Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR
Tarix: 11-02-2016 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR



“Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir. 2015-ci il Dekabrın 16-da şəhid olan əsgərimiz Cəfərzadə Rəşad Əlyar oğlunun xatirəsinə hazırlanmış reportajı təqdim edirik.

Rəşadın xatirəsi dayısı və xalasının dilindən…

- Rəşadın uşaqlıq illərindən danışaq. Necə və harada keçib?

- 1994-cü ilin oktyabrın 14-də Bakıda olub. Həyatı kimi dünyaya gəlişi də çox çətin oldu. Biz əslən Ağdam rayonundanıq. Rəşadın uşaqlığının bir hissəsi də Ağdamda keçib. Atasıgil Ağdama yaşadı. Həm orada, həm də burada yaşayırdılar. Daha sonra bacısı dünyaya gəldi. Onların valideynləri bir-birlərini uşaqlıqdan seviblər. Sonradan evləndilər, ancaq xoşbəxt ola bilmədilər.

- Bizdə olan məlumata görə Rəşad valideynlərini erkən itirib.

- Bəli. Onun da taleyi belə gətirdi. Rəşadın atası 2009-cu ilin iyununda vəfat etdi. Ağır xəstə idi. Vəfat edənə kimi bacım ona baxırdı. Ancaq xəstəliyi getdikcə şiddətlənirdi. Həmin vaxtda bacımda qəfildən xəstəlik tapıldı. Həkimlər bacıma döş xərçəngi diaqnozu qoydular. Buna baxmayaraq bacım yoldaşına baxırdı. Sonradan o, əməliyyat keçirdi. Həkimlər dedidlər ki, buna ağır yük qaldırmaq olmaz. Elə oldu ki, bacım yatağa düşdü. Vəziyyəti ağırlaşdı. Uşaqları körpə idi. Biz qərara gəldik ki, bacıma özümüz baxaq. Atasını da əmiləri Ağdama apardılar. Atası 2009-cu ildə orada vəfat etdi. Bacımın vəziyyəti o qədər pis idi ki, yoldaşının dəfninə belə gedə bilmədi. Ayaqları tutulmuşdu. Ayağa qalxsaydı sümükləri qırıla bilərdi. Bacım ömrünün sonuna kimi yoldaşının məzarını ziyarət edə bilmədi. Artıq xəstəliyi şiddətlənirdi. 2012-ci ilin yanvarın 20- də vəfat etdi. Həmin vaxtdan qardaşım Mahir uşaqları qəyyumluğa götürdü. Onların qayğısına biz qaldıq. Rəşad həmişə anasının boynunu qucaqlayırdı. O vəfat edəndən sonra, mənim boynumu qucaqlayırdı. Elə bil anasının qoxusunu məndən alırdı.


Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR
- Hərbi xidmətə yollandığı vaxtdan danışaq. Xidmətə hansı əhval-ruhiyyə ilə getdi?

- Rəşadın hərbi xidmətə getməsi bir qədər gecikdi. Çünki həmin vaxt bacısının ailə həyatı qurması məsələsi var idi. Həmçinin Rəşadın məktəblə bağlı işləri. Bacısının toyundan sonra, 2013-cü ilin oktyabrın 23-də dayısının ad günündə hərbi xidmətə getdi. Xidmətini Gəncədə N saylı hərbi hissədə başladı. Andiçmə mərasimindən sonra öz xahişi ilə Tərtərdə kəşfiyyat bölüyündə xidmətə başladı. Soruşdum ki, Rəşad, niyə belə təhlükəli bir sahəyə getdin? Mənə cavab verdi ki, siz çox şeyi bilmirsiz. O uşaqların hörməti çox böyükdür. O, Qarabağı, müharibəni görəndən sonra dedi ki, siz elə bilirsiniz ki, həyat Bakıdadır. Amma səhviniz var. Ölüm də, olum da, həyat da burdadır. O, vətənə və xidmətə çox bağlanmışdı. Xidmətdə də çox məsuliyyətli idi. Bir dəfə komandirinə zəng edib onu soruşmuşduq. Bizimlə telefonda danışanda dedi ki, niyə məni soruşursunuz? Bu başqa əsgərlərin pisinə gələ bilər. Təsəvvür edirsiniz, Rəşad orada ata və anasının olmamasını heç kimə bildirməmişdi.

- Rəşadla axırıncı görüşünüz nə vaxt olmuşdu? Görüşdə sizə nə dedi?

- Onunla sonuncu görüşümüz zamanı hərbi hissədən görüş üçün çıxartmaq istəyirdik. Komandirlərdən xahiş etdik ki, Rəşadı bir neçə saatlıq hərbi hissədən kənara çıxaraq. Amma bu alınmadı. Onunla hərbi hissədə görüşdük. Sonuncu görüşümüz zamanı onun ağlına və fikirlərinə bir daha heyran qaldım. Həmin vaxt mənə dedi ki, dayı, əsgərlik əsl kişilik məktəbidir. Hər kəs də bu məktəbi keçməlidir. Birdən gördüm ki, qolunda bir saat var. Tez-tez həmin saata baxırdı. Həm də uşaqlıqdan saatı çox sevirdi. Soruşdum ki, bu saat nədir? Dedi ki, xidmətdə fərqləndiyim üçün saat və təltifnamə veriblər. Hərbi sirr olduğu üçün o haqda çox danışmaq olmur. Görüşümüz zamanı ona dedim ki, sənin atan və anan yoxdur. Səni arxada gözləyən bir bacın var. Ona görə özünü qoru. Elə bil ürəyimə bu hadisə baş verəcəyi danmışdı.(Red - gözləri dolur)

Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR

Bu arada söhbətə xalası Mahirə xanım qoşulur...

“Mübarizin yolu ilə gedəcəyəm. O, doğru addım atmışdı...”

- Hesab edirəm ki, onu qoruya bilərdik. Amma bacarmadıq. Son görüşdə Rəşad mənə dedi ki, ölmək şərt deyil. İnsan yıxılıb və ya qəzada da ölə bilər. Amma şərt öləndə ad-san qoyub getməkdir. Sonra dedi ki, Mübariz düz etmişdi. Mübarizin yolu ilə gedəcəyəm. O da kəşfiyyatçı idi. Mən də kəşfiyyatçıyam. Biz vətənin çətin günüdə burada olmalıyıq. Həmin vaxt ona bərk əsəbləşdim. Dedim mənim ürəyimi partlatmaq istəyirsən? Cavab verdi ki, “Hər oğulun işi deyil ki, kəşfiyyatçı olmaq və hər qızın da işi deyil ki, kürəyində ölüm yükü daşıyan kəşfiyyatçını sevmək.” Bu sözləri eşidəndə yenə narahatlıq keçirdim. Elə deyirdim ki, niyə belə deyirsən? Axı mən yazıq deyiləm? Cavab verirdi ki, narahat olma.

- Şəhid olduğu gündən danışaq. Rəşad necə və hansı şəraitdə şəhid olub?

- 16 dekabr 2015- ci il tarixdə Ağdamın Sarıcallı kəndi ərazisində qızğın döyüş olub. Hətta kənd sakinləri elə bilib ki, yenidən müharibə başlayıb. Elə dəhşətli döyüş olub. Sakinlər səhərə kimi yatmayıb. Həmin vaxt ermənilər bizim səngərlərimizə hücum etməyə cəhd ediblər. Rəşadgil kəşfiyyatçı olduqları üçün düşmənin üzərinə gedəndə qarşıda gediblər. Düşmənlə şiddətli döyüşdə ermənilər geri çəkilib. Rəşad və əsgər yoldaşı Heydərov geri qayıdarkən ermənilər minaatanlardan atəş açıb. Əsgər yoldaşının dediyinə görə, həmin vaxt Rəşadın səsini eşidib.

Bircə onu deyib ki, burdayam. Ətrafda toz-duman olduğu üçün heç nə görə bilməyib. Bir qədər qarşıya gələndən sonra görüb ki, Rəşad yıxılıb yerə. Bu zaman əsgər Heydərov Rəşadın dilinin qatlandığını görüb. Ancaq yaralandığını görməyib. Onu həmin yerdən çətinliklə çıxarıb, səngərlərə tərəf gətirib. O zaman görüblər ki, minatanın qəlpəsi onun sol qolundan və ayağından şah damarını kəsib. Ancaq o zaman gec olub. Artıq Rəşad canını tapşırıbmış. (Red- göz yaşlarını saxlaya bilmir)


Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR
- Şəhidlik mərtəbəsinə qovuşmazdan əvvəl son sözünü və yaxud vəsiyyətini deyə bilmişdimi?

- Məni yandıran bir məqam var ki, o, yaralı olanda son sözünü deyə bilməyib. Artıq dili qatlanıbmış. Biz onu qoruya bilmədik. (Red- Gözləri dolur)
Ancaq Rəşad şəhid olduğu gün yazmışdı ki, hər şey yaxşı olacaq. Dekabr ayının 12-də yazmışdı ki, son 111 gün! Həmin vaxt ona dedim ki, onsuz da az qalıb. Elə həmişə deyirdi ki, hər şey yaxşı olacaq. Onunla sonuncu telefon danışığında eşitdim ki, nəsə kefsizdir. Soruşdum ki, Rəşad nə olub? Cavab verdi ki, heç nə. Sadəcə olaraq postdan gəlmişəm, yorğunam. Elə həmin günü onunla hamımız danışdıq. Sonra mənim başım işə qarışdı. Rəşadla danışa bilmədim. Gecə saat 12-yə işləmiş telefonuma zəng gəldi. Bərk qorxdum. Dedim görəsən kimdir bu? Uşağa dedim ki, telefona bax, gör kimdir. Uşaq dedi ki, deyəsən səhv düşüblər. Sən demə həmin vaxt o can verirmiş. Onlar istəməyiblər ki, gecə vaxtı bizə məlumat versinlər. Səhər tezdən durub, işə getdim. Ancaq heç bir məlumat yox idi. Səhər işdə feysbuk səhifəmi açdım və Rəşadın səhifəsinə girdim. Gördüm ki, orada bir nəfər Rəşadın adının yanında göz yaşları işarəsi qoyub. Həmin vaxt həyəcandan bilmədim nə edim. Həmin adama yazdım ki, nə olub? Bu nə məsələdir? Üstündən 5 dəqiqə keçmişdir ki, yoldaşımla qardaşım girdi içəri. Həmin vaxt hər ikisi ağlamışdı və gözləri şişmişdi. O dövrdə böyük qardaşım xəstə idi. Elə bildim ki, ona nəsə olub. Rəşad heç ağlıma belə gəlmirdi. Bircə onu dedim ki, mənə Rəşaddan heç nə deməyin. Çünki, o mənim ən ağrılı yerim idi. Öz övladlarımı heç onun qədər sevmədim. O dünyaya gələndən onu oğul götürmüşdüm. Anası öləndən sonra onu mənə tapşırdı. Amma onu qoruya bilmədim. (Red- göz yaşlarını saxlaya bilmir) Onun sirdaşı mən edim. Sonuncu məzuniyyət günü də bütün gecəni mənimlə qaldı. Onunla səhərə kimi söhbət etdik. Ona dedim ki, sənin üçün bir qız gözaltı etmişəm. Qızı və ailəsini tanıyıram. Cavab verdi ki, xala, sən məsləhət bilirsənsə olsun. Arzum ürəyimdə qaldı...

- Rəşad xasiyyətcə necə insan idi?

- O xasiyyətcə çox mülayim idi. Futbolu çox sevirdi. Həmişə uşaqlarla futbol oynamağa gedirdi. Bir dəfə yay vaxtı idi. Yemək bişirmişdim. Yemədi və futbola getdi. Mən həmin vaxt ona bir az acıqlandım və Binədəki evimə getdim. Üstündən bir saat keçmişdir ki, Rəşad mənə zəng etdi ki, xala, bağışla, səni incitdim. Yəni elə bir uşaq idi ki, heç kimi incitməzdi.

Atasının ölümü ilə çox gec barışdı. Rəşad onu qəbul edə bilmirdi. Atası rəhmətə gedəndə onlar da rayonda idilər. Qəbir üstünə gedə bilmirdi. 2012-ci ildə anası rəhmətə gedəndə dedi ki, anamla bütün həyat qurtardı. Mənim üçün bundan sonra heç nə yoxdur. Əsgərliyə yanına gedəndə gördüm ki, iki barmağının arasına “Ana” sözünü yazdırıb. Soruşdum ki, heç xalanın adını yazmazsan. Cavab vermədi. Gözləri doldu və bir müddət danışmadı.

Məzuniyyətə gələn günü birbaşa anasının məzarını ziyarət etmişdi. Onlar doyunca ana məhəbbəti görə bilmədi. Hələ də onun yoxluğu ilə barışa bilmirəm. Mənim üçün Rəşad ölməyib. Ölə də bilməz... O hərdən elə sözlər yazırdı ki, insan məəttəl qalırdı. Düşünürdüm ki, bu sözləri hardan tapır? O ürəyində olan ağrı-acını belə ifadə edirdi. Əvvəl atanı, sonra ananı itimək heç də asan deyil.

Bu arada dayısı söhbətə müdaxilə edir...

- Bunlar kəşfiyyatçı olduqları üçün Murova qədər gediblər. Həmin vaxt kənddə bərk atışma olub. Hadisə baş verən gecə evdə oturub televizora baxırdım. Amma fikrim dağınıq idi. Qəfil ürəyimdən sancı tutdu. Allahdan möhlət istədim ki, uşaqlarımın həyatını qurmaq üçün mənə ömür versin. Həmin gecə çox narahat oldum. Gecə mənə kənd sovetindən zəng gəldi. Telefonda dedilər ki, Rəşad sənin nəyindir? Dedim, bacım oğludur, amma valideynlərinin vəfatından sonra qəyyumluğa götürmüşəm. Dedim nə məsələdir? Telefonda olan şəxs dedi ki, sənəd məsələsidir. Həmin nümayəndə bizə gəldi və biryerdə səfərbərlik idarəsinə getdik. Amma mənə heç bir söz demədi. Həyəcandan dizlərim əsirdi. O yolu necə getdimsə heç bilmədim. Hərbi komissarı görəndə duruxub, qaldım. Gördüm ki, orada həkimlər və icra nümayəndəsinin işçiləri də var. Rəşadın xəbərini mənə deyəndə elə bildim ki, dünya qaraldı. Uzun müddət fikrə daldım. Fikirləşdim ki, bu xəbəri kimə və necə deyim? Orada artıq Rəşadın cənazəsini Bakıya gətirirdilər.

Özümü güclə toplayıb qaynıma Şahin Ağayevə zəng etdim. O da Qarabağ əlilidir. O xəbəri eşidib gəldi. Həmin vaxta Rəşadın cənzəsini də gətirdilər. Artıq hər kəs xəbəri eşitmişdi. Müdafiə Nazirliyinin iştirakı ilə şəhid adına layiq dəfn edildi. Bizim istəyimizlə onu anasının yanında dəfn etdik. Bir sözü də deyim ki, son 20 ildə Rəşad Binəqədi rayonunda olan yeganə şəhiddir. Ona görə də onu Binəqədi rayon qəbiristanlığında dəfn etdik.


Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR
- Mətbuatda belə bir xəbər yayıldı ki, şəhidin qırx mərasimini keçirmək və baş daşının düzəldilməsi üçün pul tapılmayıb. İstərdim bu məsələyə aydınlıq gətirək.

- Bu məsələyə toxunduğuz üçün çox sağolun. Bir məsələni qeyd edim ki, dövlət bizə çox dəstək oldu. Müdafiə Naziliyinin maddi dəstəyi ilə şəhidin dəfni həyata keçirildi. Həmin vaxt bəzi dövlət işçiləri dedilər ki, dəfndən sonra bütün məsələlər onların nəzarətində olacaq. Ancaq dəfndən sonra Binəqədi Rayon Bələdiyyə sədri Hümbət müəllim və Kənd nümayəndəliyinin sədri Mübariz müəəlimdən başqa bizim qapını açan olmadı. Qeyd etdiyiniz o xəbərə də aydınlıq gətirim. Həmin vaxt şəhidin sənəd işləri ilə bağlı sığorta idarəsində idim. Bilirsiniz ki, şəhid üçün qan pulu deyilən müəyyən məbləğ verilir. Orada olan vaxt telefonuma zəng gəldi. Saytlardan birinin əməkdaşı məndən soruşdu ki, şəhidin qırx mərasimi necə, harada təşkil olunacaq.? Düzü, mən bilmədim ki, mənimlə danışan jurnalistdir. Elə bildim ki, zəng edən Müdafiə Nazirliyindəndir. Bu xəbərə qədər mən maraqlandım və dedilər ki, şəhidin qəbirüstü abidəsini yerli qurumlar həyata keçirməlidir. Şəhidin qırx mərasiminə kimi dövlətin verdiyi pul hazır olmadığı üçün, biz özümüz pul tapıb, onun məzarının düzəldilməsinə başladıq. Mətbuatda həmin yazı gedəndən sonra vaxtında görülməli olan işlər sürətləndirildi.

Burada bir qaranlıq məqam da yarandı. Mənə dedilər ki, sən qəyyum olsan da, sizə şəhid ailəsi üçün nəzərdə tutulan Prezident təqaüd verilməyəcək. Siz varis sayılmırsız. Onlara dedim ki, şəhidin bir bacısı var. Bəs onun vəziyyəti necə olacaq? Bu məsələlər hələ də mübahisəli qalıb.

Xəbər mətbuatda yayılan vaxt böyük iş adamları mənə zəng etdi. Həmin adamların içərisində bir türk iş adamı da var idi. Biz onların hamısından imtina etdik. Hətta, bir cavan oğlan olan iş adamı qapımıza kimi gəlmişdi. Mən onların hamısına çox sağol dedim. Bir anlığa fəxr etdim ki, Azərbaycanda belə insanlar var.

Şəhidin xalası onunla son görüşünü belə xatırlayır..

“Anası yuxuda mənə dedi ki, narahat olma, yanımdadır”

- Rəşadın gözünün içinə baxırdım. Onun gözünün kədərini ala bilmirdim. Bilirsiz niyə? Mən onun anası deyildim. Xalası idim. Nə qədər də can yandırsam da ona ana ola bilməzdim. Mənim yerim hazırdır. Geci-tezi onun yanında olacam. Bircə Allahdan qorxuram. Yoxsa, özümə də qəsd edərəm. Rəşad gedəndən mən də yoxam. Ölü kimiyəm. Bir insanın yaşamağa səbəb olan insan yoxdursa, necə yaşaya bilər? Təsəvvür edirsiniz? Onun baş daşı anasının ölüm günüdə qoyuldu. Yanvarın 20-də.

Rəşadın şəhid olmasından hardasa üç həftə əvvəl anasını yuxumda ağ kəfəndə və yaxası da qanlı gördüm. Bacım yuxuda mənə dedi ki, Rəşaddan narahat olma, yanımdadır. Görünür, biz onu qoruya bilmədik, anası qorumağa apardı. Bu yuxunu gördüyüm üçün Rəşadı anasının yanında dəfn etdik. Rəşad anasına çox bağlı idi. Onun ölümü ilə barışmırdı.

- Rəşadın bacısı ilə bağlı danışaq. İndi onun vəziyyəti necədir?

- Rəşad iyun ayında bacısının toyunda iştirak etdi. Bircə onunla özümə təskinlik tapıram. Bacısının ailəsi var. Ancaq bacısını Rəşadın məzarından ayıra bilmirik. Bacısının ad günündə ona arzularını və son sözlərini yazmışdı. Bacısına görə çox narahat idi. Ancaq onu qorumağa çalışırdı. Amma... Mənim üçün ən ağır ay dekabr və aprel ayları oldu. Çünki, dekabrda Rəşad şəhid oldu, apreldə isə o gəlməli idi. Deyirlər ki, şəhidlik böyük zirvədir. Amma, mən heç cürə onun yoxluğu ilə barışa bilmirəm. Ancaq gənclərin və jurnalistlərin diqqətindən sonra bir az özümə təskinlik tapıram. Görünür onun da yolu belə yarımçıq imiş. Qismətlə barışmaq məcburiyyətindəyəm. /femida
Ata-anasız dəfn edilən şəhidin acı tale hekayəti - FOTOLAR



5418 dəfə oxunub.

Digər xəbərlər
16-09-2017, 13:41 Nazir oğlu dəfn olundu
28-06-2015, 11:02 İstanbulda faciə

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___