Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Atam da rəhmətə gedib, anam da, bacım da... Təkcə Könülün ağrısı canımdadır" - ŞAHBAZ XUDUOĞLU
Tarix: 04-10-2017 | Saat: 18:12
Bölmə:Karusel / Foto-fakt / Müsahibə | çapa göndər

"Atam da rəhmətə gedib, anam da, bacım da... Təkcə Könülün ağrısı canımdadır" - ŞAHBAZ XUDUOĞLU
 Şahbaz Xuduoğlu ilə müsahibəni təqdim edirik.
– Şahbaz bəy, siz bu gün Azərbaycanda kitab almaq və kitab satmaq mədəniyyətini formalaşdırmaq uğrunda dayanmadan çalışan bir naşirsiniz. Marağınız nədir? Sadəcə, bu işdən pul qazanmaq, yoxsa fədakarlıq?
– Mən əslində, “fədakar” sözünü sevmirəm. İnsan özünü nəyəsə fəda etməməlidir. Bu, sadəcə, mənim işimdir. Sevdiyim və bacardığım bir işlə məşğulam. Çalışıram ki, bu işi dünyada necə görürlərsə, mən də Azərbaycanda o cür həyata keçirim. Başqa bir sahədə işləsəydim, bəlkə də, həyat tərzim, yaşamaq imkanlarım daha yaxşı olardı. Yalnız şöhrət, imza məsələsi də deyil. Amma hesab edirəm ki, əziyyət çəkdiyin, gördüyün bir iş səni maddi baxımdan da təmin etməlidir.
– Təmin edirmi?
– Hər halda təmin etməsəydi, uzun illər bu işlə məşğul olmazdım.

– V Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Yarmarkada kitab sata bildinizmi?
– Əlbəttə, biz yaxşı kitab satırıq və yarmarkada da satdıq. Bütün yarmarkalarda çalışırıq ki, kitablar haqqında daha çox məlumat verək. Desəm ki, məqsədimiz tamamilə kitab satmaqdır, özümə xəyanət etmiş olaram. Məqsəd həm də işi göstərməkdir. Yəni baxın, mən bu işləri görmüşəm! Bu kitablar Azərbaycanda daha əvvəl olmayıb, bunu biz etmişik və s.
Bir uşaq yaxınlaşıb deyir ki, mən kitab oxumaq istəyirəm, nədən başlayım? Sən hansı kitabı ona deməlisən ki, o uşaq kitabın düşməni yox, əbədi dostuna çevrilsin? Kitaba əlifbadan başlayan uşaqlar indi “Kozetta”nı oxuyurlar. Yaxud da zamanında məndən “Harri Potter”i alanlar indi Rey Bredberi oxuyurlar. Biz oxucularla o qədər yaxından ünsiyyət qurmuşuq ki, hətta onların böyümək imkanlarını, boylarını da ölçə bilirik. Bax, mənim qazancım budur.
– Bəzən tənqidi fikirlər səslənir ki, “Qanun” nəşriyyatının tərcümələri keyfiyyətsizdir. Və hətta tələbəyə də kitab tərcümə etdirirlər...
– İndi “Qanun” haqqında iradlar çoxdur. Çünki “Qanun”un kitabları çox oxunur. Bəzən də deyirlər ki, guya bir əsəri 5-6 adamın arasında nümunə kimi paylaşırıq, sonra da onu kitab halına gətirib çap edirik. Amma belə deyil. Ən azı tərcümə edən şəxs sabah kitabda öz mətnini görər və deyər ki, ayıb olsun. Mən ayıb olan şeyi etmərəm.
Keyfiyyət məsələsinə gələndə isə... Mənə elə gəlir ki, tərcümələr çoxaldıqca, işləndikcə, bu meydanda rol alanların sayı artdıqca daha keyfiyyətli tərcümələr olacaq. Bundan qorxmaq lazım deyil. Hər halda biz bilərəkdən keyfiyyətsiz mətn ortalığa qoymuruq. Biz keyfiyyətlilər içərisindən ən keyfiyyətlisini seçib təqdim edirik. Bəzən isə bu da keyfiyyətli olmur. Bəzən iddialar da yanlış olur. Məsələn, deyirlər ki, Dostoyevski türkcə daha yaxşıdır, nəinki azərbaycanca. Hamı bilir ki, bu, kökündən yanlış fikirdir. Bu cür fikirlər Azərbaycan dilində çox kitab oxumamaqdan qaynaqlanır.

– Konkret deyə bilərsinizmi, tələbəyə kitab tərcümə etdirirsiniz?
– Yox, elə bir hal olmayıb. Ola bilər ki, Xarici Dillər Universitetində hansısa tələbəyə müəllimi təklif edib, biz də onu həvəsləndirmək üçün bir mətn vermişik ki, tərcümə eləsin. Amma tərcüməyə baxandan sonra çapını uyğun bilməmişik.
– Ümumiyyətlə, yaxşı tərcümə eləyəndən sonra nə fərqi var ki, tələbədir, yoxsa tələbə deyil. Elə deyilmi?
– Tamamilə razıyam. Amma elə bir halla üzləşməmişik ki, tələbə olsun və keyfiyyətli tərcümə eləsin.
– Şahbaz bəy, Tərcümə Mərkəzi çox iddialıdır. Ölkədə bu işlə məşğul olan qurumlar arasında özlərini daha peşəkar hesab edirlər... Doğrudanmı belədir?
– Tərcümə Mərkəzi şübhəsiz ki, peşəkar və iddialı olmalıdır. Çünki onlar tərcüməyə görə dövlət büdcəsindən maliyyə alırlar. Çünki Mərkəz məhz bu sahəyə məsul olan, gecə-gündüz bu işdə çalışan adamlardan ibarətdir. Amma Tərcümə Mərkəzində işləyənlərin əksəriyyəti elə bizim üçün tərcümə edənlərdir. Məsələn, orda kimlər var?

– Etimad Başkeçid...
– Etimad bəy bizim üçün də tərcümə eləyib.
– İlqar Əlfi...
– O da eləyib.
– Mahir Qarayev...
– Mahir bu gün də bizim üçün tərcümə eləyir. Sonra kim var?
– Nəriman Əbdülrəhmanlı...
– O da eləyib. Sonra? (gülür)
– Dediniz ki, Tərcümə Mərkəzi konkret bu işə məsul olan qurumdur. Çünki dövlətdən vəsait alır. Bəs sizcə, Mərkəz öz işini layiqincə yerinə yetirə bilirmi?
– Mən orda işləyənlərin hər birini ayrı-ayılıqda tanıyıram və hər birinə də böyük hörmətim var. Hətta bəzilərinə tərcümələrinə görə zəng edib, təşəkkür də eləmişəm. Bu cür insanlara vəsaitin ayrılmağına isə pis baxmıram. Onlar da haradansa maaş almalıdırlar, haradasa işləməlidirlər. Niyə də olmasın?

– Orada işləyən insanlara ayrı-ayrılıqda hörmətiniz var, bəs Mərkəz kollektiv olaraq necə bir oyun nümayiş elətdirir? Bu barədə fikriniz maraqlıdır...
– Mən bu sahədə hakim deyiləm ki, nəyisə müəyyən eləyəm, konkret fikir bildirəm.
– Şahbaz bəy, bir ara özünüz də hekayə yazırdınız...
– Hə... Mən özüm tərcümələr də edirdim.
– Hekayələriniz çoxdur? Bir kitablıq var?
– Olar...
– Yazıçılıq iddasındasınız?
– Yox... Belə bir iddiam olsaydı, bu vaxta kimi ortalığa kitablar çıxarardım. O qədər kitab nəşr edirəm, birini də özümə edərdim.

– Maraqlıdır, öz kitabınızı da pulla çıxarardınız?
– Öz kitabımı yəqin ki, daha rahat satardım və haqqında rahat danışardım.
– Necə yəni öz kitabım haqqında rahat danışardım?
– Məsələn, gedib toplantılarda, yaxud da tələbələr, məni dinləyən digər adamlar qarşısında öz kitabımı oxuyaram.
– Bunu bir naşir kimi yazıçılarımızdan da gözləyirsiniz?
– Əlbəttə! Yazıçı gərək öz kitabının arxasında olsun. Yazıçı kitabını naşirin ümidinə buraxmamalıdır. Daim öz kitabı haqqında danışmalıdır. Hər yerdə belədir. Bizimkilər isə əsəri yazır, vəssalam. Sonra susur. Belə olmaz. Ən yaxşı tənqidçi yazıçının özüdür.

– Heç kimə sirr deyil ki, yarmarkada ən çox adam “Qanun” nəşriyyatının stendi qarşısına yığılmışdı. Amma nədənsə, ən yaxşı nəşriyyatlar arasında “Qanun”un adı çəkilmir.
– “Qanun”un Azərbaycanda ən böyük nəşriyyat olduğunu hər kəs etiraf edir. Bunu xaricdən gələnlər də deyir. Amma “Qanun” heç zaman mükafat almaz. Nədənsə, həmişə ölkənin birinci və ən yaxşı nəşriyyatı başqası olur.
– Keçən ilki kitab yarmarkasında birinci hansı nəşriyyat oldu?
– Keçən il “Hədəf” nəşriyyatı mükafat aldı.
– Bəs bu il?
– “Zəngin yayınçılıq”.
– Sizə qarşı münasibət niyə belədir?
– Bilmirəm.
– Doğrudan, bilmirsiniz?
– Səmimi deyirəm, həqiqətən bilmirəm. Məsələn, yarmarkada cənab nazir gəlib “Qanun”un stendi qarşısında dayandı. Dedi ki, bu kitabların hamısı Azərbaycan dilində varmış, bəs mənim niyə xəbərim yoxdur?

– Nazir bu sualı özünə verirdi? Yoxsa...
– Yox, öz ətrafına bəyan edirdi.
– Kitabla bağlı nazirlə hər hansı bir söhbətiniz oldumu?
– “Sapiens”lə bağlı danışdıq. Nazir dedi ki, o kitabı ingilis dilində oxumuşam, nə yaxşı ki, Azərbaycan dilində də var. Mən də dedim ki, təkcə bu yox, artıq ikinci kitabın da Azərbaycan dilində tərcüməsi yekunlaşmaq üzrədir.
– Bir məsələ maraqlıdır. Yarmarkada tədbir keçirilirdi, orada Mədəniyyət və Turizm Nazirliyinin sözçüsü Aslan Cəfərov Türkiyədən gələn naşirlərə sual verdi ki, necə eləyək Azərbaycan xalqı kitab oxusun? Sizcə, nazirlik sözçüsünün belə bir sualı təəccüblü deyilmi? Xalqa necə kitab oxutdurmaq lazım olduğunu nazirlik doğrudanmı bilmir?
– Düzü, nazirlik sözçüsünün fikirləri ilə bağlı nəsə deyə bilmərəm. Çünki o tədbirdə iştirak etməmişəm. Amma dövlət orqanları, universitetlər, təhsil ocaqları qapılarını açsalar, mən bir naşir olaraq Azərbaycanda kitaba münasibəti tamamilə yaxşı istiqamətə dəyişə bilərəm. Və eyni zamanda oxumaq səviyyəsinə görə beş il ərzində bu milləti ən öncül bir yerə gətirmək mümkündür.

– Şahbaz bəy, yerli yazarlarımıza hər hansı bir mövzuda əsər sifariş verib, sonra da o kitabı ciddi reklam etdirib satmaq mümkün deyilmi? Azərbaycanda belə bir bazar yaratmaq olarmı? Bizim yazarlarda və yaxud özünüzdə bu potensialı hiss etmirsinizmi?
– Şübhəsiz, mən yaxşı bilirəm ki, hansı mövzular bu cəmiyyətin diqqətini çəkər və o kitab oxunar. Amma mən bizdə komanda ruhu görmürəm. Yaradıcı adamlar tez-tez inciyirlər. Bəzən xırda bir narazılıq böyük küskünlüyə səbəb olur. Söz yox ki, məncə, bizdə zaman-zaman kollektiv işləmək mühiti də yaranacaq. Amma söhbət bir yazıçını işlətməkdən getmir, həm də bir nəşriyyatın o yazıçını işlətmək gücünə malik olmasından gedir.
– Maddi cəhətdən?
– Bəli... Bir yazara beh vermək, sonra da demək ki, bu mövzuda bir əsər yaz! Bizim yazarlarda mən bu imkanı görmürəm.
– Məsələn, Seymur Baycana beh vermək olmazmı ki, əsər yazsın, “Qanun” nəşriyyatı da onu çap edib satsın?
– Elə məhz Seymur Baycanla etmək olmaz!
– Nə üçün?
– Çünki Seymur yalnız özünü yazan yazıçıdır. Ona desən ki, sən bu mövzuda əsər yaz, mənə elə gəlir ki, yazmaz. Seymuru bir mövzu üzərinə cəlb etmək və onu işlətmək düzü, mənə asan gəlmir.

– Vaxtilə yerli yazarlarımızın əsərlərindən ibarət “Ən yeni ədəbiyyat” seriyası başladınız. Və bir müddət də davam elədi. Sizcə, o layihə uğurlu alındımı?
– Mən ümumiyyətlə, öz gördüyüm işlərin heç birinin nəticəsindən razı deyiləm. Adətən, gördüyüm işlərin sonuna baxanda dərin depressiyaya düşürəm. Axı biz daha yüksək şeylərə hesablanmış adamlarıq. Naşir kimi də, yazar kimi də... Amma sən istədiyindən fərqli olaraq, hər şey necə olmalıdırsa, təəssüf ki, elə də olur.
Əlbəttə, mən “Ən yeni ədəbiyyat seriyası”ndan daha yaxşı şeylər gözləyirdim. Amma olmadı. Çünki öz-özlüyündə çox iddialı bir layihə idi. Bəlkə də o qədər iddialı olmaq lazım deyildi.
– Sizi həm də qonorar verməyən bir naşir kimi tənqid edirlər. Niyə özünüzə belə bir imic qazandırmısınız?
– Çünki mən qonorarı olmayan naşirəm. Qonorar fondum yoxdur. Amma eyni zamanda qonorar verən naşir də təkcə mənəm. Əgər bir yazarın kitabını nəşr edirəmsə və min ədəd kitabdan yüzünü, ya da iki yüzünü ona verirəmsə, bəs bu qonorar əvəzi deyilmi? Və yaxud da bir yazarın kitabını nəşr edib, kitab yarmarkalarına çıxarıram, maya dəyərindən də aşağı qiymətə satıramsa, bəs bu qonorar deyilmi? Axı həmin yazarın özü də bilir ki, onun kitabından gəlir əldə etmək mümkün deyil.
– Bir sual da verim... Bəs “Qanun” nəşriyyatı olaraq, ayrıca bir ədəbiyyat mükafatı təsis eləyə bilməzsinizmi?
– Biz kitabla bağlı olan bütün təşkilatlarla işləməyə açığıq. İstər Mədəniyyət və Turizm Nazirliyi olsun, istər Yazıçılar Birliyi, istərsə də Təhsil Nazirliyi və s. Məsələn, deyə bilərlər ki, sən bu işləri görürsən, bu işləri daha yaxşı bacarırsan, bizim də əlimizdə belə bir ideya var, gəl, birlikdə həyata keçirək. Mən bunu edərəm. Amma yalnız “Qanun” bir mükafat təsis eləsə, bir il, iki il davam edəcək. Sonra “Qanun”u elə bir zibilə salacaqlar ki, o zibildən həyatı boyu çıxa bilməyəcək. Hamı narazı olacaq. Bir nəfər mükafat alır, iki yüz nəfər səndən narazı olur. Heç olmasa, mükafat alan kitab bütün ölkəyə elə sürətlə yayıla, əlavə söz-söhbətlər də görünməz ola. Axı mükafat alan kitab da yayılmır, satılmır. Çox ümidsiz bir durumdayıq.

– Bir az da qardaşınızdan danışaq. Sabir bəydən! Vaxtilə belə bir yazı yazmışdınız ki, mən əvvəllər elə bilirdim Sabir Rüstəmxanlı mənim yox, Sabir Əhmədlinin, Xudu Məmmədovun qardaşıdır. Bəs indi necədir, gördüyünüz bu işlərdə Sabir Rüstəmxanlını arxanızda bir qardaş kimi hiss edirsinizmi?
– Bizdə qəribə xüsusiyyətlər var. Məsələn, kimsə məni göstərib deyir ki, bu adam Sabir Rüstəmxanlının qardaşıdır. Vəssalam! Daha onun özü necə insandır, kimdir, nə işlə məşğuldur, bunun heç kəsə dəxli yoxdur. Yəni sənin artıq möhürün vurulub.
Sabir Rüstəmxanlı böyük qardaşımdır və bu böyüklüyü hər zaman hər yerdə görürəm. Onu öz işlərimlə, problemlərimlə yükləmirəm, amma nəsə vacib bir məsələyə onun müdaxiləsi lazım gəlirsə, müraciət edirəm.
Ümumiyyətlə isə insanlar mənim üçün iki yerə ayrılır. Kitabla bir yerdə və kitabdan uzaq olanlar. Mən insanları başqa cür bölə bilmirəm. Kimisə kitab oxuyan görürəmsə, o, mənim adamımdır, mənim qardaşımdır. Görürəm ki, kitabdan uzaqdır, deyirəm ki, bizim ortaq heç nəyimiz yoxdur. Bu mənada mən Sabir Rüstəmxanlını digər insanlardan ayırmıram. Qan qardaşı olmağın əlbəttə, böyük rolu var, amma bizdə buna çox pafosla yanaşırlar və çox şişirdirlər. Qardaşsan, nə olsun?
– Sabir bəylə oturub bir stəkan çay içəndə bir-birinizi anlayırsınızmı? İki dəqiqədən sonra qalxıb sizi anlayan başqa bir adamın yanına getmirsiniz ki?
– Anlayırıq. Sabir Rüstəmxanlı kitaba olan münasibətinə görə mənə daha yaxındır, nəinki böyük qardaşım olduğuna görə. Bizim atamız, anamız birdir deyə, qardaş deyilik, mən sevinirəm ki, biz kitaba münasibətimizə görə qardaşıq.

– Vasif Talıbovun məşhur kitab siyahısından sonra sosial şəbəkələrdə sizin də bir siyahınız yayıldı. O siyahınıza Sabir Rüstəmxanlının “Ömür kitabı”nı da daxil etmişdiniz. Amma bu, birmənalı qarşılanmadı.
– Razıyam. Mən “Ömür kitabı”nın necə böyük bir çevrədə yayıldığını və necə oxunduğunu görmüşəm, buna görə onu siyahıma daxil etmişəm. Əslinə baxanda isə “Ömür kitabı” mənim üçün o qədər də cazibəli əsər deyil. Məsələn, istərdim ki, o siyahıda “Atamın ruhu” olsun. Çünki bu əsər insan haqqında yazılıb. Mən ümumiyyətlə, insanlar haqqında yazılmış əsərlərə daha çox üstünlük verirəm. Vətən, torpaq haqqında əsərlər məni çəkmir. Məncə, vətən ideoloqların uydurduğu bir mövzudur. Əsas insandır, onun düşüncələri, ağrıları, keçirdiyi hisslər, sarsıntılar...
– Şahbaz bəy, son sualımı şəxsi həyatınızla bağlı vermək istəyirəm. Həyat yoldaşınız Könül xanım avtomobil qəzasında dünyasını dəyişdi. Siz bu barədə iki böyük yazı yazmışdınız. Və hadisənin sizə necə təsir etdiyi cəmiyyətə o yazılardan məlumdur. İndi isə aradan xeyli vaxt keçib. Heç Könül xanım yadınıza düşürmü? Yoxsa kitablar başınızı qatır, unutdurur?
– Düzü, o hadisədən sonra mən özümü nəyləsə, necəsə cəzalandırmaq istəyirdim. Yazmaq da bir cəza kimi seçilmişdi. Çünki hər şey mənim yanımda baş verdi. Amma o öldü, onu xilas edə bilmədim, mən isə sağ qaldım. Axı əksinə olmalı idi. Mən ölməli idim, o yox. Sağ qalmağıma görə özümü cəzalandırmaq istəyirdim. Və mənə pis gələn, bu gün də məni əzən odur ki, özümü cəzalandıra bilmədim.
Əlbəttə, kitablar başımı qatır, amma tez-tez yadıma düşür, bəzən çox dərin xatırlayıram. Yada düşür, danışırsan, kövrəlirsən... Onu xatırlamaq bir sancı kimidir, qəfil adamı tutur, içini ovur, qıvrılırsan, bir müddətdən sonra buraxır. Mənim atam da rəhmətə gedib, anam da, bacım da. Onların sancısı məndə qalmayıb. Amma Könülün ağrısı, sancısı canımdadır. Özü də o ağrı, o sancı ürək ağrısı, ürək sancısı kimidir.
(publika.az)
Kəramət Böyükçöl




Xəbəri paylaş

1 1918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___