Ana Sayfa > Karusel / İqtisadiyyat / Bizim seçim / Xəbəraz TV > Sosial mənzillərin sayı artacaq, 6 min iş yeri yaranacaq, ildə 3 min ev satılacaq - VİDEO

Sosial mənzillərin sayı artacaq, 6 min iş yeri yaranacaq, ildə 3 min ev satılacaq - VİDEO


27-12-2016, 11:53. Yazar: Xeberaz
Sosial mənzillərin sayı artacaq, 6 min iş yeri yaranacaq, ildə 3 min ev satılacaq - VİDEO


Azərbaycanda tikinti sektorunda növbəti bum yaşanacaq. Ölkə üzrə dövlətin təşviqi ilə minlərlə mənzil tikiləcək.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən xəbər verir ki, xüsusi güzəştlərlə inşa olunacaq mənzillər əsasən gəliri nisbətən az olan sosial təbəqənin mənzillə təminatına xidmət edəcək. Bütün bunlar "Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulub.

Sənədə əsasən, 5 il ərzində müəyyən sayda mənzil tikintisini öz üzərinə götürən mənzil-tikinti şirkətlərinə, eləcə də uyğun qiymətə mənzil alan şəxslərə "Azərbaycan İpoteka Fondu" ASC və Sahibkarlığa Kömək Milli Fondu kimi yerli qurumlar və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə maliyyə və kredit dəstəyi veriləcək. Bu, ipoteka krediti ilə maliyyələşdirmə üzrə hazırlanmış strategiyaya uyğun olaraq həyata keçiriləcək. Sənəddə uyğun qiymətə mənzillərin tikinti xərclərinin optimallaşdırılması məqsədilə vergi azadolmaları və güzəştlərinin tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulub. Bununla da həmin mənzillərin satış qiymətlərinin daha da azaldılması hədəflənəcək. Təkcə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən hər il 3 min yeni mənzilin satılması planlaşdırılır.

Yenidənqurma planına qanunsuz tikililərin yerləşdiyi məhəllələr, o cümlədən keçmiş sovet dövründən qalmış yaşayış binaları daxil ediləcək. Agentlik böyük yenidənqurma layihələrinə əlavə olaraq, tələb edilən ictimai binaların, məsələn, məktəb, xəstəxana, nəzarət məntəqələri və stadionların tikintisini rayonların layihələndirilməsi çərçivəsində həyata keçirəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi, elit yaşayış kompleksləri də tikəcək. Bununla da "MİDA" MMC bazar qiymətinə olan layihələrdən əldə etdiyi gəlir payından ərazi üzrə orta bazar qiymətindən aşağı qiymətə olan mənzil təminatı layihələrini subsidiyalaşdıraraq, öz davamlı fəaliyyətini təmin edəcək.

Bütün bunları həyata keçirmək üçün istifadəsiz torpaq sahələrinin 5%-i dövriyyəyə cəlb ediləcək. Dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin 10% azaldılması, seçilmiş sosial qrupa daxil olan ailələrin 10%-nin növbəti 10 ildə mənzillə təmin olunması və urbanizasiya probleminin azalması gözlənilir.

Sənəddə qeyd olunub ki, layihənin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir. 6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ümumdaxili məhsulun 250 mln. manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Geri dön