Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aşıq Samirə: “Ən yaxşı məsləhəti başı daşdan daşa dəyənlər verir”
Tarix: 28-09-2015 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Aşıq Samirə: “Ən yaxşı məsləhəti başı daşdan daşa dəyənlər verir”


Aşıq Samirənin müsahibəsini təqdim edirik

- Övladlarınızla bərabər yeni təhsil ilinə necə başladınız?

- Sevinirəm ki, bu il Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətimi davam etdirəcəm. Yeni tələbələr, yeni uğurlar gözləyirəm. Qızımın 11 yaşı var, məktəbə getdi. Oğlumun isə 3 yaşı var, hələ bağçaya gedir.

- Övladlarınıza kifayət qədər vaxt ayıra bilirsiniz, yoxsa bu işdə sizə kömək edənlər var?

- 8 ildir qızımın dayəsi var, indi həm də oğlumla məşğul olur. Anam hər gün olmasa da, günaşırı bizə gəlir. Öz işlərim nə qədər çox olsa da, uşaqlarıma vaxt ayırıram. Gündüzlər işə gedirəm, axşamlar çəkiliş, toy, məclis olmasa, evə qayıdıram. Vaxtımın çoxunu övladlarımla keçirməyə çalışıram. Onlarla nə qədər çox təmasda olsam, hər iki tərəf üçün yaxşı olar. Çünki mühitin təsiri uşaqlara çoxdur. Valideyn təsiri altında olmaq mühitin təsirinə düşməkdən yaxşıdır. Mühit pis deyil, amma uşaqların psixologiyasında izlər buraxan pis məqamlar da olur. Valideynlə uşaq dost olmalıdır, amma sərhəd saxlamaqla. Baxmayaraq ki, nənələri, dayələri var, amma nə sirləri, narahatlıqları varsa, mənimlə bölüşürlər. Qızım böyüyənə qədər mənim rəfiqəm anam idi, indi iki rəfiqəm var - qızım və anam. Artıq geyimlərimi də onunla məsləhətləşib alıram. Qızımla oğlum bir-birinə çox bağlıdırlar. Çalışacam ki, onların mehribanlığını qoruyub-saxlayım. “Sən balacasan, sən böyüksən, ona olar, sənə olmaz” kimi qadağalar yoxdur. Qadağa varsa, hər ikisinə aiddir. Ona görə də onlar bir-birlərində fərq görmürlər. Məsələn, biz uşaq vaxtı 10 yaş fərqimiz olan qardaşımıza söz deyə bilmirdik. Valideynlərimiz “o, uşaqdır, qanmır” deyirdilər. O, yıxılanda günahkar biz olurduq. Bu, mənim yadımda qaldığı üçün öz övladlarıma başqa cür yanaşdım.

- Onların tərbiyəsində atalarının rolu varmı?

- Uşaqlar yanımda olmayanda da mənim qurduğum sistemlə gedirlər. Yəni mən icazə vermədiyim şeyləri nənələri, dayə, ataları da icazə vermir. Qadağaları hamımız, hər yerdə qoruyuruq. Hər evdə ana daha böyük rol oynayır, ataya son anda müraciət edilir. Onda da ata özünü heç vaxt pis etmir. Bizdə də elədir (gülür). Ataları ilə olanda da icazə verdiklərimi edirlər, vermədiklərimi yox. Sağ olsun, o da sözümdən çıxmır. Əsas qadağalarım telefon, planşet, televizor, qazlı sular, zərərli qidalardır.

- İkinci həyat yoldaşınızla bağlı bir çox söz-söhbətlər yayıldı...

- Hər hansı bir hadisə baş verəndə insanlar ona tamam başqa don geyindirməyi sevirlər. Ailə quranda bunun məcburiyyətdən, ya da hansısa maraqlar üzərində olduğunu deyirlər. Çox sayda sənət dostlarımız ailə quranda yanımda deyiblər ki, saxta evlilikdir. Soruşmuşam ki, hardan bilirsiz, nəyinizə lazımdır? Öz ailəm haqqında yalnız bunu deyə bilərəm ki, bu ailə qarşılıqlı sevgi üzərində qurulmuşdu, heç bir maraq yox idi. Normal, sivil şəkildə də ayrılmışıq. Bu gün biz dostuq, heç bir problemimiz yoxdur. Bizim münasibətlərimizdə qlobal faciə yoxdur. Həyatdır, alınmaya bilər. Mənim “instagram” səhifəmə yazırlar ki, “müğənnilərin nə vecinə, beş dəfə ərə getdi, ya iki dəfə”. Ailə qurub ayrılanları alqışlamıram. Amma necə olur ki, xarici müğənnilər 7 dəfə ərə getsələr də, bəh-bəhlə baxırsız, o müğənnini sevirsiz, təriflər yazırsız. Hamının gücü biz müğənnilərə çatır, hamının fikri-zikri müğənnini müzakirəyə qoymaqdır. Guya müğənni olmayan boşanmır, açıq-saçıq geyinmir, pis yola düşmür?! Pis yolun yolçusu, sənətinə utancaqlıq gətirən insanlar hər bir sahədə var. Sadəcə biz üzdəyik deyə müzakirə obyektinə çevrilirik. Razıyam, sənət adamları nümunə olmalıdır. Amma axı bizim də şəxsi həyatımız, problemlərimiz var, biz də insanıq, dostumuz, düşmənimiz ola bilər, ailəmiz də dağıla bilər. Elə varlı insanlar var ki, pulu ilə bir şəhəri ala bilər, amma onun da ailəsi dağılıb, övladı bədbəxt olub, yaxud övlad üzünə həsrətdir. Pulla nə xoşbəxtlik, nə yaxşı gəlin, nə də yaxşı kürəkən almaq olur. Yalan-doğru danışanların da balası var. Danışanların əksəriyyətini tanıyıram. Onun-bunun haqqında danışanların birinin öz balası bədbəxt oldu, bir başqasının 60 yaşında ailəsi dağıldı.

- Sizcə, niyə xaricilərin davranışlarını normal qarşılayırlar, amma öz sənətçilərimizi yox? Bəlkə bizim sənətçilər qeyri-səmimidir, ona görə?

- Burada bir az mentalitet məsələsi var. Şou-biznes yaranana qədər də sənət adamları arasında boşananlar, problem yaşayanlar olub. O vaxt maqazin proqramları, şou saytları, sosial şəbəkələr yox idi deyə, camaatın da xəbəri olmurdu. Bu gün çoxları deyir ki, ərim də olub, övladım da. Amma əslini sübut etmək olmur. Çünki o vaxt yazılmayıb, çəkilməyib. Bizim nə günahımız var ki, bu gün hər şey gündəmə gəlir. Dükana, dənizə gedəndə telefonla kiminsə şəklini çəkib qoyurlar sosial şəbəkəyə. Baxanlar, oxuyanlar da qınaq obyektinə çevirir. Şəxsən mən istəmərəm ki, gündəlik həyatımı kimlərəsə göstərim və onlar da məni qınaq obyektinə çevirsinlər.

- Hər halda siz rəsmi ailə həyatı qurub övlad dünyaya gətirmisiniz...

- Mən övladım olsun deyə ailə qurmadım. Övladım, ev-eşiyim var idi, başımı aşağı salıb sakit yaşayırdım. Sadəcə hər bir insanın ailəli olmağa, hər bir uşağın atalı böyüməyə, hər kəsin xoşbəxt yaşamağa haqqı var. Deyirlər ki, guya biz uşağa görə ailə qurmuşduq, qarşı tərəfin də hansısa maraqları varıymış. Onun nəyinə lazım idi ki, başqa qapıda uşağı böyüsün, mənim nəyimə lazım idi ki, uşağımı atasız qoyum? Hər ikimiz stress yaşadıq. Biz ad üçün ailə qurmamışdıq. Bilsəydim ki, ailəm bir də dağılacaq ikinci dəfə bu addımı atmazdım, kimlərəsə söz yeri olmazdım, onların əlinə o şansı verməzdim. Əslində pis mənada heç nə baş verməyib. Bizim mehriban münasibətimiz var. Bəzən deyirlər ki, dözüb-yaşayardıq. Elə ailələr var ki, guya xoşbəxtdirlər. Qonaq gedəndə camaata göstərmək üçün qol-qola girib, çıxacaqlar deyə bir evin içində yad insanlar kimi yaşamağı üstün tuturlar. Bunun adını xoşbəxt ailə qoyaq? Biz xoşbəxt deyiliksə, nə məcburdur bir yerdə yaşayaq? Bu həyat mənə bir dəfə verilir. Boynuma qoyulmayıb ki, uşağa, valideynlərə, qohum-əqrəbaya, sənətimə görə məcburiyyətlə yaşamalıyam. Heç kim məni heç nəyə görə məcbur yaşamağa vadar edə bilməz. Çünki həyat mənim özümə aiddir, Allah məni mənim üçün dünyaya gətirib. Əgər xoş deyilsə, heç kim bir-birilə yaşamağa məcbur deyil. Mənə heç kim maraqlı deyil. Bilə-bilə adımın üstünə ad yapışdırmıram. Sabah hər kəsin həyatında hər şey yaşana bilər. Kim nə deyir özü üçün deyir. Onun cavabını mən yox, Allah verir. Toy günü müsahibə verib sinəsinə döyənlər var ki, ailəni dağıtmaq üçün qurmur. Amma 2 il keçmir ayrılır. Kimin Allahla müqaviləsi var ki, sabah başına nə gələcək? Ailəni təkcə iki cavabdeh insan yox, 3-cü insan da dağıda bilər və ya müxtəlif səbəblər ola bilər. İstəməzdim ki, sənətimizi qoyub bədbəxtçiliyimizi üzümüzə vursunlar. Ailənin dağılmağı, hansısa uğursuzluq insanın bədbəxtliyidir. İnsanın bədbəxtliyini üzünə vurmaq böyük günahdır.

- Bizim cəmiyyət üçün ikinci dəfə ailə qurmaq və boşanmaq cəsarət tələb edir. Qadınlarımızın çoxu bu addımı atmaq istəsələr də, qorxurlar...

- Azərbaycanda elə qadın ola bilməz ki, pul qazanıb övladına baxmağa qorxsun. Ən azından dayəlik edə, qab yuya, xörək bişirə bilər. Qadınlar daha çox söz-söhbətdən qorxurlar. Valideynləri qohum-əqrəbanın söz-söhbətinə görə boşanmağa icazə vermir. Deyirlər ki, getdiyin evdən ancaq meyitin gələ bilər, getdinsə, atan evinə dönməməlisən. Elə buna görə də bir çox qadınlar şiddətə uğrayır, övladının gözü qarşısında döyülür, söyülür. Qadınların çoxu da ətrafın qınaq obyektinə çevrilməkdən qorxur. Hər qadın bu psixoloji çətinliyə dözə bilmir. Həyatı qurmaq hər zaman mümkündür.

- İkinci dəfə boşanmaq qərarı verəndə söz-söhbətlərə sinə gərmək nə dərəcədə çətin oldu?

- İstər fiziki, istər mənəvi baxımdan güclü qadınam. İnsanlara başa salmaq, onlara nəyisə izah etmək problemi yaşamadım. Problemim sadəcə özümlə oldu. Çünki biri var cismən tək qalırsan, biri də var qəlbən, ruhən, mənən. Özüm öz daxilimlə mübarizə apardım. Bütün günü ora-bura qaçıram, həm kişi, həm qadın işi hamısı mənim üzərimdədir. Bunlar çox çətindir, amma yenə də öhdəsindən gəlirəm. Bu, həm də mənim borcumdur. Kimsə məni məcbur etmir. Həyatda məcburiyyəti sevmirəm. Nə kimisə nəyəsə məcbur edərəm, nə də kimsə məni məcbur edə bilməz. Sevərək, canla-başla övladlarım üçün çalışıram. Sənətimi də sevərəm. Qazanc, dolanmaq xətrinə deyil. Sabah bir hadisə baş verərsə, əlimi, gözümü, səsimi itirərəmsə, yenə də qazancım olacaq, çünki müəlliməm. Bu da olmasa, kiminsə qapısında qulluqçu da işləyərəm. Amma bilərəm ki, mənim övladlarım halal çörək yeyirlər, anasına baxıb utanmayacaqlar. Ailə qurmazdan əvvəl, hələ valideynlərimin evində olan vaxtları da həmişə çalışmışam ki, öz adımdan, çönüb geri baxanda keçmişimdən utanmayım. Sabah övladlarım “Samirənin uşağı” deyəndə fəxr etsinlər. Ailə üzvlərim, qohum-əqrəbam da Samirə adından utanmasın. Həyatda mübarizə apardığım və itirməkdən qorxduğum yeganə nəsnə budur.

- Valideynləriniz, qohumlarınız bu addımınızı necə qarşıladı? Müdaxilə etmək istəyən oldu?

- Ailədə, qohum-əqrəbda hamımız bir-birimizə dostuq. Ümumi müzakirə olur, sonda bərabər qərar veririk. Bizdə heç kim bir-birini qınamır. Ailə üzvlərim də məni yaxşı tanıyır, inanır, güvənirlər. Ailə qurduğum insanı da yaxşı tanıyırlar. Nə onun haqqında pis fikir söyləyirlər, nə də mənim. İnsanlar bir yerdə həyat qurub yaşayıblarsa, çörək kəsiblərsə, sabah umu-küsü ola bilər, adam acığından arxasınca nəsə deyə bilər, amma təhqir, insanı alçaldıcı sözlər demək düzgün deyil. Bizdə belə şey olmayıb. Düzdür, bizim ayrılmağımızı heç kim istəmirdi. Kömək etmək istədilər. Amma bir kəlmə dedim ki, bu, həyatdır və hər şey ola bilər.

- Dediniz ki, insan cismani və mənən tək qalır. Cismani tənhalığın öhdəsindən gəlmək olur. Bəs mənəvi tənhalığınızın öhdəsindən necə gəlirsiniz?

- Mənəvi tənhalıq deyəndə, söhbət sırf sevgidən gedir. Mənəvi tənhalığımın öhdəsindən gələ bilmirəm. Çünki tənhalıq, mənəvi boşluqdur. O elə bir şeydir ki, nə gələndə xəbər verir, nə gedəndə. Çalışıram ki, sənətimə, övladlarıma olan sevgi ilə o biri sevgiyə aid olan guşəni doldurum. Amma yenə də ürəyimin baş kürsüsü boşdur. Hər bir insan kimi, mən də sevib-sevilməyə layiqəm, buna haqqım var. Bəlkə də kimsə məni xəyalən, kənardan sevir. Amma mənim üçün sevgi bitib. Özüm qarşıma o sərhədi qoyuram. Demirəm ki, sevə bilmərəm. Özüm özümə icazə versəm, imkanı yaratsam, sabah o sevgi qarşıma çıxa bilər və sevə bilərəm. Ancaq mən özümə “sevməyə haqqım yoxdur” qadağasını qoymuşam. Çünki mən anayam. Bu qadağa övladlarım və ad-sanıma görədir. Bayaq dediyim kimi, qadınlar müzakirə obyektinə çevrilirlər deyə tənhalıqdan qorxurlar. Mən də müzakirə obyektinə çevrilməkdən qorxduğum üçün sevməyi özümə qadağan etmişəm. Çünki kimisə sevirsənsə, ən azı hardasa görüşürsən, yazışırsan, əvvəl 2-3, sonra 4-5 tanış bilir, sonra aləmə car çəkilir. Ya təzədən ailə qurmalısan ki, söz-söhbət olmasın, ya da ailə qurmamalısan. Yenə də problemlər. Mən də artıq problem istəmirəm, o problemləri, o biabırçılıqları yaşamağı özümə layiq görmürəm.

- Bəzən deyirlər ki, ayrılıqlar insanları sınağa çəkir.

- Bəlkə də. Ayrılıq olanda başa düşürsən ki, sən böyümüsən, güclüsən, ya da gücsüzsən, zəifsən. Təklik insanı hər zaman sınağa çəkir. Təkcə sevgi ayrılığından söhbət getmir. Dostundan, valideynindən ayrılan insanlar da sınanır. Tək qalanda öz gücün, bacarığın, iradən, nəyə layiq olduğuna bələd olursan. Mən özümü hər zaman güclü saymışam. Çünki valideyn hesabına nəyisə əldə etməmişəm. Onlar məni böyüdüblər. Bir də sazıma pul veriblər. Qalan hər şeyə öz gücümlə nail olmuşam. İstər maddi, istər mənəvi baxımdan insanların sevgisini, hörmətini də özüm qazanmışam. Özümü ən çox ona görə sevirəm ki, hər mənada güclü qadınam. Zəifliyim olsa da, göstərməmişəm. Heç kim daş deyil. Mən də ağlamaq istəyirəm, zəifləmək, qadın olduğumu yadıma salmaq istəyirəm. O güc qoymur ki, bunu ətrafa göstərim. Anamla da bölüşmürəm. Ana istəyər ki, övladını güclü, xoşbəxt görsün. Göz yaşlarıma anam dözmür. Öz zəifliyimi yalnız özüm görürəm.

- Amma ayrılıb sonra birləşənlər də az deyil...

- Hər şey olur. Təki nə olursa, xeyirliyə doğru olsun. Hərənin bir taleyi var. Əgər mənim həyatım belə davam edəcəksə, bunu özümə dərd, faciə etmirəm, barışıb otururam. Övladlarım, işim, sənətimlə yaşayıram. Hər insanda bir kəsik olur. Heç bir insan tam xoşbəxtlik yaşamır. Kim deyir tam xoşbəxtəm yalan deyir. Ailəsi xoşbəxt olan sənətində xoşbəxt deyil. Xoşbəxtliyi tam yaşamağa qoymayan insanlar olur. Məndə bu cür oldu. Təki indi əlimdə olanları Allah mənə çox görməsin, onları itirməyim. Hər şeydə bir xeyir var. Bəlkə bizim ayrılmağımızın ona, mənə, ya başqa bir insana xeyri var. Bəlkə də hər ikimizə daha gözəl həyat nəsib olar.

- Qadınlara məsləhətiniz budur?

- Əslində ən yaxşı məsləhəti başı daşdan daşa dəyənlər verir. Əsas odur ki, xanımlar xoşbəxt olmağa çalışsınlar, məcburən həyat qurmasınlar. Həyatı sevərək yaşasınlar. Sevgidən çox qarşılıqlı hörmət mütləqdir. Heç kimi vecinə almadan, ağına bozuna baxmadan yaşayın demirəm. Ağılla, sevgi ilə və səbrlə ailəni yaşatmaq lazımdır. O gücü özünüzdə hiss edirsinizsə, əgər güzəştə gedə biləcəksinizsə, sizə güzəştə gedəndə ondan sui-istifadə etməyəcəksinizsə, evlənin. Kənardan deyilən sözlərə qulaqlarınızı, gördüyünüz şeylərə gözünüzü yuma biləcəksinizsə, ailə qurun, yoxsa başqa cür davam etməyəcək.(lent.az)


Xəbəri paylaş

7698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___