Ana Sayfa > Karusel / Aktual > Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTO

Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin" - FOTO


15-10-2018, 16:14. Yazar: Xeberaz



Ölkədə yeraltı piyada keçidləri ilə bağlı problem hələ də tam olaraq həllini tapmayıb. Onlarıbn sayı kifayət qədər çox olsa da onlar ya tam şəkildə təchiz olunmayıb, ya da bir sıra problemləri dəyişilməz olaraq qalır.

Bakının Azneft meydanında piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddə də eyni hal müşahidə olunur. Keçidin Dənizkənarı Bulvar ərazisinə çıxış istiqamətində olan hissəsində eskalatorlar bir neçə aydır işləmir.

Bu da günün müxtəlif saatlarında keçiddən istifadə edən insanlar üçün çətinlik yaradır. Xüsusilə yaşlı insanlar bu haldan haqlı olaraq narazılıq edirlər. Onların əksəriyyəti müəyyən xəstəlikləri səbəbindən pilləkənlərdən istifadənin olduqca çətin olduğunu deyirlər. Vaxtlarının çoxunu keçidlərdə itirdiklərindən və istirahət üçün bulvar ərazisinə keçə bilməməkdən şikayətlənirlər. Burada pilləkənlərin çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, nəinki yaşlılar, hətta uşaqlar da keçiddən istifadə zamanı əməlli-başlı əziyyət çəkirlər. 

Bəs bir neçə aydır "iflic" vəziyyətdə olan eskalatorların həlli ilə bağlı aidiyyəti dövlət qurumları hansı tədbirləri görür? Ümumiyyətlə, keçidlərdəki problemdən xəbərləri varmı?

Bununla bağlı saytımıza açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, paytaxtda təkcə Azneft meydanında yerləşən keçiddəki eskalatorlar deyil, digər keçidlərdəki bir sira eskalatorlarda da nasazlıq var və ya onlar tamamilə sıradan çıxıb: 

"Bu eskalatorların təmiri üçün ehtiyat hissələrinə ehtiyac var. Azərbaycanda  isə belə hissələr istehsal olunmur. Ona görə də eskalatorların təmiri üçün onları istehsal edən Almaniya şirkətinə ehtiyat hissələri sifariş edilib. Həmin ehtiyat hissələrinin yaxın zamanlarda Bakıya gətiriləcəyi gözlənilir. Yalnız bundan sonra eskalatorlar təmir edilərək istifadəyə verilə bilər".

Aydın olur ki, insanlara verilən bu narahatçılıq ehtiyat hissələrinin olmaması səbəbindədir. 

Əgər ehtiyat hissələri ölkədə istehsal olunmursa, məsul qurum tərəfindən onların vaxtında alınaraq aidiyyəti anbarlarda saxlanılması daha yaxşı olmazdımı?! Belə olsaydı, təqdirdə daha operativ işləmək və yaranan problemə görə insanların əziyyət çəkməsinin qarşısını vaxtında almaq mümkün idi. İndi isə, bir qədər dözməliyik. Nə qədər, bunu bir Allah, bir də Avtomobil Yolları Dövlət Agentliyi bilir.


Geri dön