Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağa dair “3+2 formatı”
Tarix: 14-05-2016 | Saat: 16:14
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qarabağa dair “3+2 formatı”

Vyana gözləntiləri nə vəd edir?

Vasitəçilərin prezidentləri görüşdürmək istəyi sülh prosesini dalandan, müharibə ehtimalını isə gündəmdən çıxara biləcəkmi? Ekspertlər nikbin deyil, çünki...

Mayın 16-da Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilər. Görüşdə əsas müzakirə mövzusu Qarabağa nizamlanması olacaq. Bu barədə “İnterfax”a Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. O da məlum olub ki, prezidentlərin görüşünə Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri və Fransanın xarici siyasət idarəsinin başçısı Jan Mark Ero da qatılacaq. Lakin hələ ki, rəsmi Bakı və İrəvan bu xəbəri təsdiqləməyib.

“Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri mayın 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutacaq görüşdə iştirak etmək niyyətindədir”.

Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Növbəti həftə Vyanada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Həmçinin görüşdə, Minsk Qrupunun xarici işlər nazirlərinin iştirakı da nəzərdə tutulur” - Zaxarova söyləyib.

* * *

Xatırladaq ki, Azərbaycan və Ermənistan dövlət başçılarının bundan əvvəlki, sonuncu görüşü İsveçrənin Bern şəhərində - ötən il dekabrın 19-da baş tutub. O zaman 1 saatdan çox çəkən təmas öncəkilər kimi heç bir nəticə olmadan bitmişdi. Az sonra Azərbaycan prezidenti İlham Əliyev həmin görüşü imitasiya xətrinə görüş adlandıraraq, bu kimi təmaslara lüzum olmadığına diqqət yönəltmişdi.

Budəfəki Vyana görüşü isə ən azı, iki mühüm detalı ilə fərqlənir və diqqət çəkir. Əvvəla, bu, apreldəki 4 günlük müharibədən sonra ilk yüksək səviyyəli görüş olacaq və necə deyərlər, sülh danışıqlarının aqibətinə, geniş miqyaslı müharibə ehtimalına aydınlıq gətirəcək.
İkinci mühüm özəllik isə ilk dəfə olaraq prezidentlərin görüşünə üç həmsədr dövlətin xarici siyasət idarələrinin başçılarının da qatılmasıdır. İndi bəlli olur ki, Lavrov və Kerri arasında son həftələrdə baş tutmuş bir neçə telefon söhbətində Qarabağ mövzusu hansı tematikanı nəzərdə tutubmuş.

İstənilən halda, XİN rəhbərlərinin iştirakı sözsüz ki, qarşıdakı görüşün daha sanballı xarakterindən xəbər verir. “3+2" formatı adlandırıla biləcək belə bir formatın hansısa mühüm nəticə ilə bitəcəyini söyləmək isə tezdir. Ən az ona görə ki, aprel döyüşlərindən sonra Ermənistan daha radikal mövqe sərgiləməkdə, üstəlik, danışıqların bərpası üçün absurd ön şərtlər irəli sürməkdədir. Həmsədrlərin son bəyanatında isə yenə də yalnız ”qarşılıqlı etimadın gücləndirilməsindən" bəhs edilir.

Bununla belə, Azərbaycan üçün bu, ilk fürsətdir ki, nəhayət, işğal olunmuş ərazilər məsələsini bütün ciddiliyi ilə qaldırsın, qəti şəkildə qoysun. Əks halda, düşməni güclə hədələsin. 5 apreldən sonra indi təşəbbüs və şans Bakıdadır.

Odur ki, nə şansı, nə də fürsəti qaçırmaq olmaz. İmkan vermək olmaz ki, həmsədr ölkələr, onların xarici siyasət idarələrinin başçıları yenə təcavüzkarın maraqlarının yedəyində getsin, özünə gəlməsi üçün ona qiymətli vaxt qazandırsın.
***
Bəs növbəti Vyana görüşü nə vəd edir? Ekspertlər bir elə nikbin deyil. Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, hazırda İlham Əliyev və Serj Sərkisyanın görüşü üçün heç bir hazırlıq görülməyib: “Çünki görüş və orada müzakirə olunacaq məsələlər əvvəlcədən xarici işlər nazirləri səviyyəsində razılaşdırılmalı idi. Həmçinin, Ermənistan tərəfi prezident səviyyəsində görüşün olub-olmaması ilə bağlı heç bir açıqlama verməyib. Belə bir şəraitdə həmsədrlərin necə görüş təşkil etdikləri müəmmalıdır. Hətta görüş təşkil edilsə belə, masada konkret bir həll planı yoxdur”.

Politoloqun sözlərinə görə, üstəlik, görüşün keçirilməsi üçün tərəflərin mövqeyində fərqliliklər var. “Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Azərbaycan tərəfi vəziyyəti real qiymətləndirir. Bakı Azərbaycanın ərazi bütövlüyünün konkret dəstəklənməsini istəyir. Azərbaycan Ermənistan ordusunun 7 rayondan dərhal çıxarılmasını tələb edir. Daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılmasını istəyir” - Qabil Hüseynli deyib.

“Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də Azərbaycan vəziyyətin gərginləşməyəcəyi ilə bağlı zəmanət verə bilməz” - politoloq ardınca əlavə edib.

Öz növbəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hazırki məqamda görüşün baş tutmasını real saydığını deyib: “Çünki prezidentlərin görüşü müxtəlif mənbələrdən təsdiqlənib. Görüş zamanı əsas müzakirə mövzusu Ermənistan ilkin şərt qoymadan Dağılıq Qarabağ ətrafındakı 5 rayonları boşaltması olmalıdır. Ermənistan rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda Vyanadakı görüşün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bu imitasiya xatirinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki 22 ildə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb”.
***
“Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır”. Bunu isə APA-ya açıqlamasında tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib. O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: “Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil”.

A.Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib: “Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”.

Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur.

Erməni politoloq Aleksandr İsgəndəryan düşünür ki, Vyana görüşünün nəticəsi yalnız Minsk prosesini reanimasiya eləmək və Dağlıq Qarabağ konfliktinin nizamlanmasını siyasi axara keçirmək səylərindən ibarət ola bilər: “Söhbət aprel eskalasiyasına kimi getmiş siyasi prosesin bərpasından gedir. Başqa, daha ciddi nəticələr gözləmək məncə, real yanaşma olmazdı. İndi maksimum ona nail olmaq mümkündür ki, Minsk Qrupu çərçivəsində danışıqlar bərpa edilsin və münaqişə tərəflərinin düşdüyü kifayət qədər kəskin situasiyadan çıxarılsın”.

Onun qənaətincə, hazırda Qarabağ nizamlanmasında risklər artıb. “Mən hesab eləmirəm ki, genişmiqyaslı müharibə ehtimalı çox yüksəkdir. Ancaq aprel hadisələrinə kimi olan vəziyyətlə müqayisədə eskalasiya riski bir qədər artıb. Hazırda siyasi proses aprelə kimi olandan olduqca çətin gedir. Hərçənd, onda da parlaq şəkildə getmirdi. Eskalasiya situasiyanı qarışdırdı. İndi artıq yeni, ”təcili yardım" və ya yanğınsöndürmə rejimində zorakılığı azaltmaq və münaqişənin siyasi nizamlanmasını bərpa eləmək üçün səylər gərəkdir" - İsgəndəryan əmin olduğunu bildirib.

* * *

Beləliklə, Vyana görüşü ilə bağlı yerli və əcnəbi analitiklər elə də nikbin deyillər. Bu da onunla bağlıdır ki, həmin görüşü səmərəli edə biləcək ciddi ön hazırlıqlar, demək olar, gözə dəymir. Həmsədrlərin son bəyanatı bu qənaəti gücləndirir. (musavat.com)



Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___