Ana Sayfa > Karusel / M2 / Müsahibə > Sərdar Cəlaloğlu: “Gözləməyin, 12-ci imam gəlməyəcək”

Sərdar Cəlaloğlu: “Gözləməyin, 12-ci imam gəlməyəcək”


22-02-2016, 13:48. Yazar: Xeberaz
Sərdar Cəlaloğlu: “Gözləməyin, 12-ci imam gəlməyəcək”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifət cəbhəsində təmsil olunur, lakin bir çox hallarda onu hədəf seçənlərdən böyük əksəriyyəti də elə müxalifətçilərdir. Bəzən onu iqtidara işləməkdə, bəzən müxalifəti parçalamaqda, bəzən də qeyri-real fikirlər səsləndirməkdə ittiham edirlər. O isə belə düşünmür, doğru bildiyindən geri çəkilənə bənzəmir və nə qədər acı olsa da həqiqəti deməkdə israr edir. Bizimlə söhbətində də elmdən tutmuş, siyasətə qədər bir çox məqamlara toxundu.


- Necəsiniz Sərdar bəy, işləriniz necədir?

- Belə də, gedir yavaş-yavaş. Siyasi işlərlə yanaşı, elmi işlərim də davam edir. Hazırda Qurani-Kərimin elmi-fəlsəfi izahını yazıram. Bu, təqribən 10 cildlik kitab olacaq. Bu kitabın böyük hissəsini artıq yazmışam.

- Bir neçə il öncə demişdiniz ki, yeni elmi əsər yazırsınız. Axırı necə oldu?

- O, “Kondisiologiya” elmi idi. Onu yazıb başa çatdırmışam. Məhz bu elmin prinsiplərini indi Qurani-Kərimə də tətbiq etmişəm. Bu əsər isə Qurani-Kərimin indiyədək İslam alimlərinin dərk edə bilmədiyi yeni səviyyədə dərk edilməsi üçün nəzərdə tutulur. Yəni, Qurani-Kərimin dərin mənada dərk edilməsi üçündür.

- Yəni batili mənasını?

- Sizin dilinizlə desək, elədir.

“Molla Nəsrəddinin lətifələrində min illər öncə Qərbin sonralar kəşf etdiyi elmlər açıq şəkildə izah olunur”

- Bəs sizin dilinizlə necədir?

- Qurani-Kərimin dərinliklərində böyük elm yatır və bunu üzdən oxumaqla dərk etmək mümkün deyil. Bilirsiniz, bir neçə məntiq üsulu mövcuddur ki, bunlardan biri də paralel məntiqdir. Paralel məntiq odur ki, mən bir fikir söyləyərəm, ancaq bunu hər kəs ayrı cür başa düşər. Halbuki, bu cümlə eynidir. Əgər bir cümlə iki fərqli məna verirsə, buna paralel məntiq deyilir. Adətən paralel məntiqdən lətifələrdə istifadə olunur. Misal üçün, bir fransız Molla Nəsrəddinin kəndinə gəlib deyir ki, istəyirəm mən Azərbaycan alimlərinin savadını yoxlayım. Kənd camaatı fransız alimin qarşısına Molla Nəsrəddini çıxarırlar. Molla isə fransız dilini bilmədiyini söyləyir. Mollaya deyirlər ki, narahat olma, işarə ilə bir-birinizi başa salacaqsınız. Fransız alim yerə bir dairə çəkib Mollanın üzünə diqqətlə baxır. Molla Nəsrəddin isə həmin dairənin tən ortasından iki xətt çəkir. Fransız alim bunu görüb tərcüməçiyə deyir ki, Molla çox savadlı alimdir. Deyir niyə? Fransız alim isə deyir ki, mən Mollaya dedim ki, dairənin mərkəzini necə təyin etmək olar? O da dərhal dedi ki, həmin mərkəzdən keçə iki xəttin kəsişdiyi nöqtə diametrin mərkəzidir. Fransız alim gedəndən sonra kənd camaatı Mollaya sual edir ki, ay Molla sən bu fransızın dilindən necə anladın? Molla da qayıdıb deyir ki, bunu bilməyə nə var, fransız mənə çörək şəkili çəkib dedi ki, əgər sənin bir çörəyin olsa mənə nə qədər verərsən? Mən də dedim ki, biz evdə 4 nəfərik, adama bir parça güclə düşür. Baxın, paralel məntiq də məhz budur? Burada iki məntiqi cavabın biri gülməli, digəri isə düşündürücüdür.
Digər bir misal deyim. Bir gün Molla ət alıb evə gətirir. Arvadına deyir ki, bişirsin. Arvadda həmin əti bişirib öz rəfiqləri ilə yeyir. Səhəri günü kişi evə gələndə ət istəyir, arvadı isə deyir ki, əti pişik yeyib. Molla dərhal pişiyi tərəziyə qoyub çəkir. Görür ki, pişiyin çəkisi dəyişməyib. İlk baxışdan bu gülməli görünsə də, ancaq burada Lomonosovun irəli sürdüyü “maddənin itməməsi və saxlanılması” qanunun çox sadə şəkildə ifadə olunmasıdır. Yəni, burada Molla deyir ki, enerjinin saxlanılması və itməməsi qanununa görə, əgər ət pişiyə keçibsə, o zaman pişiyin çəkisi niyə çoxalmayıb? İlk baxışdan biz buna gülürük. Ancaq dərindən düşünəndə görürsən ki, bu bir elmdir. Fikir verin, Molla Nəsrəddinin adı ilə bağlı iki lətifə söylədim, birində həndəsə, digərində isə fizika elmi əks olunub. Molla Nəsrəddinin yüzlərlə biologiya, astronomiya və digər elmlərlə bağlı lətifələri mövcuddur. Təsəvvür edin ki, Molla Nəsrəddinin lətifələrində min illər öncə Qərbin sonralar kəşf etdiyi elmlər açıq şəkildə izah olunur.

- Siz o vaxtı demişdiniz ki, “Kondisiologiya” elmi ilə bağlı yazdığınız kitabı Roma papasına da təqdim edəcəksiniz...

- O vaxt mən bununla bağlı əlaqə saxladım. Bilirsiniz, dinlə elmin uzlaşmadığı əsas nöqtə odur ki, söz necə maddəyə çevrilə bilir. Mən bunun nəzəriyyəsini hazırlamışam və Azərbaycan Müəllif Hüquqları Agentliyindən sertifikatını da almışam. Bu nəzəriyyəmdə kosmik dəyişmələrdən bəhs edilir. Misal üçün, indiyədək biz vulkanların, zəlzələlərin səbəbini Yer kürəsində axtarmışıq. Sən demə, planetimizdə zəlzələ və vulkanların baş verməsinin səbəbləri heç də Yer kürəsi ilə əlaqəli deyil. Misal üçün, dənizin qabarması nə ilə əlaqədardır? Ayla əlaqədardır. Ay yaxınlaşanda dənizdə çəkilmə, uzaqlaşanda isə qabarma baş verir. Əgər dənizin qabarması və çəkilməsi hadisəsi təsdiq edirsə ki, bu ayla əlaqədardır, deməli, digər bu kimi proseslər də var və onların da qətiyyən Yer kürəsinə aidiyyəti yoxdur. Bütün bunlarla bağlı nəzəriyyə hazırlamışam. Bu nəzəriyyədə izah olunur ki, Yer kürəsində vulkanların, zəlzələlərin baş verməsi, asteroidlərin, meteoritlərin yaranması, Günəşdə partlayışlar, “Bermud üçbucağı”nda baş verən hadisələr, qeyri-texniki səbəblərdən baş verən aviaqəzalar və s. kosmik obyektlərin qəzaya uğraması ilə bağlıdır. ABŞ-ın NASA agentliyi neçə illərdir ki, kosmosa göndərdiyi bəzi obyektlərinin qəfildən qeyri-texniki səbəblərdən yoxa çıxmasının səbəblərini hələ də izah edə bilmir. Misal üçün, təyyarədə qəfildən bütün cihazlar idarəolunmaz vəziyyətə düşür. Niyə bu baş verir? Bu gün bunu izah edən heç bir məlumat yoxdur. Ancaq mən öz nəzəriyyəmdə bütün bunların hamısının izahını vermişəm və Azərbaycan Müəllif Hüquqları Agentliyindən bunun sertifikatını da almışam.
Mən dilçiliklə də bağlı Nəzəriyyə hazırlamışam. Bilirsiniz ki, dilçilik müxtəlif sahələrə bölünür. Ancaq mənim hazırladığım nəzəriyyədə səsdən tutmuş hərflərə qədər, bütün dilçilik vahidlərini izah edir. Ümumiyyətlə, nəzəriyyə bu cür universal olduğu təqdirdə nəzəriyyəyə çevrilir. Yoxsa ki, kimsə bir nəzəriyyə hazırlayır. Həmin nəzəriyyə bir barmağa tətbiq edəndə doğru, digərinə tətbiq edəndə yanlış olur. Bəs bunun harası nəzəriyyə oldu? Məcbur olub digər barmaqlara da ayrıca nəzəriyyə hazırlayırsan. Eyni zamanda dinozavrların ölümü və bitkilərin kiçilməsi ilə bağlı da yüz cür nəzəriyyələr mövcuddur. Ancaq onların heç biri özünü doğrultmayıb. Mənim verdiyim nəzəriyyə həm biologiyada, həm də fizikada baş verən prosesləri eyni qaydada izah edir. Heç kəs üçün də bunu təkzib etməyə yer buraxılmır.

Sərdar Cəlaloğlu “Bermud üçbucağı”nın sirrini açır

- “Bermud üçbucağı” ilə bağlı sizin nəzəriyyəniz nədən ibarətdir? Bilmək olarmı?

- “Bermud üçbucağı”nın səbəbi Yer planeti ilə bağlı deyil. Mən öz nəzəriyyəmdə bütün bunların izahını vermişəm. Hələlik isə tam açıqlamıram.
Mən metekinetik hərəkətlər nəzəriyyəsini hazırlamışam. Nədir bu nəzəriyyə? Metekinetik nəzəriyyə odur ki, bir otaqda oturaraq, digər otaqda nə isə yaradırsan. Misal üçün, bir otaqda oturub, digər otaqda avtomobil hazırlayırsan. Bu hərəkətin xüsusi bir formasıdır və hər kəsin ağılına gəlməz. Bütün bunlar kinetik hərəkət sayılır. Biri də var ki, mən öz hərəkətimi heç yerə ötürmədən, oturduğum otaqda nə isə hazırlaya bilirəm. Bu necə ola bilər? Bizim bədənimizdə xərçəng xəstəliyi ilə bağlı metastaz mövcuddur. Metastaz necə olur? Xərçəngin mədədə olmasına baxmayaraq, bir də görürsən ki, insan beynində hüceyrə düzəldib. Bəs bu necə mümkün olur? Biz bunu axtarırıq, ancaq heç bir yolu yoxdur. Bütün bunlar metekinetik hərəkət adlanır.
Yaxud da metomarfoza var. Misal üçün, kəpənək əvvəlcə tırtıl olur, sonra barama düzəldərək, onun içərisində daxil olur, daha sonra isə oradan qanadlı həşərat olaraq çıxır. Biz görürük ki, təbiətdə kəpənək istisna olmaqla, heç bir canlı metomarfozaya məruz qalmır. O zaman bu nə deməkdir? Bəs tırtıl necə qanadlanıb uçur? Axı bu tamamilə fərqli yaşam formalarıdır. Bütün bunları izah edən əlavə nəzəriyyə hazırlamışam. Onu da deyim ki, hazırladığım bütün nəzəriyyələrin mahiyyətini Qurani-Kərimdən götürmüşəm. Yəni, Qurani-Kərimdə hikmətdir, mən də onu əqli elmə çevirmişəm. İnsanlar Quranı çətin başa düşdükləri üçün, müqəddəs kitabda ayələrin nə dediyini anlamırlar.
Türkiyədə də belə bir tendensiya mövcuddur ki, hər hansı alim bir kəşfə imza atır, insanlar deyir ki, o alimin kəşfi Qurani-Kərimin ayəsini təsdiq etdi. Halbuki, Qurani-Kərim özündən əvvəlki bütün kitabları təsdiq edən kitabdır. Bu da o deməkdir ki, Qurani-Kərimi təsdiq edən elm ola bilməz. Quran özü digər elmləri təsdiq etməlidir. Misal üçün, Darvinin “Təkamül nəzəriyyəsi” Quranla da təsdiq edilmir. Quranda deyilir ki, insan Allah tərəfindən yaradılıb, amma Darvin deyir ki, insan meymundan əmələ gəlib. Bundan əlavə, Ziqmund Freydin psixoanaliz elmi də Quranda təsdiq edilməmişdi. Sonralar bu nəzəriyyə iflasa uğradı. Həmçinin, Mixail Lomonosov deyirdi ki, enerji itmir və saxlanır. Ancaq Quranda deyilir ki, qiyamət günü baş verən kimi hər şey məhv olacaq. Lomonosovun nəzəriyyəsi də özünü doğrultmadı və iflasa uğradı. Qurani-Kərim Darvini, Frendi və Lomonosovu təsdiq etmədiyi üçün, onların nəzəriyyəsi cəfəng idi. Ona görə də yaddan çıxdı getdi.

İslamda məzhəbliyi Aristotel və Platon yaradıb?

- Maraqlıdır ki, bütün elmlərin əks olunduğu Qurani-Kərim Şərqdə meydana çıxdı, amma bu gün bütün elmlər Qərbdə doğulur.

- İslam yaranandan sonra müsəlmanlar 600 il dünyaya ağalıq ediblər və bütün xristianlara nümunə olublar. Ancaq 19-cu əsrdən sonra xristianlar inkişaf etməyə, müsəlmanlar isə geriyə getməyə başladılar. Peyğəmbərdən sonra zərurət yarandı ki, İslamı yenidən başa düşsünlər. O zaman da İslam alimləri Avropa fəlsəfəsinə müraciət etdilər. Bu isə anti-yunan fəlsəfəsi idi. Anti-yunan fəlsəfəsi çoxallahlıq dövründə meydana çıxmışdı. Bu isə o demək idi ki, həmin dövrün fəlsəfəsi yalnız və yalnız təkallahlığı inkar edirdi. İslamın bütün böyük alimləri Aristoteli, Platonu və Sokratı oxuyublar. Bunların hamısı təkallahlığı inkar edən cəmiyyətin dünya görünüşünü formalaşdırırdılar. İndi bunlarla necə İslamı irəli aparmaq olardı? Bu alimlər Aristoteli və Platonu Qurana tətbiq edəndən sonra, İslamda dini məzhəb və təriqətlər meydana çıxıb.

Gözləməyin, 12-ci imam gəlməyəcək

- Yəni təriqətlər müsəlman alimlərinin Qərb fəlsəfəsinə müraciətindən sonra peyda oldu?

- Bütün dini məzhəblər və təriqətlər, sünnilik, şiəlik və digərləri İslamın əleyhinədir. Bunların İslama heç bir bağlılığı yoxdur. Şiə, sünni müsəlmandır, ancaq İslam deyil. Allah buyurur ki, mənim bir yolum var, o da İslamdır. Bu yolum da mənim əmrlərimdən ibarətdir. Təriqət və məzhəblər isə onların liderlərinin əmrlərindən ortaya çıxıb. Misal üçün, şiəliyin başında İmam Cəfər, digərinin başında isə Hənəfi dayanıb. Əgər biz doğrudan da Allahın yolu ilə gediriksə, o zaman bizə niyə şiə deyirlər? Niyə deyirlər ki, siz Əli tərəfdarısınız. Sən necə Əli tərəfdarı ola bilərsən? Sən Allahın tərəfdarı olmalısan. Deməli, sən Həzrəti Əlini Allaha şərik qoşursan. Hətta, Hindistanda yaşayan şiələr var ki, onlar Əlini Allah adlandırır. Hindistanda başqa şiə qrupları da var ki, onlar da Əliyə Peyğəmbər deyirlər.
Türkiyədə Ələvilər var, onlar da deyirlər ki, Həzrəti Əli məsciddə namaz qıldığı üçün öldürüldüyünə görə nə məscidə getmək, nə də namaz qılmaq olmaz. Onların sayı 10 milyona yaxındır, ancaq heç biri məscidə gedib namaz qılmırlar. Allah buyurur ki, gedib məscidə namaz qılın, bunlar isə deyir ki, Həzrəti Əli xətrinə Allahın əmrindən boyun qaçırın. Məgər bu İslamdır? Hələ təkcə bu deyil. İndi 12-ci imamın qeyb olduğunu deyirlər. Bilirsiniz ki, qeyb olmaq Allahın yanına getmək deməkdir. Allah da buyurur ki, mən bu dünyanı ləğv etmədən axirət aləmi yaratmaram. Yəni, bir çox adamlar elə bilir ki, axirətlə indiki dünya paralel olaraq mövcuddur. Quranda isə yazılır ki, bu dünya götürüləndən sonra yerinə başqa aləm gətiriləcək. Bu dünyada cənnətlə cəhənnəm iç-içədir. Ancaq o biri aləmdə ayrı-ayrı olacaq və insanlar da ayrı-ayrı yerlərə gedəcəklər. Yəni, indi qiyamət olmadığı üçün heç kəs axirətə gedə bilməz. Bəs o zaman 12-ci imam necə qeybə çəkilib?

- Deyirsiniz ki, çoxlarının gözlədiyi 12-ci imam gəlməyəcək, gözləməyə dəyməz?

- Qurani-Kərimdə də təsdiq olunmur ki, mən 12-ci imamı gətirdim. Əgər belə bir şey olsaydı, o zaman Allah bir kəlmə də olsa bu barədə nə isə deyərdi. Bütün bunların hamısı İslamın geridə qalmasının, islam daxili toqquşmaların, ziddiyyətlərin səbəbidir. Quranda da yazılır ki, mənim dinimi və hümmətimi parçaladılar, bir-birinə qarşı qoydular. Onların alimlərini və başçılarını mən məhkəmə etməyəcəm, birbaşa cəhənnəmə göndərəcəm. Yəni, fərqi yoxdur, kim təriqət və məzhəb ayrı-seçkiliyi yaradıbsa, onlar məhkəməsiz cəhənnəmə gedəcəklər. Onların heç birinin İslama aidiyyəti yoxdur.
Geri dön