Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xatirə Əzizdən gül şeirlər
Tarix: 21-05-2016 | Saat: 13:24
Bölmə:Karusel / Təhsil / M2 / Müsahibə | çapa göndər

Xatirə Əzizdən gül şeirlər

Xatirə Əzizi tanıdığım gün, onun zərif, kövrək gül ləçəklərinə oxşar şeirlərini oxuduğum gün idi; O gün hiss elədim ki, Azərbaycan poeziyasının zəriflər sırasına bir istedad da qoşuldu. İncə, səsi də şeiri kimi sakit axan, çayların həzin zümzüməsinə bənzəyən Xatirə Əziz poeziyası bu zəriflər meydanında geniş əhatədədir; o, bu əhatədə salxarlı-məzmunlu yaradıcılıq sərgiləyə-sərgiləyə artıq ömrün yarım əsri ilə görüşə gəlib. Amma inanmıram ki, ömrün bu pilləsi onun şeirlərindəki o zümzüməni ahəngdən qoya bilsin.

Şirvan elindəndir Xatirə Əziz. Şirvanın qədim, ecazkar muğam dünyasından, o ulu şeirlərin şeir boğçasından onun poeziyasına da həzin səslər, incə güllər qarışıb. Bu səs yanğılıdır, bu güllər kövrəkdir. Yad bir nəfəs, namərd bir əl onlara toxunanda kaman kimi inildəyir:

Ürəyimdə həsrət odu,
Səsim sözümü yandırır.
Bu, nə baxtdı; çölüm yadı,
İçim özümü yandırır?!

Xatirə Əzizin şeirləri sevgidəndir: Vətən sevgisindən, torpaq sevgisindən, ana sevgisindən və bir də...könlündəki sevgidən.
Şeirləri gül-çiçək qoxulu Xatirə xanım Vətən sevgisini uca sevgi, qoca sevgi kimi yaşadır. O sevgi yaşına görə qocadı, amma müdrik qocadı. Xatirə Əziz qadın yazarlar içində bəlkə də nadirlərindəndi ki, hər ay Vətən sevgisini içində gəzdirə-gəzdirə üçrəngli bayrağımızın keşiyini çəkən Vətən oğullarının - Azərbaycan döyüşçülərinin, sərhədçilərin ziyarətinə gedir. Zərif bir qadın buna necə tab gətirir?! Zərifliyin də bir qiyamı var. Xatirə xanım Vətən oğullarının qarşısında şeir oxuyur: həmin an onun zərif gül ləçəyi şahə qalxır, alov rənginə dönür. Bax, budur qeyrət!
Xatirə Əzizin bu dünyadan bəlkə də heç bir istəyi yoxdur. Tanrı ona şairlik istedadı bəxş edib, bu da bəsidir... Amma şəxsi istəyindən yox, torpağına sevgisindən danşır, Vətəninə atəşin ürəklə bağlılığından danışır. Onda görünür ki, Xatirə xanımın ən böyük istəyi Azərbaycanı dərdsiz-qəmsiz görməkdir. Onun bu dünyasında Vətən adlı bir könlün sevgisi var:

Namərdin əli altda,
Kəsilir mərdin əli.
Vətənin yaxasından ,
Əl çəkmir dərdin əli...

Kim salıb bu qırğını?
Ölüm an içindədi.
Zalımların əlindən,
Dünya qan içindədi.

Zəriflərin - qadın yazarların sevgi şeirləri riyasız olur. Yalan az yeriyir bu şeirlərə. Xatirə Əziz də bu günədək sevgi şeiri yazır və məhəbbəti tükənmədiyi üçün onu zərrə-zərrə şeirlərinə səpir. Əslində, onun taleyinə aid sevgi şeirləri təkcə özünə deyil, bütün sevənlərə ünvanlanıb. Axı sevgidə vüsal arzusu həmişə əlçatmaz xəyala dönür... Özü də qarşılığı olmayan sevgilərdə aldanışlar, yamanlıqlar həddən ziyadə...

Barışmaq çətindir ayrılığınla,
Həsrətin yükünü daşıyıram mən.
Alışıb kül olmaq yaşamaqdısa,
Sən də elə bil ki, yaşayıram mən.
***

Tanrım, bu ayrılıqlar,
Görən nə vaxt bitəcək?
Bir bitməz nağıldımı?
Sonu haçan yetəcək?

***

Ürək duya-duya, göz baxa-baxa,
Kimsə dözə bilməz, dözdüyüm dağa.
Demirsən, sən axı, bu ayrılığa,
Daş olub beləcə dözməliyəm mən!?


Səndən əllərimi üzdüm, qayıtma,
Sevdanın üzündən bezdim, qayıtma,
Bəsdi yol gözlədim, gəzdim, qayıtma,
Səni ürəyimdə gəzməliyəm mən!?

Beləcə ayrılıqlar, gözlərin yol çəkməsi, ürəyin dərddən qubar bağlaması, minillik şeirimizin həsrət notları Xatirə Əzizin şeirlərindən də keçir.
Arzulayıram ki, bu ayrılıqlar sona yetsin, sonu vüsala dönsün. Vüsala dönməyəcəksə, yenə ürək var, dərd var, ilham var. Həyat, sevgi, şair ömrüsə davam edir. Qəlbi sevgi ilə çağlayan şair Xatirə Əzizin zərif gülləri solmayacaq!


Vaqif Yusifli,
filologiya elmləri doktoru, professor




Xəbəri paylaş

1 8288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___