Ana Sayfa > Karusel / Gündəm / Maraqlı > Azərbaycan universitetlərində qəribə qadağalar

Azərbaycan universitetlərində qəribə qadağalar


8-11-2018, 17:11. Yazar: Xeberaz
 
Son zamanlar universitetlər verdikləri təhsildən çox, qəribə qadağaları ilə gündəmə gəlir.
Biz də ali təhsil müəssisələri tərəfindən tələbələrə qoyulan qadağaları onlardan öyrəndik.
Həmin qadağaları təqdim edirik:
Bakı Slavyan Universitetində tələbələrə yırtıq şalvar geyinmək qadağası var. Gəncə Dövlət Universitetində və Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamaq qadağandır. Tələbələr saqqalla universitetə gələ bilməzlər.
GDU-də tələbələrdən biri saqqalla imtahana gəldiyi üçün imtahanda iştirak etməsinə icazə verilməyib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) saqqal qadağası olmasa da, idman şalvarı, şort və “vetnamka” geyinmək olmaz.
Bakı Biznes Universitetində oğlanların saqqal saxlamasına, təhsil ocağında siqaret çəkməsinə və yırtıq şalvar geyinməsinə qadağa var.
Bakı Dövlət Universitetində siqaret çəkmək qadağandır. Tələbələr deyir ki¸ buna nə müəllimlər, nə də tələbələr əməl edir. BDU-da rektorun otağı olan koridordan tələbələr keçə bilməz.
“Odlar Yurdu” Universitetində tələbələr hündürdaban ayaqqabı geyinməməlidir. Səbəb odur ki, onlar bu ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur.
Azərbaycan Diplomatik Akademiyasında (ADA) siqaret çəkmək üçün ayrıca guşə var. Tələbələr “Siqaret otağı”ndan kənarda siqaret çəkə bilməzlər. Qaydalara əməl etmədikdə onlar cəzalandırılır.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin şortla dərsə gəlmək qadağası olsa da, artıq bu qadağa ləğv edilib. Universitet daxilində siqaret çəkilməsinə icazə verilmir.
Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağandır.
İlahiyyat Universitetində yırtıq şalvar və qısa ətək geyinmə qadağası var.
Azərbaycan Memarlıq və İnşaat Universitetində liftlərdən birinin üzərinə “qızlar üçün” yazılmış lövhə var. Həmin liftə oğlanlar daxil ola bilməz. İki qızın on oğlanla bərabər əzilib, sıxılıb getməməsi üçün bir lift ayrılıb. Qızlar ümumi liftdən də istifadə edə bilərlər.
Paytaxtda fəaliyyət göstərən universitetlərin bəzilərinin mətbuat xidmətlərinin də fikirlərini öyrəndik.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyir ki, ADU-da, sadəcə, bir qadağa var:
“Universitetin həyətində siqaret çəkmək olmaz. Bu, həm müəllimlərə, həm də tələbələrə aiddir. Başqa qadağa yoxdur”.
Qərbi Kaspi Universitetinin nümayəndəsi Vüsal Məmmədov deyir ki, orada ciddi nizam-intizamla yanaşı, olduqca demokratik mühit var:
“Əgər nəsə təhsil qanunvericiliyinə və milli dəyərlərimizə zidd deyilsə, qadağan deyil. Bir də, təbii ki, oxumamaq qadağandır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Xəlilov bildirib ki, UNEC-də tələbələrə heç bir qadağa yoxdur:
“Bizdə geyim, xarici görünüş baxımından tələbələr qarşısında heç bir qadağa qoyulmur. Əsas məqsəd Azərbaycan üçün dəyərli vətəndaş yetişdirməkdir”.
(oxu.az)
Geri dön