Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ruhun, sevgin azaddır, burda pul qazanmaq çox asandır"- "ANS"-in Amerikada yaşayan keçmiş aparıcısı
Tarix: 28-12-2018 | Saat: 12:20
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər



"Mirşahin Ağayevlə əlaqəm yoxdur”

"Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir”
 
Fəaliyyəti dayandırılmış ANS Televiziyasının keçmiş əməkdaşı hazırda Amerikada yaşayan Qənirə Ataşova ilə söhbəti təqdim edirik.

- Qənirə xanım hazırda ABŞ-ın hansı ştatında, hansı şəhərində yaşayırsınız? 

- Vaşinqton DC ilə Arlinqton şəhərinin sərhədində yaşayıram. Yorulanda və ya zövq almaq istəyəndə pəncərəmdən Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti olmuş Linkolnun əzəmətli abidəsinə baxıram. Bu mənzərəyə baxa-baxa bir stəkan cay içmək və ucsuz bucaqsız xəyala dalmaq misilsizdir. Yaşadığım ərazi mərkəzidir, metro və ictimai nəqliyyata əlçatandır. Ən önəmlisi isə savadlı insanların mərkəzləşdiyi ərazi olduğu üçün məktəblərinin reytinqi yüksəkdir. Bu səbəbdən burda yaşamağa qərar vermişəm. 

- Vətəndaşlıq almısınız?

- Hər halda viza statusumu öyrənmək istəyirsiniz. Amerika torpağına 4-cü gəlişimdə tələbə vizası ilə qədəm qoymuşam və hələ də bu viza ilə burada yaşayıram. Amma yaxın zamanda bu statusumda dəyişiklik ola bilər. 

- Azərbaycandan cıxışınızda problem yaranmışdı. Amma səsiniz Amerikadan gəldi. Bu necə baş verdi? 

- Bəli, səbəbsiz halda ölkədən cıxışımda maneə yaradılmışdı. Bu hansısa məmurun oyunu idi. Burda çox detallara gedə bilərəm, amma lüzum görmürəm. Bu maneənin aradan qaldırılmasında mənə şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev kömək oldu.

Oxumağa getmək niyyətimi də birinci cənab Prezidentə bildirdim. Köməklik etdiyi üçün cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. 

- Siz Türkiyəyə getdiniz, amma sonra Amerikaya yollandınız. Nə idi Amerikada sizi çəkən? Türkiyədə niyə qalmaq istəmədiniz? 

- Hər halda siz mənim Bakıya döndükdən sonra Türkiyə səfərimi nəzərdə tutursunuz. Əvvəla deyim ki, mənim Türkiyədə hakim və ziyalı dairələrdə etibarlı dostlarım var. Onlara nəyisə sübut etməyə ehtiyac yoxdur və məlum hadisədən sonra onlar "gəl bizimlə Türkiyədə işlə” təklifini etdilər. Mən isə Amerikada təhsil almağı seçdim. Düşüncəmə hörmət edən insanlar fikrimi dəstəklədilər və hətta Amerikada təhsil yolunda mənə dəstək də oldular. Maliyyəmin bir qismini məhz Türkiyə verdi. Amerikada isə məni sonsuz azadlıq çəkirdi. Mən zatən bu dünyaya azad ruhda doğulmuşdum və ən böyük azadlığı da atamdan almışdım. Gözümü açandan atamın qulağıma dediyi bu sözləri xatırlayıram: "Oxuyun, səhvinizdə də arxanızdayam", "Oxuyun, öz ayaqlarınız üzərində dayanın”- bu sözlərin hikmətini indi 39-cu yaşımda dərk edirəm və övladlarıma da eyni sözləri dediyimin fərqindəyəm. 

Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq. Burda insan üçün böyük imkanlar var, sən qanuna riayət edirsənsə, bütün imkanlardan yararlana bilərsən. Məhdudiyyət yoxdur. Ruhun azaddır, sevgi azaddır. Əməksevər insan üçün burda pul qazanmaq, inanın, çox asandır.

İnsan öz təcrübəsi ilə həm də öyrənir. Məsələn, ANS-ə 18 yaşımda gəldim, əməksevər, məsuliyyətli və üzərimdə çalışan olduğum üçün bu kanalda yüksəldim. Ən yaxşı halda 1500 manat əmək haqqı aldım. Heç kimdən kiçik bir hədiyyə qəbul etmədim ki, bu, halal olmaz. Qazandığım yalnız qida, kommunal, toy və yasa çatdı. Əgər cənab Prezident jurnalistlərə ev verməsəydi və mən ANS-də atılan o püşkdən ev çıxarmasaydım, deməli hələ də evsiz qalacaqdım. Amma bu belə olmalı deyildi. Mən evi qazandığım pulla almalı idim.

Amerikada isə bizimlə bir karyerasına başlayan və daha az əmək sərf edən insanın yaşamaq üçün bütün imkanları var. O, xəstələnəndə həkimə pul verib əməliyyat olunmur. O, zəng edib həkimlə əməliyyat pulunun nə qədər olduğunu, məhz onun üçün nə qədər endirim ediləcəyini öyrənmir. 1999-cu ildə ANS-də işə başlayanda bizə vəd verildi ki, tezliklə hər şey daha yaxşı olacaq və biz hətta qocalanda daha yaxşı təqaüd alacağıq. İllər keçdi, o gələcək üçün şərəflə, əməklə çalışdım, amma o gələcək gəlmədi. Əksin, savadı olmayan kimlərsə məmur oldu, biliyi olmayan da həkim. Uşaqlar hələ də 11-ci sinfi bitirib hansı peşə sahibi olacağını bilmir. İqtisad Universitetini bitirib öz maliyyə durumunu düzəldə bilməyən gənclər var. Məni yaxından tanıyanlar hansı enerjiyə sahib olduğumu bilir. İllər keçdikcə, enerji sərf edirəm, geri gəlməyəcək enerji. Dünyaya gətirdiyim övlad da mənim genimi daşıyır. Onda da bu enerjini görürəm.

Onlara daha geniş imkanlar açmaq üçün, dediyim o okeanda daha sərbəst üzmələri üçün özümü heç bir zaman üzmədiyim okean sularına atdım.

Nə olursa mənə olsun, məndən sonrakı nəsil daha rahat yaşasın, dünyaya faydalı olsun deyə. Bir də tarixi araşdırmağı sevirəm. Türklər Orta Asiyadan Anadoluya 1100-cü illərdə bərəkətli torpaq axtarışı üçün gəldi, avropalılar isə Amerika qitəsinə 1600-cü illərdə gəldi. Onlar bilinməz torpaqlarda yaşamağa risk edə bildilər. Mənim özümə verdiyim sual bu oldu: informasiya texnologiyalarının inkişaf dövründə bunu nədən sən edə bilməyəsən?

- Hazırda nə işlə məşğulsunuz? 

- Tələbəyəm və araşdırmalar edirəm. "Washingtonda BAU international”da 3 dərs alıram. Burada ixtisas "Global affairs and politics”dir.

"George Mason”dan isə bir dərs alıram. Burada jurnalistika üzrə təhsil alıram. 

- Amerikada Azərbaycan mətbuatını və ya televiziya kanallarını izləyirsiniz?

- Sosial media üzərindən izləyirəm, qısa formada olan videolara baxıram. Hansısa kanala baxdığımı xatırlamıram. 

- REAL TV açılanda sizə orada işləmək təklif olundumu? 

- Xeyr.

- Mirşahin Ağayev və Vahid Mustafayevlə əlaqələriniz qalıbmı? 

- Vahid müəllimlə əlaqəm var. ANS Şirkətlər Qrupunun həvəsdən düşmədən inamla əməyə sarılıb Azərbaycana yeniliklər gətirməsinə sevinirəm. Amma Mirşahin Ağayevlə əlaqəm yoxdur. 

- Qənirə xanım, ANS-in bağlanmasına görə bəziləri sizi ittiham edirdi, siz necə, heç özünüzü təqsirkar bilirsiniz? 
 

- Qətiyyən. Çünki ANS-in bağlanması mənimlə bağlılığı yox idi. Fətullah Gülənlə müsahibədə iştirakıma gəlincə, bu, mərkəzi redaksiya ilə razılaşdırılmışdı və bir professional qərar idi. Jurnalistin işi müsahibə almaqdır. O müsahibəni dünya şöhrətli TV-lərlə, jurnalistlərlə bərabər aldım. Onların hər biri operativ müsahibə aldığı üçün ölkələrində ödülləndirildi, mən isə incidildim..... 

- Amerikada tanınmış azərbaycanlılarla görüşürsünüzmü? 

- Bəli, görüşürəm. Amma hamı ilə mümkün deyil. Amerikaya hər gələn Azərbaycanlı da sizin düşündüyünüz səviyyədə deyil. Kimisi böyük arzular üçün, kimisi sadəcə "Amerikaya gəlim” deyə burdadır. Hər kəs öz ətrafını gec və ya tez tapır. Amma səfirliyimizlə sıx əlaqədəyəm. Bir müddət Azərbaycan məktəbində dərs də dedim. Amma indi çatdırmıram. Həftəiçi universitetlər, uşaqların məsuliyyəti və işim. İstirahət günümü övladlarıma həsr edirəm. 

- Bəs sizin orada hansısa problemləriniz var? 

- Şükür Allaha, heç bir problemim yoxdur. 

- Amerika dünyanın ən qüdrətli dövlətidir. Gəlin, bu qüdrəti orada yaşayan biri kimi xarakterizə edin. 

- Həqiqətən də qüdrətlidir və onu qüdrətli edən Tramp və ya Obama deyil. Onu qüdrətli edən qanunlara hörmət və riayətdir. Qanunun aliliyi qorunduğu üçün insan da ona hörmət edir.

Amerikada əmin olduğum bir nüans var. Bütün insanlar və mədəniyyətlər eyni kökə sahibdir. Dolayısı ilə hamımız eyniyik. Bəzi dövlətlər mükəmməl qanunlar işləyərək vətəndaşını xoşbəxt edib, bəziləri isə əksini.

Bu dərin sualdır və bu mövzuda çox danışmaq olar. Misal üzərində deyim. Amerikada orta məktəb 9 il məcburidir. Sonrakı mərhələni hər kəs deyil, yalnız professional ixtisas arxasınca gedənlər davam edir. Davam etməyənlər düşünürsünüz pis yaşayır? Xeyr. Ölkədə nizam tərəzisi - məhkəmə hüquq sistemi, təhsil və səhiyyə işlədiyi üçün hər kəs öz haqqını alır. Bəli, burda da kasıblar var, evsizlər var, haqsızlığa uğrayanlar var. Amma nisbət və çoxluq məsələsində onlar çox, amma çox azdırlar. Burda 50 balla universitetdən kəsilib, 600 balla Tibb Universitetinə düzəlib, sonra da kor həkim olmağa heç kim icazə verməz. 

- Amma Amerikada dediyiniz kimi, problemlər də çoxdur...

- Hər bir dövlət kimi, Amerikanın da öz siyasi, iqtisadi və müxtəlif problemləri var. Miqrant axını çox olduğu üçün bu məsələdən irəli gələn problemlər bizi də maraqlandırır. Silah və narkotik satışının azad olması məncə problemdir. Düşünürəm, bu, Amerikanın gələcəyi üçün də narahatlıq yaradır. Məsələn, oğlum 8-ci sinfi bitirmək üzrədir. Bu, həm də həssas yaş mərhələsidir. Burda həm gözəl təhsil var, gözəl seçimlər var, həm də seks və narkotik azadlığı. Biz bu azadlıqlardan düzgün yararlanmaq üçün gözümüzü 4 açmalı, ətrafı hər gün öyrənməliyik. Problemsiz heç bir dövlət yoxdur. Əsas problemdən düzgün çıxış yolu tapmaqdır. 

- Bildiyimizə görə idmanla da məşğul olursunuz. 

- Bəli, professional yoqa ilə məşğulam. Namaz, kitab, musiqi ruhun qidası olduğu kimi, yoqa da cismin qidasıdır, həm də ruhu sağlam tutur.

Elastik olmağım bu idman novü ilə məşğul olmağıma kömək edir. Burda yoqa fərqli formada olur. Bəzi dərsləri "Hot Power yoga"ni hətta 40 dərəcə istilik olan otaqlarda edirik. Bəzən səhər saat 6-da dərsə başlayıram. Tənbəllik insana "etmə, getmə” deyir, "yat” deyir. Amma içimdə bir hiss də var. O isə "sən tənbəlliyə qalib gəlməlisən söyləyir”.

Ruhumda qanadlarım var və yoqa mənə uçmağa kömək edir.Yoqada çoxlu dostlar qazanmışam, gözəl mühitim var. Hər şey üçün Allaha və atama minnətdaram. 

- Amerika deyəndə belə təəssürat yaranır ki, guya, bu ölkədə insanlar çox liberaldırlar, onlar üçün ailə dəyərləri-filan arxa plandadır. Amma informasiyalara baxandan sonra vəziyyətin heç də bu cür olmadığını görmək mümkündür. Bu mənada deyə bilərikmi, Amerika cəmiyyəti çox mühafizəkardır? 

- Amerika tanıdığım ən mühafizəkar cəmiyyətdir. Kristmas ərəfəsidir. İnsanlar ibadətindədir. Burda da insanlar bayramda böyüklərinə qonaq gedir, nənələr nəvələrə hədiyyə göndərir. Təsəvvür edin, hətta mənim oğlanlarıma da evimizə məktubla bərabər hədiyyə göndərən amerikalılar var.

ziləri düşünür ki, Amerika deyən kimi həddini aşmış azadlıq görəcəyik. Bu, əsla belə deyil. Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir. 100 ağıllı minlərlə mükəmməl olmayanı idarə edə bilir. Daha bir dəli gəlib min ağıllını dəli etmir. Bəlkə də yerinə düşər. Böyük oğlumun sinif yoldaşının valideynləri federal hökumətdə çalışır.

Keçən həftə bizə qonaq gəlmişdi. Məqsəd oğlanlarının dostunun ailəsini yaxından tanımaqdır. Kiçik qızı yaramazlıq etdi və qorxaraq anasına baxdı. "Uşaqdır fikir vermə” dedim. Ana, "uşaq da həddini bilməlidir” söylədi. "Amerikalılar necə cəzalandırır?” deyə soruşdum. Ana "evin içində, gərəkirsə əllərinə də vururam” cavabını verdi. Deməyim odur, amerikalı da dəyərli insan yetişdirir. 

- Amerika prezidenti Donald Trampın ölkə daxilində yürütdüyü siyasətlə bağlı bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar nələrdir? 

- Obamanı sevirəm. Simpatiyam var o adama. Donald Tramp xarici siyasətdə fikirlərini tez- tez dəyişir. Elə daxili siyasətdə də. Pafoslu cıxışları ilə hər kəsi həyəcanlandırsa da, ona nəzarət edən Konqres var. Burda son sözü heç də Tramp demir. Məsələn, o, CNN jurnalistinin Ağ Evə girişini qadağan etdi, məhkəmə isə bərpa etdi. Daxili siyasətdə də hər şeyin yaxşısının, onun xalqının olmasını istəyir. Bu da normaldır. İnsan öz vətəndaşını düşünür.

Tramp nədənsə mühacirlərə, xüsusən də Latın Amerikasından gələnlərə qarşı çox dözümsüz davranır. Amerikada deyirlər ki, Tramp varını elə ucuz işçi qüvvəsi olan ispanların hesabına toplayıb. İndi, Meksika ilə sərhəddə divar çəkmək üçün istədiyi pulu ala bilmədiyinə görə büdcəni təsdiqləməyib və Federal hökumət neçə gündür bağlıdır. Bu gün Meksika ilə sərhəddə balaca qızın ölümü ABŞ adına böyük utancverici hadisədir.

- Keçmiş iş yoldaşınız Sevinc Osmanqızı ilə görüşmüsünüz? 

- Bəli mənim Sevinc Osmanqızı ilə əlaqəm var. Sevinc xanım hələ Amerika səfirliyində işləyərkən onunla əməkdaşlıq etmişdik. Sonra bir kollektivdə işlədim.

Amerikada olduğumuz müddətdə yalnız bir dəfə görüşə bildik. Təəssüf ki, görüşməyə vaxt olmur.

- Bayaq övladlarınızdan qısa danışdınız. Onlar haqda daha ətraflı məlumat verərdiniz? 

- Fərhad 8-ci sinifdə təhsil alır və əla oxuyur. Xarici vətəndaş olsa da, Amerikada ingilis dili üzrə istedadlılar sinfində dərs alır, riyaziyyatdan da eyni sinifdədir. Məktəbi və müəllimlərini sevir. Amerikanın fürsətlər ölkəsi olduğunu dərk edir. Amma ətrafdakı parıltının da fərqindədir. Bu parıltının gözünü kor etməməsi üçün həmişə qulağına gəldiyimiz torpaqları və şərtləri xatırladır, onlara özləri kimi oxumaq üçün biliyi olub imkanı olmayan dostlarına kömək etməsinin vacibliyini deyirəm. 
Ceyhun da 5 sinifdə oxuyur. Əgər Allah bu uşaqları qorusa, onların dünya üçün faydalı insan ola biləcəklərinə inanıram. 
(modern.az)


Xəbəri paylaş

9968 dəfə oxunub.

Digər xəbərlər
21-11-2018, 14:18 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___