Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Müsahibə > “Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar

“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar


11-11-2016, 11:12. Yazar: Xeberaz
“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar

- “Bacanaqlar” serialının ən məşhur qəhrəmanlarından birisiz. Hər kəs sizi Məhəbbətin Sevdası obrazı ilə tanıdı. İstərdim ki, özünüz barədə məlumat verərdiz...

- Özüm Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr fakültəsini bitirmişəm. Bundan irəli gələrək mahnı oxumağa başlamışam. Biz qarabağlıyıq, orada doğulmuşam, 6 yaşımdan mahnı oxumağa başladım. Hərbçilərin qarşısında çıxış etmişəm. 10 ildir ki, Musiqili Komediya Teatrının aktrisasıyam. Düzdür, böyük rollarım olmayıb. Orta və epizodik rollar oynamışam. İnşallah, qismət olarsa, böyük rollarda oynayaram.

- Siz həm aktrisa, həm də müğənnisiz...

- Biz istər Türkiyə, istərsə də başqa ölkələrdə yaşayan müğənnilərin fəaliyyətləri ilə tanışıq. Görürük ki, müğənnilər həm filmdə rol alırlar, həm də mahnı oxuyurlar. Mən hər ikisini bacarıram. Həm müğənni, həm də aktrisa kimi parlamağa çalışacam. Azərbaycanda böyük sənətkarımız Zeynəb Xanlarovaya qulaq asmışam, dinləmişəm. Mən çalışıram ki, aktrisalıq və müğənnilikdə öz dəsti xəttim olsun.

Hazırda gözəl sənətkarımız Sabir Abdullayevdən muğam dərsi alıram. Müəllim şagirdi yönləndirə bilər. Ancaq gərək öz qabında nəsə olsun. Belə olan halda müəllimin əziyyəti yerdə qalmır. Şükür edirəm ki, Allah bu cür istedadı mənə qismət etdi. Anamın arzusu idi ki, muğam oxumağı da öyrənim.

- Ananız, xalq artisti Fatma Mahmudovadan ilhamlanaraq bu sənətə meyil saldız?

- Anam xalq artisti Fatma Mahmudova aktrisadır, atam isə əməkdar artist Tofiq Qarayevdir. Atam çox böyük sənətkar olub. Ailə üzvlərimizin hər birinin səsi var. Bu istedad onlardan mənə keçib. Qarabağlı olan hər kəsin səsi var.



- “Eks-bacanaqlar” serialında obrazınız bir çox insanlar tərəfindən sevilir. Sizin işlətdiyiniz hər bir cümlə insanlar arasında danışılır, zarafatlarda istifadə olunur...

- Seriala gəldiyim üçün ilk növbədə Allaha, ikinci isə Elməddin Cəfərova təşəkkür edirəm. Sənət aləmində elə bil Allah bizə aktyorların peyğəmbərini bəxş edibdi. Anam deyir ki, Elməddin Cəfərov aktyorların peyğəmbəridir. Çünki, belə olmasaydı, bir insan bu dərəcədə ürəyiaçıq və əliaçıq ola bilməzdi. O, yaddan çıxan istedadlı aktyor-aktrisaları axtarır, tapır, öz ətrafına toplayır. Yəni, bunları deməyə ehtiyac duymuram, hər şey göz qabağındadır. Görün nə qədər təmiz insandır. Allah bizə onu hədiyyə göndərib.

Mənim serialda istifadə etdiyim sözlərin hamısı yadda qalır. İnsanlar Sevdanın işlətdiyi gülməli cümlələri məndən yaxşı bilirlər. Hamısını əzbərləyiblər. Yeganə serialdır ki, uşaqdan böyüyə qədər hər kəs izləyir. Görün ki, serial necə müvəffəqiyyət qazanıb. Tək “Bacanaqlar” serialını demirəm, bizdən əlavə Elməddin Cəfərovun rəhbərliyi ilə 3 serial- “Kişi sözü”, “Qardaşlar”, “Qız atası” da yaxşı baxılır. Biz təkcə öz serialımızı tərifləmirik.

- Seriala nə zaman və necə dəvət aldız?

- Allah bütün bacı-qardaşları xoşbəxt etsin. Bacım İntizarın toyu idi, Elməddin Cəfərov da məclisdə iştirak edirdi. Toyda mahnı oxudum, o mənə dedi ki, səni sentyabrda seriala çəkəcəm. Beləliklə, 2011-ci ildən bu günə kimi serialda fəaliyyət göstərirəm. Artıq 5-6 ildir ki, Məhəbbətin Sevdasını canlandırıram. “Bacanaqlar” mənim ilk serialım oldu. Düzdü, əvvəl seriallara çəkilmişəm, ancaq çox kiçik bir rollar idi.

Məni bütün Azərbaycan tamaşaçıları “Eks-bacanaqlar” vasitəsiylə tanıdı. Elməddin müəllim demişdi ki, Nigar, sən seriala gəl, hamı səni tanıyacaq. Elə tanıdılar da, çox şükür edirəm. Xoşbəxtəm ki, gözəl sənətkarlarla bu serialda iştirak edirəm. Xalq artistimiz Firəngiz Mütəllimova, Elməddin Cəfərov, rejissorumuz Ramil Hacıyevlə, anamla eyni komandadayıq.

- Xasiyyətiniz obrazınıza uyğundur?

- Xeyr, tamam fərqli bir insanam. Əslində, mən müğənni olmaq istəmişəm. Aktrisa olmaq fikrim yox idi. Teatr sənətinə marağım olmayıb. 5-6 yaşımdan mahnı oxumağa başlamışam. Musiqiyə marağım var idi. İndi özüm də məəttəl qalmışam, serialsız qala bilmirəm. Obrazımı və kollektivimi sevirəm. Düzdü, hazırda anamla birgə Musiqili Komediya Teatrında çalışıram. Bu yaxınlarda teatrda ciddi bir obrazı, Elçinin “Aladadaşın toy hamamı” tamaşasında Suqra obrazını canlandırdım, teatrın rəhbəri Əliqismət Lalayev tərəfindən “İlin prespektivli aktrisası” adına layiq görüldüm.

Həmçinin, Elçin Əfəndiyev də rolumu çox bəyəndi. Buna görə də teatr rəhbərliyinə təşəkkür edirəm. Demək istəyirəm ki, həyatda tamam başqa bir insanam və aktrisa hər bir obrazda özünü sınamalıdır. Həyatda ciddi xanımam, hər kəsin evinə getmərəm, söhbət etmərəm. İnsanlarla zarafat etməyi sevmirəm. Mənim öz dünyam var, indi öz karyeram haqqında fikirləşirəm. Düşünmürəm ki, ay o oğlanla danışım, bu oğlana zəng vurum. Heç bir oğlanla yazışmıram, telefonumda bir oğlan mesajı da yoxdur. Tamaşaçıların düşündüyü kimi deyiləm.
Görün obrazı necə yaratmışamsa, həyatda hər kəs elə bilir ki, mən serialdakı kimiyəm.

Hərdən anam belə mənim ifa etdiyim rola gülməyi gəlir. Elə buna görə Hacı Elməddinə təşəkkür edirəm. Bizim yazarımız Ənvər Abbasov, rejissorumuz Ramil Hacıyevə bir daha minnətdarlığımı deyirəm. Anam deyir ki, Azərbaycanda onun kimi serial çəkən yoxdur. Cəsarətli bir şəkildə deyirəm. Kim bizdən inciyir incisin. Söhbət serialdan gedir. Mən aktrisalığımı sübut etmişəm, düşünürəm ki, yaxşı müğənni olacam. Biz öz gücümüzə hər şeyi edirik. Göydəki Allah bizə dəstək olur. Belə baxanda müğənni kimi də superəm. Çünki, özüm Qarabağın ən gözəl guşəsi olan Ağdamda doğulmuşam.



- Rolu düzgün oynamayanda ananız heç sizə acıqlanır?

- Belə bir şey olmayıb. Hər kəsin başına gələcək şeylər olur. Məsələn, ssenaridəki sözləri unuda bilərəm. Hərdən olur, hər kəsin yadından çıxa bilər. İkincisi də kamera qarşısına çıxanda həyəcanlanıram. Bundan əlavə rejissorla eyni səhnəni oynayırıq. Bu da bir məsuliyyətdir.

- Bəzən isə tamaşaçılar sizi serialda ananızı yamsıladığınızı deyirlər...

- Biz sırf qarabağlı ləhcəsi ilə danışırıq. Danışıq tərzimizə görə bənzərlik ola bilər. Mən heç kimi yamsılamıram. Anamın öz, mənim isə öz dəsti xəttim var.

- Mahnı oxumağınıza görə sizi həvəsdən salanlar çox olur?

- İnternetdə xoşagəlməz sözlər yazırlar. Düşünürəm ki, bunlar normal bir şeydir. Müğənnilərin bir sözü var, məni müzakirə edirlərsə, deməli, yaddaşlarda qalmışam. Mahnı oxuyuram, müğənniyəm. Bir neçə vaxt atamın ölümü ilə əlaqədar müğənnilik fəaliyyətimə ara vermişdim. Onun ölümü ilə barışa bilmirdim. Hər dəqiqə düşünürəm ki, kaş atam yaşayardı, uğurlarımı görərdi. Atam “Eks-bacanaqlar” serialında çəkilməyimə çox sevinirdi.

- Bəs indi necə? Yeni mahnılar üzərində işləyirsiz?

- İnşallah, serialdakı rolumla yanaşı yeni mahnılarımla tamaşaçıları sevindirəcəm.

- İndi aktyor-aktrisa arasında qalmaqallar daha da çoxalmağa başlayıb.

- Aktyor-aktrisa həmkarı öləndə sevinir. Elə bilir ki, bu dünyanı özüylə götürüb aparacaq. Görün, hansı vəziyyətə gəlmişik. Düşünür ki, aktrisa öldü, onun yerinə mən oynayacağam. Bu dünyadan yaxşılıq aparın. Pislik edənə yaxşılıq et, bu dünyada yaxşı əməllərlə get. Axşam yatırlar, düşünürlər ki, sabah kimə pislik edim. Kimi məhv edim, işlərinə mərdimazarlıq edim.

İndiki dövrdə bəzi insanlar paxıldı. Elə insanlar var ki, onların əllərinə imkan düşsə, birimizi də seriallara yaxın qoymaz.

- Siz də ananızla xınayaxdı mərasimləri aparırsız? İndi xına aparmaq üstündə məşhurlar rəqabətə girişiblər...

- Bəli, anamla mən xına mərasimləri aparırıq. Belə şeylərə fikir vermirik. Aktrisaların, müğənnilərin xına aparmağına normal baxırıq. Vay o gündən ki, xına mərasimlərini ofisiantlar aparsın. Bu gün yas yerinə gedib ofisiantlıq edir, səhəri isə xına yaxır. Hələ elə müğənniləri toylara aparırlar ki... Saatı 5-6 min manata ifa edirlər, ancaq canlı heç nəy oxuya bilmirlər. Biz heç kəslə rəqabətə girmirik. Allah hər kəsin ruzisini versin. Öz işimizə çox güvənirik. Çünki, anamın da , mənim də söz bazamız zəngindir. Əgər xınanızın super keçməsini istəyirsizsə, bizə müraciət edin.

- Fatma xanım sizin hərəkətlərinizə, davranışlarınıza müdaxilə edir?

- Anam mənə qadağa qoymur, ancaq məsləhət verə bilər. Böyüyün sözünə baxsan ziyan çəkməzsən. Anam mənə yol göstərir. Deyir ki, heç nədən qorxma, çəkinmə. Deyir ki, sən həm yaxşı aktrisa, həm də əla müğənni olacaqsan. Mən elə bir qızam ki, qadağa qoymaq lazım deyil. Bizim təlim-tərbiyəmiz yaxşı qurulub. Yaxşı tərbiyəmiz qan-canımızdan gəlib.



- Özünüzü efirdə görəndə komleks yaşamırsız ki?

- Xeyr, komplekslərim yoxdur. Ancaq əvvəl özümə baxanda bir az çəkinirdim. Özümdə məsuliyyət hiss edirdim. İndi isə çox sərbəstəm. Səhvlərimi görürəm, nəticə çıxarmağa çalışıram.

- Bir az da şəxsi həyatınız barədə danışaq. Ailə qurmaq barədə düşünmürsüz?

- Hələ ailə həyatı qurmamışam. Allah bilən məsləhətdir. Bilirsiz necədir? Mən ailə quracağım insan bu sənətdə məni görüb bəyənirsə, peşəmi qəbul etməlidir. Təbii ki, məni efirdən görübsə, deməli, efirdən bəyənib. Məni Nigar olaraq qəbul etməlidir. Əgər qəbul etmirsə, özü bilər. Mən sevgiyə görə sənəti atmaram, Allahımı sevirəm. Sənətimi niyə atım? Bəlkə, həmin şəxs mənim qədrimi bilmədi? Qədrimi biləcək, məni Nigar kimi sevən, başa düşən birini qəbul edərəm.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov

“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar
“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar
“Telefonumda bir oğlan mesajı da yoxdur...” - Nigar

Geri dön