Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTO\VİDEO
Tarix: 04-03-2016 | Saat: 21:15
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO


"Xəbəraz.az " Publika.az-a istinadən bildirir ki, Sosial şəbəkələrdə, xarici mətbuatda Türkiyədə, Bolqarıstanda keçirilən qeyri-adi xeyriyyə aksiyaları, o cümlədən, pulsuz geyim mağazalarının açılması barədə xəbərləri oxuyanda, ağlımıza da gəlməzdi ki, bir gün bizim sahibkarlar da ehtiyacı olan insanlar üçün belə tədbirlər təşkil edəcək. Elə bu səbəbdəndir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi sakini, iş adamı Hacıağa Hüseynov tərəfindən “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” şüarı ilə fəaliyyətə başlayan pulsuz geyim mağazasına hər gün yüzlərlə insan üz tutur.
Publika.az-ın əməkdaşı da xeyriyyə məqsədilə fəaliyyət göstərən mağazaya baş çəkib, aksiyanın təşkilatçıları, burdan paltar alan sakinlərlə söhbətləşib.

Pulsuz mebel, qab-qacaq da paylanacaq...

Hacıağa Hüseynovun oğlu Agaəli Hüseynzadə bildirdi ki, mağazanın açılması təşəbbüsünü ilk öncə dostları irəli sürüb: “Biz də həmin ideyanı dəstəklədik. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as” şüarı Türkiyədəki xeyriyyə aksiyalarından sitatdır. Mağazanın açılmasına icazə üçün Xəzər Rayon İcra Hakimiyyətinə, habelə digər qurumlara müraciət edərək rəsmi icazə aldıq. Əslində, bundan da əvvəl müxtəlif xeyriyyə aksiyaları keçirmişik. Bu tədbirlər əsasən məscidlərdə baş tutub və indiki kimi geniş həcmli olmayıb. Ehtiyacı olanlar məscidlərə gəlib pulsuz geyim, ərzaq aparırdılar. Belə bir aksiyanın həyata keçirilməsi ideyası da elə o vaxt ağlımıza gəldi”.

Onun sözlərinə görə, humanist aksiya gözlənildiyindən də çox maraq cəlb edib: ”Hər gün yüzlərlə insan mağazadan pulsuz geyim aparır. Ehtiyacı olanların burdan evlərinə sevincək qayıtmaları bizim üçün ən böyük hədiyyədir. Xüsusən 3-5 yaşlı uşaqların bəyəndikləri paltarları geymələri, oyuncaqları əllərinə alarkən sevincləri hər birimizə fərəh bəxş edir. Hər gün saat 14-dən 17-dək ehtiyacı olan insanlara pulsuz geyimlər paylayırıq. Axşam saat 21-dən sonra yenidən bura qayıdıb qəbul etdiyimiz paltarları dəstləşdirir, vitrinlərə düzür, sabahkı günə hazırlaşırıq”.

Müsahibim gələcək planlarından da danışdı: “Bu cür aksiyaların həcmini bir qədər də böyütmək, növbəti mərhələdə istifadə olunmuş mebellərin, qab-qacaqların pulsuz paylanması üçün yeni mağaza açmaq istəyirik. Yalnız pulsuz geyim aksiyası ilə kifayətlənməyəcəyik”.

Hər 100 nəfərdən 20-si mağazaya 4-cü dəfə gəlir...

Amma təşkilatçıları narazı salan məqamlar da var. Belə ki, bəziləri bu aksiyadan öz məqsədləri üçün yararlanmağa çalışırlar: “Təəssüf ki, aldatmaq istəyənlər də olur. Elə insanlar var, paltar üçün həftə ərzində 4-5 dəfə müraciət edir. Hamısını tanıyırıq, amma içəri buraxmamaq da olmur. Pulsuz geyimlərin paylanmasından başqa məqsədlər üçün istifadə edənlər çoxdur. Hər 100 nəfərdən 15-20-si aksiyadan başqa məqsədlər üçün istifadə etməyə çalışır.
Tez-tez maraqlı hadisələrlə də qarşılaşırıq. İnsanların izdihamı ən yaddaqalan hadisə oldu. Mağazanın açıldığı ilk günlərdə qapının ağzında 600-a yaxın insan toplaşmışdı. Buna görə də qapını açıb hamını içəri buraxdıq. Cəmi 10 dəqiqə ərzində bütün mağazanı boşaltdılar (gülür).
Bir gün sonra mağazanı bağlayıb, qərara aldıq ki, bu işi planla, qayda ilə həyata keçirək ki, sui-istifadələr olmasın. Geyimlər ancaq ehtiyacı olan insanlara paylansın. Buna görə içəri 5 qadın, 5 kişi qaydası üzrə növbə ilə buraxırıq”.

Həmsöhbətim deyir ki, aksiyaya qoşulanların sayı getdikcə artır: “Üstəlik, mağazaya paltarlar gətirən xeyirxah insanların axını malların sayını artırdı. Aksiyanın sosial şəbəkələrdə yayılmasından sonra pulsuz paltar gətirənlərin sayı çoxaldı.
Mərhəmətli insanlarla yanaşı, paytaxtın ayrı-ayrı yerlərindəki mağazalar da bizə təzə geyimlər göndərmək istədiklərini bildirirlər. Ayrı-ayrı geyim mağazalarının rəhbərləri zəng edib ünvanımızı soruşur, təzə paltarlar göndərirlər. Hətta sahibkarlardan biri bildirdi ki, 70 şalvar, onlarla başqa geyim növləri ayırıb.
Rusiyadan, Almaniyadan, Türkiyədən, İrandan və digər ölkələrdən zəng edib, mağazamıza paltar göndərmək istədiklərini bildirirlər. Biz də paltarların bura çatdırılması planlarını qururuq”.

İndiyədək 5000 paltar paylanıb...

Pulsuz geyim mağazasının açılmasının təşəbbüskarı Şakir Həsənov bildirdi ki, mağazanın xidmətçiləri bu günədək 5000-dən çox pulsuz paltar paylayıblar: “Aztəminatlı ailələrin, maddı sıxıntı içində yaşayanların geyimə olan ehtiyacını ödəmək ideyası bir neçə ay əvvəl ağlıma gəldi. Amma onu həyata keçirmək fevralın 22-də nəsib oldu.
Paltarları ancaq təmiz formada qəbul edirik. Qəbul səhər saatlarından günorta saat 14-dək davam edir. Geyimlər sıralanır, qaydaya salınır, asılqanlardan asılır.
Mağaza günorta saat 12-də açılır və 17-dək fəaliyyət göstərir. Saat 17-dən sonra geyimlərin qəbulu davam edir.
Mağazanın bütün işçiləri könüllülərdir. Burda hamımız xidmətçiyik. Təmənnasız işləyərək maddi ehtiyacı olanlara pulsuz geyim paylayır, yardım edirik. Təkcə axşam 20 xidmətçi qəbul etdiyimiz paltarları qaydaya salır, dəstləşdirir.
Geyimlər axşam saat 21-dən sonra vitrinlərə düzülür. Əslində, hamımız ayrı sahələrdə çalışırıq, hərəmizin ayrıca bir işi, sənəti var. Lakin çalışdığımız yerlərdəki işlərimizi yekunlaşdırdıqdan sonra bura gəlib, könüllü işləyirik”.

Xeyirxah insanlar, imkanlı şəxslər istifadə etmədikləri geyimləri bu dükana yuyub-təmizləyib gətirirlər: “Çirkli, kirli paltarları qəbul etmirik. Mağazamıza paltar gətirənlər arasında Şüvəlan da daxil olmaqla, Bakıətrafı kənd və qəsəbələrin sakinləri üstünlük təşkil edir. Paytaxtın mərkəzindən, hətta rayonlardan da gətirənlər var.
Paltarlar arasında təzələri də var. İmkanlı şəxslər təzə dəri gödəkcələri, donları, köynəkləri, şalvarları mağazamıza təhvil verirlər. Bir nəfər 100 dəst təzə uşaq paltarı gətirib.
(Əli ilə göstərərək) Bu cins şalvarların, papaqların, çantaların hamısı təzədir. Mağaza yenicə fəaliyyətə başlayanda 20 cüt təzə 60-70 manatlıq ayaqqabı –uzunboğaz çəkmə gətirdilər.
Çalışırıq elə işləyək ki, bura üz tutanlar utanmasın, inciməsinlər.
Hər gün 350-400 insana pulsuz geyim paylayırıq. Geyimlər onlara kuponlara əsasən paylanılır. Elə təkcə bu gün saat 16:30-a qədər 280 geyim paylamışıq...”.

Bəziləri paltarları buradan götürür, aparıb satır...

Müsahibim bildirdi ki, yaxın günlərdə mağazada kompüter sistemi tətbiq ediləcək: “Şəxsiyyət vəsiqələrinin seriya nömrələri komüterdə qeydiyyata salındıqdan sonra biləcəyik ki, kim nə vaxt pulsuz geyim alıb. Belə olduqda bəziləri geyimləri təkrar apara bilməyəcəklər. Ona görə də vətəndaşlardan xahiş edirik ki, mağazaya şəxsiyyət vəsiqələri ilə gəlsinlər. Düzdür, paltarların ancaq şəxsiyyət vəsiqələri ilə paylanılması qaydasını hələlik tam tətbiq edə bilmirik. Halbuki bu, geyimlərin paylanmasında sui-istifadə hallarının qarşısının alınmasına yardımçı ola bilər.
Bəziləri paltarları buradan götürür, aparıb satır. Buna görə də bura 3-cü, 4-cü dəfə üz tuturlar. İndi belə hallara göz yumuruq. Düşünürük ki, əgər kimsə paltarları satmaq üçün aparırsa da, ailəsinə çörəkpulu qazanır. Hətta tanıdığımız, heç də ehtiyac içində yaşamayan, ortabab ailələr burdan paltar aparıb, mane olmamışıq. Ancaq gələcəkdə belə olmayacaq”.

Paltarlar insanlara hələlik sıralama nömrələri ilə paylanır: “Mağazanın açılmasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, yaddaqalan hadisələr çox olub. Yenicə fəaliyyətə başlayanda, işi yetərincə bacarmırdıq. Qapıları açırdıq və kim neçə dəst geyim istəyirdisə, aparırdı. (Gülərək) İki-üç gün başımıza oyun açdılar. Adam o qədər çox idi ki, geyimlərin növbə ilə paylanması qaydasını yarada bilmədik. Qapıları açıb, dedik ki, kim nə istəyir götürsün. Eyni vaxtda içəri təxminən 200 adam daxil oldu...”.

Bununla belə təhlükəsizlik tədbirləri üçün polisə də müraciət edilib: “Bəzən görürsən, kimsə hay-küy salır. Bir dəfə hətta çöldə dava da baş verdi. Səbirsiz vətəndaşlardan biri söz-söhbət yaratdı. Allaha şükür, hər şey yaxşı qurtardı...”.

Mağazadan pulsuz geyim alan insanlarla da söhbətləşdik. Üzlərindəki təbəssümdən də görünürdü ki, sevinclidirlər.

Şüvəlan sakini Şəhla Sadıqova bildirdi ki, bu cür aksiyanın təşkili onun ailəsinin maddi tələbatının ödənilməsinə kömək edib: “Həm özüm, həm də qızım üçün qış, yaz paltarları götürdüm. İmkansız ailəyik deyə, geyimlərə pul çatdırmaq olmur. Allah xeyirxah insanların ömrünü uzun eləsin”.

Bura üz tutan yaşlı sakinlərdən biri isə alıcıların içəri buraxılması qaydasının sərtləşdirilməsi təklifini irəli sürdü: “Bu, çox yaxşı təşəbbüsdür. Allah canlarını sağ eləsin, belə mağaza açmaqla böyük savab qazanıblar. Özümçün paltar götürmək istəyirəm. Amma camaatı içəri buraxmaq növbəlilik qaydasıyla olmalıdır. Bəziləri növbə gözləmirlər...”.



“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO
“Buradan götürüb satırlar...” - pulsuz paltar mağazasından REPORTAJ – FOTOVİDEO


Xəbəri paylaş

1 7438 dəfə oxunub.

Digər xəbərlər
23-02-2016, 13:46 Vətən,ox...

bütün xəbərlər
____ Instagram ___