Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xatirə Əziz: “Əsgərlər qarşısında çıxış etdiyim gün, ömrümün ən gözəl günüdü”
Tarix: 13-05-2016 | Saat: 20:54
Bölmə:Karusel / Gündəm / M2 / Qarabağdan xəbər var | çapa göndər

Xatirə Əziz: “Əsgərlər qarşısında çıxış etdiyim gün, ömrümün ən gözəl günüdü”



“Hər birimizin ürəyində Vətən sevgisi, Vətən məhəbbəti olmalıdı”


Yaşadığımız bu dünyada hər insanın öz ömür yolu, öz taleyi var. Hər bir insan elə ömür yaşamaq istəyir ki, onun yaşadığı ömür başqalarına nümunə ola bilsin. Elə bugünki müsahibimiz də öz ömrünü ləyaqətlə yaşayan insnlardan biridir. Beləliklə, qonağımız ürəyi Vətən sevgisi ilə, Vətən məhəbbəti ilə döyünən, kövrək ürəkli, şair-publisist Rəhimli Xatirə Əziz qızıdır.

Xatirə Əziz – Azərbaycan Yazıçılar Birliyinin üzvi, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, “QafqazPRESS.az” İnformasiya Agentliyinin və “Qafqaztv.az” Xəbər Saytının rəhbəri, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist, haqqında daha gözəl sözlər deyilə biləcək vətəndaş, Vətən sevgili insan…

Nəhayət, bu gün Xatirə Əzizin ömür kitabını varaqlayacağıq. Eləcə də, Vətəncanlı bu xanımın keçdiyi ömür yoluna az da olsa, nəzər salacağıq. Xatirə Əzizə ilk olaraq ənənəvi sualla müraciət etdik.


– Öncə sizinlə yaxından tanış olaq…

– Rəhimli Xatirə Əziz qızı ulu Şirvan torpağında – Ağsuda dünyaya göz açmışam. Ağsu şəhərindəki 2 nömrəli orta məktəbi bitirmişəm. 1982-ci ildə Bakı Neft Texnikumunun “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” fakültəsinə daxil olub, 1985-ci ildə həmin texnikumu bitirərək Texnik-geoloq ixtisasına yiyələnmişəm.
2000-ci il yanvarın 24-də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Azərbaycan Respublikası Komitəsinin Mədəniyyət İşçiləri Evinin nəzdində fəaliyyət göstərən “Jurnalistika kursu”na daxil olmuş, 2000-ci il iyulun 20-də həmin kursu əla qiymətlərlə tam bitirərək jurnalist ixtisasına sahib olmuşam.
Sonra isə 2002-ci ildə Azərbaycan Beynəlxalq universitetinin jurnalistika fakültəsinə daxil olub, 2007-ci ildə təhsilimi bitirərək “Jurnalistika” ixtisasına yiyələnmişəm. Hal-hazırda isə Bakı Slavyan universitetində “Yaradıcılıq” fakültəsində təhsil alıram. Azərbaycan Respublikasının Milli Məclisində 10 ilə yaxın parlament jurnalisti kimi fəaliyyət göstərmişəm. 100-dən çox dövri mətbuatda bir çox sahələri əhatə edən məqalələrim, oçerklərm, eləcə də, siyasi, publisistik və bir neçə elmi yazılarım dərc olunub. Ayrı-ayrı qəzet və jurnallarda Vətənpərvərlik mövzusunda bir çox məqalələrim və oçerklərim işıq üzü görüb.
Şair-publisist kimi qələmə aldığım şeirlər Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ədəbiyyat” qəzetində, “Ulduz” və “Azərbaycan” jurnallarında, digər qəzet və dərgilərdə çap olunub. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının Sədr müaviniyəm. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bura Vətəndi” Məclisinin üzviyəm. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzviyəm. 2002-cil il fevralın 12-dən isə Azərbaycan Yazıçılar Birliyinin üzviyəm. 2000 ci ildə Azərbaycan Jurnalist Həmkarları İttifaqı (AzərKİVİHİ) tərəfindən Fəxri-Fərman ilə təltif edilmişəm. 2007-ci ildən Azərbaycan Jurnalist Həmkarları İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə Məhsəti Gəncəvi Mükafatı laureatıyam, 2010 cu ildən isə Xan Qızı Natəvan Mükafatı laureatıyam. 2011-ci ildə “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin “Ana Yurd” fəxri diplomu ilə, eləcə də, 2011-ci ildə Azərbaycan Jurnalistikasındakı layiqli fəaliyyətimə görə “Kitab Evi” İctimai Birliyinin “Vətən Naminə” diplomu ilə təltif edilmişəm.
16 aprel 2014-cü ildə Azərbaycan Jurnalist Həmkarları İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə ”Qızıl Qələm” Media Mükafatına layiq görülmüşəm. 2014-ci il mayın 25-də isə Hərbi-Vətənpərvərlik mövzusunda silsilə məqalələrimə görə Azərbaycan Jurnalistlər Birliyinin diplomu ilə təltif olunmuşam. “Məhsəti” Şairlər Məclisi İctimai Birliyi tərəfindən Hərbi-Vətənpərvərlik mövzusunda qələmə aldığım yazılarıma görə, şəhid Qaratel adına Fəxri Diplomla təltif edilmişəm. “Araz” Ali Ədəbi Media Mükafatına layiq görülmüşəm. Eləcə də, bir çox Fəxri-Fərmanla mükafatlandırılmışam.

-Neçə ildir ki, jurnalistikada çalışırsınız?

– Əslində, bir çox yazılarımı orta məktəb illərində qələmə almışam. 15 ildən çoxdur ki, peşəkar jurnalist kimi fəaliyyət göstərirəm. Onu da qeyd edim ki, jurnalistikaya bu sahəni sevərək gəlmişəm. Hələ orta məktəbdə oxuyanda ictimai işlərdə fəal iştirak edən şagirdlərdən olmuşam. Məktəbdə keçirilən bir çox verilişlərə aparıcılıq etmişəm. Həmçinin, bədii qiraətlə məşğul olmuşam.

– Bu sahədə gördüyünüz işlər sizi qane edirmi?

– Mənim düşüncəmə görə, hər bir insan çalışdığı sahədə nə qədər çox iş görərsə, yenə də azdır. Yazıçı da, şair də, jurnalist də ömrü boyu çalışmalıdır ki, Vətəni üçün daha çox iş görsün.

– Daha nələr etmək istəyirsiniz ki, ona imkanınız çatmır?


– Əlbəttə, hər bir insanın arzusu çoxdur, tükənməzdir. Söz yox ki, mənim də bir çox arzularım var. Məlum Qarabağ hadisələri ilə bağlı 1 milyondan çox soydaşlarımız doğma ata-baba torpaqlarından didərgin düşüblər. 20 ildən çoxdur ki, Azərbaycanın 20 faizdən çox torpağı düşmən tapdağında qan ağlayır. Düyünə düşən bu problemin tezliklə həll olunmasını istəyirəm. Çox təəssüf edirəm ki, taleyüklü bu problem neçə illərdir ki, öz həllini tapa bilmir. Amma ümid edək ki, bu bu problem yaxın vaxtda öz həll yollarını tapacaq.

– Qarabağ hadisələrindən söz düşmüşkən, qeyd edim ki, şair-jurnalist kimi tez-tez cəbhə bölgələrinə səfər edirsiniz, hərbi hissələrdə olursunuz, əsgərlərlə görüşlər keçirirsiniz. Bu haqda nə deyərsiniz?

– Bəli çox düzgün vurğulayırsınız. Şair-publisist kimi tez-tez cəbhə bölgələrinə səfər edirəm, hərbi hissələrdə görüşlər keçirirəm. Səfər çərçivəsində ana Vətənimizin keşiyini çəkən, torpaqlarımızı düşməndən qoruyan igid və mərd ürəkli əsgərlərlə görüşürəm, vətənpərvərlik mövzusunda qələmə aldığım şeirlərlə Vətəncanlı əsgər oğulların qarşısında çıxış edirəm. Ölkəmiz müharibə şəraitində yaşayır. Bu baxımdan da Vətəni qoruyan əsgərlərlə belə görüşlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki səngərdə düşmənlə üz-üzə dayanan əsgərlərdə Vətənpərvərlik ruhunu yüksəltmək lazımdır. Eeləcə də,cəbhə bölgələrinə etdiyim səfərlər zamanı qaçqın və məcburi köçkünlər üçün tikilmiş şəhərçiklərdə məskunlaşan qaçqın və köçkün ailələrlə, Qarabağ Müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşlər keçirirəm. Səfər təəssüratlarımla bağlı yazılar qələmə alıram və həmin yazılar dövri mətbuatda işıq üzü görür.
Bir müddətdir ki,“Cəbhə həqiqətləri” adlı kitab üzərində işləyirəm. Bu kitabın hazırlanıb başa çatması məndən asılı olmayan səbəblərə görə hələ ki, yubanır. Qismət olsa, bu kitabı yaxın vaxtda yazıb başa çatdıracağam. Görək də, sağlıq olsun. Bir məsələni vurğulayım, nə qədər ki bu həyatda varam, Vətənimiz Azərbaycanı qoruyan, torpaqlarımızın keşiyini çəkən cəsarətli, qorxmaz və qəhrəman əsgərlərimizi ziyarət edəcəyəm. Təki VƏTƏN sağ olsun!

– Şair Xatirə Əzizin əsgərlərlə hər görüşü bir hadisədir…


– Ramilə xanım, tamamilə doğru buyurursunuz. Əsgərlərlə olan hər görüşüm xoş xatirələrlə yadda qalır. Şair üçün Vətəni düşməndən qoruyan igid əsgərlərin qarşısında çıxış etməkdən gözəl nə ola bilər axı?! Ana Vətənimizin və üçrəngli bayrağımızın keşiyini çəkən qorxubilməz, dəyanətli, vüqarlı və igid əsgərlərimizin qarşısında çıxış etmək şair ömrümün ən gözəl günüdür. Şairin zabit və əsgərlərin önündə çıxış etməsi, vətənpərvərlik mövzusunda şeirlər söyləməsi həqiqətən çox gözəldi. Şair üçün bundan gözəl gün olarmı?! Əsgərlərlə keçirilən görüşlərdə çox kövrəlirəm, hətta gözlərimdən sevnc dolu göz yaşları süzülür. İnsanı duyğulandıran o heyrətamiz hissləri söyləmək çox çətindi. O gözəl hissi hər bir insan gərək özü yaşasın…

– Vətənpərvərlik mövzusunda şeirləriniz varmı?

– Əlbəttə, var. Vətənpərvərlik mövzusunda bir çox şeirlər və bir neçə irihəcmli poema qələmə almışam. Amma çox təəssüf olsun ki, bu əsərlərim hələ də kitab şəkilində çap olunmayıb, baxmayaraq ki, bu əsərlər hal-hazırda çap olunacağı günü gözləyir.
Müharibə şəraitində yaşayan ölkədə vətənpərvərlik mövzusunda yazılan əsərlərə çox böyük ehtiyac duyulur. Cəbhə bölgələrində əsgərlərlə olan görüşlərimdə bu poemaların ayrı-ayrı hissələrindən şeir parçaları söyləyirəm və bu şeirlər əsgərlər tərəfindən alqışlarla qarşılanır. Vətənpərvərlik mövzusunda qələmə aldığım şeirlərlə bərabər, digər mövzuları əhatə edən şeirlərimdən də söyləyərək əsgərlərin qarşısında çıxış edirəm.

-Deyirsiniz ki, bu əsərləri neçə ildirdir qələmə almısınız, amma əsərləriniz kitab şəklində çap olunmayıb. Buna səbəb nədir? Bu kimi əsərlərin çap olunmasına çox böyük ehtiyac var axı.

– Çox düzgün söyləyirsiniz. Müharibə şəraitində yaşadığımız üçün vətənpərvərlik mövzusunda yazılan əsərlər çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, məndən asılı olmayan səbəblərə görə,hələ də, bu əsərlərin kitab şəklində işıq üzü görməsi öz əksini tapa bilmir. Bütün bunlara səbəb isə maliyyə çatışmazlığıdır. Amma hər şeydən öncə VƏTƏN olmalıdır axı! Hər bir azərbaycanlı ana Vətəni üçün daha çox iş görməlidir. Zəhmətə qatlaşıb əziyyət çəkərək vətənpərvərlik mövzusunda sanballı və irihəcmli əsərlər yazmışam. Bu əsərləri yazanda gözlərimin nuru azalıb, ürəyimin odu gedib. Çox heyif ki, bu qədər əziyyətimə baxmayaraq, bu dəyərli əsərlər hələ ki çap olunmur və işıq üzü görə bilmir.
“Haydı igidlər irəli!” poemasını və “Xocalı dərdi-Xocalı ağrısı” əsərini yazanda o qədər ürək ağrısı keçirtmişəm ki… Təəssüflər olsun ki, min bir əzab-əziyyətlə qələmə aldığım Vətənpərvərlik mövzusundakı əsərlərim hələ də işıq üzünə həsrət qalıb. Onu da deyim ki, bu əsərlərə görkəmli ədəbiyyatşünas alimlər və dəyərli ziyalılar ön söz yazıb. Halbuki, müharbə şəraitində yaşayan ölkədə bu kimi əsərlərə çox böyük təlabat və ehtiyac var.

– Bu səfərlər zamanı siz əsgərlərdən nə alırsız və onlar sizdən nə ala bilir? Yəni, bu görüşlərinizdə əsgərlərdə vətənpərvərlik ruhunu aşılaya bilirsinizmi?


– Ümumiyyətlə, Vətəni qoruyan əsgərlərlə keçirilən görüşlər əsgərlərdə çox böyük vətənpərvərlik ruhu aşılayır. Torpaqlarımızın keşiyini çəkən qəhrəman və mərd ürəkli əsgərlərimizlə hər bir görüşüm çox gözəl keçir. Bunu əsgərlərin üzündəki və gözlərindəki təbəssümdən hiss edirəm. Belə bir deyim var: İnsan beşikdən qəbir evinə kimi öyrənir. Əslində isə hər bir kəs Vətənin gecə-gündüz keşiyini çəkən Vətəncanlı əsgərlərdən Vətəni sevməyi öyrənir.
Qarbağ Müharibəsində Azərbaycanın yüzlərlə igid oğulları Vətənə olan sevgisinə, Vətənə olan məhəbbətinə görə, Ana Vətən uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalıblar! Bax, budur, Vətənə olan sevgi, Vətənə olan məhəbbət.
Uca Tanrı qorusun Vətənimizi, torpaqlarımızı düşməndən gecə-gündüz göz-bəbəyi kimi qoruyan cəsarətli, hünərli, Vətəncanlı zabit və əsgərlərimizi!
Səmavi Kitabda belə bir kəlam var: VƏTƏNİ SEVMƏK İMANNANDI!

– Şair-jurnalist Xatirə Əziz üçün VƏTƏN nə deməkdir?

– VƏTƏN mənim ANAmdı! Çünki ANA VƏTƏNimin köksünə sığınmışam. 8 ildir atam, 4 ildir anam HAQQ dünyasına qovuşub. Vətən adlı ana yurdum, Azərbaycan adlı müstəqil məmləkətim var!
Şair-jurnalist kimi də, vətəndaş kimi də çalışıram ki, bütün ömrüm boyu ANA dediyim Vətənim üçün daha çox xeyirli işlər görüm.

– Vətən üçün daha nə etmək istərdiz və Vətəni siz necə görmək istəyərdiniz?

– Həm ziyalı kimi, həm vətəndaş kimi, həm də şair kimi Vətənim üçün hələ çox işlər görmək istəyirəm. Ana dediyimiz Vətən üçün nə qədər böyük işlər görsək, yenə də azdır. Vətənimizin yüksək rifahı naminə əlimizdən gələn və bacardığımız hər bir işi gərək əsirgəməyək. Axı Vətən anamızdı! Bunu hər birmiz dərk etməliyik. Vətənimə canım fəda!
Düşmən tapdağında bağrı qana dönən torpaqlarımızın, əsarətdə inildəyən yurd yerlərimizin işğaldan tezliklə azad olunmasını istəyirəm. Doğma ata-baba torpaqlarından didərgin düşən vətəndşlarımız öz yurd-yuvalarına, el-obalarına qayıda bilsinlər. Əsirlikdə olan Azərbaycan vətəndaşları düşmən əsarətindən qurtulub isti ocaqlarına və doğmalarına qovuşsunlar. Vətənimizdə hər zaman sülh olsun! XALQımız, MİLLƏTimiz gözəl və xoş ömür yaşasınlar. Vətənimiz Azərbaycan gündən-günə çiçəklənsin! Ən böyük arzum həyatda budur! Azərbaycanın QARABAĞ adlı cənnət diyarını və dilbər guşəsi olan QARABAĞ torpaqlarını azad, firavan görmək istəyirəm!

– Kimlər Vətəni sevə bilməz sizcə?

– Ürəyində Vətən sevgisi, Vətən məhəbbəti olmayan insan Vətəni sevə bilməz…

– Bəs Vətəni sevənlər necə, layiqincə dəyər alırmı?


– Mənə görə Vətən sevgisi çox böyük sevgidir. Vətəni, məgər dəyər almaq üçünmü sevmək lazımdır? Vətən sevgisi, Vətən məhəbbəti hər bir insanın ürəyində olsun gərək! Kiməsə nəyisə məcbur sevdirmək olmaz axı… Necə ki, ANAmız bizə qiymətlidir, VƏTƏNimiz də o yüksək dəyərdə bizim üçün qiymətli olmalıdır!

– Bəlkə bu hissdən nəsə ummaq lazım deyil…

-Bu sualın cavabını bundan əvvəlki sualınızda cavablandırdım artıq. Bir daha təkrar edirəm, Vətəndən nəsə ummaq olmaz. Hər bir vətəndaş öz Vətəni üçün daha böyük və daha dəyərli işlər görməlidir. Düşünürəm ki, bu, Vətən qarşısında hər bir vətəndaşın borcu olmalıdır.

– Əgər lazım deyilsə, bəs Vətən onu sevənlərlə sevməyənləri necə fərqləndirə bilər?

– Bu kimi sualları zaman özü cavablandırır. Yetər ki, hər birimiz Vətəni sevək və hər birimizin ürəyində Vətən sevgisi olsun, Vətən məhəbbəti yaşasın! Bu sualın cavabı birmənalı olaraq belədir.

– Ürəyinizcə olan sualları ünvanlaya bildimmi sizə?

-Bəli, demək olar ki, gözlədiyim bir çox sualları ünvanladız. Fikrimcə, sualların çoxu vətənpərvərlik mövzusunu əhatə etdi. Bu baxımdan da müsahibə başdan-başa vərtənpərvərlik mövzusunda alındı. Məncə, bu müsahibədə əsasən vətənpərvərlk mövzusunda daha geniş və daha ətraflı söhbət edə bildik.

– Söhbətimizin sonuna yaxınlaşırıq. Bəlkə ürəyinizdə hansısa sual qaldı ki, o sualı sizə vermədim. Sizcə, belə bir sual oldumu?

-Əlbəttə oldu, yəqin ki, növbəti görüşlərimizdə mənim gözlədiyim, amma bu gün mənə ünvanlamadığınız suallar da olacaq. Gözlədiyim o qədər suallar qaldı ki… Təki sağlıq olsun!

– Əhatəli müsahibəyə görə təşəkkürlər və qismət olsa bu ilin may ayında ad gününüz ərəfəsində sizinlə bir daha görüşəcəyik.

P.S. Aqillər gözəl deyib: Aslanın erkəyi, dişisi olmaz! Ana Vətənimizin Vətəncanlı şair qızı Xatirə Əziz! Vətən sevgisi, Vətən məhəbbəti sevgi dolu o kövrək ürəyinizdən heç vaxt, heç zaman tükənməsin! Ürəyiniz Vətən sevgisi ilə, Vətən məhəbbəti ilə döyünsün, yurdumuzun Vətənpərvər qızı!

Ramilə QARDAŞXANQIZI


Xəbəri paylaş

1 8148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___