Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalçayuma şirkətləri müştərini necə aldadır?
Tarix: 14-11-2015 | Saat: 22:06
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər

Xalçayuma şirkətləri müştərini necə aldadır?
Xeberaz.az xəbər verir ki, Bu il yayda xalçalarımızı yuması üçün "Təmiz xalı" şirkətinə verdik. Bir neçə gün sonra gətirdilər. Düzü, o qədər təriflədilər ki, xalçanı təhvil alanda, açıb baxmağı lazım bilmədik. Gətirdikləri kimi də bükülü saxladıq. Havalar soyuyanda isə xalçanı açdıq və gördüyümüz mənzərədən şoka düşdük. Qiymətli xalçamın xovları tamam bürüşmüşdü, üzərində isə yuyucu tozdan qalan qalın ağ təbəqə vardı. Və üstəlik, yun xalça kətan parça kimi qırışıb yığılmışdı. O qədər gözəl xalçanı necə bu hala salmaq olar? Elə vəziyyətdədir ki, onu istifadə edə bilmərik. İndi bizə dəyən zərəri kim ödəyəcək?..

Redaksiyaya müraciət edən Leyla xanımın bu sualı bizi də maraqlandırdı: bütün günü qulaqlarımızı deşən, gözümüzə girən reklamlarında "xalça yuma, biz yuyarıq" deyən şirkət xalçaları belə yuyursa, gör nə qədər şikayətçi var...

"Təmiz xalı"nın xalçaları necə təmizləməsi ilə bağlı şirkətin internet səhifəsində qısa araşdırma apardıq. Saytda xalçaların evdə yuyulmasının zərərindən bir xeyli danışılır. İnsafla desək, seçilən sözlər çox təsirlidir, oxuyanda, xalçaları yudurtmaq üçün şirkətin əlaqə nömrəsini yığmaqdan özünü güclə saxlayırsan.

Saytda yuma prosesi barədə də kiçicik izahat var: "Firmamıza gələn xalçalarınız sizlərə verilmiş faktura nömrəsi ilə işarələndikdən sonra yuyulmaq üçün qəbul olunur. Yuyulma növbəsi gələn xalçalar əvvəlcə tozdan təmizlənməsi üçün xüsusi maşında çırpılır və tozları təmizlənir. Daha sonra yuyulma maşınımızda xalçanızın xüsusiyyətinə görə təmizlik mütəxəssisləri tərəfindən hazırlanmış orqanik vasitələrdən istifadə olunaraq yuyulma əməliyyatına başlanılır".

Lakin bu açıqlama bizi qane etmir: bəs, xalçanın xovunun bürüşməsi və üzərində ağ təbəqənin əmələ gəlməsinin səbəbi nədir? Maşında yuyulan xalça təmiz ola bilərmi?

Vəd çox, əməl yox...

Nəhayət, xalçaların yuyulmasında hansı üsuldan istifadə etdiklərini öyrənmək və redaksiyamıza daxil olan şikayətdə göstərilənlərə aydınlıq gətirmək üçün "Təmiz xalı" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bizə menecer Anar Məmmədovla danışmağı məsləhət gördülər.

A.Məmmədov xalçaların təmizlənməsi prosesinə son dərəcə həssas yanaşdıqlarını desə də, belə problemlərin olduğunu inkar etmədi: "Yaranan problem daha çox xalçanın özü ilə əlaqədar olur. Biz xalçanı qəbul edəndə, müştəriyə xalçanın keyfiyyətsiz olması və təmizləmə zamanı zədələnə biləcəyi barədə məlumat veririk. İş varsa, problem ola bilər. Hər hansı problem aşkarlanarsa, dəymiş ziyanı müştəriyə ödəyirik".

Əlbəttə, bura qədər hər şey qaydasındadır. Ümumi sözlər, vədlər və s. Ancaq məsələ konkretləşdikcə, vəziyyət qəlizləşir. Ortaya real fakt qoyanda, konkret şikayət göstərəndə, üzdəki mimika da dəyişir, səsin tonu da. Vədlər, öhdəliklər barədə qanadlı ifadələr yerini yayındırıcı, birtərəfli, eyni zamanda, mütəxəssis, ekspert rəyinə dayanmadığı üçün əsassız özünümüdafiə monoloquna çevrilir. Eynən, bizim göstərdiyimiz faktla bağlı da belə oldu. Bayaqdan "müştəriyə keyfiyyətli xidmət borcumuzdur, hər hansı problem aşkarlanarsa, dəymiş ziyanı müştəriyə ödəyirik" deyən menecer dərhal şikayəti obyektiv hesab etmədiyini bildirdi: "Biz xalçanı təhvil alanda, müştəriyə faktura verilir. Əgər faktura yoxdursa, xalçanın üzərində kodlar vurulur. Həmin faktura və kod bizə aiddirsə, həll etməyə hazırıq. Amma bir şərtlə ki, biz xalçanı götürəndə, onun keyfiyyətsiz olması, göstərilən problemlərin ola biləcəyi barədə müştəriyə xəbərdarlıq edirik. Əgər razılaşırsa, biz məsuliyyət daşımırıq".

Keyfiyyət deyəndə, nəyi nəzərdə tutduğunu soruşduqda isə Məmmədov xalçaya zərər dəyib-dəyməyəcəyinin onun materialından asılı olduğunu deməklə kifayətləndi.

Və bu barədə böyük ehtimalla, konkret halda Leyla xanımın da məlumatlandırıldığını bildirdi.

Şikaytəçi isə şirkət əməkdaşlarının xalçasını qəbul edəndə də, təhvil verəndə də onun keyfiyyətsiz olması barədə xəbərdarlıq etmədiklərini deyir.

Çox güman ki, belə də olub. Əksinə inanmaq bir qədər çətindir. Necə ola bilər ki, insanın bir ətək pul verib aldığı malı aparanda ona deyəsən ki, "biz salamat aparırıq, amma salamat gətirəcəyimizə söz vermirik, başına bir iş gəlsə, bizlik deyil", mal sahibi də bununla razılaşa. Bax, bu, nə ağla, nə də məntiqə sığır.

Bu arada, qonum-qonşuda, yolda-izdə də adıçəkilən şirkətlə bağlı bir sıra şikayətlər dəyir qulağımıza. Kimisi yuyulmadan sonra xalısının bürüşməsindən, kimisi rənglərinin solmasından, kimisi çalarların qarışmasından gileyləınir. Hətta yuyulub qaytarılan xalçasının yarım metr qısaldığını deyən də var...

"Ya ziyan ödənməli, ya da şikayətçiyə yeni xalça alınıb verilməlidir"

Elə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da xalçayuma ilə məşğul olan şirkətlərldən narazıdır. Ekspert Publika.az-a bu şirkətlərlə bağlı onlara da müraciətlər olduğunu deyib: "Bu günlərdə bir nəfər qiymətli xalçasının yuyulmadan sonra yararsız hala düşməsi ilə bağlı şikayət edib. Belə ki, xalçayuma ilə məşğul olan şirkət həmin şikayətçinin xalçasını yuyanda, cırıb. Bu şirkətlər çox zaman xalçanı bükülmüş halda təhvil verdiklərinə görə vətəndaşlar içinə baxmırlar. Bizə şikayət edən şəxs də bir müddət sonra baxıb və xalçanın 25 sm hissəsinin cırıldığını görüb. Hazırda həmin şəxsin hüquqlarının müdafiə olunması üçün çalışırıq. Ya ziyan ödənməli, ya da şikayətçiyə yeni xalça alınıb verilməlidir".

E.Hüseynov vətəndaşlara təmizlik şirkətindən xalçanı geri alarkən mütləq açıb baxmalarını məsləhət görür: "Istehlakçılar ödəniş edəndə, kassa qəbzini tələb etsinlər. Xalçanın geri götürüldüyü gündən 14 gün müddətində vətəndaşın hüquqlarını daha asanlıqla müdafiə etmək olar. Lakin müəyyən müddət keçəndən sonra problem məhkəmə predmeti olur. Əlbəttə, danışıq yolu ilə də bəzən problemi həll etmək olar. Vətəndaş təmizlik şirkətinə xalçanı təhvil verəndə, müqavilə imzalasa, daha yaxşı olar".

Redaksiyamıza müraciət edən Leyla xanımı narahat edən əsas məqam isə xalçanın üzərindəki ağ təbəqədir. Və bunda da yerdən-göyə haqlıdır. Axı, o xalının üstündə onun uşaqları oynamalıdır. Bu isə uşaqların birbaşa naməlum zərərli maddə ilə təması deməkdir.

Həmçinin, həmin maddənin təsirindən böyüklər də zərər görə bilər. Çünki böyük ehtimalla, xalçanın üzərində qalan ağ təbəqə kimyəvi maddənin qalığıdır.

"Bu şirkətlərin xalçanı necə yuması barədə tam təsəvvürümüz yoxdur"

Allerqoloq Fidan Əlirzayeva təmiz yuyulmayan xalçanın allergiya mənbəyi olduğunu deyir: "Havadakı toz, tozun içindəki gənə, mikroblar, havada uçan kif və maya göbələkləri dəridə allergiyaya səbəb ola bilər. Yuyucu tozlar da bura aiddir. Çünki bu tozlar ya paltar və xalçanın liflərində qalır, ya da quruyandan sonra havada qalır. Xalça təmiz durulanmasa, yuyucu tozun hissələri liflərin arasında qalacaq. Hər dəfə ayağımızı o xalçaya basanda, həmin tozlar havaya qalxacaq ki, bu da allergiyaya səbəb olacaq. Xalçanın üzərində corabsız gəzəndə isə həmin maddələr birbaşa dəri ilə kontakta girəcək və dəridə allergiyaya səbəb olacaq".

Allerqoloq hesab edir ki, məhz buna görə evdə allergiyalı şəxslər varsa, bu məsələyə daha həssas yanaşmaq lazımdır: "Xalça yalnız ev şəraitində təmiz yuyula bilər. Bu şirkətlərin xalçanı necə yuması barədə tam təsəvvürümüz yoxdur. Onların kimyəvi maddələrdən istifadə etməsi reallıqdır. Lakin xalça maye və ya paltar sabunu ilə yuyulmalıdır. Çünki yuyucu tozlar xalçanın lifləri arasına dolur və çox çətinliklə təmizlənir. Bu maddələr allergiyaya səbəb olacaq. Bəzi şirkətlər xalçanın üzərinə buxar şəklində kimyəvi maddə vurur və buxarla da yuyub qurudurlar".

"Xalçanın təmizləmə şirkətlərində yuyulmasının tərəfdarı deyiləm"

"Azərxalça" Elmi İstehsalat Birliyinin keyfiyyət ustası Fatima Rzayeva xalçaların keyfiyyətinin qorunması üçün yuyulmanın son dərəcə önəmli olduğunu deyir: "Xalçanın ömrünün uzun olması üçün düzgün saxlama və yuma qaydalarına əməl etmək lazımdır. Xalçanın təmizləmə şirkətlərində yuyulmasının tərəfdarı deyiləm. Özüm müraciət etməsəm də, bir neçə dəfə bu xidmətdən istifadə edənlərin problemləri ilə qarşılaşmışam. Xalça təmizlik şirkətlərində kimyəvi maddə ilə yuyulduğuna görə rəngi solur. Həmçinin, xalçanın tükləri də korlanır. Həmin şirkətlərin xalçanı hansı üsul və maddə ilə yuduqları məlum deyil. Yuyulma zamanı suyun yüksək təzyiqlə xalçaya vurulması doğru deyil.

Quru təmizləmə üsulu ilə təmizləmə də ziyanlıdır. Bu zaman xalçanın xovu zədələnir. Ümumiyyətlə, kimyəvi maddələrlə xalçanın təmizlənməsi onun ömrünü azaldır".


Xəbəri paylaş

2 3228 dəfə oxunub.

Digər xəbərlər
26-07-2015, 11:07 Bakıda civə həyəcanı

Müəllif: ilkin_hesenov
Tarix: 14 noyabr 2015 23:37
menim özümündə xalça yuma müəsisəm var bir neçə məsələyə aydınlıq getirmək istyirəm.bu məsələləridə istərdim sıralıyam
1) xalça yuyan aparatlarda yüksək təyziq olmur aşağı təyziqli su və əsasən fırçaların hesabına yuyulur
2) heçdə özümüzdən amerika kəşf etmirik o kimyəvi dərmanlar isə hamıya tanış olan dərmanlardı
3)rəngin qarışması isə o halda ola bilərki vaxtı keçmiş keyfiyyetini itirmiş əl ilə toxunan gebelerde ki onlar tebii renglenme ile renglendiyine göre su deyen
Müəllif: rexavet
Tarix: 16 noyabr 2015 08:03
onsuzda camat aylib neyin bohtan neyin duz oldugun yaxsi bilirler bele ciliz sayit propaqandasi ozune qalacaq.elin gozu terezidi
bütün xəbərlər
____ Instagram ___