Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

İki nəhəng şiə lideri arasında ziddiyyət: alim Sistani, yoxsa döyüşçü Müqtəda əs-Sədr haqlıdır?!
Tarix: 02-06-2015 | Saat: 01:41
Bölmə:M, K, Gündəm, M2, İbadət | çapa göndər

İki nəhəng şiə lideri arasında ziddiyyət: alim Sistani, yoxsa döyüşçü Müqtəda əs-Sədr haqlıdır?!

Seyid Əli Sistani

“Mehdi ordusu” hərbi qruplaşmasının lideri Müqtəda əs-Sədr İraqın Ənbar və Səlahəddin vilayətlərinin işğaldan azad olunması üçün düzənlənən əməliyyatın adından xoşlanmadığını açıqlayıb. Zira əməliyyat “Ləbbeykə, ya Hüseyn” adını daşıyırdı. Əsasən İraq şiələrindən təşəkkül tapan “Həşdi-Şəbi” təşkilatının açıqladığı bu devizə “Mehdi ordusu”nun başlıca etirazı addakı “Hüseyn” kəlməsiylə bağlıdır.

Müqtəda əs-Sədrə görə, tərcüməsi “Əmr et, ya Hüseyn!” olan bu devizdə 3-cü imamın adının çəkilməsi məzhəblərarası ədavəti artıran xüsusdur; İraqın bütünlüyü və xalqın birgə yaşayışı naminə keçirilən bir əməliyyat bu cür separatçı məqamlardan uzaq olmalı, sünnülü-şiəli bütün iraqlıları eyni hədəfdə birləşdirməyi bacarmalıdır.

Müqtəda əs-Sədr qətiyyətlə rədd etdiyi adın yerinə alternativ təkliflər verməyi də unutmur. Onun fikrincə, əməliyyatın adı “Ləbbeykə, ya Səlahəddin”, ya da “Ləbbeykə, ya Ənbar” ola bilərdi. Yəni, ad savaşın aparıldığı bölgələri özündə ehtiva etməliydi.

Maraqlıdır ki, “Mehdi ordusu”nun lideri bu fikirləriylə 2003-cü ildən - İraqın işğalından bəri, ilk dəfədir ki, rəsmi Vaşinqtonla ilə eyni mövqedə dayanır. Pentaqonun sözcüsü polkovnik Steve Varren də dünənki açıqlamasında əməliyyatın adına qarşı çıxmış, “onun məzhəbçi bir yanaşmadan qaynaqlandığını və İraqa heç bir faydasının olmayacağını" bildirmişdi.

Nəzərə alsaq ki, “Həşdi-Şəbi” yalnız İraqın deyil, bütün dünya şiələrinin ən böyük din xadimlərindən (ayətullah ül-üzma) biri kimi qəbul edilən Əli Hüseyn Sistani tərəfindən yaradılıb, dini həssasiyyəti güclü olan Müqtəda əs-Sədrin ona qarşı məsafəli davranması ilk baxışdan xeyli təəccüblü görünür.

Fəqət 2003-cü ildən bəri bu iki dini-siyasi lider arasında zaman-zaman yaşanan ixtilaflara nəzər salanda, bunun o qədər də təəccüblü olmadığı ortaya çıxır.

Müqtəda əs-Sədrlə Sistani arasında məsələlərə fərqli yanaşma ilk dəfə 2003-cü ildə özünü büruzə vermişdi. Ayətullah Əli Hüseyn Sistani İraqı yenicə işğal edən ABŞ ordusuna qarşı vuruşmamaq barədə fitva çıxaranda “iplər yerindən qopmuş”, bu fitvanı bəyənməyən Müqtəda əs-Sədr bütün tərəfdarlarını mübarizəyə çağırmışdı. Hətta həmin dövrlərdə İraqın ən möhtəbər din xadiminin evi belə, mühasirəyə alınmışdı. Sistani müalicə adıyla Londona getdikdən bir müddət sonra ara səngimiş və o, onminlərlə tərtəfdarının müşaiyəti ilə geri qayıtmışdır. Daha sonra ABŞ ordusunun “çağrılmamış qonaq” sifətilə Nəcəfə və Kərbəlaya “gələcəklərini” eşidən mücahid bu müqəddəs şəhərləri küçə-küçə, ev-ev qoruyacaqlarını bildirmişdi. İraq şiələrinin bu çağırışa böyük həvəslə qoşulduğunu görən ABŞ ordusu Sədr tərəfdarını rasional düşünməyə, bu anlamsız mübarizədən geri çəkilməyə çağırmışdı. “Mehdi ordusu” öz mübariz mövqeyindən geri çəkilməyincə, dövrəyə yenə Sistani girmiş, 73 yaşlı ayətullah özündən 43 yaş balaca Müqtəda ilə görüşdükdən sonra arxasına aldığı xalq dəstəyinin də köməkliyi ilə onu razı salmağı bacarmışdı.

Tərəflər arasında ikinci ziddiyyət ABŞ təyyarələrinin Nəcəfdəki Həzrət Əli türbəsini bombaladığı zaman baş verdi. Şiə inancına görə, toxunulmaz olan müqəddəs məkanların bombalanmasını Sistaninin susqunluqla qarşılaması gənc mücahidi hövsələdən çıxardı. Ad çəkməsə də, açıq şəkildə ayətullaha ünvanlandığı ittihamlarında əs-Sədr deyirdi: “Nəcəf şəhərinə bombalar yağır - susursunuz! İmamın qəbrinə atəş açılır -üstündən sükutla keçirsiniz! Xalqımız düşmən cizməsi altında inildəyir - sizdən yenə də səs çıxmır!”.

İşğaldan sonra İraqda başlayan yeni hakimiyyət quruculuğu illərində də Müqtəda əs-Sədr Sistaniyə və onun fitvaları altında fəaliyyət göstərən hökumətə kəskin çıxışlar ilə yadda qaldı. İraq əhalisi bu ziddiyyəti müvəqqəti konstitusiyanın qəbulu zamanı da müşahidə etdi, hakimiyyət bölgüsü həyata keçiriləndə də...

Müqtəda əs-Sədrin bundan bir öncəki etirazı isə İŞİD-ə qarşı mübarizədə ABŞ silahlı qüvvələrinin dəstəyi altında keçirilən hərbi əməliyyatlara idi. İŞİD-ə qarşı mübarizəni cihad elan edən fitvasını verdikdən sonra İraq şiələrini “Həşdi-Şəbi” təşkilatı ətrafında birləşdirən ayətullahın çağırışına bu “ərköyün” gənc də qoşulmuşdu. ABŞ təyyarələrinin hava dəstəyi ilə keçirilən döyüşlərdə şiə silahlıları Tikrit şəhərini belə almış, İraqın tezliklə İŞİD-dən təmizlənməsinə ümid yaranmışdı. Ən həlledici məqamda şiə yaraqlılarının sünnü sivillərə qarşı “qəddarca davranışlarını” bəhanə edən Pentaqon onlardan Tikriti təcili tərk etmələrini istədi. Hər zaman olduğu kimi, super iradəyə qarşı getməyən Sistani bu tələblə razılaşınca, yenə gənc mücahidin etirazıyla qarşılaşdı. "Mehdi ordusu"nun lideri ABŞ dəstəyi altında keçiriləcək əməliyyatlarda bir daha iştirak etməyəcəyini bildirərək mübarizədən geri çəkildi.
İki nəhəng şiə lideri arasında ziddiyyət: alim Sistani, yoxsa döyüşçü Müqtəda əs-Sədr haqlıdır?!
Müqtəda əs-Sədr

Əslində bu gün İraqda mərkəzi hakimiyyətin İŞİD-ə qarşı mübarizəsinin tam mənasıyla uğur qazana bilməməsində bu iki dini liderin aralarındakı anlaşmazlığın da böyük rolu var. Nədən ki, önəmli bir dini rütbəsinin olmamasına baxmayaraq, Müqtəda əs-Sədrin İraq şiələri arasında ciddi nüfuzu mövcuddur. Onun rəhbərlik etdiyi "Mehdi ordusu"nun 60 minə yaxın əsgərinin olduğu bildirilir. Eyni zamanda, Əli Hüseyn Sistani də kifayət qədər nüfuzlu şəxsdir, İraqdakı bir sıra ayətullahların ölümündən sonra ulduzu parlamış, Livandan İrana qədər böyük coğrafiyada şiələrin təqlid etdiyi ünvana çevrilmişdir. Şiə inancındakı öz təqlidçilərinin xümsünü toplamaq səlahiyyəti Sistaninin həm də maddi gücünü artırır, dünyanın ən təsirli din adamı edir. Özü olduqca kasıb evdə yaşayan Sistaninin bu gün milyonlarla dollar həcmində olan xüms gəlirləri var və bu pulla Qumda 35.000, Məşhəddə 10.000, İsfahanda 4.000 tələbəyə təqaüd verir. Nəcəf və digər din mərkəzlərindəki tələbələrini də hesaba qatsaq, Sistaninin müəzzəm siyasi və maddi gücü qarşısında heyrətlənməmək mümkün deyil.

Təsadüfi sayılmamalıdır ki, Sistaninin İraqdakı bu möhtəşəm gücünü rəqibləri də hələ işğalın ilk illərindən bəri etiraf edir, yarıciddi-yarızarafat şəkildə deyirdilər: “İraqın iki ayətullahı var - biri Sistani, digəri Corc Buş. İnsafən, Sistani Corc Buşdan daha hümanist, daha sekyular və daha ədalətlidir".

Ayətullah ül-Üzmanın İraqdakı siyasi çəkisini etiraf edənlərdən biri də ölkənin keçmiş prezidenti Talabanidir. Hələ prezident olduğu dövrdə onun Türkiyəli jurlaistlərə Ərdoğanın qiymətini bilməyini tövsiyyə edərkən, dilə gətirdiyi bu cümlələr xeyli mübahisələr doğurmuşdu: “Bizim Sistani kimi, Ərdoğan da Allahın sizə bəxş etdiyi böyük nemətdir. Onun qədrini bilin”. Kürd və sünnü olmasına baxmayaraq, Talabaninin bu etirafı, yəqin ki, Sistani haqda söylənən ən yaxşı qiymətləndirmələrdəndir.

Təbii ki, 60 min əsgəri olmasına baxmayaraq, "Mehdi ordusu" bu güclə müqayisə oluna bilməz. Üstəlik, Müqtəda əs-Sədrin dini rütbəcə də ondan xeyli aşağıda dayanması, fitva vermək səlahiyyətinin olmaması və dolayısıyla təqlid ünvanına çevrilə bilməməsi Sistanini daha güclü füqur kimi ortaya çıxarır.

Bununla belə, ayətullah ül-üzma adı daşıyan bu adamın İraq şiələrinin ərköyün gənc lideri qarşısında bəzən geri çəkildiyi də müşahidə olunur. Fikrimizcə, bu acizliyinin bir neçə səbəbi var.

Səbəblərdən biri gənc liderin populst və haqlı çıxışlarıdırsa, digəri onun mübariz xarakteri, elmi potensialı ilə seçilən, İraqın gələcəyi uğrunda ən böyük fədakarlığa qatlanan bir ailənin üzvü olmasıdır.

Digər bir səbəbsə, fikirmizcə, Sistaninin öz təbiətindən qaynaqlanır. Tanıyanların söylədiklərinə görə, ayətullah ül-üzma olduqca mülayim xarakterə sahib birisidir. Hətta öz tələbələriylə elmi müzakirələrdə belə, mübahisələrdən qaçar, mövqeyində israr etməz, razılaşmadığı məqamlarda fikrini yalnız bir dəfə təkrarlayar və qarşısındakı adam yenə öz düşüncəsində dayanarsa, susub ona cavab verməz...

Əslən iranlı olan Sistani, 20 yaşından bəri yaşadığı İraq kimi qürbət bir diyarda bunca parlamasına görə də elə bu xarakterinə borcludur. O, digər ayətullahlardan fərqli olaraq, Səddama qarşı səssiz mübarizə metoduna sadiq qalmış, beləcə, öz can güvənliyini qoruya bilmişdir. Hətta İran-İraq müharibəsi zamanında “İraqı İrana bağlı din adamlarından təmizləyən” Səddam Hüseyn onun tükünə də toxunmamışdı. Baxmayaraq ki, Rza Pəhləvi zamanında ölkədən sürgün olunan Xomeyni İraqda yaşadığı dövrdə ən çox bu adamla təmas saxlamış, onun himayəsində yaşamışdı. Qısası, istər İran-İraq müharibəsi dövründə, istərsə də sonrakı illərdə Sistani Səddam Hüseyn rejiminin qəzəbinə gəlməkdən məhz bu səssizliyi ilə yayınmışdır.

İran-İraq müharibəsi zamanı Səddam Hüseyn represiyalarından qaçıb İrana sığınan şiə alimləri I Körfəz savaşı illərində ABŞ-ın Səddamı devirəcəyini düşünüb geri qayıtmış və hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. ABŞ isə ilk savaşda İraqı Küveytdən çıxartmaqla kifayətlənmiş, ölkənin işğalına 10 il ara vermişdi. Nəticədə tələsdiklərindən “təndirə düşən” bir sıra ayətullah və höcətullahlar Səddam Hüseyn qarşısında müdafiəsiz qalmış və ABŞ-ın səfinə keçməyin ağır bədəllərini ödəmişlər. Bu can bazarlığı yaşandığı ərəfədə Sistaninin etdiyi yeganə hərəkət isə evdən eşiyə çıxmamaq olmuşdur. Təxminən, 20 ildən artıq müddətdə çölə-bayıra çıxmayan ayətullahın bu səssizliyi öz tərəfdarları tərəfindən iki amillə izah olunmuşdur. Bəzilərinə görə, o, rejim tərəfindən ev dustaqlığına atılmış, bəzilərinə görəsə, repressiyalara etiraz əlaməti olaraq bu tutumu sərgiləmişdir...

Sistaninin səssiz mübarizə metoduna yiyələnməsi əslində səbəbsiz də deyildi. Müəllimi ayətullah Xoyidən mənimsədiyi bu görüş onu İran şiə doktrinasından ayıran başlıca xüsusiyyətlərdəndir. Sistani İran İslam İnqilabının prinsiplərindən olan şiə dövlətçiliyi modelini qəbul etmir və dinin siyasətdən ayrı olduğunu düşünür. Öz görüşlərinə indiyədək sadiq qalan Sistani İraqı faktiki idarə edən şəxs olmasına baxmayaraq, ABŞ general və siyasiləriylə, ciddi israrlara rəğmən, görüşlərdən imtina edir, əlaqələrini daha çox BMT nümayəndələri vasitəsilə sürdürür. Bir növ, İraqın işğalına bu cür səssiz etiraz edən Sistani həm də ABŞ ordusunun vaxtından əvvəl ölkəni tərk etdiyinə, İraqda sistemi oturtmadan bu addımı atmağın səhv olduğuna inanır.

Sistani həm də demokratik dünyagörüşləriylə də digər islamçı alimlərdən fərqlənir. Xüsusilə seçkilər dövründə verdiyi fitvalarla ölkə əhalisini cinsiyyət fərqi gözləmədən səsverməyə çağırması, qadınların ərlərindən icazə almadan seçkidə iştirakını arzulaması, dinin siyasətdən ayrı olması və sairə bir sıra sekyularist mövqeyiylə o, Qərb dünyasının da rəğbətini qazanmış, hətta 2014-ci ildə Nobel Sülh mükafatına namizədlərdən biri olmuşdur.

Haqqında bəhs etdiyimiz ayətullahın Müqtəqda əs-Sədrlə illərlə davam edən səssiz mübarizəsinin kökündə də bu mövqeyi dayanır.

Qeyd edək ki, bu il 42 yaşını tamamlayan bu gənc - “Mehdi ordusu”nun əsrarəngiz sərkərdəsi bütün fərdləri Səddam Hüseyn tərəfindən qətlə yetirilmiş əs-Sədr ailəsinə mənsubdur. Onun böyük əmisi ayətullah Məhəmməd Bağır əs-Sədr öz əsərləriylə yalnız şiə dünyansında deyil, həm də bütün müsəlman aləmində böyük nüfuz qazanmış şəxsiyyətdir. Qələmə aldığı “İslam İqtisadi Doktrinası” kitabıyla dünyada böyük rəğbətlə qarşılanmış Məhəmməd Bağır həm də “Fəlsəfəmiz” adlı əsəriylə də məşhurdur. Bu kitablarıyla islami mübarizənin əsasını, qurulması nəzərdə tutulan dövlətin yaşam tərzini ortaya qoyan alim teokratik nizamın tərəfdarıdır və bu mövqeyiylə İrana yaxınlaşır. Verilən məlumata görə, hətta Avropa kommunistlərinin qurultaylarından birinin yekun qətnaməsində onun “İslam İqtisadi Doktrinası” kitabının Yaxın Şərqdə sosialist inqilabını, ən azı, 50 il geri saldığı bildirilmişdir. Elə bu faktın özü əs-Sədr ailəsinin necə böyük ailmlər yetişdirdiyinə bir işarədir.

Müqtəda əs-Sədrin həm də qaynatası olan bu böyük ayətullah teokratik dünya görüşü etibarilə sekyular rejimə qarşı olmuş, heç nədənə çəkinmədən aparılan mübarizənin nəticə verəcəyinə inanmış, İmam Hüseynin mücahidlik yolunu örnək seçmişdir. Öz canı bahasına olsa belə, təbliğ etdiyi davanın bariz örnəklərini ortaya qoymuşdur. Təsadüfi deyil ki, evini mühasirəyə alan Səddam Hüseyn silahlılarına qarşı təkbaşına döyüşmüş, yalnız iki saat sürən atışmada öldürüldükdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları onun evinə girə bilmişdilər.

Sədr ailəsinin digər oğlu - Müqtəda əs-Sədrin atası da Səddam Hüseynə qarşı açıq düşmənçiliyinin qurbanı olmuşdur. Cümə namazlarının birinə əyninə kəfən geyərək çıxan ayətullah Məhəmməd Sadiq əs-Sədr bu hadisədən az sonra avtomobil qəzasına salınaraq qətlə yetirilmişdir. Səddamın xəfiyyə orqanları tərəfindən təşkil olunan həmin sui-qəsddə Müqtəda əs-Sədrin iki böyük qardaşı da dünyasını dəyişmişdir.

Beləcə, əs-Sədr ailəsinin mübarizə bayraqdarlığı kiçik oğul Müqtədaya keçmişdir.

Müqtədanın özünü həsr etdiyi bu davasında yeganə zəif tərəfi isə onun elmi potensialıdır. Tanıyanların bildirdiyinə görə, uşaqlığını kompüter oyunlarına həsr edən “Mehdi ordusu”nun lideri böyük sərkərdəlik qabiliyyətinə rəğmən, atası və əmisindan fərqli olaraq, ayətullah adını almaq potensialından çox-çox uzaqdır. Bununla belə, əs-Sədr ailəsinin digər fərdləri kimi o da cəsarətiylə seçilir və nəsəblərindən miras aldığı bayraqdarlığını davam etdirmək niyyətindədir.

Əs-Sədr ailəsinin bu yeni cəngavərinin qurduğu silahlı dəstənin “Mehdi ordusu” adını alması da səbəbsiz deyil. Bu ad qoyuluşunun bir səbəbi 12-ci imama tabeliyə işarət edirsə, digər bir səbəb əs-Sədr ailəsinin bir başqa şəhidiylə bağlıdır. Məlumata görə, Müqtədanın bir başqa əmisi Höccətül-islam Seyid Musa əs-Sədr 1978-ci ildə Liviyaya səfər etmiş və orada Müəmmər Qəddafiylə görüşmüşdür. Qərb imperializminə qarşı mübarizənin müzakirə olunduğu həmin görüşdən sonra höccətül-islam, sadəcə olaraq, yoxa çıxmışdır. Liviya rəsmiləri əs-Sədrin təyyarəyə minib Romaya uçduğunu iddia etsələr də, onun təyyarədən endiyini görən olmamışdır. Beləcə, qəfildən qeybə çəkilən Seyid Musanın hətta Mehdi olduğuna İraqda inananlar belə, var. Görünür, Müqtəda əs-Sədr də məhz bu inancı möhkəmlətmək və apardığı davaya müqəddəslik donu geyindirmək üçün “Mehdi” sözündən qəsdən istifadə edir.

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar: İraqda iki şiə lider arasında zaman-zaman ortaya çıxan mübahisələr təsadüfi deyil və əslində İran ilə İraq şiə düşüncə sistemi arasında əsrlərdən bəri davam edən əzəli rəqabətin nəticəsidir. Sistani mənşə etibarilə nə qədər iranlı olsa da, müdafiə etdiyi dünyagörüşü baxımından rəsmi Tehrandan ayrılır, daha sekyular düşüncə sistemi ortaya qoyur. Eyni zamanda, mənşəcə iraqlı olmasına baxmayaraq, düşüncə etibarilə dini dövlət modelini dəstəkləməklə rəsmi Tehrana yaxınlaşan Müqtəda əs-Sədr, xüsusilə İraqın bölünməzliyi məsələsinə Sistanidən daha artıq önəm verir.



1988 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
21-02-2017
bütün xəbərlər
«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
____ Instagram ___