Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu Novruzda evlərə atılan papaqlar da azaldı...
Tarix: 23-03-2017 | Saat: 23:05
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bu Novruzda evlərə atılan papaqlar da azaldı...

Bu Novruzdan əvvəlki ləzzəti ala, əvvəlki həyəcanı yaşaya bilmədik. Yaxın-uzaq qohumların, dostların əksəriyyətinin evində Novruz şirniyyatları bişmədi, bişirən də sanki ətrafdakılardan gizlətməyə çalışdı bişirdiyini - paylaşmağa yetəcək qədər bişirə bilmədiyi üçün.

Kilosu 25-30 manata olan fındıq-qozu alıb şəkərbura-paxlava bişirmək çoxlarının cibinə uyğun olmadı. İki nəfər üçün Novruzun simvolu olan paxlava-şəkərbura-qoğalı bişirmək minimum 70-80 manata başa gəldi. Ailə isə 2 nəfərdən ibarət deyil əksər hallarda. Üstəlik, şirniyyatı bişirdinsə, bayramlaşmalı, yəni qohum-qardaşla bölüşməlisən. Ən azından sənin onları bişirdiyini eşidib-bilən 2-3 qohuma, dosta pay ayırmalısan. Novruz bayramının ən çox sevdiyim ritualıdır bölüşmək. Amma bu gün tanıdığım hər 10 ailədən 2-3-nün buna imkanı çatdı, ya çatmadı.

Bayram tonqalları da çox az gözə dəydi – maddi imkanların aşağılığı insanların içindəki bayram sevincini, bayram həvəsini də yox edib deyəsən... Həyət evində yaşayırıq və əvvəllər binada yerləşən evimizin balkonundan Buzovnanın bu hissəsindən göyə ucalan tonqallara baxırdıq. Bu il 2-3 həyətdə tonqal gördüm. Evində bayram süfrəsi aça bilməyəndə həyətində tonqal qalamağa həvəs haradan olsun...

Bu Novruzda evlərə atılan papaqlar da azaldı. Əvvəllər elə bizim evə hər çərşənbədə 4-5 papaq atılar, axır çərşənbədə, Novruzda say azı 8-9-a çatardı. Bu il yalnız Novruzda gördük 2 papağı...

Elə bilirdim yalnız bizdə belə oldu. Amma gördüm ki, hamı hiss edib papaqların azaldığını - əvvəllər facebookda hamı papaqların çoxluğundan gileylənərdi. Bu il isə azlığından danışdı hamı.

Bayramqabağı Allah verəndən pay apardığım yaşlı və xəstə qonşuma papaq atanların olmadığından danışdım, dedim, yəqin həyət evlərində papaq atmaq çətindir, ona görə azdır. Qonşum isə əli ilə ətrafdakı 4-5 evi göstərib “bu evlər 4-5 bacı-qardaşındır, hərəsində 2-3 uşaq yaşayır, hər il bütün qonşulara papaq atırdılar” dedi. “Bu il ata-anaları qoymayıb heç kimə papaq atmağa, deyiblər ayıbdır, camaatın çoxu düz-əməlli süfrə də aça bilməyib evində...”

Beləcə, yeni köçdüyümüz həyət evimizdə ilk Novruzumuz əvvəlkilərdən çox fərqləndi. Bu Novruzda anladım ki, bayram bütün adətləri, ritualları ilə birlikdə gözəl olurmuş. Bir adətin icra olunmaması, yaxud az olunması da bayramın dadından dad alırmış...

Bir də gördüm ki, həqiqətən də imkansızlıq uşaqların uşaqlığını alır əllərindən. Bizim uşaqlığımızın ən gözəl, duzlu-məzəli xatirələri hamılıqla yığılıb yandırdığımız çərşənbə tonqalları, o tonqallardan sonra qapı-qapı düşüb papaq atmağımızla bağlıdır. Tonqalın hisinə bulaşmış pal-paltarlarla evə dönüb gördüyümz şirniyyat və yeməklə dolu süfrəyə papaq atıb yığdığımız pay-püşü də əlavə etməkdən duyduğumuz sevinci demirəm hələ...

Bu il uşaqların çoxusu bu sevinci yaşaya bilmədi – valideynlər öz hallarından baxaraq qonum-qonşunu utandırmaq istəmədilər...

Bu Novruz o novruzlardan olmadı heç...

Bu Novruzda ən böyük arzular da gələnilki Novruzun bütün adətləri ilə keçirilməsinə bağlı oldu...


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___