Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aldana bilərsiz: İpoteka krediti alan zaman bu şərtə DİQQƏT
Tarix: 25-04-2016 | Saat: 22:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

  Aldana bilərsiz: İpoteka krediti alan zaman bu şərtə DİQQƏT

Publika.az-ın “Hüquq məsləhətxanası” rubrikasının budəfəki yazısında ipoteka müqaviləsindəki şərtlərlə razılaşmayanda yarana biləcək problemlərə, alimenti ödəməyən həyat yoldaşı ilə bağlı hara və necə müraciət edilməsi barədə suallara cavab öyrənəcəyik.

Həmişəki kimi, bu dəfə də Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov bu məsələlərlə bağlı oxucuların bizə ünvanlandığı sualları cavablandırıb.

Sual 1.
Bakıdan Yusif Ağayev: Bankdan kredit götürmüşəm, əvəzində özümə məxsus evi ipoteka qoymuşam. İpoteka müqaviləsində həm ipoteka qoyduğum evə, eləcə də öz həyatıma dair sığorta müqavilələrinin bağlanmalı olması barədə şərt var. İpoteka müqaviləsində belə bir şərtin olması düzgündürmü? Mən sözügedən sığorta müqavilələrini bağlamasam, hansı problemlə qarşılaşa bilərəm?

Cavab:
İpoteka müqaviləsində ipoteka predmetinin məhv olma və zədələnmə riskinin və ipoteka qoyanın həyatının və əmək qabiliyyətinin itirilməsi riskinin sığortalanması barədə şərt nəzərdə tutula bilər. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü (“Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.”) və “İpoteka haqqında” qanunun 27.1-ci (“İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə, həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərti ilə sığorta etdirməlidir”.) maddələrinə uyğundur.

İpoteka predmetini sığortalamaq vəzifəsini icra etməsəniz, o zaman “İpoteka haqqında” qanunun 27.3-cü maddəsindəki neqativ nəticə ilə qarşılaşa bilərsiniz. Başqa sözlə, bank (ipoteka saxlayan) əsas öhdəliyin (kredit müqaviləsi üzrə borcun) vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, bank tutmanı ipoteka predmetinə yönəldə bilər.

Sual 2.
Neftçaladan Aytən Əliyeva: Boşanandan sonra keçmiş həyat yoldaşımla, notariusda uşağın saxlanmasına görə aliment vermək üçün müqavilə bağladıq. Keçmiş həyat yoldaşım bir müddət aliment ödəsə də, hazırda bir neçə aydır ödəmək istəmir. Bu halda, mən nə etməliyəm?

Cavab:
Azərbaycan Respublikası Ali Məcəlləsinin 94.3-cü maddəsinə görə, aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

Həmin Məcəllənin 95.3-cü maddəsinə görə, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. “İcra haqqında” qanunun 6.1.3-cü maddəsinə görə, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş saziş icra sənədi sayılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

Göründüyü kimi, siz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq (keçmiş ərinizin yaşadığı yer, yaxud onun iş yeri və ya onun əmlakının olduğu yer üzrə) rayon icra şöbəsinə müraciət etməklə alimentin ödənilməsinin məcburi qaydada təmin olunmasını tələb edə bilərsiniz.


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
30-10-2015, 12:43 Neftin son qiymətləri

bütün xəbərlər
____ Instagram ___