Ana Sayfa > Karusel / Siyasət / Müsahibə > ATƏT-in gələcək sədri: "Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir"

ATƏT-in gələcək sədri: "Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir"


2-12-2016, 17:29. Yazar: Xeberaz
ATƏT-in gələcək sədri: "Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir"


ATƏT-in gələcək sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Trend-ə müsahibə verib.
"Xəbəraz.az " müsahibəni təqdim edir:

- Avstriya və Azərbaycan arasında siyasi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Gələcəkdə Avstriyanın Azərbaycanla münasibətlərdə əsas prioritetləri hansılar olacaq?

- Avstriya və Azərbaycan arasında ikitərəfli münasibətlər çox yaxşı və intensivdir. Son illər yüksək səviyyədə təşkil olunan çoxsaylı səfərlər də buna sübutdur: 2011-ci ildə Avstriyanın həmin dövrdə Prezidenti Hayns Fişer Azərbaycana səfər etmişdi, 2013-cü ilin mayında isə Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada səfərdə olub. 2013-cü ilin noyabrında ATƏT-in dəstəyi ilə Vyanada Dağlıq Qarabağla bağlı danışıqlar aparılarkən prezidentlər yenidən görüşdü. Mən özüm 2014-cü ilin sentyabrında Azərbaycana səfər etmişdim. Bundan başqa, müxtəlif tədbirlər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bir neçə dəfə görüşmüşəm. Sonuncu dəfə sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında görüşmüşük. Bir neçə gün sonra isə Avstriya XİN-in baş katibi Mixael Linhart siyasi məsləhətləşmələr aparmaq üçün Bakıya gəlmişdi. Azərbaycan Cənubi Qafqazda Avstriyanın ən mühüm ticarət tərəfdaşıdır və "İpək yolu", "New Spice Road" layihələri üzrə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Biz fəal əməkdaşlıq üçün mədəniyyət, elm və təhsil kimi sahələri müəyyən etmişik.

Biz Aİ-də enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Avstriya, eləcə də Azərbaycanın radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizəsini də xüsusi qiymətləndirir. Acı təcrübəmizdən bilirik ki, terrorizm qlobal problemdir, onu yalnız sırf beynəlxalq əməkdaşlıq yolu ilə, köklü səbəbləri aradan qaldırmaqla həll etmək olar.

- Gələn il Avstriya ATƏT-ə sədrlik edəcək. ATƏT regionunda həlli yubanan münaqişələri nəzərə alaraq, Avstriya Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə olunması üçün Azərbaycana və Ermənistana necə kömək edə bilər?

- Bu, həlledici dövrdür və biz ATƏT-də və Aİ-də olan beynəlxalq tərəfdaşlarımızla birlikdə yaxşı başa düşürük ki, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər. Ona görə də bütün tərəfləri fikirlərini dialoq və diplomatiyaya yönəltməyə çağırırıq. Danışıqlar masasında etimadın möhkəmləndirilməsi və əməkdaşlıq üçün yeni ideya və təkliflər var. Sülh sazişinin əldə olunması üzrə gələcək danışıqlar üçün əsas elementlər prezidentlər tərəfindən razılaşdırılıb. Bu, kiçik düzəlişlərlə artıq 10 ilə yaxındır ki, masa üzərində qalan "Madrid prinsipləri"dir. Ona görə də müzakirələr üçün təməl və konkret suallar var.

Neytral ölkə və münaqişənin nizamlanması üzrə danışıqların təminatçısı olan təşkilata sədrlik edəcək ölkə olaraq, biz bu sahədə məsuliyyətimizi tamamilə anlayırıq. Avstriya Minsk qrupunun üzvü olmasa da, biz ATƏT-ə sədrliyimiz dövründə kömək etməyə və vasitəçilik missiyasını həyata keçirməyə, eləcə də Minsk prosesinin digər elementlərini dəstəkləmə hazırıq. Azərbaycanlılar və ermənilər əmin ola bilərlər ki, Avstriya bu münaqişənin dinc həlli yollarının axtarışında danışıqlar, ekspert dialoqları, gənclərin görüşü kimi və müharibə perspektivindən uzaq durmağa və əsas fikri sülhə cəmləməyə xidmət edəcək digər növ fəaliyyət üçün öz neytral ərazisini təklif etməklə kömək etməyə hazırdır.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və enerji resurslarının diversifikasiyasının təmin olunmasında mühüm rol oynayan "Cənub Qaz Dəhlizi" layihəsinin təşəbbüskarıdır. Layihənin reallaşdırılması prosesini necə qiymətləndirirsiniz?

- Avstriya Avropa İttifaqı üçün enerji resursları tədarükçülərinin və marşrutlarının şaxələndirilməsi üzrə səyləri dəstəkləyir. Biz "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyirik. Avropa İttifaqı "Cənub Qaz Dəhlizi"nə strateji layihə kimi baxır, belə ki, bu layihə Aİ-ni Xəzər regionu və Yaxın Şərqlə bağlayacaq. Eyni zamanda "Cənub Qaz Dəhlizi" reallaşdırma üçün böyük səylərin tələb olunduğu layihədir. İstənilən halda, Aİ-nin mühüm tranzit tərəfdaşı olan Türkiyə daxil olmaqla, layihəyə cəlb olunan bütün ölkələr layihənin başa çatdırılması üçün Avropa İttifaqı ilə sıx əməkdaşlığı davam etdirəcəklər. Hazırda layihənin birinci fazasının 2020-ci ildə başa çatdırılacağına şübhə etməyə səbəb yoxdur.
Geri dön