Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Kəlbəcər səhiyyəsində “qanqrena“

Kəlbəcər səhiyyəsində “qanqrena“


15-07-2015, 13:18. Yazar: Xeberaz
Kəlbəcər səhiyyəsində “qanqrena“
Kəlbəcər səhiyyəsi qanqrena verir. İşğal olunmuş bölgəmizin fəaliyyət göstərən Rayon Mərkəzi Xəstəxanasında rüşvət tüğyan edir

Baş həkim Mehparə Kazımovanın yol verdiyi rüşvətxorluq və digər korrupsiya halları geniş miqyas almağa başlayıb.

Xeberaz.az dia.az-a istinadən xəbər verir ki, xəstəxanada daha çox şəxsi məqsədləri üçün – TSEK-ə və ya hərbi komissarlığa təqdim etmək üçün arayış, iş yerinə bülleten (xəstəlik vərəqəsi) və digər arayışlar almaq üçün qeydiyyata alınmış “xəstələrə” rast gəlmək olur.

Amma bu heç də o demək deyil ki, həmin xəstələrə ərzaq və dərman təminatı ayrılmır. Əksinə, iddialara görə RMX rəhbərliyinin bu “xəstələrdən” əldə etdiyi əsas gəlir də məhz elə bu ayrılmalar hesabına formalaşır.

Mənbə Kəlbəcər RMX-da “ölü canlar” qismində saxlanılan xəstələrin real xəstələrdən daha artıq “gəlir gətirmələri” səbəbindən, xəstəxana rəhbərliyinin də məhz onlara üstünlük verdiyini iddia edir.
Bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Kəlbəcər səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir.

Rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məsələlərdən biri kimi çıxış edir. Həm də bu mövzu artıq xeyli müddətdir ki, ölkə mətbuatının da diqqət mərkəzindədir.

Məlum olduğu kimi Kəlbəcər rayonu səhiyyə sisteminin özəyini təşkil edən Rayon Mərkəzi Xəstəxanası (RMX) 1993-cü ilin aprel ayından Göygöl rayonu 7 saylı Sovxoz ərazisində fəaliyyət göstərir.

2013-cü ildən etibarən RMX-nın baş həkimi vəzifəsinə Mehparə Kazımova təyin olunub. Hazırda RMX-nın xidmət sahəsində Gəncə şəhərində, qismən Samux, Goranboy və Göygöl rayonlarında müvəqqəti məskunlaşmış 25000 nəfər kəlbəcərli məcburi köçkünlərə tibbi xidmət göstərilir.

Maraqlıdır ki, bu tibb müəssisəsinin fəaliyyətindən və ilk növbədə, yerləşməsindən bəhs edən məlumat xarakterli əksər yazılarda, o cümlədən baş həkimin mətbuata verdiyi müsahibələrdə də RMX-nın bu gün məhz uyğunlaşmış bina, vaqon və konteynerlərdən ibarət həkim kabinetlərində fəaliyyət göstərdiyi xüsusilə vurğulanır.

Elə təəssürat yaranır ki, sanki bu məqamı qabartmaqla RMX-nın rəhbərliyi buraya nə vaxtsa üz tuta biləcək xəstələri indidən bu niyyətlərindən çəkindirir. Həmçinin Mehparə Kazımovanın müsahibələrində diqqəti çəkən bir məqam da RMX-da yaşanan kadr çatışmazlığı ilə bağlıdır: “Ən ciddi məsələlərdən biri də odur ki, Tibb Universitetini bitirən gənc kəlbəcərlilər məskunlaşdıqları şəhər və rayonlarda işləmək məcburiyyətində olduqlarından, son illər stomatoloq və psixiatr istisna olmaqla, bir nəfər də olsun, mütəxəssis təyinatla xəstəxanamıza gəlməyib.

Halbuki, hazırda xəstəxanamızda anestezioloq-reanimatoloqa, otolorinqoloqa, oftalmoloqa, travmatoloqa, endokrinoloqa, ftiziatra, cərrah, mama-ginekoloq, terapevtə və sahə terapevtinə və digər ixtisaslı həkimlərə ciddi tələbat və ehtiyac var”.

Geri dön