Ana Sayfa > Karusel / Siyasət / M2 > Mədəniyyət və Turizm Nazirliyi ilə KİVDF jurnalistləri mükafatlandırdı

Mədəniyyət və Turizm Nazirliyi ilə KİVDF jurnalistləri mükafatlandırdı


14-04-2016, 19:48. Yazar: Vusale
Aprelin 14-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “Azərbaycan – multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, habelə KİV rəhbərləri iştirak ediblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışı zamanı keçirilən müsabiqənin önəmindən bəhs edərək, bildirib ki, multikulturalizm cəmiyyətdə dərk olunmalı, bu anlayışın önəmi təbliğ olunmalıdır: “Cənab prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, bu il ərzində multikulturalizmlə bağlı silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu tədbirlər silsiləsinə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu daxil etmək olar. Bu məqsədlə, KİVDF ilə birgə təşkil etdiyimiz müsabiqəni məhz, elə sözügedən mövzuya həsr etdik”. Nazir qeyd edib ki, nəticədə, müsabiqədə müxtəlif kütləvi informasiya vasitələri iştirak edib: “Yazıların hər birində multikulturalizmə müxtəlif istiqamətdə yanaşma olduğunu gördük. Bu, çox sevindirici haldır”. Ə.Qarayev növbəti müsabiqənin də anonsunu verib: “Müzakirələrin nəticəsində, belə qərara gəldik ki, forum bitəndən sonra növbəti müsabiqə elan olunsun. Yeni müsabiqənin mövzusu isə forumun nəticələri ilə bağlı olacaq”.

Nazir aprelin 25-27-sində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun önəmindən də bəhs etdi. Bildirdi ki, artıq 1500 nəfər qonaq Forumda iştirak edəcəyini təsdiqləyib, ancaq iştirakçıların sayı daha da çox olacaq. Ə.Qarayevin sözlərinə görə, onların sırasında dövlət xadimləri, biznes adamları, alimlər var. Həmçinin BMT-nin Baş katibi Pan Gi Munun da tədbirdə iştirakı gözlənilir.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 34 KİV-i təmsil edən 50 məqalə daxil olub. Yazılar 3 ekspert tərəfindən qiymətləndirilib. Nəticədə, 5 həvəsləndirici mükafat jurnalistlərə təqdim olunub. Bundan başqa, 3 III yer, 2 II yer və 1 I yerin qalibləri müəyyən edilib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə çıxışında keçiriləcək növbəti müsabiqələrlə bağlı təkliflər irəli sürüb. “Ölkəmizdə belə maarifləndirici müsabiqələrin keçirilməsi sevindirici haldır. Lakin təklif edirəm ki, forumun verdiyi vədləri doğrultması, nəticəsi ilə bağlı qarşıda keçirilməsi nəzərdə tutulan müsabiqənin əhatə dairəsi genişləndirilsin. Yəni, müsabiqəyə verilən yazılarda həmçinin, dünyanın Azərbaycana olan marağı və mövqeyi də əks olunsun”.

Sonda müsabiqənin qaliblərin mükafatlandırıldı. Qaliblər sırasında “Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy da var.
Mədəniyyət və Turizm Nazirliyi ilə KİVDF jurnalistləri mükafatlandırdı

Mədəniyyət və Turizm Nazirliyi ilə KİVDF jurnalistləri mükafatlandırdı

Mədəniyyət və Turizm Nazirliyi ilə KİVDF jurnalistləri mükafatlandırdı
Geri dön