Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağını öldürən analar
Tarix: 26-06-2015 | Saat: 10:17
Bölmə:Karusel / Maraqlı / M2 / Ekskluziv | çapa göndər

Uşağını öldürən analar
Xeberaz.az təqdim edir:
Doğum evində üçüncü uşağımı dünyaya gətirirdim. Doğuş əzablarının nə olduğunu bilirdim və mənim üçün sürpriz deyildi.

Bilirdim ki, bu nəhəng əzabın sonunda nəhəng bir xoşbəxtlik var. Bircə istəyim o idi ki, hər şey yaxşılıqla qurtarsın. Hətta ağrının ən güclü anında da körpəni düşünür, sağ və sağlıqlı doğulması üçün inandığın bütün müqəddəs qüvvələrə dua edirsən.

Hər şey bitəndən sonra üstümdən dağ götürüldü. Qəhrəman kimi hiss edirdim özümü. Vay bə! Güclü qadın olmanın qürurunu yaşayırdım üçüncü dəfə. Həkimim “Qəhrəman qadınsan!” deyə çiynimə vuranda gülməyim tutdu hətta. Elə bil ağır döyüşdən çıxan əsgərdim, bu da mənim komandirim. Qəhrəmanlığımı isə bircə kərə səsimi çıxarmamaqda, ufuldamamaqda görürdü. Uşaqlarımın heç birini ufuldaya-ufuldaya dünyaya gətirməmişəm. Ağrını ən təbii bir şey kimi qəbul eləmişəm. Çünki əslində o ağrıya hazır olmuşam. Doğuşa qədər araşdırmadığım internet saytı, oxumadığım kitab qalmamışdı. Nə üçün, hara getdiyimi bilirdim və tamamilə hazır idim. Həkimlərin də zəhləsini tökməyə ar edirdim.

Palataya köçürüldük körpəmlə birgə. Onun yatışını seyr edirdim və hər şey mənə möcüzə kimi gəlirdi.

Baxmayaraq, bu möcüzə üçüncü dəfə idi başıma gəlirdi.

Bir azdan palataya gənc, yox gənc deməzdim, uşaq bir ana gətirdilər. Tir-tir əsir, həkimlər ona toxunanda qışqırıb çarpayının kənarına sıxılırdı. Onun bu halı hamımızı pərişan edirdi. Qız dodaqları altında elə bu sözləri pıçıldayırdı: “Məni aldatdılar. Mənə belə deməmişdilər!”.

Yaşını soruşdum. Hələ on yeddini tamam etməmişdi. On yeddi yaşımda mən parta arxasında otururdum, analıq haqqında heç bir təsəvvürüm yox idi. Analıq haqqında hekayələr, şeirlər oxumuşdum, vəssalam. Hamısını da quru söz yığını bilirdim.

Yaşı on altının üstündə olan qızı böyüklər aldatmışdı... Hər şey asan olacaq, hər şey yaxşı olacaq deyə. Qız psixoloji cəhətdən hazır deyildi düşdüyü vəziyyətə. Çıldırmışdı rəsmən. Doğum evinin həkimləri uşağı qıza verməyə də qorxurdular. Çünki psixolojisi qaydasında deyildi. Anası uşağı əmizdirəndə tibb bacısı gözünü bir an da onlardan çəkmirdi.

Erkən nikaha girən qızların hamısı bax bu cür aldadılır. Onlara qadın olmaq nədir, nə deməkdir doğru-dürüst anladılmır. Onlara gülüstan vəd edirlər. Yerində tikanlıq görəndə dəliyə dönürlər. Bu qızlara mən “tikanlıqda şərqi deyənlər” deyərdim... Uşaqlığının bağrından qoparılmış, qəfil çətin həyatla üz-üzə qoyulmuş balaca qızlar...

Gəncədə uşaqlarının başını kəsən ana da 13 yaşında ailə qurubmuş. 13 yaşımda olanda kuklalarla oynayırdım. “İpatdı”, “Ortadaqaldı”, “Bənövşə bəndə düşə” oyunlarıyla qatırdım başımı. Pafosundan adamın dili-ağzı quruyan vətənpərvərlik şeirləri yazır, uşaq ədəbiyyatı oxuyurdum.

Bu, son ayda baş verən ikinci belə hadisədir. İctimaiyyət qınayır. Amma məsələnin kökü dərinlərdədir.

Bu əhvalatları eşidəndə mən incəsənətdən tanıdığım iki qadını xatırladım. Birinci qadın məşhur “Medeya”dır ki, əri Yasonun xəyanətindən sonra bu cür dəhşəti törətmişdi. İkinci bədbəxt qadın Nikol Kidmanın “Başqaları” filmində oynadığı ana obrazıdır. Əri müharibəyə gedib. Ondan səs-soraq yoxdur. Çoxlu ölüm xəbərləri gəlir. Qadın həyatından bezir. Əvvəl uşaqlarını boğub öldürür, sonra özünü.

Tükürpərdən filmdir.

Heç kim “şeytana uymaq”dan sığortalanmayıb. Ona görə şeytana lənət oxuyurdu nənələr. Şeytan burda simvolik obrazdı. İnsanın bütün dəliliklərinin, ağılsızlıqlarının səbəbi guya ondadı. “Ağlımdan muğayat ol, Tanrım” - bu cür duaları eləməklə əslində Freyddən qabaq nənələrimiz şüurumuzun bir də idarəolunmaz yanı olduğunu kəşf ediblər.

Məncə, bu cür məlumatlar çox da tirajlanmamalıdır. Çünki təcrübə göstərir ki, bizim cəmiyyət təlqinə meylli cəmiyyətdir. Bir ara intiharlar kütləviləşmişdi. Gündə bir adam körpüyə çıxırdı. Bizim cəmiyyətin psixologiyasında bu çox güclüdür: kollektiv bir istiqamətə meyllənmə. Son ay içində bu hadisə ikinci eyni hadisədirsə, şübhələnmək lazımdı ki, ikinci qatil ana birincidən təsirlənib.

Necə ki, şairlər bir-birinin şeirlərindən təsirlənib hamısı xorla eyni mövzularda yazırlar. Məsələn, hamısı it kimi darıxır, hamısı təkdir...
Mənbə: lent.az


Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___