Ana Sayfa > Karusel / Gündəm / Bizim seçim > Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq

Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq


6-01-2017, 15:25. Yazar: Xeberaz
Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırılacaq


“Bakıda təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər”. APA-nın xəbərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə bildirib ki, bəzən yollarda digər maşınlar tərəfindən təcili yardıma yol verilməməsi çağırış yerlərinə yubanmaya səbəb olur. Onun sözlərinə görə, bu halları nəzərə alaraq təcili yardım stansiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə göndərilib: “Təkliflərdə təcili yardım maşınlarının önünə və salonuna kameranın quraşdırılması əks olunub. Təcili yardım maşınlarının önünə quraşdırılan kameranın onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən maşının nömrəsini qeydə alaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi təkliflərdə qeyd olunub. Bundan sonra polis tərəfindən həmin sürücülərə qarşı hansısa tədbirlər görülə bilər. Ancaq hansı cəza və ya xəbərdarlığın olması sonradan müvafiq qurum tərəfindən müəyyənləşəcək”.



M.Mirzəzadə əlavə edib ki, bəzən əhali tərəfindən həkimlərə, orta tibb işçilərinə təzyiq edilir. O qeyd edib ki, təcili yardım maşınlarının salonunda quraşdırılacaq kameralar isə həkimin xəstəyə necə yardım göstərməsi, həkimə qarşı hansı təzyiqlərin edilməsi və digər halları qeydə alacaq: “Xəstənin yaxınlarından birinə Təcili yardım maşınına minməyə icazə verilir. Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq və bu hallar araşdırılacaq. Bəzən evdə də həkimlərə və orta tibb işçilərinə təzyiqlər baş verir. Təcili tibbi yardım maşını dövlətin mülkiyyəti olduğundan orada kameraların quraşdırılması mümkündür. Amma hansısa evdə kamera çəkilişlərin aparılması mümkün deyil”.

Baş həkimin müavini vurğulayıb ki, təcili yardım maşınları üçün əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən həyata keçirilə bilər: “Bu səlahiyyətlər təcili yardım stansiyasına aid deyil”.

O, həmçinin ötən il ərzində yalançı çağırışların sayının digər illərlə müqayisədə azaldığını açıqlayıb: “Çünki zəng vurulan nömrə qeydiyyata alınır və ciddi nəzarət olunur”.


Geri dön