Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir ildə 12 min övlad qatili – QIZLARI NİYƏ ÖLDÜRÜRÜK?
Tarix: 21-08-2017 | Saat: 15:53
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər






 "On ildir ailə qurmuşam. Amma övladım olmur. Bu on ildə necə əzab çəkdiyimi bir Allahım bilir, bir də mən! Özümü elə yarım hiss edirəm ki! Məncə, analıq hissini yaşamayan bir qadın heç vaxt özünü xoşbəxt hiss edə bilmir! Dəfələrlə xəyal qururam, yuxularımda həmişə bir uşaq  məni çağırır! -Ana-ana!
 
Tanrım, bu anı bircə dəfə də olsun real həyatda yaşamaq üçün nələrimdən keçməzdim ki? İllərdir həyat yoldaşımla bütün tibbi prosedurlardan keçmişik, amma nəticə həmişə məni sonsuzluğa, o tükənmişliyə bir addım daha yaxınlaşdırıb. Məni ən dəhşətə gətirən isə həkim qəbuluna düşmək üçün gözlədiyim ərəfədə bəzi qadınların buraya məhz abort üçün gəlmələrini bildiyim andır". Bu təsvir etdiyimiz Sənubər Babayeva adlı qadının  hiss etdikləri ilə bağlı dediklərinin kiçik bir hissəsidir.
 
 
Biri ana olmaq istəyir, digəri övlad qatili
   
 
Acınacaqlı təzaddır, deyilmi? Körpə qığıltısı üçün ömrünü fəda etməyə hazır olan və abort stollarında gözünü qırpmadan övlad qatilinə çevrilən qadınlar. Biri ana olmağa can atır. Digəri isə seçim qarşısındadır -övladının cinsini öyrənəcək və qız olacağı təqdirdə ondan canını qurtarmağa tələsəcək.
 
 
Bu il 12 minə yaxın abort olunub
 
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edir ki, bu da hər doğulan 100 qıza 112 oğlanın (bioloji norma 105-107 təşkil edir) düşməsi deməkdir.
 
Rəsmi statistikaya əsasən, cari il ərzində 12 minə yaxın abort qeydə alınıb.
 
 
Doğulan qız-oğlan nisbəti isə onu deməyə əsas verir ki, abort olunan qadınların əksəriyyəti selektiv aborta – yəni dölün cinsinə görə hamiləliyə xitam verilməsinə üstünlük veriblər. Baxmayaraq ki, neçə illərdir ölkədə bununla bağlı SOS siqnalı verilir və müxtəlif tədbirlərə əl atılır.
 
 
Amma nəticələr onu deməyə əsas verir ki, hazırda ölkəmizdə əksər ailələr şiddətlə oğul valideyni olmağı arzulayır. Bu cür ailələr körpənin cinsinin qız olduğunu öyrəndikdən sonra mütləq aborta üz tuturlar. Məsələn, əgər ailədə birinci övlad qızdırsa və ikincinin də qız olduğunu öyrəndikdə onu abort etdirməyi düşünürlər. Bəzən ikinci qız övladlarına o halda şans verilir ki, ailənin ilk uşağı oğlan olsun.
 
Bəs görəsən ailələri bu cür əmələ vadar edən psixoloji məqamlar nələrdir? Bu məsələ qanunla necə tənzimlənir? Selektiv abortun qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.
 
Bu, qadında psixoloji travmalara səbəb olur
 
Bildirək ki, müqəddəs Quranda Allahın adından belə deyilir: "Göylərin və yerin hökmü Allahın əlindədir. O istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir".
 
Psixoloq Şəhla Vəliyevanın Ailem.az-a bildirdiyinə görə, bəzən qadın özü istəyir ki, qız övladı olsun, amma selektiv aborta ailə tərəfindən məcbur olunur: "Qayınana, yaxud həyat yoldaşı tərəfindən qadına basqılar olur. Müəyyən ailələrdə belə bir yanlış düşüncə hakimdir ki, oğlan nəslin davamçısıdır. Onları uşağın sağlamlığı yox, məhz cinsi maraqlandırır. Bəzən qadın USM aparatında görəndə ki, bətnindəki uşağın cinsi qızdır, yanlış təlqin sayəsində o da dərhal düşünür ki, abort etdirsin. Amma birmənalı şəkildə bilinməlidir ki, övladın cinsinin oğlan, yaxud qız olması tibbi nöqteyi-nəzərdən tamamilə kişidən asılı bir məsələdir. Ətrafdan olan bu cür basqılar qadında psixoloji travmalara səbəb olur".
 
 
Qız uşağına münasibət dəyişməlidir
 
 
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Ailem.az-a deyir ki, problemdən çıxış yolu qadınların dəstəklənməsi və onlara münasibətin dəyişməsidir: “Son zamanlar cinsə görə hamiləliyin qarşısının alınması məsələsinə səhiyyə işçiləri tərəfindən müəyyən diqqət ayrılıb. Bununla bağlı müəyyən addımlar atılır. Amma bu məsələnin kökündə səhiyyə işçiləri yox, insanların münasibəti dayanır. Abort qadağan olunmadığına görə, kiminsə abort etdirməsini məhdudlaşdırmaq olmaz”.
 
 
M. Zeynalova deyir ki, aborta qadağanın qoyulması özü də müəyyən problemlər yaradır: “Burada konkret bir addım atmaq üçün şüurun dəyişməsindən, qız uşağına münasibətin dəyişməsindən başlamaq lazımdır. Hansısa qadağalar daha çox kriminal hərəkətlərə gətirib çıxara bilər. Gizlin abortlara, türkəçarələrə yol açar. Yaxud, ana ölümünə, qadınlarda uşaqlığın pozulması kimi kriminal hallara da rəvac verər. Bu baxımdan mən ümumiyyətlə abort qadağasının əleyhinəyəm”. O vurğulayır ki, selektiv abort son on ilin ciddi probleminə çevrilib və demoqrafik balansın pozulmasına da səbəb olub: “İnsanlar özü bu haldan şüurlu şəkildə imtina etməlidirlər. Hətta ana bətnində olsa belə, o canlı bir insan kimi qəbul edilməlidir. O, canlı insanın öldürülməsi kimi başa düşülməlidir. Qız uşağının ailənin əsas fərdi ola biləcəyini insanlar qəbul etməlidir. Əgər belə olarsa, bu problem tədricən həll oluna bilər”.
 
Selektiv abortların qeydiyyatını aparmaq çətindir
Araşdırdığımız mövzu ilə əlaqədar Ailem.az-ın suallarını cavablandıran respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyir ki,  abort etdirən qadınlar əsasən reproduktiv yaş dönəmində olanlardır: “ Həmçinin abort etdirən qadınlar əsasən Mərkəzi aran bölgələrindən olub”.
O deyir ki, rəsmi şəkildə selektiv abortların qeydiyyatını aparmaq çətindir və bu səbəbdən nisbət haqqında sualı əsassız cavablandırmaq istəmir: “Düşünürəm ki, problemi həll etmək üçün  sanitar maarifləndirmə işlərini gücləndirmək lazımdır. Kütləvi İnformasiya Vasitələrini bu işə cəlb edilməli, məktəb illərindən başlayaraq bununla bağlı maarifləndirici dərslər keçilməlidir”.
Selektiv abortların aparılması qadağan olunur
 
Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsində isə bildirilir ki, həm uşağın cinsinə görə ultrasəs müayinəsinin, həm də selektiv abortların aparılması qadağan olunur. Bu qadağaları pozanlara qarşı isə həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq olunur. Əgər ananın və yaxud da dölün səhhətində ciddi problemlər və xəstəliklər yoxdursa, belə müayinələrin və əməliyyatın aparılmasına qadağa qoyulur.
Uşağın dəqiq cinsi 12-ci həftədə bilinir. Qanun layihəsində 12-ci həftədən sonra abortun aparılmasına da qadağa qoyulur. Buna sosial abortlar deyilir. Ailənin ərizəsi, müraciəti əsasında bu abortlar aparıla bilər. Belə abortların aparılmasına isə yalnız əməliyyatı aparan həkim deyil, bir konsilium qərar verə bilər.
 
İctimai təfəkkürdə inqilab olmayınca günahsız körpələrə qarşı edilən bu cinayət əməllərinə tamamilə son qoyulmayacağı gün kimi aydındır.
 
 
Lazımdır ki, problemi aradan qaldırmaq üçün əlaqədar QHT-lər, ictimai birliklər, dövlət qurumları əhali arasında geniş maarifləndirmə işləri aparsın.
 
 
Və nəhayət, qız uşaqlarını kütləvi şəkildə abort etdirənlərə belə bir sual vermək lazımdır ki, belə davam edərsə, gələcəkdə həsrətində olduqları oğlan uşaqlarını kim dünyaya gətirəcək?!
 
 
 
 




Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___