Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İslamiada: Məkkədən Bakıyadək - LAYİHƏ
Tarix: 29-04-2017 | Saat: 12:55
Bölmə:Karusel / İdman | çapa göndər

İslamiada: Məkkədən Bakıyadək - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfəki yazımızda İslam Həmrəyliyi Oyunlarının tarixinə nəzər salıb, yarışın təkamül prosesi ilə yaxından tanış olacağıq.

Müqəddəs şəhərlərdə qoyulan ənənə
Bu Oyunlar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) təşəbbüsü ilə yaradılıb. Bu qurum isə İslam Əməkdaşlıq Təşkilatının nəzdində fəaliyyət göstərir. Məhz federasiya İslam Həmrəyliyi Oyunlarına lazımı dəstək verir, yarışın keçirilməsi və təşkilinə xüsusi nəzarət edir. Təşkilatın 57 üzvü olduğundan elə İHİF-də də 4 qitəni təmsil edən bu ölkələr yer alıblar.

Federasiyanın təşkil etdiyi ilk yarış 2005-ci ildə baş tutub. Oyunlar islam dünyasını birləşdirdiyi üçün ilk təşkilatçı ölkə kimi Səudiyyə Ərəbistanı seçilib. Bütün müsəlmanların müqəddəs hesab etdiyi Məkkə və Mədinə də yarışa ev sahibliyi edən 4 şəhər arasında yer alıb. Onlarla yanaşı, Tayif və Ciddə idmançıları qəbul edib.

İlk Oyunların açılış mərasimi də Məkkə şəhərində baş tutub. Bu tədbiri 33 min tamaşaçı tutumuna malik Kral Əbdüləziz Stadionunda şahzadə açıq elan edib. Bununla da hazırda müsəlman idmançılar arasında ən möhtəşəm yarış hesab olunan İslam Həmrəyliyi Oyunlarına start verilib.

Yığmamız 15 medalla başladı
Səudiyyə Ərəbistanında federasiyaya üzv olan 57 ölkədən 55-i mükafatlar uğrunda mübarizə aparıb. Onlar 15 idman növü üzrə güclərini yoxlayıb ki, bunlar arasında basketbol, su polosu, futbol, həndbol, voleybol kimi komanda növləri də yer alıb. Yarımadada təşkil olunan yarışlarda 108 dəst medal sahibini tapıb. Daha 2 növ - futzal və o qədər də tanınmayan qolbal nümunəvi çıxış kimi proqrama salınıb. Medal ardınca Səudiyyə Ərəbistanına gələn 55 ölkədən 32-si istəyinə çatmağa nail olub. Azərbaycan idmançıları da Asiya qitəsinə turist kimi getmədiklərini öz nəticələri ilə sübut ediblər. Yarışda debüt etmək imkanını 103 idmançımız qazanıb. Yığmamızın üzvləri ilk Oyunları 4 “qızıl”, eyni sayda “gümüş” və 7 “bürünc”lə başa vurublar. Ümumilikdə 15 mükafat qazanan millimiz komanda hesabında 8-ci olub. Meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən Oyunlarda Misir yığması ikinci, Qazaxıstan üçüncü yerdə qərarlaşıb. İran, İraq, Mərakeş və Malayziya kimi ölkələr də komandamızı qabaqlaya bilib.

Adı var, özü yox
II Oyunların təşkil etmək hüququ İrana verilib. Bu isə təsadüfi deyildi. Çünki onlar İslam Həmrəyliyi Oyunlarınadək müsəlman idmançıları bir araya toplayan İslam Qadınları Oyunlarını da keçirirdilər. Sələfi olan yarışdan fərqli, Həmrəylik Oyunlarının 4 ildən bir təşkili alınmamışdı. Bu üzdən də İran turniri 2009-cu ildən 2010-cu ilə “ötürülmüşdü”. Bunun üçün ölkənin 3 şəhəri – Tehran, İsfahan və Məşəd də ev sahibi seçilmişdi. Bu şəhərlərdə 14 növ üzrə mübarizənin aparılacağı planlaşdırılsa da, siyasi məsələlər hər şeyi alt-üst edib. Bütün bunlara isə İran və Səudiyyə Ərəbistanı arasındakı mübahisə səbəb olub. Ərəblər yarışlar zamanı istifadə olunacaq “Fars körfəzi” termininə etiraz ediblər. Onlar buranı ya “körfəz”, ya da “Ərəb körfəzi” adlandırmaq iddiasını irəli sürüblər. Digər ərəb ölkələri, xüsusilə də Küveyt Səudiyyə Ərəbistanına böyük dəstək verib. Körfəzin necə adlandırılması ilə bağlı mübahisə böyük qalmaqala çevrilib. Nəticədə 2010-cu ilin yanvarında İHİF yarışların baş tutmayacağını rəsmən elan edib. Beləliklə, 193 dəst medal sahibsiz qalıb. Buna baxmayaraq, yay və qış olimpiya oyunlarındakı kimi II Oyunlar öz sıra sayı ilə tarixə düşüb.

Oyunlara davam
Narazılıqlar olsa da, İslam Həmrəyliyi Oyunları ənənəsi davam etdirilib. Təbii ki, bu da İslam Əməkdaşlıq Təşkilatının səyləri nəticəsində mümkün olub. Qurum müsəlman həmrəyliyinin qorunmasını təmin edib. Nəticədə də III Oyunların keçirilməsi qərara alınıb. İHİF bu yarışı 2013-cü ildə təşkil etməyi məqsədəuyğun sayıb. Turnir İranda baş tutmayan yarışdan cəmi 3 il sonraya salınıb ki, bu da 4 il ənənəsinin bərpasına xidmət edib.

İlk dəfə payızda
İndoneziyadakı yarış İslam Həmrəyliyi Oyunlarına ilklə düşüb. Belə ki, ilk 2 yarışın keçirilmə vaxtı aprel idisə, bu dəfə payıza üstünlük verilib. Bakıda baş tutacaq IV yarışın da yazda olacağını nəzərə alsaq, İndoneziya payıza üstünlük verən yeganə ölkə kimi qalmaqdadı.

İndoneziyanın Palembanq şəhərində təşkil olunan III Oyunlar bir sıra yeniliklərlə də diqqət çəkib. Burda ölkələrin sayı 56-ya, idman növlərinin sayı 18-ə çatdırılıb. Yeni növlər arasında çimərlik voleybolu, uşunun olması da diqqət çəkib.

Palembanqdakı yarış da ciddi qalmaqalla müşayiət olunub. Əsas narazılıq qadın idmançıların geyimləri ilə bağlı olub. Atletika, çimərlik voleybolu və üzgüçülük növlərində bəzi ölkələr müasir idman geyimlərinə üstünlük verib. Bu isə bir sıra komanda rəhbərlərinin qəzəbinə tuş gəlib. Onlar rəqiblərinin də bədən hissələrinin görünməməsi tələbi ilə çıxış ediblər. Həmin müsəlman ölkələri isə idmançının üzü, əli və ayağı istisna olmaqla, bütün bədənini bağlayan burkini idman geyimindən yararlanıblar.

Daha bir narazılıq isə təqvimlə bağlı yaranıb. Bir sıra ölkələr kişi və qadınların eyni gündə yarışmasının əleyhinə qalxıblar. Maraqlıdı ki, hər 2 qalmaqal 2005-ci ildə Səudiyyə Ərəbistanında riayət olunan qaydaların bərpasının tələbi olub. Lakin İndoneziyadakı yarışın Təşkilat Komitəsi bunu düzgün saymayıb, hər şeyi yığma üzvlərinin öhdəsinə buraxıb.

Ümumilikdə yarışda 600 – 183 qızıl, 181 gümüş və 236 bürünc medal sahibini tapıb. Mükafatçılar sırasına düşən 29 komanda arasında Azərbaycan millisi də yer alıb. Yığmamız 8 il öncə olduğu kimi yenə komanda hesabında 8-ci pillədə qərar tutub. İdmançılarımız Palembanqda 6 qızıl, 9 gümüş və 9 bürünc medal əldə ediblər. Məhz bu 24 medal da 8 il əvvəlki nəticəmizi yaxşılaşdırmağa imkan verib.

Ümumi komanda hesabında isə yenə ev sahibi olan ölkə qalib gəlib. İndoneziyalılar ən yaxın izləyiciləri İran və Misiri xeyli qabaqlamağı bacarıblar. Bu 3 ölkədən başqa, Malayziya, Türkiyə, Mərakeş və Səudiyyə Ərəbistanı da Azərbaycanla müqayisədə daha güclü olub.

Amma hər halda, bizim də İslam Oyunlarında yeni tarix yazmaq imkanımız kifayət qədərdi. Çünki ev sahibləri rəqibləri ilə müqayisədə təxminən 2-3 dəfə çox idmançı ilə iştirak edirlər ki, bu da əlavə üstünlükdü. Ümid edirik ki, mayın 12-22-də Bakıda olacaq IV İslam Həmrəyliyi Oyunlarında hər şey Azərbaycan üçün işləyəcək. Bu isə ayrı yazının mövzusu olduğundan, həmin vaxt şanslarımıza geniş yer verəcəyik.

İlk “onluq”da
Baş tutan əvvəlki 2 İslamiadanın nəticələrinə baxsaq, Azərbaycan millisinin ən yaxşıların sırasında olduğunu söyləmək olar. İdmançılarımız Səudiyyə Ərəbistanı və İndoneziyada üst-üstə nə az, nə çox – 39 medal qazanıb. 10 dəfə himnimizi səsləndirən atletlərimiz 13 dəfə ikinci, 16 dəfə üçüncü olublar. Bu nəticə yığmamız İslam ölkələri arasında 10-cu olmaq imkanı verib.

İlk “onluq”da sonuncu olmasına baxmayaraq, millimiz Bakı-2017-dən sonra zirvəni də ələ keçirə bilər. Medal sıralaması əsasən qızıl mükafatlara görə tərtib olunduğundan idmançılarımızın liderlərlə arasındakı fərqi qaldırmaq iqtidarında olduğu görünür. Düzdü, ilk pillədə qərarlaşan Misir və onları izləyən İran hərəyə 40 dəfə çempionluq sevinci yaşayıb. Lakin idmanımızın günü-gündən inkişaf tempi, həmçinin 2 il əvvəl Bakıda yığmamızın Avropa Oyunlarında nümayiş etdirdiyi parlaq çıxışı IV İslam Həmrəyliyi Oyunlarına nikbin baxmağa əsas verir. Komandamız 30 “qızıllıq” fərqi aradan qaldırmaqla, lider taxtına otura bilər. Ümumilikdə isə 2 yarış ərzində oynanılan 956 medalı 38 ölkə təmsilçiləri qazanıblar. Digər 19 ölkə isə ilk uğurunu paytaxtımızda gerçəkləşdirmək arzusundadı.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___