Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xanım Qafarovanın anası: "Kaş ərə getməyəydi, uşaq doğmayaydı"
Tarix: 11-07-2016 | Saat: 15:22
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Müsahibə | çapa göndər

Xanım Qafarovanın anası: "Kaş ərə getməyəydi, uşaq doğmayaydı"

"O, son nəfəsinədək "İmkan verməyin 6 yaşlı qızım anasız qalsın" deyə canını tapşırdı. 6 yaşlı balasını bu qəddar dünyada qoyub getmək istəmirdi. Özü bu dünyada o qədər əzab çəkdi ki, qızını da özü ilə aparmaq istəyirdi...

47 yaşında istəmədən qızı ilə yanaşı bizi də tərk etdi. Səhnədəki qəh-qəhələri hələ də qulağımızdadır, amma səhnədən kənarda ürək dolusu gülə bilmədi. Xəstəlik ona 7 il əziyyət versə də, biz son 2 ilindən xəbər tutduq. Onda da özünü sındırmaq istəmirdi, ta ki, lənətə gəlmiş xərçəng bütün orqanizminə şaxələnməyincə".

Anası Gövhər xanımın sözləri ilə desək, son nəfəsində kömək istədi, o zaman da artıq gec idi...

"Xəbəraz.az " bildirir ki, bu gün cavan ölümü ilə tamaşaçıları yandırıb-yaxan Xanım Qafarovanın ölüm günüdür. Anasının adını verdiyi 8 yaşlı Gövhərlə görüşüb onu yad etməklə, azacıq da olsa, mənəvi borcumuzu yerinə yetirmək istədik.
Anası ilə qızını Xanımın bəzəyib özünə ev düzəltdiyi həmin qarajda tapdıq. Bacısı Rəhimə xanımın yaşadığı həyətdəki qarajda...
Balaca Gövhər 44 saylı tam orta məktəbdə təhsil alır. II sinifini əla qiymətlərlə başa vurub, III sinifə keçib. Artıq 2 il əvvəlki ipə-sapa yatmayan balaca nadinc qız deyildi. "Anam gəlsin, anamı istəyirəm" deyərək hər gün nənəsini ağladan kaprizli qızdan əsər-əlamət qalmamışdı. Böyümüşdü... Anasızlıq onu vaxtından əvvəl böyütmüşdü. Elə danışırdı ki, sanki, həyatın hər üzünü görmüş biri ilə söhbət edirdim.

- Ananı necə xatırlayırsan?

- Çox yaxşı ana idi. Məni çox sevirdi. Teatrlara aparırdı. Heyif ki, bu dünyadan köçdü, yoxsa onunla bərabər ad günlərimizi, bütün bayramları birlikdə qeyd edərdik.

- İnşallah anana layiq övlad olarsan. Böyüyəndə onun kimi aktrisa olmaq istəyərdin?

- Hələ bu barədə düşünməmişəm. İnşallah zaman göstərər.

- Dərslərini necə oxuyursan, qiymətlərin necədir?

- Hamısı beşdir. Anamın, xalamın və müəllimlərimin əməyini heç vaxt itirməmişəm. Mənə evdə dərs keçən Rəna müəlliməyə, sinif rəhbərim Hürü müəlliməyə və məktəbdəki bütün müəllimlərimə öz təşəkkürümü bildirirəm. Müəllimlərimiz sayəsində qiymətlərim əladır.

- Gövhər qızım, ciddi və əvvəlcədən əzbərləmiş kimi danışırsan. Sərbəst ol, həyacanlanma. Sən uşaqsan və bu qədər ciddi danışmaq məcburiyyətində deyilsən. Hamını tərifləmək məcburiyyətində deyilsən. Ürəyindən nə gəlir söylə.

- Elə ürəyimdən gələnləri deyirəm. Düzdür, bundan əvvəl də bizi çox gəlib çəkiblər, ürək sözlərimi demişəm. Amma hər dəfə mənə yaxşılıq edənlərə təşəkkür etmək istəyirəm. Nənəmə təşəkkür edirəm ki, mənə baxır, nazımı çəkir. Xalam dərslərimlə məşğul olur, nə istəyirəmsə alır. Məni korluq çəkməyə qoymurlar. Anamın yoxluğunu hiss etdirmirlər mənə. Sanki, anam yanımdadır, sanki, anasız deyiləm. Doğru desəm, anam üçün çox darıxıram, amma nənəm və xalam mənə ana əvəzidirlər. Onlar olmasaydı, yəqin ki, mən bu qədər gözəl həyat yaşamazdım.

Bu arada Xanım Qafarovanın bacısı Rəhimə xanım söhbətə qoşulur:

- İnanın öz fikirləridir. Həmişə elə danışır ki, kənardakılar bizim öyrətdiyimizi zənn edirlər.

Gövhər nənə də müdaxilə edir:

- Anası kimi savadlıdır, gözəl danışıq qabiliyyəti var.

- Gövhər qızım, nənəni, xalanı dedin, onların ən azından mənəvi borclarıdır sənə sahiblik etmək. Bəs başqa kimlərsə gəlib baş çəkirlərmi, kömək edirlərmi?

- Qənirə Paşayeva ilə Xatirə İslam mənə çox böyük dəstək verirllər.

- Başqa gəlib-gedən yoxdur? Ananın iş yoldaşları yad edirlərmi sizi?

- Gəlirlər. Həmişə qayğıma qalırlar. Mən onları görəndə elə bilirəm anam sağdır.

- Ananın çalışdığı teatra aparırlarmı səni?

- Bir qonşumuz var, sağ olsun, aparır. Allah onun da canını sağ eləsin Mənə yaxşılıq edən insanları heç zaman unutmayacam, hər birinə can sağlığı arzulayıram!

Balaca Gövhərin təşəkkür və şükürlərlə dolu cavablarından məmnun olub, böyük Gövhərlə söhbətə başlayırıq.

- Gövhər xanım, neçə övladınız var?

- Bir oğlum, iki qızım vardı. İndi bir qızım sağdı. Oğlum Xanımdan qabaq rəhmətə getmişdi. Xanım Gövhəri mənə əmanət qoyub gedib, ona görə yaşayıram, yaşamalıyam da.

- Özünüzü necə hiss edirsiz? Qocalıq əziyyət vermir sizə?

- Şükür Allaha, yaxşıyam.

- Hələ də Xanımın özünə ev düzəltdiyi bu qarajda yaşayırsız...

- Buna da şükür!

- Ev üçün heç bir yerə müraciət etmisizmi?

- Xeyr, etməmişik.

- Bəs bu şəraitdə yaşamaq çətin deyil?

- Əlbəttə çətindir. Qoca qadınam, 78 yaşım var. Neyləyə bilərik, başqa yaşayacaq yerimiz yoxdur...

Bir müddət susqunluqdan sonra sözünə davam edir:

- Allaha şükürlər olsun, indiyədək qarşımıza yaxşı insanlar çıxıb. Gələcəyinə hər şey ola bilər. Heydər Əliyev Fondu da bizi unutmur. Özümüz heç kimə, heç yerə müraciət edib heç nə istəmirik, xeyirxah insanlar özləri bizə yardım edir. Xanımı xatırlayırlar, sevirlər. İnanın, taksi sürücüləri belə Xanımın anası olduğumu biləndə çox hörmət edirlər. Dukana, bazara, xəstəxanaya, ümumiyyətlə, hara gedirəmsə, hər yerdə Xanıma olan sevgini görürəm. Qəribə bir şeydi, Xanım 2 ildi həyatda yoxdur, amma hara gedirəmsə, qızıma görə bizə diqqət-qayğı göstərirlər. Camaat qızımı çox sevirmiş, bu sevgi ölümündən sonra da tükənmədi. Qonşuda bir xanım var, Xanım rəhmətə gedəndən sonra gəldi bizə. Dedi ki, qovsanız da, gedən deyiləm. Mən Gövhərə rus dilini öyrətmək istəyirəm. Artıq 2 ildir bizə gəlib-gedir, uşağa evdə dərs verir. Gövhər Azərbaycan bölməsində oxuyur, həmin xanımın sayəsində rus dilini gözəl bilir. Qonşuda başqa bir müəllimə var, o da öz istəyilə Gövhərin dərsləri ilə məşğul olur. Həftədə 2 dəfə onun yanına gedir. Yay tətilində məşğul olmaq üçün növbəti dərs ili üçün çatmayan kitablarını alacağına söz verib. Bu bizi sevindirir, insanlardan yaxşılıq görüncə dərdimiz azalır, yaşamaq asan gəlir.

Xanımın bacısı Rəhimə xanım:

- Bəxtimizdən rastımıza yaxşı insanlar çıxır. Çox şükür Allaha, hələki pis adamla qarşılaşmamışıq. Demək, dünya yaxşı insanlardan xali deyişmiş. Sadəcə, yaxşı insanlar sayca müqayisədə pislərdən azdır.

- Xanım özünü tamaşaçıya sevdirdi və aramızdan vaxtsız getdi. İnsanlar ona olan sevgilərini indi sizə yönəldiblər. Bu gözəl haldır...

Gövhər xanım: - Gövhər I sinifə gedəndə məktəbin direktoru məni kabinetinə çağırdı. Dedi ki, Xanımı yalnız efirdən tanımışam, amma barəsində həmişə yaxşı sözlər eşitmişəm. Qızınız gözəl aktrisa olmaqla yanaşı gözəl insan olub. Nə qədər burada direktoram, Xanımın balasına nə kömək lazımdırsa, edəcəm.

- Xanımla bağlı ən çox xatırladığınız xoş xatirəni bizimlə bölüşərdiniz.

- Xanım sonbeşiyim idi. Həmişə yanımda olub, ailə qurandan sonra da onunla yaşamışam. Çünki işə gedirdi, uşaq mənimlə qalırdı. Xəstələndi, yenə uşağa mən baxdım. Xoş xatirələr çox olub, amma son illər çəkdiyi əziyyətlər xoş xatirələri yada salmağa imkan vermir. Nə deyə bilərəm, taleyin yazısıdır. Balasından doymadı, yana-yana getdi. Balasından nigaran getdi. Elə hey deyirdi ki, ay Gövhər, kaş ki, səni özümlə apara biləydim. Qızı balaca idi, ağlı heç nə kəsmirdi... Qızını bu dünyada qoyub getmək istəmirdi. Bizi bir-birimizə tapşırıb getdi. 3 ildi bacısının bir gözü tutulub, mən də qocayam axı, ona görə çox nigaran getdi. Yazıq bilmirdi balasını kimə tapşırsın. Gah deyirdi ellərə tapşırıram balamı, gah deyirdi sənə tapşırıram. Son nəfəsində belə dedi, "Ay ana, ölənədək bas bağrına, sən öləndən sonra Allah əmanəti".

Bu arada balaca Gövhər üzümə baxaraq maraqla soruşdu:

- Nənəmgil deyir ki, kimsə gizlincə anamın qəbrinin üstünə güllər qoyur. Anamın qəbrinin üstündə həmişə təzə güllər olur. Sizcə, o adam kimdir?

Gövhərin mənə ünvanladığı sualı xalası Rəhimə xanım cavablandırır:

- Məzarını ziyarət edənlər çox olur. Aktyor yoldaşları, sevənləri gedirlər. Ümumiyyətlə, Kürdəxanı məzarlığında dəfn edilmiş doğmalarını ziyarət edənlər Xanımı da yad edirlər.
Gövhər xanım: - Xanımı II Fəxri Xiyabanda dəfn etmək istədilər, icazə vermədim. Biz kürdəxanılıyıq. Rəhmətə gedən bütün qohum-əqrabamız orada dəfn edilib. İstəmədim Xanım bizdən kənar düşsün. Oğlumun yanında torpağa tapşırdıq.

- Gövhər qızım, ananın məzarı üstünə getmisən?

- Çox getmişəm. Orada anamla söhbət edirəm, hər sözümü ona deyirəm. Hərdən mənə elə gəlir ki, anam ölməyib. Anamla söhbət edəndə onu hiss edirəm.

Gövhər nənə: - Xanım uşağının badına getdi. Uşağa görə ərə getdi. Çox sevirdi uşaqları. Qohum-əqrabada kimin uşağı olurdusa, çox sevinirdi. Xəstəliyə tutulanda özünə deyirdim ki, ay bala, kaş ərə getməyəydin, uşaq doğmayaydın. Yoxsa ona heç nə olmayacaqdı. Ərə gedib uşaq doğmasaydı, xəstələnməyəcəkdi.

- Niyə bu fikirdəsiz? Xəstəliyi necə yarandı?

- Ailə qurandan sonra 1 il uşağı olmadı. Müalicə aldı, sonra hamilə qaldı. Doğandan sonra uşağın 40 günü çıxmamış döşündə şişlər əmələ gəldi. Həkimə getdi, dedilər get onkologiyaya. Onkologiya sözündən qorxdu, getmədi həkimə. Ara həkimlərinə gedirdi, türkəçarə ilə sağalacağını düşünürdü. Xərçəng olduğunu bizdən gizlətmişdi. Teatrda heç kimə demirdi.

- Bəs necə bildilər?

- Afaq Bəşirqızı xəbər tutdu. Qəfildən qrim otağına girib Xanımın başının tüksüz görəndə şoka düşmüşdü. Afaq xanım biləndən sonra Əliqismət Lalayev xəbər tutdu. Xəstəlikdən xəbər tutandan sonra bizə çox kömək etmək istəyirdi. Hər dəfə zəng vurub kefini soruşanda, Xanım ancaq bir söz deyirdi: "Şükür Allaha, yaxşıyam".
Sonra bizə gəldi, yaşadığımız evi görəndə dəhşətə gəldi. Xanım Türkiyəyə müalicəyə gedəndə fəhlələri tökdü bura, 10 günün içində buranı təmir etdirdi. Xanım vaxtında heç kimdən kömək istəmədi. Əliqismət müəllim zarafatla deyirdi ki, sağalıb işə gəlsən, sənin adını Şükür qoyacam". İnsan nə qədər şükürlü olarmış! Elə şükür eləyə-eləyə getdi... Vaxtında müalicə olsaydı, bəlkə də ölməzdi. Bizi aldadırdı. Müayinələrin, analizlərin cavabını gətirib deyirdi ki, hər şey əladı. Cavablar təmiz çıxıb, qorxulu heç nə yoxdu. Biz də ona inanırdıq. 7 il aldada bildi. Açıb deyəndə, kömək istəyən artıq gec idi. Kömək etdilər, amma xeyri olmadı. Zəhrimar xərçəng bütün bədəninə yayılmışdı. Heydər Əliyev Fondu son nəfəsinə çatdı. Günah özündə idi, vaxtında kömək istəməmişdi.

- Belə görürəm Əliqismət müəllimdən sonra təmir etdirməmisiz...

- Həmin təmirdi...

- ...

Sakitliyi balaca Gövhər pozur:

- Xala, deyirlər ki, anamın evi, villası var. Villamız olsa, gedib yaşayardıq. Niyə belə deyirlər bilmirik.

Gövhər nənə: - Xanımın evi olsaydı, dəliyik bu şəraitdə yaşayaq? Məcbur olmasaq, nəm çəkmiş qarajda yaşamazdıq.

- "Kubinka"da evlər çox köhnədir, pis vəziyyətdədir, böyük ehtimalla buralar tezliklə sökülər.

- Hələ ki bizə bir söz deyilməyib. Bu yaxınlarda söküləcəyini barədə heç nə eşitməmişik. Qonşular maraqlanıblar, deyilənə görə 2030-cu ilədək belə köhnə evlərin hamısı söküləcək. O vaxta sağ qalsam uşağı yerbəyer edərdim... Yazıq Xanım elə ev deyə-deyə getdi.

- Gövhərin atası sizinlə əlaqə saxlayır?

- Arada gəlib-gedir. Amma heç bir köməyi dəymir bizə. İşi-gücü yoxdur, bir yandan da xəstədi. Həm də ailəsi-uşaqları var, bizə əl tutmağa gücü çatmır. Elə Xanımla evlənəndə ailəsi varmış. Yalandan demişdi ki, yoldaşım rəhmətə gedib.

Bacısı Rəhimə:- Xanım ora ərə getməzdi, uşağın xatirinə ailə qurdu, elə uşağın badına da getdi. Çox uşaq-uşaq deyirdi, heç doyunca yaşamadı qızıyla. Allahın qismətidi, biz kimik ki?

Balaca Gövhərlə, Gövhər nənəylə və Rəhimə xanımla bir az da söhbətiləşib ziyarətimizi başa çatdırdıq. Otağın kişikliyi, darısqallığı uzun-uzadı müsahibəyə imkan vermirdi. Bir tərəfdən də beş nəfərin alacağı oksigen otaqda tükənmişdi...


Xəbəri paylaş

8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___