Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda
Tarix: 14-02-2016 | Saat: 16:21
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda

Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi davam edir.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda çıxış edib.

Fuad Ələsgərov tədbir iştirakçılarına müraciətlə deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə belə bir seminar-müşavirənin keçirilməsi dövlətin dini sahədə münasibətlərə və yerlərdə dini qurumlarla işin təşkilatçıları kimi sizin fəaliyyətinizə verdiyi önəmin göstəricisidir. Bu seminar açıq fikir mübadiləsinin aparılması üçün çox yaxşı bir platformadır və inanıram ki, sizinlə görüşümüz də səmimi və açıq müzakirə şəraitində keçəcək”.

Şöbə müdiri bildirib ki, bu gün müasir dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamofobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Hətta Avropa dövlətlərinin liderləri multikulturalizm ideyalarının iflasa uğradığını etiraf edirlər. Bu mənada müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə ola biləcək bir dövlətdir və təsadüfi deyil ki, 2016-cı il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib.

Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmədiyini təəssüf hissi ilə qeyd edən Prezident Administrasiyasının rəsmisi deyib: “Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”.

Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.

Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb. İlk növbədə, 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Bu maddəyə əsasən vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab olunur. Həmçinin belə qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak, bu hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə və bu cür məzmunlu materiallar yayma da cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Suriya və İraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

“Dini radikalizmlə mübarizə cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir”, - deyə Fuad Ələsgərov vurğulayıb.

Azərbaycanda radikal dini fəaliyyətin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə də toxunub. Qeyd edib ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün doğura biləcəyi riskləri bir daha açıq nümayiş etdirdi. Belə ki, Taleh Bağırov başda olmaqla bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaratmış, Bakı şəhərindən və respublikanın bəzi bölgələrindən özlərinə tərəfdarlar toplamaqla onları müxtəlif növ odlu silah, döyüş sursatı və partlayıcı maddə ilə təchiz etmişdi. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində din pərdəsi altında fəaliyyət göstərən cinayətkar qruplaşma zərərsizləşdirilib, digər zəruri addımlar atılıb. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Fuad Ələsgərov deyib: “Nardaranda cinayət törətmiş radikal dini təriqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə dini təhsil alması bu hadisələrin arxasında xarici faktorların dayanmasını ehtimal etmək üçün ciddi əsas verir. Yerli əhali bu insanları dəstəkləməmiş və özləri dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək onları zərərsizləşdirməyi xahiş etmişdi. İstintaq zamanı bu şəxslərin xaricdən maliyyələşməsi ilə bağlı mühüm faktlar əldə edilib və hazırda həmin faktlar istintaq orqanı tərəfindən araşdırılır”.

Şöbə müdiri seminar-müşavirə iştirakçılarına 2015-ci ildə qəbul olunmuş “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni Qanun, “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edib ki, dini radikalizmlə mübarizə sistemli və kompleks şəkildə aparılmalıdır. Bu məqsədlə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, dini sahədə savadlı, dövlətçiliyə sadiq ruhanilər yetişdirilməlidir. Eyni zamanda, mətbuatda, xüsusilə sosial mediada təbliğat işinə böyük önəm verilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Bu mənada icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçıları vəzifəsinin yaradılması mühüm institusional tədbirdir.

Dini qurumlarla işin təşkilatçılarının üzərinə yerlərdə radikal dini meyillərin vaxtında aşkar edilməsi, dini radikalizmə qarşı mübarizədə icra hakimiyyəti orqanları ilə hüquq mühafizə orqanları arasında fəaliyyətin əlaqələndirilməsi və radikal dini təbliğata qarşı əks-təbliğat işinin təşkili kimi mühüm vəzifələr düşür. Bu fəaliyyət düzgün qurularsa, dini radikalizmə meyilliklə bağlı bir çox problemlər hüquq mühafizə orqanlarının müdaxiləsi olmadan, qabaqlayıcı tədbirlər görülməklə həll edilə bilər.

“Hüquq mühafizə orqanları əsas etibarilə radikal dini fəaliyyətin nəticələri ilə mübarizə aparır. Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti isə dini radikalizmin səbəblərinin araşdırılması və aradan qaldırılmasına yönəlməlidir. Xüsusilə radikal dini təriqətlərə meyilli olan bölgələrdə gənclərin təhsilə marağının artırılması, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi ilə peşə və təhsil kurslarının təşkili, məşğulluğun təmin olunması üçün təşəbbüs göstərmək çox vacibdir”,- deyə şöbə müdiri vurğulayıb. (AzərTac)
"Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda
"Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
3-07-2017, 11:31 Xalq artisti vəfat edib

bütün xəbərlər
____ Instagram ___