Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev: Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik - YENİLƏNİB + FOTO
Tarix: 13-03-2015 | Saat: 11:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev: Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik - YENİLƏNİB + FOTO
“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində 1 nömrəli Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Xeberaz.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycan mədəniyyəti dünya miqyasında yüksək səviyyədə təbliğ edilir. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarda da müşahidə olunan inkişaf gənc nəslin mənəvi zənginləşməsinə geniş imkanlar açır. Hazırda ölkəmizdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Bərdədə istifadəyə verilən 1 nömrəli Uşaq İncəsənət Məktəbi də məhz bu məqsədə xidmət edir. Bu gün Bərdə rayonunda təhsil, mədəniyyət, səhiyyə, idman və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyümələri də daim diqqət mərkəzindədir. Bu baxımdan Bərdə Şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbi üçün yeni binanın tikilib istifadəyə verilməsi xüsusi önəm daşıyır. Məktəbin ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Bildirildi ki, məktəbin tikintisinə 2014-cü ilin əvvəlində başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin mart ayında başa çatdırılıb.

İncəsənət Məktəbi üçmərtəbəlidir. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Bərdə rayonuna səfərlərini əks etdirən fotostendlər var. Məktəb Bərdədə uşaqların musiqinin sirlərinə mükəmməl səviyyədə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunub.

Məktəbin binası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, məktəbin 32 sinif otağı və digər yardımçı otaqları var. Burada xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər, rəsm və rəqs şöbələri fəaliyyət göstərəcək, bir neçə ixtisas – tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, balaban, xanəndəlik üzrə dərslər keçiləcək. İncəsənət məktəbi həm də regionda mədəni həyatın canlanması, yeni istedadların üzə çıxarılması, gənc nəslin hərtərəfli inkişafı istiqamətində atılan növbəti addımdır. Məktəbin akt zalında rayon və respublika səviyyəli konsertlərin, musiqi müsabiqələrinin keçirilməsi mümkündür.

Prezident İlham Əliyev şagirdlərin ifasını dinlədi.

Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra İlham Əliyev güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri olan Qarabağ Aqrar Sənaye Parkı ilə tanış olub.

Dövlətimizin başçısının rayona səfəri ərəfəsində istifadəyə verilmiş və tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxil olan Aqrar Sənaye Parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Logistik mərkəzdə güzəştli kreditlər almış fermerlər tərəfindən istehsal olunan ət və tərəvəz məhsulları yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ən son texnologiyalarla təchiz olunmuş ət kəsimi və emalı fabrikində heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün proseslər gigiyenik normalar tam gözlənilməklə aparılır. Heyvandarlıq komplekslərində kənd təsərrüfatı avadanlıqları istehsalında dünyanın aparıcı şirkətlərinin müasir avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma sistemləri və digər ferma avadanlıqları quraşdırılıb. “Aqrolizinq” ASC vasitəsilə Avropadan gətirilmiş xüsusi cinslərdən olan ətlik-südlük inəklər bəslənilir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşıb. Hələlik gündəlik 32 ton yüksək keyfiyyətli süd istehsal olunur və emal müəssisələrinə təhvil verilir. İlin sonunadək heyvanların sayı artırılacaq və süd istehsalı 60 tona çatdırılacaq. Qarabağ Aqrar Sənaye Parkında 300 nəfər daimi iş yeri ilə təmin olunub.

Belə komplekslərin yaradılması idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Güzəştli kreditlərdən yararlanmaqla Bərdədə yaradılmış digər heyvandarlıq müəssisəsi rayonun Türkmən kəndi ərazisində inşa edilmiş 500 başlıq südlük cins heyvandarlıq kompleksidir. Ümumi dəyəri 4,2 milyon manat olan kompleks sağmal inəklər üçün fermalar, sağımxana, yem anbarı sahələrindən ibarətdir. Bu layihənin də həyata keçirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş kompleksdə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq Avropadan 325 baş cins inək gətirilib. Layihənin icrası nəticəsində 50 nəfər yeni iş yeri ilə təmin olunub.

Prezident İlham Əliyev Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin yol–nəqliyyat strukturunda əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, xüsusilə də yol ayırıcıları və körpülərin inşasına və yenidən qurulmasına yönəldilib. Bu proses Bərdə rayonunda da geniş vüsət alıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən rayonun bir çox yaşayış məntəqələrini birləşdirən kəndarası yollar əsaslı təmir edilib. Onlardan biri də Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yoludur.

Bildirildi ki, dövlət başçısının 2014-cü il 14 avqust tarixli Sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılmışdı. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Burada dövlət başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq ölkənin bütün regionları kimi Bərdədə də kəndarası yolların yenidən qurulması prosesi davam etdirilir.

00:30

Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, biz buna nail olmaq üçün daha da güclü olmalıyıq.

Xeberaz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi məsələsi öz əksini tapıb. Bu ayın əvvəlində mən Bolqarıstanda oldum, orada da strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Həmin Bəyannamədə də eyni cümlələr öz əksini tapıb”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas şərtdir:

“Əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunsaydı, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir, belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır”.

Dövlət başçısı qeyd edib ki, təmas xəttində son aylar ərzində Azərbaycan tam şəkildə üstünlüyünü təmin edib:

“Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

12.03.2015 23:26

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib.

Oxu.Az AzərTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı əvvəlcə şəhərdə yeni salınmış və Ulu Öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, bərdəlilərin Ulu Öndərin xatirəsinə ehtiram əlamətinin rəmzi olan bu möhtəşəm abidə yeni ucaldılıb. Abidənin postamenti və ətrafı orijinal layihə əsasında qurulub.

---------

Martın 12-də Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin ümumi inkişaf tempinə uyğun olaraq sürətlə müasirləşən və gözəlləşən Bərdə şəhərində yeni park-bulvar kompleksi yaradılıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzlərindən biridir. Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə 47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək. Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb edir. Eni 36 metr, hündürlüyü 12 metr olan giriş qapısı milli memarlıq üslubunda ucaldılıb. Kompleksə əlavə 6 istiqamətdən giriş qapısı tikilib. İnşaat işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan abidələrə xüsusi həssaslıqla yanaşılıb. Belə ki, Tərtər çayının yatağında göl və şəlalələr yaradılarkən VII əsrə aid nadir tarixi tikilinin qalıqları saxlanılıb. Abidəyə iki istiqamətdən asma körpü çəkilib. On iki fəvvarənin bir-birinə körpülər vasitəsilə birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.

Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.

Dövlətimizin başçısına məlumat verildi ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Bərdəyə xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderin adına layiq mədəniyyət və istirahət parkının yaradılması təşəbbüsü bərdəlilərin Ulu Öndərin əziz xatirəsinə ehtiramının nəticəsidir. Elə bu ərazidə 1979-cu ilin sentyabrında Ulu Öndərin öz əli ilə əkdiyi sərv ağacının indiyədək qorunub mühafizə olunması da Ümummilli Liderin xatirəsinə ehtiramın bir nümunəsidir. Ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev parkda ağac əkdi.

Komplekslə tanışlıq zamanı bildirildi ki, 10 hektar ərazini əhatə edən süni göllər üçün alınmış qayıqlar istirahət edənlərin ixtiyarına veriləcək. Bulvarın qurtaracağında quraşdırılan 3 fəvvarə burada gözəl mənzərə yaradır. Kompleksdə keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Burada velosiped həvəskarları üçün 1,2 kilometr uzunluğunda yol salınıb və 10 ədəd velosiped alınıb. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, 2 min kvadratmetr ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, inzibati bina inşa olunub.

Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu.

Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.

Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər.

Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzdi.

Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.

Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.

Yeni salınmış park–bulvara 22 kilometr su xəttinin, 27 kilometr yeraltı elektrik xəttinin çəkilişi, subartezian quyusunun qazılması, çoxlu sayda işıqlandırma nöqtələrinin və 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılması bu möhtəşəm mədəniyyət və istirahət mərkəzində görülən işlərin həcminin göstəricisidir.

Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadır şəhərciklərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasıdır ki, bununla bağlı görülən işlər nəticəsində bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb, orada yaşayan insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şərait də təsdiqləyir.

Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident tərəfindən onlarla Fərman və Sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. 2003-2013-cü illərdə 25 minə yaxın məcburi köçkün ailəsi mənzillə təmin edilib. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb binası, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. 2015-ci ilin mart ayına olan məlumata əsasən, bu qəbildən olan insanlar üçün indiyədək 89 müasir qəsəbə salınıb. Beləliklə, 46 min ailənin və ya 230 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə 2014-cü ildə məcburi köçkün ailələri üçün 7 yeni qəsəbə və ya yaşayış kompleksi yaradılıb. Bu məqsədlə il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, digər investisiya xərclərindən isə 50 milyon manat vəsait ayrılıb. 2015-ci ildə isə məcburi köçkünlər üçün 4 yeni yaşayış kompleksinin inşa edilməsi, 2500 ailənin və ya 11 min nəfərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu kompleks dövlətimizin başçısının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Bərdədə yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Prezident İlham Əliyev mənzillərə baxdı.

Burada yaradılan şərait göstərir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də ölkədə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır.

Burada yeni məhəllənin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 11 hektar sahəni əhatə edən yeni yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdənin kommunikasiya şəbəkələrinə qoşulub. Kompleksin tikintisinə 2014-cü ilin iyun ayında başlanılıb və bu ilin mart ayında tam başa çatdırılıb. Yeni kompleks qaçqın və məcburi köçkünlər üçün salınmış 90-cı yaşayış kompleksidir.

Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirdi.

---------

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də bu sahədə daha mühüm islahata imza atıldı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Belə ki, Avropa Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olub. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. Artıq Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayır.

Prezident İlham Əliyevə məlumat verildi ki, ­­­Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.

Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır.

Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.

Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.

Dövlətimizin başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.

Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu.

Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı” mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.

“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən işləyir. Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib. Proqramın ikinci hissəsi Bərdə “ASAN xidmət”inin açılışına həsr olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır. Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.

Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb” könüllülük proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün yaradılmış elektron portaldır.

www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait yaradır.

Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş İdarəetmə Sistemi lisenziyaların verilməsi prosesində sui-istifadə hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək. Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron şəkildə təqdim edilməsinə səbəb olacaq.

Sonra “ASAN həyat” və “ASAN xidmət” dünya mətbuatında videoçarxları nümayiş olundu.

Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.

Dövlətimizin başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam. Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdədə “ASAN xidmət” fəaliyyətə başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Gözəl binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn da gözəldir. Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər göstəriləcəkdir. Bu, sayca səkkizinci “ASAN xidmət”dir. Dördü Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə məhz Bərdə şəhərində açılmışdır. Qəbələdə və Bakıda iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə, bütün ölkə üzrə “ASAN xidmət” fəaliyyət göstərəcək.

Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq.

Prezident İlham Əliyev: Bu, gözəl hadisədir. “ASAN xidmət” Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120 min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir.

Ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə görülür. Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız, istedadlı insanlarımız var.

Eyni zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan gənci fəaliyyət göstərir. Keçən dəfə Sabirabad mərkəzinin açılışında, eyni zamanda, biz könüllülərin forumunu keçirdik. Bu da yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr ehtiyatımızdır.

Bu gün mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də artıq fəaliyyətə başlayıb. Bütün könüllülərin iş qabiliyyəti, onlarla bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir. İstər dövlət qurumu olsun, özəl şirkət olsun, əgər hazırlıqlı kadr işə götürmək istəyirsə artıq o sistemə müraciət edir. Mənə verilən məlumata görə, artıq dörd yüzdən çox könüllü işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir. Doğrudan da hansısa bir işi könüllü surətdə görmək əzmində olan insan böyük hörmətə malikdir.

Gənclər bu mərkəzdə uğurla fəaliyyət göstərirlər. Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir, Azərbaycan gəncləridir. Gələcəkdə ölkəmizin taleyi onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli, savadlı, Vətənə bağlı və insanlarla ünsiyyətdə olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti nəticəsində, gördüyünüz kimi, bir neçə məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü başqa sahələrdə də göstərir. Yəni, bu xidmətin yaradılması doğrudan da məni həddindən çox sevindirir. Çünki son illər ərzində Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə bir çox işlər görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi köçkünlər üçün yeni şəhərciyin açılışını qeyd etdik.

Ancaq bu sahə xüsusi əhəmiyyət daşıyır. Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir. Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək.

Sonda xatirə şəkli çəkdirildi.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.

Qeyd edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndələrindən olan Əhməd bin Əyyub Əl Hafiz Naxçıvani tərəfindən inşa olunmuş və hündürlüyü 12,5 metr olan türbənin yerüstü hissəsi üç əsas memarlıq quruluşundan ibarətdir.

Türbə daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvarı günbəzdən, yeraltı hissəsində dəfn üçün ayrılmış sərdabadan, yerüstü hissəsi isə xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı işğal etmələrindən sonra abidənin kitabələri dağıdılıb, üzərində ərəb əlifbası ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər baxımsız qalan türbənin qala qapıları uçub dağılmış, özü bərbad vəziyyətə düşmüş, həyətyanı sahədə ağaclar qurumuş və yaxud qırılıb məhv edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunaraq müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Sonralar tariximizin yadigarı, əsrlər boyu yadelli istilaçılara boyun əyməyib bu günümüzədək gəlib çıxan türbənin ətrafı təmizlənmiş, zəbt olunmuş həyətyanı sahələr geri alınmış və bir sıra əlavə işlər görülmüşdü. Buna baxmayaraq, türbənin bərpası və təmiri mümkün olmamışdı.

Nəhayət tarixi keçmişimizə, abidələrimizə həssaslıqla yanaşan Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə Bərdə rayonunda başlanan genişmiqyaslı abadlıq və bərpa işləri türbənin təmirini gündəmə gətirmişdir. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən Bərdə türbəsində bərpa işlərinə başlanıb və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni əzəli görkəminə qaytarmaq üçün qiymətli tikinti materiallarından istifadə edirlər. Həyətyanı sahədə abadlıq-tikinti işləri aparılır.













Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
28-05-2016, 17:07 Messi ağır zədələndi

bütün xəbərlər
____ Instagram ___