2016, 01:12. Yazar: Xeberaz
Belçikalı deputatlar: "Qarabağın həlli..."
Belçikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov oktyabrın 5-də bu ölkənin federal parlamentində xarici əlaqələr komissiyasının üzvlərinin iştirakı ilə təşkil olunan dinləmələrdə iştirak ediblər.

Axar.az xəbər verir ki, dinləmələrdə çıxış edən R.Rzayev Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb və ölkəmizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduğunu vurğulayıb. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Avropanın bu gün üzləşdiyi qaçqın probleminin Azərbaycan üçün 1990-cı illərin əvvəllərindən başladığını xatırladıb. Münaqişənin həlli prosesi barədə danışan deputat status-kvonun saxlanılmasının qeyri-mümkünlüyünü və regionun gələcəyi baxımından ciddi risklər doğura biləcəyini, Ermənistanın təxribatçı əməlləri nəticəsində bu ilin aprelində cəbhə bölgəsində yaşanan hadisələrin bunun əyani sübutu olduğunu bildirib.

R.Rzayev, həmçinin Belçika parlamentinin müvafiq dostluq qruplarının Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasına yardım göstərmək imkanlarını araşdırmalarının münaqişənin həllinə töhfə verə biləcəyini də qeyd edib.

Deputat Fuad Muradov çıxışında BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini vurğulayıb. Azərbaycanın bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu söyləyib. O, habelə avropalı parlamentarların Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə səfər etmələrinin yolverilməz olduğunu deyib və erməni tərəfinin bundan sui-istifadəsinə yol verməmək üçün belçikalı həmkarlarını gələcəkdə belə hallardan çəkinməyə çağırıb.

Belçikalı deputatlar çıxışlarında Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Avropa İttifaqının yaxın qonşuluğunda sabitliyin bərqərar olmasına töhfə verəcəyi qənaətində olduqlarını bildiriblər. Onlar Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa getmiş bir neçə belçikalı deputatın bunu federal parlamentin fəaliyyəti çərçivəsində deyil, yalnız şəxsi təşəbbüsləri əsasında mövcud vəziyyət barədə yerində məlumat almaq məqsədilə etdiklərini diqqətə çatdırıblar. Eləcə də Belçika parlamentinin münaqişənin həllinə hansı formada töhfə verə biləcəyi barədə xarici əlaqələr komissiyası çərçivəsində müzakirələr aparacaqlarını qeyd ediblər.

Sonda komissiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Geri dön