Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev 4 sərəncam imzaladı
Tarix: 02-03-2017 | Saat: 19:10
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyev 4 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.

Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər etmiş və olimpiya ideallarının bərqərar olması naminə məqsədyönlü fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır.

Mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015 ci ildə Bakıda I Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio de Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medala layiq görülməsi ilə dövlət müstəqilliyimizin bərpasından sonra qazanılmış medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar artıq

dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.

Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. bir ay müddətində:

1.1.1. IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görsün;

1.1.2. akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etsin;

1.1.3. akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər;

2.2. IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat versin”.

***

Prezident İlham Əliyev 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il mayın 15-dən iyulun 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1656) 1.1-ci və 2.1-ci yarımbəndlərində “emal müəssisələrinə satılmış” sözləri “tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.


Xəbəri paylaş

1 0838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___