Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Boyun ağrıları nələrdən xəbər verir? - DİQQƏT!
Tarix: 31-03-2016 | Saat: 20:56
Bölmə:Karusel / Səhiyyə / Foto-fakt | çapa göndər

Boyun ağrıları nələrdən xəbər verir? - DİQQƏT!
“Passiv həyat tərzi, normadan çox fiziki yüklənmə, kəskin hərəkətlərin edilməsi boyunda problemlər yaradır”

“Boyunda olan disk yırtıqları bütün bədəndə keylik, hissi pozğunluqlar yarada, hətta yerişi poza bilər”

“Kəskin idman hərəkətlərinin olunmasına ehtiyac yoxdur”


“Son zamanlar onurğanın boyun hissəsində olan ağrılardan şikayətlər üstünlük təşkil edir. Ümumiyyətlə, boyun nahiyəsində olan ağrılara bel-oma nahiyəsində olan narahatlıqlardan sonra daha çox rast gəlinir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında neyrocərrah, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Cəmil İsgəndərov deyib.

Neyrocərrah bildirib ki, həyatı boyunca heç olmasa bir dəfə boyun ağrısından şikayət etməyən insan demək olar ki, yoxdur: “Boyun nahiyəsində olan ağrılar bir çox səbəblərdən qaynaqlana bilər. Bunlar boyundakı əzələ sistemi, bağ aparatı, onurğa sisteminin problemləri, boyun ətrafında yerləşən orqanların patologiyalarıdır.
Boyun ağrılarının təxminən 10-15 faizi onurğa sistemindəki fəqərələr arasında olan disk patologiyaları ilə bağlı olur. Disk patologiyaları ilə yanaşı boyun ağrıları onurğa sistemində olan başqa problemlərdən, sümüklərdə olan destruktiv problemlərdən də qaynaqlana bilər. El arasında “duzlaşma” kimi təqdim olunan osteoxondroz xəstəliyi zamanı da boyunda ağrıların ortaya çıxması mümkündür”.

Mütəxəssis vurğulayıb ki, boyun ağrısının müalicə taktikasını müəyyənləşdirmək üçün ilk növbədə ağrının hansı səbəbdən qaynaqlandığını bilmək vacibdir:

“Son dövrlər bizə boyun ağrıları ilə müraciət edən xəstələr çoxdur. Bu, əsasən onurğa sistemində olan problemlərlə bağlı olur. İnsanların daha çox passiv həyat tərzi keçirməyə meylli olmaları, normadan çox fiziki yüklənmələr, o cümlədən bədən çəkisinin artıq olması, kəskin hərəkətlərin edilməsi onurğada total problemlərin, eləcə də boyunda narahatlıqların yaranması riskini artırıb.

Bundan əlavə, son dövrlər müayinə metodlarının inkişafı, boyun patologiyalarına həkim yanaşmalarının daha da təkmilləşməsi nəticəsində də əvvəllər aşkarlana bilməyən, “boyun duzlaşması” adı altında birləşdirilən problemlərin daha da differensiasya olunmuş halda aşkarlanmasına gətirib çıxarıb. Yəni mən problemlərə geniş rast gəlinməsini həm də müayinə metodların təkmilləşməsi, həkimlərin savadlarının artması ilə əlaqələndirərdim”.

C. İsgəndəov onu da deyib ki, boyun fəqərələri arasında disk yırtıqlarına əksər hallarda 35-50 yaşlar arasında təsadüf olunur. Bu isə həmin dövrdə problemi yaradan faktorların üstünlük təşkil etməsi ilə bağlı olur.

Onun sözlərinə görə, onurğanın boyun fəqərələri arasında yırtıqlar çox az hallarda tam sağlam disklərdə yaranır. Əksər hallarda bu problem disklərdə gedən uzunmüddətli degenerativ dəyişikliklər nəticəsində ortaya çıxır: “Yəni diskin divarlarının elastikliyi itir, disklər üzərlərinə düşən yükü daşıya bilmədikləri üçün yırtılır. Cavan və yaşlı insanlarda bu problemlərin yaranma səbəbləri bir qədər fərqlənir. Adətən cavan yaşlarda bu problemlər insanın öyrəşmədiyi işləri görməsi, kəskin hərəkətlərin görülməsi nəticəsində yaranır. Yaşlı insanlarda isə daha çox uzunmüddətli degenerativ proseslərin nəticəsində ortaya çıxır”.

Bu problemlər bağlı risk qrupuna ilk növbədə passiv həyat tərzi keçirən insanları aid edən həkim deyib ki, daimi olaraq eyni vəziyyətdə oturan, duran insanlar haqqında da eyni fikirləri demək olar: “Məsələn, uzun zaman kompüter arxasında eyni vəziyyətdə əyləşən, boynunu eyni vəziyyətdə fiksə edən insanlar, mətbuat işçiləri, cərrahlar da bur sıraya aiddirlər. Onlarda bu patologiyalara daha çox təsadüf olunur. Eyni vəziyyətdə qalan boyun fəqərələri həddən artıq yüklənir və sonda yırtıqlar yaranır”.

Risklərdən nisbətən uzaq olmaq üçün nələri etmək vacibdir? Mütəxəssis bu suala cavab olaraq bildirib ki, onurğanın bağ aparatı, əzələ sistemi üzərinə yük düşdüyü üçün onları möhkəmləndirən idman hərəkətləri ilə daim məşğul olmaq zəruridir: “Biz bunları etməklə müəyyən dərəcədə problemin qarşısını ala bilərik. Əzələləri inkişaf etdirməklə onurğa üzərinə düşən yükü azaltmaq və disk yırtıqlarının qarşısını almaq mümkündür.

Təbii ki, bununla bağlı kəskin idman hərəkətlərinin olunmasına ehtiyac yoxdur.
Onurğanı gücə salmayan müxtəlif boyun hərəkətləri etmək vacibdir. Məsələn, onurğanı sağa-sola döndərmək olar. Amma daha yaxşı olar ki, mütəmadi olaraq su idmanı ilə məşğul olunsun. Su idmanı təkcə boyunun deyil, bütünlükdə onurğa əzələlərinin möhkəmlənməsinə, inkişafına səbəb olar.

Hovuzda üzmək, gimnastika hərəkətləri, rəqslər onurğa üçün ən yaxşı idman hərəkətləri sayılır. Bütün bunlar dolayı yolla disk yırtıqlarının qarşısını alır. Daimi idmanla məşğul olmayan insanların isə birdən-birə kəskin idman hərəkətləri etmələri məsləhət deyil və yırtıqların əmələ gəlməsinə şərait yarada bilir.

Həmçinin biz boyun bölgəsinin kortəbii masaj olunmasının əleyhinəyik. Müalicəvi masaj lazımdır. Müalicəsi masajın üstünlüyü var. Masaj əzələlərdə olan yorğunluğu aradan qaldıran, bununla da onurğanın yüklənməsinin nisbətən azaltmaq üçün istifadə olunan müalicə taktikasıdır. Müalicəvi masaj profilaktika məqsədi ilə istifadə oluna bilər”.

Neyrocərrah qeyd edib ki, boyun nahiyəsində disk yırtıqları olan xəstələr həkimə adətən yuxarı ətraflarda yayılan ağrılarla bağlı müraciət edirlər: “Yırtığın sağda və ya solda olmasından asılı olaraq o hissəyə ağrı yayılır. Təbii ki, yırtığın mərhələsi də önəmlidir və ondan asılı olaraq yuxarı ətraflarda keyimə, əzələ zəifliyi yarana bilər. Gecikmiş hallarda isə boyun yırtıqları təkcə qollarda, əllərdə deyil, bütünlükdə bədəndə əzələ zəifliyinin yaranmasına səbəb olur. Yırtıqların birinci mərhələsində boyunda ağrı sindromu olur, ikinci mərhələdə sıxılmış sinir sindromu yaranır və sinir boyunca ağrılar, keyimə hissiyyatı olur. Bu mərhələlərdə müvafiq müalicə taktikası seçilmirsə, müalicə prosesi getmirsə ən ağır olan vəziyyət - üçüncü mərhələ yaranır. Bu zaman nəinki sinir kökcüyü sıxılır, hətta onurğa beyni sıxılmış olur ki, bu da geriyə dönməyən proseslərə səbəb olur. Üçüncü mərhələdə artıq xəstənin bütün ətraflarında hərəki zəiflik yaranır, tədricən yeriş pozulur, yırtıqdan aşağı olan hissədə bütünlükdə keylik, hissi pozğunluqlar yaranır.

Xəstə həkimə nə qədər tez müraciət edərsə, problemin aradan qaldırılması bir o qədər asan olur. Əksər hallarda insanla bizə ağrı, keylik mərhələlərində müraciət edirlər. Çox az hallarda ən ağır məqamlarda müraciətlər edilir.

Bütün dünyada qəbul olunan qaydalar belədir ki, əgər disk yırtıqları ilə bağlı ağrılar yenicə yaranıbsa, dərman təyinatları, fizioterapevtik proseduralarla problemi aradan qaldırmağa çalışmaq lazımdır. Əgər ağrı bütün bunlara rəğmən uzun müddət davam edirsə (onu da deyim ki, boyun yırtıqları ilə bağlı bu müddət üç aydır), bundan sonra problemi cərrahi yolla aradan qaldırmaq lazım gəlir. Problem ikinci və üçüncü dərəcədə olan hallarda isə bir çox hallarda cərrahi metodlara müraciət olunur”.

Neyrocərrah onu da deyib ki, disk yırtığının ölçüsü yox, harada yerləşməsi önəmlidir: “Müasir tibdə yırtığın ölçüsü anlayışı yoxdur. Çox kiçik ölçü belə bəzən əməliyyata göstəriş sayılır. Əsas əlamətdir. Ölçü nisbi anlayışdır”.

C.İsgəndərov vurğulayıb ki, onurğada olan istənilən patologiyaları aşkara çıxarmaq, onların diaqnostikası üçün ən düzgün və əvəzolunmaz müayinə Maqnit Rezonans Tomoqrafiya müayinəsidir: “Digər müayinələr böyük əhəmiyyət kəsb etmir”.


Xəbəri paylaş

8468 dəfə oxunub.

Digər xəbərlər
8-03-2022, 15:01 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___