Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Penoplast faciəsi - Azər Qismət
Tarix: 19-05-2015 | Saat: 15:08
Bölmə:M / Hadisə / M2 | çapa göndər

Penoplast faciəsi - Azər Qismət



Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda baş verən yanğın nəticəsində ölənlərin sayı artır…

Xeyli sayda zəhərlənən var…

Bir azyaşlı xəstəxanada keçinib. Və 16 mərtəbəli bina şam kimi əridi.

Bu artıq ikinci hadisədir. Xatırladaq ki, üzlük materiala görə aprel ayında Xətai rayonunda da bina yanmışdı. Hər gün həmin yanmış binanın yanından keçirəm. Həmin bina hələ də təmir edilməyib. Evləri yanan sakinlər hər gün o binanın qarşısına toplaşır və deyirlər ki, nə vaxta qədər kirayədə yaşayacağıq? Təsəvvür edin, adamların illərlə qurduğu ev bir anda alışıb külə döndü. Xətai rayon İcra Hakimiyyəti başçısının müavini telekanallara müsahibəsində bildirmişdi ki, binanın yanmasına fasad üzlüyü səbəb olmayıb. Fövqəladə Hallar Nazirliyinin mövqeyi isə qəti oldu: Binanın yanmasına səbəb penoplast üzlükdür. Deməli, aidiyyati İcra Hakimiyyətləri belə üzlüyün yaşayış binasına vurulmasının təhlükəli olmasını bilə-bilə, yenə də adamları təhlükəyə atmaqdan çəkinmədilər.

Adi uşaq Google-a girib məlumat əldə edər ki, klassik fasad üçün yüngül, ucuz və tez başa gələn penoplast əslində yaşayış binaları üçün yaramır, çox təhlükəlidir. Adətən televizor alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Bax, penoplast həmin materialdır. Penoplastla ona görə yaşayış binalarını üzləmək olmaz ki, o tez alışandır, binanın nəfəs almasını çətinləşdirir. Bina nə qədər təbii materialdan tikilsə, o qədər nəfəs alır. Penoplast isə binanın nəfəs almasını çətinləşdirir, radiasiya yaradır, sakinlərdə xərçəng riskini artırır. Adıçəkilən materialın qiyməti 3 manatdan 40 manata qədərdir. Görünür, paytaxtın bəzi rayonlarında 40 manatlıq yox, 3 manatlıq materiallardan istifadə olunur ki, may havasında belə tez alışır. Bunu orta məktəb şagirdi bilirsə, deməli Hacıbala Abutalıbov çoxdan bilir. Bir binanın yanmasına görə Xətai rayon İcra Hakimiyyətinin 60 ailə üzvünə bir aylıq kirayə pulu üçün ödədiyi 30 min manata doğrudanmı Qaradağın daş karxanasından üzlük daşlar gətirib binaya vurmaq olmazdı? Olardı. Amma dövlətin paytaxtın abadlığı üçün ayırdığı pulların başına İcra Hakimiyyətləri belə kəmənd atırlar. Ucuz material və bu da sizə abadlıq.

Aprel ayında Xətai rayonunda binanın yanmasından sonra güman olunurdu ki, penoplast örtüklərin digər binalarda tətbiqinə ara veriləcək. Amma verilmədi. Görünür, Avropa Oyunlarından sonra belə üzlüklər söküləcək. Yarışlardan sonra məsuliyyətsizliyə yol verən vəzifə adamları da cəzalanacaq. Əminliklə söyləmək olar ki, dövlətin addımı qəti olacaq.

Bu gün alınan xəbər daha dəhşətli oldu. Bir neçə nəfər həlak oldu, adamlar zəhərləndi. Əgər ölüm faktı varsa Bakı Şəhər icra Hakimiyyəti və Binəqədi İcra Hakimiyyəti çox suallara cavab verməli olacaqlar. Xətai rayon İcra Hakimiyyəti isə yanan binanın hansı səbəbdən təmir edilib hələ də sakinlərin ixtiyarına verilməməsinə də yaxşı aydınlıq gətirəcək.


Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___