Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yol polisi hansı halda sürücünün vəsiqəsini özündə saxlaya bilər?
Tarix: 21-03-2015 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Yol polisi hansı halda sürücünün vəsiqəsini özündə saxlaya bilər?
Qanunda bununla bağlı ən azı 7 hal müəyyən edilib.

Sürücüləri tez-tez soruşurlar ki, Dövlət Yol Polisi (DYP) əməkdaşları hansı hallarda sürücülük vəsiqəsini götürülərək özlərində saxlaya bilərlər?

Xeberaz.az avtosfer.az-a istinadən bildirir ki, bu sualın cavabı İnzibati Xətalar Məcəlləsində (İXM) və Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Yol-patrul xidməti haqqında” Təlimatda əksini tapıb.

İXM-in 404.2-ci maddəsi: Sürücü tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır.

“Yol-patrul xidməti haqqında” Təlimatın 7.25-ci bəndi İXM-in həmin normasını bir qədər konkretləşdirərək təkrarlayır: Sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmə hüququ verən, xüsusi hazırlanmış və YPX inspektoruna nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir, sürücülük vəsiqəsi inzibati protokola əlavə edilir. Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə minənədək uzadılır.

İXM-in yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan maddələrinə diqqət etdikdə aydın olur ki, DYP əməkdaşı sürücünün vəsiqəsini aşağıdakı hallarda özündə saxlayaraq ona müvəqqəti icazə talonu verəcək:

1) sürücünün əvvəlki cərimə balları da nəzərə alınmaqla, 20 və daha çox cərimə balı topladığı hallarda (İXM-in 151.4-cü maddəsi);

2) sürücü zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər yetirilməsinə səbəb olan qəza törətdikdə (İXM-in 151.5-ci və 155.4-cü maddələri);

3) sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdikdə (İXM-in 152-1-ci maddəsi);
4) sürücü sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırdıqda (İXM-in 156.1-ci maddəsi);

5) sürücü özünə (şirkətə və ya sahibkara yox) məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsini il ərzində təkrar (ən azı 2-ci dəfə) törətdikdə (İXM-in 163-1.4-cü maddəsi);

6) sürücü avtoxuliqanlıq etmiş olduqda (İXM-in 296-1-ci maddəsi);

7) sürücü yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədikdə, yəni cəriməni ödəmədikdə (İXM-in 313-2.2-ci maddəsi).

Bununla belə, şəxsin sürücülük vəsiqəsi sürücünün cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətdiyi halda da götürülür və cinayət işinin materiallarına əlavə olunaraq saxlanır.
Vəsiqənin sürücüdən alınaraq DYP əməkdaşında saxlanılmasının başqa bir halı həmin vəsiqənin saxta olması (saxtalığına ciddi şübhələrin olması) halında mümkündür. Bu halda sürücülük vəsiqəsinin bütövlükdə hüquq müəyyən edən sənəd kimi mövcudluğu şübhə altına alınır və məsələnin aydınlaşdırılması üçün vəsiqə saxlanır.

Göstərilənlərdən başqa hər hansı qayda pozuntusuna görə sürücülük vəsiqəsi DYP əməkdaşı tərəfindən götürülərək saxlanıla bilməz. Xüsusi qeyd etmək istəyirəm ki, yalnız maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş vermiş olduqda sürücülük vəsiqəsi DYP əməkdaşı tərəfindən götürülərək saxlanıla bilməz. Belə qəzalar baş verdikdə hadisədən dərhal sonra araşdırma tam başa çatdırıldıqda sürücünün vəsiqəsi özünə qaytarılmalıdır. Araşdırma tam başa çatdırılmayaraq növbəti günlərə saxlanıldıqda isə vəsiqə sürücüyə qaytarılmalı və ona növbəti dəfə DYP orqanına gəlməsinin dəqiq tarixi və saatı barədə bildiriş verilməlidir. Hadisədə iştirak edən sürücünün barəsində yuxarıda sadaladığım 7 haldan heç biri olmadıqda araşdırma sonrakı günlərə qalacaq deyə DYP əməkdaşının sürücünün vəsiqəsini özündə saxlaması qanuna ziddir və buna yol verilməməlidir.


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___