Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dolların azərbaycanlılara yeni problemi
Tarix: 28-12-2015 | Saat: 20:34
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Dolların azərbaycanlılara yeni problemi
Yeni ili xarici ölkədə keçirmək istəyənlərin çoxu tur paketlərdən imtina etməli olub.
Dolların manata nəzərən bahalaşması Yeni İli xaricdə qarşılamaq istəyən bir çox vətəndaşların planlarını da alt-üst etdi.

ANS PRESS-in Xeberaz.az verdiyi məlumata görə, artıq baş verən devalvasiyadan sonra bayram səyahətinin ailə büdcəsinə baha başa gələcəyini görən bəzi insanlar aldıqları tur paketləri geri qaytarmaq məcburiyyətində qalıblar.

ANS PRESS-in əlaqə saxladığı tur agentliklərin əksəriyyəti bu faktı təsdiqləyərək, dekabrın 21-dən, yəni devalvasiya baş verən gündən bəri müştərilərin müəyyən faizinin hətta artıq ödəniş olunan turlardan belə imtina etdiklərini bildirdilər.

Turizm agentliklərinin əməkdaşlarından verilən məlumata görə, əsasən Fransa, İtaliya kimi Avropa ölkələrinə, eləcə də Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirliyinə getmək arzusu olan bəzi insanlar dolların “şıltaqlığı”ndan sonra bu istəklərinin üzərinə xətt çəkməli olublar. Belə ki, müştəri hətta pulunu ödədiyi turla xarici ölkəyə səfəri reallaşdıra bilsə də, yəni uçuş, viza, hoteldə qalmaq məsələləri həll olunsa da, orda gəzməli-görməli yerlərə getmək, alış-veriş etmək üçün devalvasiyadan əvvəlki vaxtla indiki vəziyyəti müqayisə etdikdə xeyli artıq məbləğdə vəsait xərcləməlidir. Bu baxımdan gəlir-çıxarını fikirləşən insanlar bəri başdan ziyandan geri qayıtmağa qərar verir.

Amma tur paketlərin geri qaytarılması da müəyyən cərimələr hesabına mümkün olur. Çünki tur paketləri xarici ölkələrdən alan turizm agentlikləri də üzərlərinə düşən ziyanı müəyyən qədər kompensasiya etmək üçün geri qaytarılan paketlərə cərimə tətbiq edirlər. Cərimənin məbləği isə gediləcək tarixdən, uçuşu həyata keçirən aviaşirkətin qaydalarından asılı olaraq dəyişir. Məsələn, geri qaytarılan elə biletlər var ki, müştəri onun qiymətini tam, eləsi də var yarısını ödəməlidir.

Tarixə görə cərimələrə gəlincə, bəzi tur agentliklər məsələn, gediləcək tarixə 5 gün qalan müddətdə müştəri imtina edirsə, bu zaman ona güzəşt edir və cərimə tutmurlar. Amma tur paketdən imtina üçün 5 gündən az qalmış vaxtda müraciət edilirsə, onda müştəri minimum 100-150 avro (109-165 dollar, 170-256 AZN) məbləğində cərimə edilir.

Bəzi agentliklərdən isə bildirdilər ki, vaxta az qaldığından, imtina üçün müraciət edən müştərilərə cərimə olaraq tur paketin tam qiymətini ödəmək tələb olunub ki, bundan sonra bəzi insanlar məcburən onu almağa qərar verib.

Uzun müddətdir xaricə tur təşkil edən agentliklərdən birinin rəhbəri Gülnar Eyvazova açıqlamasında devalvasiyanın ən ciddi təsir etdiyi sahələrdən birinin məhz tur agentliklər olduğunu vurğuladı. Onun sözlərinə görə, rəhbərlik etdiyi agentlik məhz bu səbəbdən böyük ziyana düşüb:

“Biz devalvasiyaya qədər tur paketləri milli valyuta ilə, manatla alırdıq. Buna görə çox ziyana düşdük və çalışdıq ki, bunu öz hesabımıza ödəyək. Amma bütün turizm agentlikləri artıq qərar veriblər ki, xarici tur paketləri yalnız dollarla alsınlar. Bu zaman da qiymətləri qaldırmalı oluruq ki, bu da müştərilərə sərf etmir. Çox acınacaqlı vəziyyət yaranıb, gözləyirik ki, hadisələrin gedişi necə olacaq?”

Dolların azərbaycanlılara yeni problemi



Bu il Yeni il tətilini xaricdə keçirmək istəyən Azərbaycan vətəndaşları əsasən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərini, Avropa ölkələrindənsə Çexiya, Hollandiya, İtaliya və İspaniya, o cümlədən Gürcüstanı seçmişdilər.

Ötən illə müqayisədə bu il Yeni il ərəfəsində xaricə getmək istəyənlərin sayında onsuz da əsaslı azalma müşahidə edilirdi. Məlum iqtisadi dəyişiklik isə bu azalmanı daha da sürətləndirdi.

Bizdən fərqli olaraq, qonşu Rusiyada rublun devalvasiyasının əcnəbi turistlərin bu ölkəyə gəlişini artırdığını bildirirlər. Rusiyanın Turizm İttifaqının məlumatına görə, bu ilin 9 ayı ərzində onların sayı 13 faiz artıb, ölkəyə 2,54 mln səfər təşkil olunub. Bu isə 2008-ci ildən bəri ölkə turizmində müsbət nəticə sayılır. Ölkəyə gələn xarici turistlərin sayına görə turizmə 22,9 faiz gəlir gətirən çinlilər üstünlük təşkil edib, almanlar isə 12,6 faizlə növbəti yerdə dayanırlar. Bu il Rusiyaya həmçinin İran, Hindistan, Tayvandan gələnlər də çoxalıb.

Dolların azərbaycanlılara yeni problemi
Rusiya Federasiyası


Türkiyə turizmi isə həm iqtisadi, həm də siyasi proseslər üzündən geriləməkdədəir. Bu il ən çox turistlərin gəldiyi Rusiya ilə münasibətlərin gərginliyi, eləcə də əksər ölkələrdə baş verən devalvasiya bu ölkəyə turist axınını xeyli azaldıb. 2015-ci ilin ikinci rübündə turizm sahəsindən əldə olunan gəlir 14 faiz aşağı düşüb.

Dolların azərbaycanlılara yeni problemi
Türkiyə, İstanbul şəhəri


Göründüyü kimi, bütün ölkələri əhatə edən və bir-birilə sıx bağlı olan iqtisadi proseslər dünya turizmində də izini qoymaqdadır. Amma bu izlə addımlamağın çətin olduğunu bir çox ölkələrdə yaranmış vəziyyət artıq sübut edir. Xüsusən gəlirinin çox hissəsini məhz turizmdən qazanan dövlətlər daha ağır sınaq qarşısındadır. Proqnozlarsa elə də ürəkaçan deyil. Odur ki, 2016-cı ildə çərxi-fələyin dünya iqtisadiyyatını nizamlayacağını arzulamaqdan başqa bir şey qalmır.


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___