Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Əhmədov: "Ölkəmiz referendumu uğurla başa vurdu"
Tarix: 28-09-2016 | Saat: 11:19
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Əli Əhmədov: "Ölkəmiz referendumu uğurla başa vurdu"
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinə müsahibə verib.
"Xəbəraz.az " həmin müsahibəni təqdim edir.
- Referendum artıq tarixə çevrildi. Sizin fikrinizcə, ümumxalq səsverməsinə hazırlıq prosesi necə keçdi? YAP-ın referendum taktikası necə qurulmuşdu?
- Qətiyyətlə demək mümkündür ki, ölkəmiz növbəti demokratiya aksiyası adlandırıla biləcək referendumu uğurla başa vurdu. Azərbaycanın müasir demokratiya tarixinin yaşı o qədər çox olmasa da, yüksək seçici fəallığı şəraitində artıq üçüncü referendum keçirildi. Seçkilərlə yanaşı, referendum əhalinin iradəsini ortaya qoymaq imkanı verən ən möhtəşəm demokratiya vasitəsidir. Əhalinin nümayiş etdirdiyi səsvermə fəallığı bu mənada mühüm əhəmiyyət kəsb edir və xüsusi qeyd edilməyə layiqdir. Referendum üzrə səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi bir çox məqamlardan xəbər verir. Burada söhbət həm seçicilərin elektorat kimi formalaşmasından, həm də referenduma çıxarılan məsələlərə həssaslıqla yanaşmasından gedir. Deməli, arxada qoyduğumuz referendumla Azərbaycanın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını söyləyə bilərik.
Yeni Azərbaycan Partiyasının referenduma hazırlığı məsələlərinə gəldikdə isə hər şey partiyamızda illər ərzində formalaşmış ənənələrə və yanaşmalara uyğun həyata keçirildi. İlk növbədə, onu deyə bilərəm ki, biz bütün siyasi kampaniyalara, ələlxüsus, seçkilərə və referenduma bütün ciddiliyi ilə yanaşmağa adət etmişik. Bu, bir növ, bizim fəaliyyət normamıza çevrilib. Referenduma hazırlıq kampaniyası bu baxımdan istisna olmadı. Doğrudur, referendum seçkilərdən müəyyən qədər fərqlənir. Burada hər şeydən öncə siyasi kampaniyada personallaşma elementi və buradan irəli gələn siyasi rəqabət mübarizəsi yoxdur. Siyasi ehtirasların personallaşması müşahidə olunmur. Ön plana daha qlobal məsələlər çıxır. Ölkənin və dövlətin daha böyük vədədə gələcəyinə təsir edən məsələlər siyasi müzakirə və dartışma predmetinə çevrilir. Bu isə öz növbəsində, referendum kampaniyasına xüsusi məna verir. Prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin sayına uyğun rəqabət və onun yaratdığı seçki qütbləşməsi daha sadə sxem əsasında formalaşır: referendumun tərəfdarları, əleyhdarları və biganələr. Aydındır ki, bu sxem Yeni Azərbaycan Partiyasının referendum təşviqat kampaniyasında nəzərə alınan əsas amillərdən biri olmuşdur.
Vurğulamaq istədiyim digər məqam personallaşmış təşviqatın ideya, yaxud konsepsiya təşviqatı ilə əvəzlənməsindən ibarətdir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı Referendum Aktında 29 maddə üzrə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Deyərdim ki, bu, böyük Konstitusiya islahatıdır. Onun siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacağı şübhəsizdir. Eyni zamanda, bu dəyişiklikləri unikal yanaşma kimi təqdim edərdim.
Deyilənlərin kontekstində Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin seçicilərə geniş izah edilməsi zərurəti ön plana çıxır. Yeni Azərbaycan Partiyasının təşviqat kampaniyasında ağırlıq mərkəzi də məhz bu məsələlər üzərinə qoyulmuşdu. Biz çalışdıq ki, müxtəlif vasitələrdən istifadə etməklə konstitusiya islahatlarının əsas qayəsini, mahiyyətini, eyni zamanda, detallarını seçicilərin diqqətinə çatdıraq. İstər seçdiyimiz təşviqat şüarı, istər hazırladığımız əyani təşviqat materialları, istərsə də siyasətçilərimizin və mütəxəssislərimizin mətbuat vasitəsilə izahatları bu məqsədə xidmət edirdi. Seçicilərlə görüşlərdə müzakirələrin xarakteri də həmin ruhda qurulurdu. Hesab edirəm ki, referendum seçki kampaniyasının verdiyi imkan daxilində biz istəyimizə nail ola bildik. İnanıram ki, əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin həm mahiyyəti, həm də ölkənin gələcək inkişafına verəcəyi töhfələr haqqında daha geniş, daha aydın təsəvvürlərə malik idi. Bu isə onu deməyə əsas verir ki, referendumdan sonra ortaya çıxan Azərbaycan Respublikasının yenilənmiş Konstitusiyası xalqın düşünülmüş, dərin inama əsaslanan seçiminin nəticəsidir. Konstitusiya islahatları sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin daha da möhkəmlənməsinə etibarlı təminat yaradacaq.
- Referenduma hazırlıq dövründə və təşviqat kampaniyası zamanı nələri müşahidə edə bildiniz? Əhalinin reaksiyasını necə qiymətləndirirsiniz?
- Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar kampaniya dövründə müşahidələrimi böyük bir ümumiləşmə nəticəsində, əslində, bir sözlə ifadə etmək mümkündür: dəstək. Bu dəstək nədən qaynaqlanır, onun səbəbləri nədir, bu barədə, əlbəttə, çox danışmaq olar. Güman edirəm ki, referenduma çıxarılan məsələlərin insanlarımız tərəfindən dəstəklənməsinin ən başlıca səbəbi onun müəllifinin ölkənin Prezidenti İlham Əliyevin olmasıdır. Xalq İlham Əliyevə inanır və bu inam onun bütün təşəbbüslərinin birmənalı şəkildə dəstəklənməsinə transfer edir. Referendumun nəticələri İlham Əliyevin alternativsiz liderliyini və xalqın ona ən yüksək etimadını növbəti dəfə təsdiqlədi.
Qeyd etmək yerinə düşər ki, əhalinin Prezident İlham Əliyevə dərin inamı ciddi əsaslara söykənir. Prezidentin rəhbərliyi altında Azərbaycanın möhtəşəm inkişaf mərhələsini yaşamasını insanlarımız böyük məmnunluq hissi ilə dərk edir və qiymətləndirir. Azərbaycanın çox qısa vaxtda bütün parametrləri ilə güclü, müasir, sivil, demokratik dövlət kimi özünü dünyaya təqdim etməsini nəinki ölkə daxilində, habelə beynəlxalq aləmdə qəbul etməyən yoxdur. Azərbaycan XXI əsrin ilk onilliklərinin ən uğurlu ölkəsi adını, deyərdim ki, titulunu qazana bilib. Bugünkü Azərbaycanı 10 il bundan əvvəlki Azərbaycandan sanki onilliklər, yəni, böyük bir tarix ayırır. İnkişafın, dəyişikliklərin tək dinamikası deyil, həm də miqyası onları heyrətlənmədən qavramağı, demək olar ki, qeyri-mümkün edir. Deyərdim ki, müasir Azərbaycanın intibah nümunəsi yaşadığımız dövrün ən maraqlı inkişaf modeli, tərəqqi layihələrindən biridir. Klassik ifadələrə müraciət etməli olsaq deyə bilərik ki, Azərbaycan öz tarixinin qızıl əsrini yaşayır.
Haqqında söhbət etdiyimiz inkişaf illərində Azərbaycana Prezident İlham Əliyev rəhbərlik edib. Deməli, ən tənqidi təfəkkür sahibi olan insan da etiraf etmək zorundadır ki, bu inkişafın əsas səbəbi İlham Əliyev, onun siyasəti, idarəçilik bacarığı və xalqına, dövlətə təmənnasız xidmət göstərmək istəyidir.
Doğrudur, ölkəmizdə inkişafın fundamental əsası Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasətidir. Bu fikri
Prezident İlham Əliyev ölkəmizin inkişafı və gələcəyi barədə danışarkən daim və birmənalı şəkildə vurğulayır. Həqiqətən də Heydər Əliyevin yaratdığı sabitlik, inkişaf konsepsiyası, xalqla iqtidarın birliyinə əsaslanan milli həmrəylik olmasaydı, bugünkü inkişafı da təmin etmək qeyri-mümkün idi. Lakin bütün bu sadalanan həqiqətlərin mövcudluğu son 10 ildə ölkəmizin unikal, bənzərsiz və möhtəşəm inkişafının İlham Əliyevin adı ilə bağlı olması həqiqətinə qətiyyən mane olmur və ola bilməz. Heydər Əliyev möhtəşəmliyində ifadə olunan həqiqət bu gün İlham Əliyev möcüzəsi qiyafəsində təzahür edir.
Gözlərimizin önündə Azərbaycanın inanılmaz dərəcədə dəyişməsində ifadə olunan möcüzə İlham Əliyevin hər bir təşəbbüsünün hamılıqla dəstəklənməsi ehtimalını kifayət qədər yüksəldir. Referendumun artıq bəlli olan nəticəsində bu fikrin daha bir təsdiqini müşahidə edə bildik.
“Xalq niyə referendumu dəstəklədi?” sualı üzərində düşüncələrimizi davam etdirməli olsaq, müasir Azərbaycanın həyatına xas olan və hamının çox yüksək qiymətləndirdiyi daha bir həqiqəti də qeyd etmək yerinə düşər. Bu da ölkəmizdə qərar tapmış və qorunan ictimai-siyasi sabitlik, əmin-amanlıqdır. Biz həmişə sabitliyi və əmin-amanlığı ölkə və xalq üçün ən vacib nemət hesab etmişik, onu Azərbaycanın inkişafının əsas şərtlərindən biri saymışıq. İndiki narahat dünyada Azərbaycandakı əmin-amanlıq daha böyük əhəmiyyət və dəyər kəsb edir.
Müşahidə edilən digər bir meyli də vurğulamağı vacib sayıram. Bir kəlmə ilə bunu insanların təklif olunan dəyişikliklərə inamı kimi ifadə etmək mümkündür. İnsanlar Konstitusiyaya dəyişikliklərin Azərbaycanın gələcəyinə, insanların rifahına xidmət göstərəcəyinə dərindən inandıqlarını keçirilən görüşlərdə aydın şəkildə bildirirdilər. Digər bir tərəfdən, Konstitusiya dəyişikliklərini əksər insanlar Prezident İlham Əliyevin elan etdiyi və artıq həyata keçirilməkdə olan genişmiqyaslı islahatlar konsepsiyasının davamı kimi qəbul edir.
Açıq etiraf etmək istəyirəm ki, əhalinin mütləq əksəriyyətinin Konstitusiya dəyişikliklərinə təmkinlə, daxili inamla yanaşacağı gözlənilməz deyildi. Hesab edirdik və sonra da məhz belə oldu, xalqın dəyişikliklərə təmkinlə və dəstəklə yanaşması Yeni Azərbaycan Partiyasının referendum kampaniyasını uğurla həyata keçirməsinin etibarlı amili funksiyasını yerinə yetirdi.
Onu da deyim ki, Yeni Azərbaycan Partiyasının böyük insani və təşkilati potensialı vardır və partiyanın çoxlu sayda fəal üzvü təşviqat kampaniyasında kifayət qədər yaxından iştirak etdi. Referendum kampaniyasına cəlb olunan partiya fəallarının sayı on minlərlədir. Onlar referendum kampaniyasının ən müxtəlif mərhələlərində və formalarında, deyərdim ki, fəallıq göstərdilər, yaratdığımız “Yeni Azərbaycan” təşviqat qrupunun uğurlarına hər kəs öz layiqli töhfəsini verə bildi.
- Referendumdan sonrakı gözləntilər barədə nə deyə bilərsiniz?
- Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu. İnanıram ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq.
İstənilən cəmiyyətin inkişafı onun iqtisadiyyatına bağlıdır. Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır. Yeni iqtisadi modelin yaranması obyektiv zərurətə çevrilib. Elə bir iqtisadiyyat ki, təkcə təbii resurslara deyil, həm də ölkənin bütün potensialının hərəkətə gətirilməsinə istinad etsin. Məlum olduğu kimi, Azərbaycanın böyük iqtisadi potensialı var, lakin ondan tam şəkildə hələ ki, istifadə edilmir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir.
Eyni fikirləri Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsləri haqqında demək mümkündür. Bu təşəbbüslərin uğur qazanacağı heç kimdə şübhə yaratmır. Bu mənada hesab edirəm ki, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq.
Azərbaycan iqtidarı daim insanların istək və ehtiyaclarına həssas yanaşıb, onların əhval-ruhiyyəsi, bütünlükdə ictimai ovqat diqqətdən kənarda qalmayıb. Hazırda hökumətin diqqət fokusunda bir sıra vacib məsələ dayanır və onların üzərində intensiv iş aparılır. Dünya iqtisadiyyatında baş verən böhran və neftin qiymətlərinin kəskin surətdə aşağı düşməsi nəticəsində irəli gələn neqativ meyillərin aradan qaldırılması, düşünürəm ki, öz əhəmiyyətinə görə prioritet vəzifə kimi səciyyələndirilə bilər. Maliyyə-kredit sabitliyinin təmin edilməsi iqtisadiyyatın inkişafının fundamental amili kimi nəzərdən keçirilir.
İşsizlik səviyyəsinin azaldılması hökumətin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Qeyd etməyi vacib sayıram ki, son 10 il ərzində Azərbaycanda təxminən 1,2 mln yeni iş yeri açılıb, vaxtilə işsiz sayılan çoxlu sayda insan iş yeri ilə təmin olunub. Lakin nəzərə alınmalıdır ki, həmin 10 il ərzində əhali təxminən 1,5 mln nəfər artmışdır. Əhalinin yüksək artım dinamikası, heç şübhəsiz, cəmiyyətimizin mühüm üstünlüklərindən biridir. Ancaq bu, eyni zamanda, çoxsaylı yeni işçi qüvvəsi deməkdir ki, o da müvafiq sayda yeni iş yerlərinin yaradılmasını tələb edir. Həyata keçirilən islahatlar bu sahədə ciddi inkişafa səbəb olacaq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, “ASAN xidmət” sistemində müvafiq layihənin həyata keçirilməsi ayrıca vurğulanmalıdır. Güman edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda qeyd edilən sahədə ciddi irəliləyiş əldə olunacaq.
Əhalinin ehtiyac duyduğu mənzil probleminin həllinə yeni yanaşma böyük vədlər verir. Yaxın vaxtlarda insanlarımızın zəif sosial müdafiə olunan hissəsi əlçatan qiymətlərlə mənzil almaq imkanı qazanacaq və əhalinin mənzillə təminatı səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.
İdarəetmə mexanizminin təkmilləşdirilməsi gündəmdə duran vacib vəzifələrdəndir. Bu, təkcə idarəçilik problemi deyil, eyni zamanda, çox ciddi sosial nəticəsi olan məsələdir. Çevik idarəçilik modeli həyata keçirilən iqtisadi və sosial islahatların uğur qazanmasının ümdə şərtlərindəndir. Məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsi, süründürməçilik kimi hallara, ümumiyyətlə, neqativ meyillərə qarşı mübarizənin daha da gücləndirilməsi insanlarımızın gözləntiləri içərisindədir. Haqqında söhbət etdiyimiz neqativ hallar təkcə insanların hökumətə, hakimiyyət qurumlarına inamını zəiflətməklə kifayətlənmir. Onlar eyni zamanda, insanların həyatını ağırlaşdırır, bir sıra hallarda isə onların ailə büdcəsinə əlavə yükə çevrilir.
- Baş nazirin müavini kimi sosial sahəyə baxırsınız. Bu sahədə nə kimi yeniliklər gözlənilir?
- Sosial sahə, insanların rifahı ilə bağlı məsələlər daim Prezidentin və hökumətin diqqət mərkəzindədir. Məlum iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda sosial sahənin maliyyələşməsi sahəsində hər hansı problem yaşanmayıb. 2016-cı ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdə davam edib. Maaşlar və pensiyalar təxminən 10 faiz artırılıb. İqtisadi və maliyyə çətinlikləri dövründə əksər ölkələr vəziyyətdən çıxış yollarından birini adətən, sosial sahəyə ayrılan büdcə vəsaitlərinin azaldılmasında görürlər. Qənaət rejiminə keçid bir qayda olaraq sosial müdafiə sferasından yan ötmür. İndinin özündə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin demək olar ki, əksəriyyətində əmək-haqlarının və pensiyaların “dondurulması”, bəzi hallarda isə hətta azaldılması adi praktikaya çevrilib. Azərbaycanda isə fərqli mənzərə göz önündədir. Burada nəinki yuxarıda qeyd olunan vəziyyət yoxdur, hətta, deyildiyi kimi, əməkhaqqı və pensiyalar artırılmışdır. Bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin sosial mahiyyətindədir.
Sosial müdafiəsi zəif olan əhaliyə qayğı və dəstək dövlətin sosial siyasətinin diqqət mərkəzində olan digər aktual problemdir. Bu və ya digər obyektiv səbəblərlə əlaqədar olaraq işləyə bilməyən və ya böyük ailəsi olan insanlar bizim sosial siyasətin fokusundadır. Ünvanlı sosial siyasət həmin insanların vəziyyətinin yaxşılaşmasına, düşünürəm ki, ciddi dəstəkdir. Hər il dövlət bu məqsədə 200 milyon manatdan çox vəsait ayırır, 100 minə yaxın ailə dövlət yardımı alır. Bu sahədə ciddi yeniliklər gözlənilir. Prezident İlham Əliyev sosial müdafiəsi zəif olan insanlara və ailələrə dövlət dəstəyinin daha müasir və səmərəli formalarının tətbiq edilməsi ilə bağlı tapşırıq vermişdir. Söhbət ondan gedir ki, həmin əhali kateqoriyasına dövlət dəstəyi yalnız pul şəklində verilən aylıq yardımlardan ibarət olmamalıdır. Burada bir sıra hallarda qaçılmaz olan aylıq maliyyə yardımı ilə yanaşı, ailələrin öz kiçik bizneslərini qurmaq məqsədi güdən kompleks dövlət dəstəyi kimi formadan da geniş istifadə olunmalıdır. Hədəf bu gün işləməyən və ya işləyə bilməyən, lakin işləmək imkanı olan insanların normal əmək fəaliyyətinə qoşulmasıdır. Bu siyasət həm dövlətin yardımına ehtiyacı olan ailələrin sayını azaltmağa, həm də onların təminatının daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradacaqdır.
Üzümüzə gələn dövrdə gözlədiyimiz ən mühüm sosial layihələrdən biri icbari tibbi sığortanın tətbiq edilməsidir. Son illər ərzində Azərbaycanda səhiyyənin inkişafı sahəsində kifayət qədər böyük işlər görülüb. Xüsusilə, səhiyyənin infrastrukturunun yeniləşməsi, ən müasir səhiyyə müəssisələrinin yaradılması istiqamətində möhtəşəm nailiyyətlər əldə edilmişdir. Bu sahədə islahatlar getdikcə daha geniş vüsət almaqdadır. Gündəlikdə səhiyyə sahəsində böyük dəyişiklikləri nəzərdə tutan icbari tibbi sığortanın həyata keçirilməsidir. Məqsəd səhiyyənin maliyyələşməsinin tamamilə yeni formasını tətbiq etməklə bir sıra hədəflərə çatmaqdan ibarətdir. Əvvəla, insanlara tibbi xidmətin keyfiyyətinin ciddi şəkildə yüksəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, səhiyyənin inkişafına yeni maliyyə vəsaitlərinin cəlb edilməsi, səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi, neqativ hallara şərait yaradan səbəblərin aradan qaldırılması kimi problemlər də öz həllini tapa biləcək. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiq edilməsi səhiyyə sahəsində islahatları tamamlayacaq, onun nəticələrinin daha əhəmiyyətli və təsirli olmasına gətirib çıxaracaq.
- Müxalifət referenduma etiraz etdi. Onların etiraz hərəkətləri səsvermə kampaniyasına hər hansı problem yarada bildimi?
- Müxalifətin referendumla əlaqədar reaksiyası proqnozlaşdırılan idi. Azərbaycan müxalifətinin iqtidarın istənilən təşəbbüsünə etiraz şəklində münasibət bildirməsi adətə çevrilib. Amma müşahidə edə bildiyimiz bir reallıq haqqında fikrimi bildirmək istəyərdim. Bu da ondan ibarətdir ki, müxalifətin referenduma etirazını onların özlərindən savayı duyan olmadı. Ən azından onların etirazları, keçirdiyi mitinqlər əhali tərəfindən soyuq etinasızlığa tuş gəldi.
Hesab edirəm ki, bunun bir çox səbəbləri var. Əvvəla, əhali artıq qeyd etdiyim kimi, müxalifətin hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməsinə alışıb və ona etinasızlıqdan savayı münasibət bildirmək istəmir. İkincisi, müxalifət xalqın nəzərində nüfuzunu demək olar ki, bütünlüklə itirib. İnsanlar 20 ildən çox eyni adamların uğursuz siyasətçiliyinə neqativ yanaşır, onların perspektivlərinə inanmır. Müxalifət indiki tərkibdə cəmiyyəti maraqlandıran, onun diqqətini az da olsa cəlb edən qrup şansını çoxdan və yəqin ki, birdəfəlik itirib. Nəhayət, referendum aktına və ümumiyyətlə, bu ideyaya etiraz edən müxalifət müzakirəyə çıxarılan məsələləri bir kənara qoyub tamam başqa problemlər barədə bəyanatlar səsləndirirdi. Sanki onlar referendumu bəhanə edərək cəmiyyətə özlərini xatırlatmağa çalışırdılar. Əlbəttə, belə bir taktika hər hansı uğur gətirmək imkanından məhrumdur. Beləliklə, müxalifətin antireferendum taktikası və cəhdləri tam iflasa uğradı. Deyə bilərəm ki, onların referendumun keçirilməsinə mane olmaq üçün təşkil etdikləri uğursuz aksiyalar onsuz da zəif olan mövqelərini daha da aşağı saldı.
Azərbaycan demokratiya yolu ilə irəliləyən, demokratik təsisatlarını təkmilləşdirən ölkə kimi, əlbəttə ki, sağlam və mütərəqqi müxalifətə ehtiyac duyur. Təəssüf hissi ilə qeyd etməliyəm ki, cəmiyyətimizdə bu mənada boşluq var. Hazırkı müxalifət sağlam, səmərəli, fərqli düşünən sistemli qrup funksiyasını yerinə yetirə bilmir. Son illərdə Azərbaycanın sürətli inkişafı və müasirləşməsi prosesindən müxalifət azacıq da olsa faydalana bilməyib. Bu müddət ərzində ölkəmizdə çox şey dəyişib, yeniləşib, müasir görkəm alıb. Müxalifət isə bu dəyişikliklərdən tam kənarda qalıb. Nəticədə, sürətlə dəyişən, müasir dünyanın bir parçasına çevrilən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan müxalifətin mövcudluğundan irəli gələn qəribə bir mənzərə yaranıb.
Bütün parametrləri ilə müasir olan iqtidarla dəyişmək, müasirləşmək istək və potensialından məhrum olan müxalifətin yaratdığı təzad gündən-günə dərinləşməkdədir. Bu isə təbii olaraq onların arasında rəqabət mübarizəsi şansını birincinin xeyirinə təsəvvür edilməyən dərəcədə yüksəldir. Yaxın perspektivdə bu nisbətdə hər hansı dəyişikliyin olacağını ehtimal etmək belə mümkün deyil. Geridə qalmış, unudulmuş və öz vəziyyəti ilə artıq barışmış müxalifətin daim inkişaf edən, əhalisinə xidmət göstərmək istəyi gündən-günə artan və problemləri həll edə bilmək qabiliyyətini hər bir situasiyada təsdiq etməyi bacaran iqtidarla rəqabət mübarizəsinin uğurlu olacağı inandırıcı deyil. Təsvir etdiyim reallıqlar fonunda partiyamızın siyasi perspektivlərinin dərk edilməsi daxili qürur yaradır və Prezident İlham Əliyevin islahatlarının qarşıdakı illərdə yeni böyük inkişafa gətirib çıxaracağına inamı daha da gücləndirir. Bir daha əmin olursan ki, Azərbaycanın bu günü və gələcəyi Heydər Əliyev siyasəti, onu uğurla həyata keçirən Prezident İlham Əliyevlə bağlıdır. Ölkəmizin firavan gələcəyini düşünən hər bir vətəndaşımıza bunu unutmamağı tövsiyə edirəm.


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___