Ana Sayfa > M / Karusel / Gündəm / Xəbəraz TV / Həftə-Reytinq > Mir Şahin: 24 ildir bu günü gözləyirdik - Video

Mir Şahin: 24 ildir bu günü gözləyirdik - Video


3-04-2016, 18:53. Yazar: Xeberaz
Mir Şahin: 24 ildir bu günü gözləyirdik - Video
ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev təmas xəttində baş verən ən son məlumatları çatdırır.

ANS-in məlumatına görə, Mir Şahin bildirib ki, onun hazırda dayandığı səngər bir zamanlar Azərbaycanın deyildi:

“Dayandığım ərazi hazırda bizim nəzarətimiz altındadır. Ancaq bu vaxta qədər bu səngərdə ermənilər oturur, bu əraziyə onlar nəzarət edirdilər. Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyat nəticəsində bu saat da fəal döyüş hərəkətləri gedir. Ermənistan qoşunları itirdikləri əraziləri bərpa etmək istəyirlər. Və burada müəyyən məsələlər var ki, ermənilər bu barədə həyəcanlıdırlar. Bu həyəcan bizə də siraət edir. Lakin qarşı tərəf kimi yox, qalib tərəf kimi”.

Daha sonra xüsusi müxbir cəbhə jurnalistikası ilə məşğul olan bütün jurnalistləri təbrik edib: “Bu bütün hallarda bizim uğurumuzdur. Mən bu uğur münasibətilə cəbhə jurnalistikası ilə məşğul olan bütün həmkarlarımızı Vahid Mustafayev və öz adımdam təbrik edirəm. Ona görə ki, biz bu günləri çox gözləmişik. Düz 24 ildir ki, bu günləri gözləyirdik. Gözləyirdik ki, əraziləri ələ keçirək, döyüş mövqelərimizi bərkidək və işğal altında olan ərazilərimizi azad edək. Nəhayət, həmin gün başlayıb və yəqin ki, davamı da olacaq”.

Səhər saatlarında da xüsusi müxbir Mir Şahin Ağayev ötən gün Ermənistan Silahlı Qüvvələrindən azad olunan "Lələ təpə" adlandırılan yüksəkliyin ətəyində Müdafiə Nazirliyinin generalından son vəziyyət barədə məlumat alıb. General açıqlamasında bildirib ki, heç bir əsgər, yaxud zabit döyüş tapşırığını yerinə yetirməkdə şübhə etmir:

“Lələ təpə" adlandırılan yüksəkliyin ələ keçməsi ilə Cocuk Mərcanlı kəndindən Beyləqan rayonuna qədər bütün kəndlər indi özünü təhlükəsiz hiss edə bilər”.

Bir neçə saat əvvəl Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.

Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir.

Geri dön