Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ağ atlı oğlan” gözləyən qızlar, daha gözləməsinlər...
Tarix: 30-08-2017 | Saat: 12:07
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər


Azərbaycanda “Ağ atlı oğlan” məfhumu hər zaman gənc xanımların xəyal etdiyi obyekt kimi dəyərləndirilib. Əsrlərdir ki, “ağ atlı oğlan” gənc xanımların tapmaq istədiyi ən uyğun, ideal həyat sirdaşının, gələcək ömür-gün yoldaşının rəmzləşdirilmiş formasiyasına çevrilib. Bəzi qızlar ailə qurmağa tələsməyib, xəyal dünyalarındakı ağ at sahibinin yolunu gözləyiblər. Burada söhbət hər hansı xülyadan, fantastik varlıqdan getmir. Hər xanım üçün  öz ağ atlı oğlanı əslində, kifayət qədər real ünsürdü. Xanım onu öz gördüyü kimi təsəvvür edir,  onun üçün ümdə olan vacib xüsusiyyətləri həmin gələcək “at sahibi”nin üzərinə köçürür.


Azərbaycanda belə qızların sayı çoxdur. Onlar nikah yaşına çatandan sonra uzun illər elçinin, bir gün qapını döyəcək “ağ atlı oğlan”ın yolunu gösləyirlər. Bu bəxtsiz qızların isməti, ar-həyası ilə bağlı heç bir nöqsanları yoxdur. Ola bilsin aralarında xarici görünüşcə gözəl olmayanlar çoxdur. Bəzən onlar cəmiyyətin psixoloji və ictimai təzyiqi qarşısında gərgin bir həyat yaşayır, ətrafdakıların “qarımış qız” atmacasına cavab verməkdə çətinlik çəkirlər….


Bu artıq bir reallıqdır ki, qızların ailə qurmaq sahəsində problemləri var.  Bəzi qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Psixoloqlar deyirlər ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur.

Lakin sürət əsri olan XXI yüzillikdə “ağ atlı oğlan” tendensiyası da tədricən dəyişir. Bəzi gənc xanımlar xəyal dünyalarındakı qəhrəmanı gözləməyə artıq maraqlı deyillər. Onlar daha tez ailə həyatı qurmağa meyillənir, tez-tələsik qərar verirlər. Haqlı olaraq etiraz edib deyə bilərsiniz ki, XIX-XX əsrin əvvəllərində qızlar daha tez ərə verilirdi. Haqlısız! Amma burada əsaslı bir fərq var-könüllülük! O dövrün qızları heç bir hüquq sahibi deyildilər. Onlar ailəsinin padşahı olan atanın bir sözü ilə bircə saat içində ailəli qadına çevrilə bilərdilər. Onlar heç “ağ atlı oğlan” xəyalını da qurmağa vaxt tapmırdılar. 

Bizim danışdığımız isə könüllü olaraq bu yolu seçən qızlarla bağlıdır. Axı bu gün gənc xanımları xəyallarında ideal yoldaş kimi gördüyü “ağ atlı oğlan”a xəyanət etdirən nədir? Onlar nə üçün xarakter və düşüncələrinə daha uyğun şəxsi gözləməyib, tələsik evlilik qərarı verirlər? Burada biz nağıl yox, konkret olaraq sosioloji bir problemi qabardırıq. Dediyimiz “ağ atlı oğlan” da, gənc xanımı gələcəkdə xoşbəxt edə bilən uyğun həyat yoldaşıdır. Hansı ki, həmin uyğun həyat yoldaşını seçməmək gələcəkdə çox ailənin dağılmasına səbəb olur. Bunun psixoloji, sosioloji təfərlərinə də nəzər salacağıq. Amma əvvəlcə qısaca da olsa “ağ atlı oğlan” məfhumuna da toxunaq.


Folklorumuzda at murad, gələcək səadətin bələdçisi, ona aparan bir vasitə kimi göstərilib. Folklorumuzda ağ atlı oğlan həm də dara düşənlərin ümid-pənahı kimi  xarakterizə edilir. Odur ki, ərgən qızlar evlənəcəyi insanın məhz həmin ağ atlı oğlan olacağını düşünüblər. Hərənin təxəyyülündə isə ağ atlı oğlan bir başqa cür qəhrəmanlaşıb. 


Mövzu isə mifologiya, folklor kontekstindən çıxaraq, sosioloji xarakter daşıdığından biz ağ atlı oğlandan yox, ağ atlı oğlana edilən “xəyanət”dən danışacağıq. Özü də real zəmində... Bu gün həqiqətən də özünə uyğun, düşüncəsinə, xarakterinə yaxın bir oğlanı gözləmədən tələm-tələsik yaxşı tanımadığı kimləsə ailə quran xanım həqiqətən də öz ağ atlı oğlanına xəyanət edir.


Türk folklorunun bilicisi, şair Əkbər Qoşalı yaşadığımız dövrdə itən bu dəyərlərin səbəbi kimi sürətli texnoloji inkişafı görür:
 
“Mövzunun qoyuluşunda həm də “niyə əvvəlki kimi gözəl dəyərlər yoxdur?” narahatlığını da hiss etdim. Şəkildəyişmələr var, amma məzmun dəyişməyib. O dövrün arzu istəkləri, ilk folklor nümunələrinin əmələ gəldiyi dövrdən sonrakı diləkləri XXI yüzillə əlaqələndirsək, təbii ki, işin içinə texnologiya, müasir sürət elementləri daxil olur. Elə  bu səbəbdən də həyatın ritmi, ahəngdarlığı dəyişir. Müəyyən qədər texnikalaşmış, sənayeləşmiş ovqat təcəlla edir.
Düşünürəm ki, zamanın gətirdiyi bu dəyişikliklər və onlardan yaranan suallar, yeni dövrün intonasiyayasını, düşüncə ritmini, ahəngini də formalaşdırır. Bunlar gözardı ediləcək hallar deyil.
Ədəbiyyatımız, fəlsəfi fikir sahiblərimiz bu işlərə nə qədər çiyin versələr, təhsilimiz bunu nə qədər çox aşılasa, ölkədə kitaba dönüş nə qədər yüksək olsa, bu suallara da daha geniş şəkildə cavab axtarmaq olar. Təbii ki, misal çəkdiyiniz “ağ atlı oğlan” məfhumu meydana çıxarkən müasir texnikalar yox idi və o dövrdə igidin, həsrət çəkilən adamın gəlişi üçün elə ən uyğun vasitə at sayılırdı. Gözəl bir qız həmin oğlanı niyə məhz atda arzulayırdı? Atı ilk dəfə türk etnosu əhliləşdirib. At həm də murad deməkdi. Atın türk düşüncəsindəki xüsusi yeri gözəllərin də məhz xəyallarında olan obyekti at belində təsəvvür etməsinə səbəb olur. Ağ rəngin də xüsusi mənası var. Qadınlar üçün “günün ağ olsun ifadəsi işlədilir”. Niyə? Çünki türk düşüncəsinə görə, qadının gününü iki varlıq  ağ edə bilər- Göydə Tanrı, yerdə kişi. Ona görə də heç zaman kişiyə “günün ağ olsun” deməzlər. Qızların gözlədiyi ağ atlı oğlan da əslində, onların gününü ağa edə biləcək bir varlıq kimi anlaşılmalıdır. Bu gün bu mövzu ona görə problem sayılır ki, xanımlar evlənəcəyi insanın onları nə dərəcədə ağ günə çıxara bilib-bilməyəcəyinə-yəni, ağ atlı oğlan olub-olmayacağına çox önəm vermirlər”.


Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə sırf sosioloji kontekstdən yanaşıb. Onun fikrincə, bugün dağılan ailələrin əsas səbəbi evlənən gənclərin ümumi maraqlarının olmamasıdır. Elə bizim dediyimiz ağ atlı oğlan da budur- qarşılıqlı marağı özündə cəmləyən bir kimsə...


“Əvvəllər gənclərimiz ailəyə öz həyatlarının mənası kimi baxırdılar. Hələ yeniyetmə yaşından xəyallarında ailə haqqında gözəl-gözəl xəyallar qururdular. Hər kəs sonradan ailə quranda da özünü bu ailəsiz təsəvvür edə bilmirdi. Onlar üçün ailə vahid orqanizm, vücud halında idi. İndi isə gənclərimiz-həm oğlanlarımız, həm də qızlarımız ailəyə həyatlarının mənası kimi yox, köməkçi vasitə kimi baxırlar. Yəni, onlar həyatda özlərini daha tənha hiss edib bundan xilas olmaq üçün ailəyə can atırlar. Sanki, bununla ağır yükün altından çıxacaqlarmış kimi davranırlar. Ona görə də bu gün yeniyetmə yaşında olan insanlarda xəyali aləmlər, gözəl arzular daha çox praqmatik addımlara yönəlir. Ailə həyat üçün həlledici yox, köməkçi bir vasitə olur. Həmçinin, bəzən, ailəyə sərgüzəşt, maraqlı vaxt keçirmək məqsədilə də baxanlar olur. Qızlarımızın da bir çoxları ailə quranda bu motivlər də rol oynayır. Amma tək bunlar deyil ki... Digər tərəfdən nələr baş verir?- valideynlərlə söhbət edəndə hiss edirəm ki, onlar da qızlarını tez ərə vermək istəyirlər. Elə qızları da ailənin içində bunlar vaxtından tez həvəsləndirirlər. Qızı tez ərə verəndə valideynlər bəzən, iqtisadi məsələlərə də baxırlar. Yəni, “qızı nə qədər tez köçürsəm, maddi cəhətən bir o qədər tez udmuş olaram”, deyib düşünürlər. Bu da doğru deyil.
Amma əsas başqa səbəb var: mənim tələbə olduğum zamanda valideynlər cəmiyyətə daha çox arxayın idi. Məsələn hansısa rayonda yaşayan valideyn asanlıqla qızını cəmiyyətə etibar edirdi. Arxayın idi ki, həm əxlaqi, həm də başqa məsələlərdə qızı hər hansı ziyan görməyəcəklər. Amma indiki valideynlər qızlarını cəmiyyətə buraxmaqdan sanki qorxurlar. Elə ən çox da əxlaqi məsələlərə görə ehtiyatlanırlar. Bir çoxları düşünür ki, qızları zaman keçdikcə cəmiyyətin bu üzünün mənfi təsirinə uğraya bilər. Bu səbəbdən də onların tez ailə qurmalarına maraqlı olurlar. Amma bir ürəkağrıdıcı məsələ də var. Bu gün gənclərimizin ailə haqqında təsəvvürləri arzuolunan halda deyil. 100 il bundan əvvəl bu problem indiki kimi deyildi. Çünki o vaxt gənclərin ailə aqibəti məlum idi. Standart təsəvüvr vardı ki, onlar üçün də ailə həyatın mənası məhz bu id.  Ailədə kişinin də, qadının da rolu aydın idi. Amma indi elə bir vəziyyət yaranıb ki, ailə quran zaman nə oğlan, nə qızda fikir aydınlığı məlum olur. Bəzən, bu cür gənclərlə ünsiyyətdə oluram. Hiss edirəm ki, gənclərimiz ailə haqqında təsəvvürləri arzuolunan halda deyil. Bu gün onlara “hansı prinsiplər əsasında ailə qursalar, bu, onlara çox böyük kömək olar” prinsipləri aşılanmalıdır. Amma təəssüf ki, nə televiziyalar,  nə də yaşlı adamlarımız bu sahədə lazımı köməyi göstərə bilir. Gənclərə deməliyik ki, siz ilk növbədə ümumi maraqlarınızın olduğu insanla ailə qurmalısınız. İndiki vaxtda qurulan ailələrdə ən dağıdıcı səbəblərdən biri budur. Ailə qurulur, üç-dörd aydan sonra, sərgüzəştli vaxtlar keçir və məhz ondan sonra ər-arvad hiss edirllər ki, bu ailə onlarlıq deyil. Hər ikisi sosial şəbəkələrdən, qohum-əqrabadan müxtəlif sözlər, tənələr və məsləhətlər eşidir. Həmçinin, hər iki tərəf hiss edir ki, onun həyat yoldaşından cəmiyyətdə daha maraqlı insan var. Gəncliyin psixologiyası elədir ki, ortaq maraqlar olmayanda bir cavan adama başqası daha maraqlı görünür,  nəinki öz həyat yoldaşı. Elə sürətlə baş alıb gedən boşanmaların da əsas səbəbi budur”.
 
Psixoloq Fərqanə Mehmanqızı da bu problemin aktuallığı ilə razıdır. O, ünsiyyətdə olduğu gənc cütlüklərlə söhbət zamanı gəldiyi qənaətdən çıxış edərək, məsələyə psixoloji yöndən yanaşır:
 
“Bu gün doğrudan da ailə qurmaq sanki çox asan bir şey olub. Bunun məsuliyyətini dərk etmirlər. Müxtəlif qadın qrupları ilə ünsiyyətdə olduğuma görə danışıqlarından görürəm ki, iki ailənin birlikdə toya, nişana hazırlığında, ümumiyyətlə, münasibətlərində hər hansı problemlərin olduğunu görürlər. Amma buna göz yumub “əşi, sonra düzələr” prinsipi ilə yaşayıblar. Amma insanlar unudurlar ki, ilk üç ay-90 gün münasibətlərin aydınlaşması üçün çox önəmlidir. Bu müddətdə əslində, bütün problemləri biz görürük. İllər keçdikcə daha böyük problemləri xatırladıqca, həmin 90 günü xatırlayır və “o vaxt mən bu problemləri görmüşdüm, amma göz yummuşdum” deyirik. Bununla biz özümüzü aldadırıq. Yalançı təsəlli ilə özümüzü sakitləşdirməyə çalışırıq ki, bunun da sonradan daha ciddi fəsadları yaranır.
Gənclər bu gün universitetə girməyi ailə qurmaqdan daha ciddi məsələ hesab edirlər. Bu gün ailə quranların 3 aydan, bir ildən sonra boşanma halları çoxdu. Hamısı da iki səbəb deyir-anlaşılmazlıq və xəyanət! Bu gün artıq bu faciəyə evrilib. Hər il statistika təqdim edirlər ki, boşananların sayı artıb, evlənənlərin sayı azalıb. Əsas məsələ insanların hansı ildə boşanmaları deyil. Hansı ildə evlənənərin boşanmaları əsas götürülməlidir. Problemin kökünü buradan tapmaq olar. Öz apardığım tədqiqata əsasən, son beş ildə evlənənlər daha çox 3 aydan, bir ildən sonra boşanırlar. Bunu nə ilə əlaqələndirmək olar? Düşünürəm ki, qızlar ailə qurmağı sanki evdən azad olmaq mənasında hiss edirlər. Ana-atanın diktəsindən qaçmaq kimi anlayırlar. “Daha sonra nə olar, olar” deyə düşüncəsi ilə azad olmaq istəyirlər. Bəzən “boşanıb azad qadın olaram” düşüncəsi də yaranır. Bu kökündən yanlışdı. Böyük problem budur ki, bu cür qadınlar azadlıq anlamını qavramırlar. Azadlığı onlara kimlərimsə harasa getməsinə icazə verib-verməmələri ilə ölçürlər. Mənə harasa getməyə icazə vermirlər, deməli azad deyiləm deyib anladıqları kimi qərar da verirlər”.
(modern)


Xəbəri paylaş

9748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___