Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sahur etmədən tutulan oruclar... Orucla bağlı suallara DOLĞUN CAVABLAR
Tarix: 02-06-2017 | Saat: 13:33
Bölmə:Karusel / İbadət | çapa göndər

b_520_0_16777215_0___images_stories_008MAY_ramazan_65.jpeg
On bir ayın sultanı sayılan Ramazan ayı mənəviyyatın əvəzolunmaz dəyərlərini özündə cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəy olmaq, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq kimi gözəl xüsusiyyətlər Ramazanın bəşər övladına bəxş etdiyi insani gözəlliklərdir.
Orucluq insanın səbrini və iradəsini sınağa çəkir. İnsanlar halal nemətlərdən müəyyən müddət ərzində imtina etməklə özlərində dözüm və mərhəmət anlayışı formalaşdırırlar. Orucluğun ən böyük ictimai faydası məhz varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır.
Bu ay insanlarda şükür duyğusunu formalaşdırır, nankorluğu azaldır, onları vicdanlı olmağa yönəldir, bir parça quru çörəklə, bir qurtum suyun dəyərini dərk etdirir. Hər il Ramazan ayında xeyli insan oruc tutur, Allahın rizasını qazanmağa çalışır. Şübhəsiz ki, hər Ramazan ayında oruc saxlamaqla bağlı müəyyən suallar da meydana çıxır. Biz də bunu nəzərə alaraq, orucun fəziləti, oruc tutmağın qaydaları və sual doğuran məqamlarla bağlı dəqiq məlumat almaq üçün ilahiyyatçı-alim, "İbrət” ictimai-dini redaksiyanın rəhbəri hacı Atif İsmayılovla əlaqə saxladıq. İlahiyyatçı orucluqla bağlı bizi maraqlandıran bütün suallara ətraflı cavab verdi...
- Əvvəlcə Ramazan ayının fəzilətindən qısaca bəhs edərdiz. Niyə oruc tutmalıyıq, oruc tutmağın faydası nədir?

- Ramazan ayı Allahın insanlara bəxş etdiyi mərhəmət və məğfirət, yəni bağışlanma ayıdır. Peyğəmbərimiz (s) bu ayı Allahdan rəhmətin nazil olması kimi dəyərləndirir. Həmçinin, müqəddəs kitabımız "Quran-i Kərim” məhz bu ayda yer üzünə enib. Mübarək kitabın hörmətinə Allah Ramazanı digər 11 aydan dəyərli edib. "Quran”da Musa Peyğəmbərin (ə.s) Allahla danışması qeyd olunub. Buna görə də Musa Peyğəmbər "Quran”da "kərimullah”, yəni Allahla danışan şəxs kimi əks olunur. Peyğəmbər bununla haqlı olaraq iftixar edir və deyir ki, "Ey mənim Rəbbim, səsini mənə eşitdirərək məni digərlərindən fərqləndirdin. İndi bilmək istəyirəm ki, bu şərəf məndən başqasına nail olubmu və nə vaxtsa olacaqmı?”. Uca Rəbbimiz buyurur ki, "Ey Musa, sən buna görə şükr et. Bil ki, mən axır zamanda bir ümmət yaradacam və onlara dəyərli bir ay bəxş edəcəm. İnsanlar həmin rəhmətli və bərəkətli ayda oruc tutacaqlar və iftar vaxtı onlarla mənim aramda heç nə olmayacaq, onların dualarını qəbul edəcəm”. Yəni Allah-Təala buyurur ki, insanlar iftar zamanı Yaradanla həmsöhbət olacaqlar, o səviyyədə Allaha yaxın duracaqlar. Ona görə də müsəlmanlar bu mübarək ayın bərəkətindən faydalanmalı, ilahi rəhmətdən məhrum qalmamalıdırlar.
- Hansı hallarda insanlar oruc tutmaya bilər? İslam dinində orucla bağlı güzəştlər varmı?

- "Quran”da orucun tutulmaması ilə bağlı bəzi istisnalar var. Həddindən artıq xəstə insanlar, yaxud uzun səfərə çıxanlar bu ayda oruc tutmaya bilərlər. Elə insanlar var ki, aclığa və susuzluğa qətiyyən dözümləri olmur. Adətən yaşlı insanlar uzun müddət susuz qala bilmirlər, taqətdən düşürlər. Belə şəxslərdən Allah oruc əvəzinə fidyə tələb edir. Fidyə oruc tutulmayan hər günün əvəzinə hansısa bir kasıbı, yoxsulu yedirtməkdir. Əgər xəstə insanlar sağlamlıqlarını bərpa edərlərsə, tutmadıqları günləri qəza edirlər, yəni yenidən oruc tuturlar. Bu güzəştlərin hamısı zəruri hallar üçündür.
- Həkimlərin ac qalmağı məsləhət görmədiyi insanların inad edərək oruc tutması dində savab, yoxsa əksinə günah sayılır?

- Həkim konkret olaraq kiməsə oruc tutmağı, ac-susuz qalmağı qadağan edibsə, islam dininə görə həmin şəxsin oruc tutmağı haram sayılır. Çünki bununla insan öz səhhətinə zərər vurmuş olur. Allah isə yaratdığı bəndələrə özlərinə xəsarət yetirməməyi, zərər vurmamağı əmr edir.
- Ötən Ramazan ayında üzrsüz səbəbdən oruc tutmayan insan borcunu ödəmədən növbəti Ramazana başlaya bilərmi?

- "Quran” və Peyğəmbərin (s) hədislərində açıq şəkildə bəyan edilir ki, oruc borcu olanlar yaxşı olar ki, borclarını gələn Ramazana saxlamasınlar, yəni vaxtında qəza etsinlər. Əgər bunu etmirlərsə, üzərlərindəki borc düşmüş sayılmır. Həmin günlərin müqabilində fidyə verməli və imkan düşən kimi borclarını ödəməyə çalışmalıdır.
- Sahura qalxmadan oruc tutmaq olarmı, yoxsa mütləq sahur edilməlidir?

- İmsak vaxtı yeməkdə fəzilət var. Çünki ilk növbədə səhər vaxtı insanlar Allahla təmasda olurlar, dua edirlər. Yaxşı olar ki, sahurda bir tikə də olsa ağızlarına nəsə qoysunlar. Bu, bir-iki qurtum su və xurma da ola bilər. Ancaq şübhəsiz ki, sahur etmədən tutulan oruclar qəbuldur və günah sayılmır.
- İsti havalarda oruclu ikən insanlar ağızlarını su ilə yaxalayır, hətta çimirlər. Həmin məqamlarda nələrə diqqət edilməlidir?

- Ağıza su almaq, hətta dişləri fırçalamaq orucla heç bir ziddiyyət təşkil etmir. Sadəcə insanlar ehtiyatlı olmalıdırlar ki, ağızlarını su ilə yaxaladıqda, dişlərini fırçaladıqda bilərəkdən boğazlarına su qaçırtmasınlar. Hətta bəzi hallarda bilərəkdən suyu udulsa belə, oruc pozulmaz. Duş qəbul etməklə bağlı da oruc qadağası yoxdur. Sadəcə, mənbələrdə başın tamamilə suya salınması doğru sayılmır. Çünki bu zaman qulağa su qaçma ehtimalı var.
- Bəzi insanlar orucu yataraq keçirirlər, digərləri isə əksinə, ağır işlə məşğul olurlar, onların savabı arasında fərq olurmu?

- Əlbəttə, böyük savab fərqi var. Halal ruzi qazanmağın özü ən böyük ibadətlərdən biridir. Çətin işdə çalışan, alın təri ilə çörəyini qazanan insanların Allah qatında dəyəri çox yüksəkdir. Xüsusən, ağır işlərdə çalışan şəxslər həm də Allahın əmrinə əsasən oruc tuturlarsa, onların savabları iki-üç dəfə artmış olur. Allah buyurur ki, "oruclu insanların mükafatını məndən başqa heç kim verə bilməz”.
- Orucluq ayına dieta fürsəti kimi baxanlar da mövcuddur, o niyyətlə tutulan oruc qəbul olurmu?

- Ramazan ayı ibadət ayıdır. İbadət məqsədi ilə yerinə yetirilmiş əməlin savabı çoxdur. Əgər insanın əsas niyyəti Allahın rizasını qazanmaqdırsa, ancaq bununla yanaşı, sağlamlıq və kökəlməmək üçün pəhrizini də fikirləşirsə, həmin şəxsi günahkar saymaq olmaz. Tutduğu orucu da qəbul olar. Yenə deyirəm, ilk məqsədimiz Yaradanın rizasını qazanmaq olmalıdır. Yox əgər kimsə sırf dieta üçün səhərdən-axşama kimi ac qalırsa, bunu oruc adlandırmaq yolverilməzdir. Onsuz da Uca Rəbbimiz buyurur ki, orucluq mənəvi cəhətdən olduğu kimi insanın sağlamlığı, yəni bədəni üçün də faydalıdır. Təki niyyətlər xalis olsun.
- Bəzən müxtəlif səbəblərdən orucu vaxtında açmaq mümkün olmur, iftarı gecikdirməyin günahı varmı?

- İftarı gecikdirmənin heç bir günahı yoxdur. Hərə bir işdə çalışır. Əgər müxtəlif səbəblərdən orucun açılması yubanırsa, ən azından su ilə vaxtında açmaq, daha sonra yemək süfrəsinə oturmaq olar. Yemək vaxtının uzanması ilə bağlı qadağa yoxdur. İnsan münasib zaman qədər iftarını gecikdirə bilər. Hətta vaxtında su içməyə imkanı olmasa belə, yenə də qəbahəti yoxdur.
- Oruc tutmaq istəyən azyaşlılar da var ki, bəzən valideynləri onlara icazə vermirlər. Uşaqlar hansı yaşdan oruca təşviq edilməlidir?

- Oruc ibadət sayılır. İbadətə başlamaq üçün də müəyyən yaş hədləri mövcuddur. Həmin yaş həddi, yəni həddi-buluğa çatmaq dövrü qızlarda 9 yaş, oğlanlarda isə 14 yaşdır. Yaş həddini keçdikdən sonra uşaqlara ibadət aşılanmalı, maneə yaradılmamalıdır. Təbii ki, daha azyaşlı uşaqlara oruc tutmaq vacib deyil, amma uşaqları həvəsləndirmək məqsədi ilə onlara yarım gün, yəni günortaya qədər oruc tutdurula bilər. Bu halda onların savabı valideynlərə yazılır. Yəni valideynlər uşaqları həvəsləndirməli, ancaq qətiyyən məcbur etməməlidirlər.
- İmsak və iftar vaxtlarında israfa yol vermək olarmı? İslam zəngin iftar süfrələrinə necə baxır?

- Ramazan ayında insanlar yediklərini digər insanlarla paylaşmalıdır. Qətiyyən israfa yol verilməməlidir. Çünki israf islamda bəyənilməyən əməldir. Hətta Allah israfçılığı şeytan əməli adlandırır. Əgər kimsə iftarda normal qidalarla doyursa, əlavə yeməyini ehtiyac sahiblərinə verməlidir. Bu halda daha çox savab qazanmış olar.
(sherg.az)


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
24-04-2016, 17:04 İki rayonda qaz olmayacaq

bütün xəbərlər
____ Instagram ___