Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kerrinin ermənilərlə yaxınlığını təsdiq edən faktlar var"
Tarix: 05-10-2016 | Saat: 19:59
Bölmə:Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

"Kerrinin ermənilərlə yaxınlığını təsdiq edən faktlar var"

Hazırkı beynəlxalq münasibətlər sistemi öz mürəkkəbliyi və çoxşaxəliliyi ilə seçilir. İndiyə qədər formalaşan bipolyar beynəlxalq münasibətlər sistemində diktə edən avroatlantik bloku və ABŞ-dır. Bu qüvvələr ayrı-ayrı dövlətlərə və regionda baş verən proseslərə münasibətdə ikili standartlara söykənərək müxtəlif bəyanatlar verirlər. Bu isə özlüyündə dünya nizamına, hazırkı beynəlxalq münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, dövlətlərarası münasibətlərə də mənfi təsir göstərir.

Bu sözləri APA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, hegemon güc mərkəzlərinin bu cür davranışları regional və beynəlxalq miqyasda dağıdıcı hadisələrin meydana çıxmasına səbəb olur, milli dövlətlərin maddi-iqtisadi, intellektual resurslarının istismar olunması ilə müşayiət olunan proseslər baş verir. Bu kontekstdə dünya siyasətini müəyyənləşdirən hegemon güc kimi ABŞ-ın üzərinə böyük məsuliyyət düşür. Onun sözlərinə görə, əgər bu gün “mondializm” siyasətini həyata keçirən ABŞ öz fəaliyyətində ümumbəşəri dəyərləri, ədaləti və beynəlxalq hüququ gözardı edirsə, bu, beynəlxalq münasibətlərin gələcəyi üçün olduqca təhlükəli nəticələr vəd edir: “Hegemon güc olmaq təkcə güc - əzələ nümayiş etdirmək mənasına gəlmir, bu, eyni zamanda, dünyaya ədalət paylamağı, beynəlxalq hüququ nəzərə almağı, ikili standartlardan imtina etməyi, beynəlxalq münasibətlərin inkişafına müstəsna töhfələr verməyi tələb edir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi çıxış edən ABŞ həm də ATƏT-in, NATO-nun və digər təşkilatların üzvüdür. Bu, ABŞ qarşısında müəyyən öhdəçilik yaradır. ABŞ öz fəaliyyətində, ayrı-ayrı milli dövlətlərə, regional və beynəlxalq təhlükəsizliyə münasibətdə bu məsuliyyəti dərk etməlidir. Amma təəssüf ki, biz əksər hallarda bunu müşahidə etmirik. Bu yaxınlarda ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər tarixi reallıqları, münaqişənin mahiyyətini əks etdirmir, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin ruhuna ziddir. O, liderlərin sülhə hazır olmadığını deyib. Əgər liderlər özləri bu problemi həll etməli olsaydılar, o zaman bu münaqişənin həlli üçün BMT-nin mandatı əsasında ATƏT çərçivəsində Minsk Qrupu adlı qurum yaradılmazdı. Digər tərəfdən, bu cür qeyri-müəyyən bəyanatlar vermək əvəzinə, ABŞ üzvü olduğu və Təhlükəsizlik Şurasında təmsil olunduğu BMT-nin Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsinin yerinə yetirilməsinə çalışmalıdır”.

Millət vəkili diqqətə çatdırıb ki, ABŞ Azərbaycanla regionda sıx və çoxşaxəli əməkdaşlıq əlaqələrinə malik ölkələrdən biridir: “Hesab edirəm ki, Con Kerrinin bu cür uğursuz bəyanatının arxasında fərqli siyasi məqsədlər var. Hazırda Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın regionun ən böyük dövləti olan Rusiya ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyması bu münaqişənin həlli istiqamətində yeni ümidlər yaradıb. 2016-cı ilin aprel ayında baş verən hadisələrdən sonra Azərbaycanın hərbi-siyasi nüfuzunun artması, ölkəmizin gücünün region dövlətləri tərəfindən etiraf edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmanı şərt kimi irəli sürüb. Amma təəssüflər olsun ki, Con Kerri öz bəyanatında bu yeni reallıqları nəzərə almayıb. Əlbəttə, Con Kerinin yeni reallıqları gözardı edən bu bəyanatının konkret səbəbləri var. Əvvəla, o, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni yanaşmasını gözdən salmağa xidmət edən bəyanatlar verir. İkincisi isə, Kerri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Rusiya-Azərbaycan münasibətlərini qısqanclıqla qarşıladığını nümayiş etdirir. Biz bu yaxınlarda Rusiya-Türkiyə münasibətlərinin kritik həddə çatmasında bu diplomatın pərdəarxası fəaliyyətinin siyasi izlərini müşahidə etdik”.

H. Babaoğlu qeyd edib ki, bu cür hallar Con Kerrinin siyasi fəaliyyətində yenilik deyil: “O, 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi irəli sürənlərdən biri olub. Həmçinin Con Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda “erməni soyqırımı”nı tanıyacağını vəd etmiş bir şəxsdir. Bununla yanaşı, o, bir neçə dəfə “erməni soyqırımı”nın tanımasını rəsmi səviyyədə tələb edib. 2012-ci il sentyabrın 5-də isə Kerri Ramil Səfərovun azad olunmasını pisləyən bəyanat yaymışdı. Eyni zamanda, Con Kerri də daxil olmaqla, bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində Qorbaçova müraciət ünvanlayaraq “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi” önə çəkmişdi. “Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik” deyən Kerrinin erməni lobbisi ilə yaxınlığını və erməni təəssübkeşliyini təsdiq edən digər çoxsaylı faktlar mövcuddur. Görünür, siyasi-diplomatik ömrü sona çatan Con Kerri fəaliyyətinin son akkordlarını erməni lobbisinə yarınmaqla başa vurmaq istəyir. ABŞ kimi hegemon bir güc mərkəzinin dövlət katibi bu cür fəaliyyətlə Birləşmiş Ştatların diplomatiya tarixinə yaraşmayan davranışlara yol verir. Düşünürəm ki, bu halla bağlı ABŞ-ın müvafiq dövlət strukturları tərəfindən lazımi tədbirlər görülməlidir”.

H. Babaoğlunun sözlərinə görə, bu cür ikili standartlara baxmayaraq, Azərbaycan öz iqtisadi gücü və siyasi nüfuzu ilə beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməkdədir: “Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsini həll etməyə və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir, yaxşı olar ki, bəhs olunan hegemon güclər bu cür uğursuz bəyanatlarla çıxış etmək əvəzinə, Azərbaycan gerçəkliklərini görsünlər və nəzərə alsınlar”.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___