Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Enerji içkilərindən üç nəfər ÖLÜMCÜL vəziyyətə düşüb, belə getsə...
Tarix: 31-08-2017 | Saat: 11:21
Bölmə:Karusel / Səhiyyə / M2 / Müsahibə | çapa göndər




Ailem.az Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimovun müsahibəsini təqdim edirik:
 
 
- Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı mövcud vəziyyət necədir?
 
 
- Ötən il ərzində Azərbaycanda müxtəlif səbəblərdən 53 min insan həyatını itirib. Bunlardan 32 mini ürək-damar xəstəliklərindən baş verib. Bu, çox dəhşətli rəqəmdir. Bizim bu rəqəmləri aşağı salmağımız vacibdir. Bunun üçün isə xəstəliyi yaradan səbəbləri azaltmağa çalışmalıyıq.
Ürək-damar xəstəliyini yaradan səbəblər müxtəlifdir. İlk növbədə yüksək qan təzyiqi problemini vurğulamaq istəyirəm. Qan təzyiqi 130-140/90-nın üzərində deyil, daha aşağı olmalıdır. Ümumiyyətlə, ürək-damar xəstəliyini yaradan səbəblər arasında yüksək qan təzyiqi, kişi cinsinə mənsub olmaq, xolesterin, şəkərin yüksək olması, siqaret və irsi faktorlar mühüm rol oynayır. Əgər insanda bu altı amildən bir neçəsi mövcuddursa, həmin adamın ürək xəstəliyinə tutulma riski böyükdür.
Ürək xəstəliyinə tutulan kişilərlə qadınların sayında ciddi fərq olmur. Onu da qeyd edim ki, on il öncə ilə müqayisədə ölkədə orta yaş həddi xeyli uzanıb. Burada ciddi maarifləndirici məlumatların çoxalması, xəstəxanalarda şəraitin yaxşılaşdırılması və s. amillərin rolu var. Dünyada ürək əməliyyatları, müalicəsi ilə bağlı görülən işlərin demək olar hamısı Azərbaycanda da yerinə yetirilir. Müqayisə aparsaq görərik ki, bizim ölkədə ümumi xəstəliklərin yalnız 3-4 faizinin müalicəsi aparılmır. Xəstəxanalarda yaradılan şəraitlə yanaşı, dövlətin ciddi dəstəyi sayəsində tibbi təhsil sahəsində xeyli irəliləyiş əldə olunub. Həm daxildə təhsil alanlar, həm də bizim kimi xaricdə təhsil alıb gələnlər üçün şəraitin yaradılması, öyrəndiklərimizin burada tətbiq edilməsi və s. amillər insanlarımızın ömrünün uzanmasında çox böyük rol oynayır. Bizə verilən bütün imkanlardan yararlanmaqla ürək-damar xəstəliklərindən ölən 32 min insanın sayını heç olmasa 25 minə endirməyə məcburuq.
Azərbaycanın kardiologiya sahəsində MDB ölkələri arasında ilk sırada olduğunu deyə bilərik. Hətta Şərqi Avropa ölkələrinin bir çoxundan daha irəli səviyyəyə gəldik. Artıq ərəb ölkələrindən, Şimali Qafqazdan, Rusiyadan və digər qonşu ölkələrdən Azərbaycana xəstələr gəlir. Bu da tibbi turizmin inkişafına səbəb olur. Mərkəzi Klinika olaraq ölkə daxilindəki xəstəxanalarla deyil, Avropa və Amerika ilə rəqabət aparırıq. Xeyli sayda mütəxəssislərin yetişməsinə ehtiyac var, çünki bu sahədə çatışmazlıq var. Hər gün bir yenilik baş verir.
 
 
- Bəs xəstələr, xəstəlik riski daşıyanlar nə etməlidirlər?
 
 
- Xəstəliyin uğurlu müalicəsi üçün diaqnozun vaxtında qoyulması çox vacibdir. Təbii ki, diaqnozun vaxtında qoyulması ölümlərin azalmasına gətirib çıxarır.
Məsələn, hazırda ürək-damar xəstəliklərinin artım tempində ciddi azalma var. Son zamanlar isə insanlar müayinəyə daha tez-tez gedirlər və bunun nəticəsində xəstəliklər daha tez ortaya çıxır. Vaxtında müayinə ilə yanaşı, insanlar təzyiqlərini normada saxlamağı bacarmalıdırlar. Çünki təzyiqin yüksəlməsi həqiqətən problem yaradan səbəbdir. İnsanlar təzyiq dərmanlarından vaxtında istifadə etmirlər. Duzlu qida qəbul edirlər. Halbuki gündəlik 4 qramdan çox duzdan istifadə etmək doğru deyil. Əgər təzyiq varsa, hər gün dərman qəbul olunmalıdır.
Dərmanların vaxtında qəbul olunmaması nəticəsində təzyiqin yüksəlməsi infarkta, beyin qanamalarına, insulta, böyrək çatışmazlığı və s. ciddi problemlərə gətirib çıxarır. 
Bundan əlavə, siqaret çəkənlər də ciddi şəkildə düşünməlidirlər. Siqaret çəkmək ürək-damar xəstəlikləri riskini dörd dəfə artırır. Siqaretlə bağlı qadağalar var, amma yetərli deyil. Qadağalar artırılmalıdır.
 
 
- Ümumiyyətlə, insanlar ürək-damar xəstəliklərindən necə qoruna bilərlər?
 
 
- Ölkə vətəndaşlarının çəkilərini normada saxlaması vacibdir. Şəkər xəstələrində qanda şəkər miqdarı 140 mq/dL-dan yuxarı olmamalıdır. Əks təqdirdə orqanizm ciddi sıxıntı ilə qarşılaşa bilər. Çünki şəkər olduqda zamanla damarın tutulması prosesi gedir. Bu prosesin ləng getməsi üçün insanlar özlərinə yaxşı baxmalıdırlar.
Kişi cinsinə mənsub olmaq da ayrı bir risk amilidir. Qadınlarda klimaks dövrü başladıqdan sonra ürək xəstəliklərinin yaranma göstəricisi kişilərlə eyniləşir.
Xolesterinin səviyyəsi normada olmalıdr. Yağlı yeməklərdən uzaq durulmalı, mütləq bitki yağlarından istifadə edilməlidir. Hər kəs özünü və uşaqlarını hazır yeməklərdən, "fast-food"dan uzaq tutmalıdır. Çünki "fast-food"lar hazırlanarkən yağlardan təkrar-təkrar istifadə olunur. Bu cür təkrar istifadə isə ölümcül problemlər yaradır, ürək, beyin damarlarının tutulmasına səbəb olur. Əsasən meyvə-tərəvəz, toyuq və balıq yeməklərinə üstünlük verilməlidir. Çirkli havadan qorunmaq da vacibdir. Çünki Bakı tozlu şəhərdir. Ona görə də bir sıra ölkələrdə olduğu kimi vəziyyəti yüngülləşdirən tədbirlər görmək lazımdır. Sərnişin daşıyan nəqliyyat vasitələrinin sayları artırılmalı, trolleybus, tramvaylar, dəmiryolu sistemi çox inkişaf etdirilməlidir. Müəyyən nəqliyyat vasitələri şəhərə buraxılmamalıdr. Yəni sağlamlıq üçün bəzi çətinlikləri yaratmaq məcburiyyətindəyik. Bunları etməsək, özümüz özümüzü zəhərləyərik. Elektik enerjisi ilə işləyən avtomobillərə şərait yaratmaq lazımdır. Dəmiryolu, metro sistemi ciddi inkişaf etdirilməlidir. Metro çəkilişi problem olan yerlərdə qısamüddətli yerüstü metro xətlərinə keçilməlidir. Avropanın bir çox şəhəri problemi bu cür həll edib.
Ölkəmizdə bir az da insanlar ətraf mühiti çirkləndirirlər, zibillərini küçəyə atırlar. Hətta avtomobildən kənara zibil atılır. Bu, əxlaqi, ekoloji cəhətdən çirkin əməldir. Zibili küçəyə atanlar öz evlərini zibilləyənlər kimidirlər.
Yaşıllaşdırma işləri ilə məşğul olanlar maarifləndirilməlidir. Ağacın dibini belləyən zaman torpaq toza çevrilir. Bakı da küləkli şəhər olduğundan Avropada olduğu kimi ağac dibləri xüsusi daşlarla bərkidilməli, ətrafı yaşıllaşdırılmalıdır. Açıq qalan yerlər isə mütləq betonlanmalıdır. Çünki tozlu hava ürək damarlarına zərər verir.
 
 
- Neçə yaşından başlayaraq davamlı ürək-damar müayinələrindən keçmək lazımdır? Hansı narahatlıqlar olanda həkimə müraciət etmək vacibdir?
 
 
- Əvvəlcə anadangəlmə qüsurları aşkarlamaq üçün bütün uşaqları müayinədən keçiririk. Amma ən ideal müayinə ana bətnindəki körpənin 13-16 həftəliyində yoxlanılmasıdır. Əgər çox ciddi qüsurlar varsa, hamiləlik sonlandırılmalı, kiçik qüsurlar isə vaxtında həll olunmalıdır. Biri var anadangəlmə ürək qüsurları, biri də var sonradan qazanılan ürək patologiyaları. Uşaqların körpə yaşlarından müayinədən keçirilməsi, infeksiyaların, çürük dişlərin aradan qaldırılması vacibdir.
Xəstəliyin yaranmasında genetik amil əsas rol oynayır. Ana qarnında uşaqlarda ürək qusurunu ən çox ananın keçirdiyi infeksion xəstəliklər yarada bilir. Qadınların istifadə etdikləri kosmetik məhsulların təmiz olmasına diqqət etmələri vacibdir. Bundan başqa, çirkli hava problemi də var.
Böyüklərə gəlincə isə ürəyin işemik xəstəliyi, irsi faktor yoxdursa, müayinələr 20 yaşında başlayır, 30 yaşlarında qismən artır, 40-dan sonra isə bu say daha da çoxalır. Problemlər daha çox özünü sinədə ağrı, yanma, göynəmə, tənginəfəslik, boğulma, yol gedərkən sinədə sıxışma şəklində göstərir. Fiziki gərginlik zamanı sinədə qola, boyuna, kürəyə vuran ağrılar olur. Şəkər xəstələrində, bəzi insanlarda ağrı hiss olunmaya bilər. Ona görə də sadaladığım risk amilləri çox olan insanlar heç olmasa ildə bir dəfə kardioloji müayinədən keçməlidirlər. Az risk amilinə malik insanlar isə 3-5 ildən bir müayinələrdən keçə bilərlər.
 
 
- Bəs müayinələr hansı şəkildə aparılmalı, nə vaxt angioqrafiya müayinəsi tətbiq olunmalıdır?
 
 
- Ürək müayinəsinə gələnləri əvvəlcə həkim yoxlamalıdır. Hər kəsin mütləq elektrokardioqrafiya müayinəsindən keçməsi lazımdır. Əgər şübhə varsa, exokardioqrafiya, yetərli məlumat olmazsa, stress testi aparılmalıdır. Bu müayinələrdən sonra nəticə müsbət çıxarsa, angioqrafiya təyin olunmalıdır. Ancaq xəstənin şikayəti, həkimin əlində heç bir sübut yoxdursa, angioqrafiya müayinəsinə ehtiyac yoxdur. Biz hər gün xəstəxanaya angioqrafiyaya gələn 4-5 xəstənin zərurət olmadığına görə müayinəsini ləğv edirik.
Yeri gəlmişkən, biz angioqrafiyanı artıq qasıq nahiyəsindən deyil, biləkdən edirik. Hazırda çox nadir hallarda qasıq arteriyasından istifadə edirik. Biləkdən xəstə üçün həm rahat olur, həm də fəsadları az olur. İstər angioqrafiya müayinəsi, istərsə də stentləmə prosesi ilə bağlı dünyada ilk on sıraya daxil olmuşuq. Müxtəlif ölkələrdən də xeyli sayda xəstələrimiz olur.
Müayinədən keçirdiyimiz xəstələrdən 10 faizində damarların vəziyyəti normal, qalan 90 faizində isə problem olur. Onların 35-40 faizinə stent qoyulur. 15-20 faizi əməliyyat olunur və qalan 30-35 faizə yaxını isə dərmanla müalicə olunur.
Əgər xəstənin damarında daralma gözləməyə imkan verəcək səviyyədədirsə heç bir müdaxilə etmirik. Çünki xəstənin öz damarı ilə yaşaması hər zaman daha önəmlidir.
Stent uğurlu qoyulmalı, keyfiyyətli olmalıdır. Bu işi ciddi təhsil alan, təcrübəlilər həyata keçirməlidirlər. Ürək damarları çox həsassdır. Hər dəqiqə problem yarana bilər. Hər stentdən sonra xüsusi şarlarımız vasitəsilə stentlərin divara tam təmas etməsini təmin edirik. Həqiqətən ehtiyac yoxdursa, xəstəyə stent qoymuruq. Mənim ortalama stent sayım 1,8-dir. Xarici ölkələrdəki həkimlər öz vətəndaşlarına etmədiklərini əcnəbi vətəndaşlar üzərində rahatlıqla həyata keçirirlər. Bir stent yerinə 3, 5 və ya 7-ni qoyurlar. Damar darlığı 75 faizin altında olanda stentə ehtiyac yoxdur. Tutulma 80 faizin üzərində olduqda müdaxilə olunmalıdır. İncə damarlara stent qoymağa ehtiyac yoxdur. Amma infarktlı xəstələrin hər biri qısa müddətdə angioqrafiya olunmalıdır. Xəstəxanamızda bu sahədə xəstələrə yardım işi çox yaxşı təşkil edilib. Vətəndaşlar gün ərzində 105 nömrəsinə zəng edə bilərlər. Xəstənin harada olmasından asılı olmayaraq, təcili yardım maşınlarımız onu xəstəxanaya çatdırır, qısa zamanda müdaxilə olunur, infarktın qarşısı alınır. Ümumiyyətlə, infarktlı xəstələrə ilk 1-4 saat ərzində müdaxilə edilərsə, uğur əldə olunur.
 
 
- Xəstəliklərin qarşısını almaq üçün profilaktika məqsədi ilə bir sıra dərmanların qəbulu nə dərəcədə doğrudur?
 
 
- Ümumiyyətlə, profilaktika məqsədi ilə müəyyən dərmanlar, sistem iynələrinin , xüsusilə - "Riboksin", "Kokarbokslyaza", "Aspirin" və s. tibbi faydası yoxdur. Həkim zəruri dərmanları təyin edir. Bitki tərkibli dərmanların da faydası yoxdur. İnsanın ürək damarlarında problem varsa, şəkər xəstəliyi varsa, aspirin qəbul edilə bilər.
Ürəkdə narahatlıq yaranmaması üçün temperaturun yüksək olduğu günorta saatlarında bayıra çıxmaq məsləhət deyil. Bol maye qəbul olunması vacibdir. Spirtli içkilər və enerji içkiləri isti havalarda çox təhlükəlidir, infarkt riskini artırır.
 
 
- Sizcə enerji içkilərinin ürək xəstəliklərinin yaranmasında rolu varmı?
 
- Hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə qarşılaşıb. Bu da müxtəlif enerji içkiləridir. Milli Məclisdən, deputatlarımızdan enerji içkilərini aksiz markaya keçirmələrini xahiş edirik. Bu məhsulların istifadəsinin azaldılması üçün vergi artırılmalıdır. Artıq ABŞ-dan eneji içkiləri ilə bağlı ölüm xəbərləri gəlməkdədir. Bizim enerji içkilərindən ölümcül hala düşən üç xəstəmiz olub. Onları çətinliklə həyata qaytara bildik. Ölümcül aritimiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də həyəcan təbilinin çalınması çox vacibdir. Müxtəlif adlar altında istehsal olunan eneji içkilərinin zərərliliyi baxımından heç birində fərq yoxdur. Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir, hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır. Bu içkilərin fantastik dərəcədə satışı mövcuddur. Bəzi insanlar hətta alkoqollu içkilərlə birlikdə içir. Bu məsələ ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Əgər bu şəkildə davam edərsə, gələcək aylarda ölümlərin olacağı qaçılmazdır.report



Xəbəri paylaş

1 3008 dəfə oxunub.

Digər xəbərlər
4-04-2015, 01:48 Ukraynada erməni fitnəsi

bütün xəbərlər
____ Instagram ___