Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi
Tarix: 27-04-2016 | Saat: 10:48
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi

Prezident İlham Əliyev beynəlxalq aləmə səsləndi: “Təəssüf ki, Ermənistan sadəcə olaraq bu qətnamələrə məhəl qoymur və onları yerinə yetirmir”

Aprelin 26-sında Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimi olub.

Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Forumda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malta prezidenti Mariya Luiza Koleyro, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir, Belarus Milli Məclisinin sədri Mixayil Myasnikoviç, Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jormart Tokayev və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında çıxış edib. “Trend”in məlumatına görə, dövlət başçısı deyib ki, Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərini həll etmək üçün 140-dan artıq ölkə nümayəndəsinin Bakıda toplaşmasına görə fəxr edir: “Dini tolerantlıq, multikulturalizm həmişə burada olub. ”Multikulturalizm" sözü yox idi, lakin ideyalar həmişə mövcud olub".

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi

Qarabağın işğalından danışan prezident deyib ki, Ermənistan işğal olunmuş torpaqlarda hər şeyi dağıdıb: “ATƏT orada vəziyyəti müşahidə etmək üçün iki dəfə faktaraşdırıcı missiyasını göndərib və onların hesabatları dəhşətlidir. Hər şey dağıdılıb - bizim bütün binalarımız, tarixi abidələrimiz, məscidlər və qəbirlər. Burada, Bakının mərkəzində erməni xalqının dini irsini necə qoruduğumuzu görə bilərsiniz. Erməni kilsəsi bərpa olunub, o, tikildiyi yerdə yerləşir. Lakin işğal olunmuş ərazilərdəki bütün məscidlərimiz xaraba qalıb”. Dövlət başçısı xatırladıb ki, beynəlxalq ictimaiyyət bu işğala son qoymaq üçün qətnamə və qərarlar qəbul edib: “BMT-nin Təhlükəsizlik Şurası, ali beynəlxalq orqan işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan, sadəcə olaraq, bu qətnamələrə məhəl qoymur və onları yerinə yetirmir”.

“Qədim mədəniyyətlərin və xalqların birgə yaşadığı Azərbaycandayıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda ”Multikulturalizm ili" elan edilib"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı ilə bağlı təşəbbüsünü 11 il əvvəl Türkiyə İspaniya ilə birlikdə irəli sürüb: “Günümüzdə 140-dan çox ölkə bu təşəbbüsə dəstək verir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasirin rəhbərliyi ilə bu işlər görülür. Tolerantlıq və dialoq hədəflərimizə dəstək verən bütün dost ölkələrə təşəkkür edirəm. Ancaq hələ də alyansın hədəflərinə çatmaqdan çox uzağıq. İnsanların inancları, etnik mənsubiyyəti ilə bağlı ayrımçı düşüncələri hələ tam ortadan qaldıra, terrorizmə qarşı bizdən gözlənilən ortaq mücadiləni yetəri qədər ortaya qoya bilməmişik. Suriyada, Fransada, Belçikada, İspaniyada, Türkiyədə, Pakistanda ard-arda bombalar parlayarkən məqsədimizi ortaq fikrə, ideyaya çevirməyi bacarmadıq. Zorakılığın qarşısının alınması üçün dialoqu inkişaf etdirməyin zəruriliyini bütün dünyaya qəbul etdirə bilməmişik. Etnik və dini fərqliliyin təhdid deyil, zənginlik olduğu barədə anlayışı yaymağı bacarmamışıq”.

Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi

Ərdoğan qeyd edib ki, bu təhlükəli gedişə son vermək zəruridir: “Dini və etnik səbəblərlə qarşıdurmalar nəticəsində 60 milyondan çox insanın evindən didərgin düşdüyü reallıqda yaşayırıq. Miqrantların bir qismi sulara gömülür, bir qismi isə getdikləri yerlərdə xoş qarşılanmır. İslam adına terror törədənlər ən böyük pisliyi müsəlmanlara qarşı törədirlər. Bu terror təşkilatlarının əli ilə qədim şəhərlər xarabalığa çevrilir, mədəniyyətlər məhv olur. Qərb ölkələrində bu səbəbdən müsəlmanlara mənfi baxış artır. Fərqli mədəniyyətə, dinə malik insanlar arasında uçurumların dərinləşməsi daha böyük fəlakətlərə aparır. Terrorun, terror təşkilatlarının dini, bölgəsi yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir din, vicdan qəbul etməz. Xüsusən İslam mahiyyətcə sülh dinidir. Belə bir din terrora dəstək verərmi? Bizim dində terrora yer yoxdur. İŞİD və digər terror təşkilatlarının İslamla heç bir əlaqəsi yoxdur. Ölənin Allahu-Əkbər, öldürənin də Allahu-Əkbər dediyi bir anlayış ola bilərmi?! Mədəniyyətlərarası İttifaq, ortaq səylərimizlə bu təhdidlərin qarşısını ala bilərik. İlk növbədə, məzhəbçiliyə qarşı mübarizə aparmalıyıq. İkincisi, irqçilik çox ciddi təhdid olaraq terrora zəmin yaradır. Məzhəbçilyə və irqçiliyə qarşı orta mübarizə apara bilməsək, terrorla uğurla mübarizə apara bilmərik. Bütün irqlərin nümayəndələrinə insan kimi baxmalı və qəbul etməliyik”.

Türkiyə prezidenti qeyd edib ki, terrora qarşı qlobal ittifaq yaradılmalıdır.
BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Bakı Bəyannaməsi qəbul olunub. Sənəddə qeyd olunur ki, Bakı Bəyannaməsi mədəni və dini müxtəlifliklərə hörmət və anlaşmanın vacibliyini qeyd edir, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və insanlar arasında tolerantlıq, hörmət, dialoq və əməkdaşlığı təbliğ edir.

Bəyannamədə sülh, təhlükəsizlik və inkişafın genişlənməsində universal dəyər kimi Sivilizasiyalar Alyansının moderatorluğunu genişləndirəcəyi vurğulanıb. Mədəniyyətlərarası və dinlərarası dialoqun, tolerantlıq, plüralizm və qarşılıqlı hörmət sahəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Günahsız insanların ölümünə, dağıntılara və insanların qaçqın düşməsinə səbəb olan, dünyanın müxtəlif yerlərində qeyri-tolerantlıq, zorakı ekstremizm, zorakılıq və terrorizm aktlarından narahatlıq ifadə olunur.(musavat.com)


Xəbəri paylaş

4858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___