Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Orqan köçürülməsi əməliyyatlarının qiymətləri aşağı düşəcək” - MÜSAHİBƏ
Tarix: 27-01-2017 | Saat: 14:38
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

"Orqan köçürülməsi əməliyyatlarının qiymətləri aşağı düşəcək” - MÜSAHİBƏ


Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin APA-ya müsahibəsi.

- Mircəlal həkim, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurada görülən işlər hansı mərhələdədir?

- Ötən il səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılıb. Şuranın bir neçə iclası keçirilib. Şuranın yaradılmasında əsas məqsəd insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsini təmin etməkdir. Artıq 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları icra olunur. Lakin indiyə kimi əməliyyata ehtiyacı olan xəstələrin seçimi, əməliyyata ehtiyacı olmayan xəstələrə hər hansı bir peşəkar qrup tərəfindən nəzarət olunması, onların qeydiyyata alınması ilə bağlı bir iş aparılmayıb. Şuranın əsas məqsədlərindən biri budur ki, əməliyyata ehtiyacı olan xəstələrlə birbaşa işlənilsin, orqan köçürülməsinə ehtiyacı olan xəstələr qeydiyyata alınsın, xəstələr əməliyyata hazırlansın. Eyni zamanda, əməliyyatın hansı şərt daxilində, hansı xəstəxanada keçiriləcəyinə qərar verilsin. Orqan köçürülməsi əməliyyatları spesifik əməliyyatlardır. Bu tək tibbi aspekt kəsb eləmir. Burada psixoloji, sosial, hüquqi və tibbi məsələlər var. Bunun üçün də Şura müxtəlif qurumlar arasında tənzimləyici funksiyanı yerinə yetirəcək.

- Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması beyin ölümü diaqnozunun qoyulmaması və təlimatların olmaması ilə əlaqələndirirlər. Şuranın yaradılmasından sonra meyitdən orqan və toxumaların götürülməsi ilə bağlı təlimatı hazırlanıb?

- 1999-cu ildə "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanun qəbul olunub, Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə qaydalar təsdiq edilib. Qanuna görə, meyitdən orqan götürülməsinə icazə verilir. Lakin qeyd etdiyim kimi, bu özündə hüquqi və sosial problemləri əhatə etdiyi üçün burada müəyyən məsələlərlə bağlı qərar verilməlidir. Kimlərdən orqan alına bilər, beyin ölümünün kriteriyaları nələrdir, hansı xəstəxanalar beyin ölümü diaqnozu ilə məşğul ola bilər və s. məsələlər peşəkar şəkildə öz həllini tapmalıdır.

- Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının vahid mərkəzdə aparılması nəzərdə tutulub?

- Hazırda Mərkəzi Neftçilər Xəstəxanası, Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, Azərbaycan Tibb Universitetinə, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzinə orqan transplantasiyası üçün lisenziya verilib. Orqan transplantasiya əməliyyatlarını həyata keçirmək üçün ixtisaslı mütəxəssislər də olmalıdır ki, əməliyyatı icra edə bilsinlər. Orqan transplantasiyası əməliyyatların vahid mərkəzdə aparılması barədə konkret məlumat yoxdur, çünki bu məsələ Şuranın iclasında müzakirə olunmayıb.

- Əməliyyata ehtiyacı olan xəstələrin siyahısı Şurada hazırlanır?

- Əməliyyata ehtiyacı olan xəstələrin siyahısı hazırlanır. Çünki statistika lazımdır. Nə qədər xəstənin əməliyyata ehtiyacı olduğunu bilmək lazımdır. Statistika həm də ona görə lazımdır ki, əməliyyatlara maliyyə ayrılmalıdır. Hazırda əlimizdə konkret rəqəm olmadığına görə, sizə statistika ilə bağlı məlumat verə bilməyəcəyəm.

- Şurada bu iş mərkəzləşdirilmiş şəkildə həyata keçiriləndən sonra qiymətlər necə tənzimlənəcək?

- Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə həyata keçirilir. İlkin mərhələdə orqan köçürülməsi əməliyyatları icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısında olmayacaq. Hesab edirəm ki, icbari tibbi sığorta tam tətbiq olunandan sonra dövrün tələbi kimi orqan köçürülməsi əməliyyatları baza zərfinə daxil edilə bilər.

Çünki bütün dünyada orqan köçürülmə əməliyyatları icbari tibbi sığortanın baza zərfinə daxildir. Hazırda böyrək köçürmə ilə bağlı Dövlət Proqramı var, müəyyən qrup xəstələr həmin proqramın çərçivəsində dövlət hesabına əməliyyat olunurlar. Qaraciyər transplantasiyası ilə bağlı hər hansı Dövlət Proqramı yoxdur. Hər halda icbari tibbi sığorta məsələsi gündəmə gəldiyinə görə, bəlkə də qaraciyər transplantasiyası ilə bağlı ayrıca Dövlət Proqramının olması, yaxud onun icbari tibbi sığortanın baza zərfinə daxil edilməsi müzakirə oluna bilər. Hər halda bunu zaman göstərəcək. Bununla belə, qaraciyərə ehtiyacı olan xəstələr də dövlət hesabına əməliyyat olunur.

Konkret olaraq sizin sualınıza gəldikdə deməliyəm ki, Şuranın qiymət məsələsini tənzimləməyə hüququ yoxdur. Əməliyyat zamanı məsrəflər olur, dərmanların qiymətində artım var, əksər dərmanlar isə ölkəyə xaricdən gəlir. Proyektdə olan 3 dərman zavodundan artıq 2-nin təməli qoyulub. Düşünürəm ki, yaxın gələcəkdə dərmanlar ölkəmizdə istehsal olunduqdan sonra yəqin ki, orqan köçürülməsi əməliyyatlarının qiymətləri aşağı olacaq.

- Orqan transplantasiyası əməliyyatları bölgələrdə həyata keçirilə bilər?

- Bölgələrdə bu işi həyata keçirmək üçün ixtisaslı həkimlər olmalı və əməliyyat aparılan xəstəxanalar bütün standartlara cavab verməlidir. Orqan transplantasiyası əməliyyatları niyə də regionlarda həyata keçirilməsin?! Bizim mərkəzdə formalaşan komandaların bu işi regionlarda görməsini çox istəyirik. Bu gələcəyin işidir. İnkişaf olacağı təqdirdə, bu əməliyyatlar regionlarda da icra olunacaq.

- Bu işlə əlaqədar donor bankının yaradılması mümkündürmü?

- İnsan orqanları üzərində donor bankı yaradılması mümkün deyil. Müəyyən orqanlar bədəndən çıxarılandan 12 saat, 24 saat, maksimal 48 saata qədər xüsusi məhlulların içərisində saxlanıla bilər. Bundan sonra orqan sıradan çıxmış sayılır, keyfiyyətini itirir. Ona görə donor bankı yaratmaq bir qədər çətindir. Ancaq gözün buynuz qişasına görə donor bankı yaratmaq mümkündür ki, o da məhdud sayda.

- Necə düşünürsünüz, bu gün ölkədə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi nəticəsində sağlam insanların həyatı risk altına düşmür ki?

- Bu tək Azərbaycanda baş verən bir praktika deyil. Biz bu işə 2008-ci ildən başlamışıq. Elmi tərəfdən sübut olunub ki, canlı donorlardan orqan transplantasiyası əməliyyatlarında, xüsusilə qaraciyər və böyrək köçürülməsində donorların sonrakı həyatı üçün hər hansı təhlükə yoxdur. Çünki donorlar praktiki olaraq tibbi və ruhən sağlam olurlar. Əməliyyatdan sonrakı müddətdə donor əgər böyrəyinin birini veribsə, kompensator olaraq orqanizm tək böyrəklə yaşaya bilir. Yaxud qaraciyərin bir hissəsini veribsə, təxminən ay yarım ərzində verdiyi qaraciyərin hissəsi həcmcə özünü 100% bərpa edib, yerinə qayıdır. Bu insanların gələcək həyatında, istər sosial, istər fiziki, istərsə də bioloji həyatlarında hər hansı bir problemləri olmur.

- Ötən il Mərkəzi Neftçilər Xəstəxanasında nə qədər xəstəyə böyrək və qaraciyər köçürülüb?

- 2016-cı ildə 20 xəstəyə qaraciyər, 69 xəstəyə böyrək köçürülüb. Əməliyyatların bir qismi dövlət hesabına aparılıb və bütün əməliyyatlar müvəffəqiyyətlə icra olunub.

- Orqan köçürülməsindən sonra fəsadlaşmalar çox olur?

- Tək bizdə yox, bütün dünyada fəsadlaşma halları var. Orqan köçürülməsi əməliyyatlarından sonra 100 xəstədən 20-də müxtəlif fəsadlar görünə bilər. Fəsadların siyahısı isə uzundur.

Avropa Qaraciyər Transplantasiyası Reyestrinin Fransa və Almaniyadan olan auditləri bizim xəstəxanada yoxlama işi aparıblar. Böyrək köçürmə əməliyyatlarından sonrakı nəticələrimiz dünya səviyyəsinə uyğundur. Orqan köçürülməsi əməliyyatından sonrakı statistika 1 illik, 3 illik, 5 illik və 10 illik tutulur. Azərbaycanda əməliyyat edilən 100 xəstənin 1 illik həyatda qalması 91%, 3 illik 86-88%, 5 illik 75-78 %-dir. Bu böyük rəqəmdir. 10 il müddəti tamam olmadığına görə isə əlimizdə rəqəm yoxdur.

- Azərbaycanda böyrək və qaraciyər köçürülməsindən sonra neçə xəstə həyatını itirib?

- Orqan köçürülməsi əməliyyatı xəstəyə verilən bir şansdır. Əgər orqan köçürülməsi əməliyyatı olmasa xəstə 100% dünyasını dəyişəcək. Məsələn, biz 103 xəstəyə qaraciyər köçürmüşük. Səhv etmirəmsə, onlardan 16-sı dünyasını dəyişib. Yəni bu xəstələrin 103-ü də əməliyyat olunmasa, 103 xəstənin hamısı öləcəkdi. Əməliyyat olunmuş 100 xəstədən 90 nəfəri normal həyata qayıdır. Əməliyyat etdiyimiz 3 xəstə uşaq dünyaya gətirib, ana olub, 1 xəstəmiz isə hamilədir. Bu cür faktlar çoxdur.


Xəbəri paylaş

1 3008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___