Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kür çayı 33 il sonra Xəzərə çatmaya bilər
Tarix: 11-04-2017 | Saat: 22:21
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər

Kür çayı 33 il sonra Xəzərə çatmaya bilər


2050-ci ilədək Kür çayının Xəzər dənizinə qədər gəlib çıxmama riskləri mövcuddur, aqrar elmləri doktoru Mehman Rzayev deyib.

O, bu nəticəyə, qlobal iqlim şəraitinin dəyişməsi və Kür-Araz hövzəsinə daxil olan ölkələrin su istehlakının artmasına dair araşdırmasından sonra gəlib.

"Bizim əhalinin 45-50 faizi kənddə yaşayır, buna görə də suyun kəmiyyət və keyfiyyət baxımından yaxşı olması bizə və gələcək nəsillərə lazımdır", deyən cənab Rzayev həyəcan təbili çalmasının səbəblərini BBC Azərbaycancaya danışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür çayında suyun keyfiyyətinin və kəmiyyətinin mütəmadi ölçüldüyünü, amma regional əməkdaşlığın olmadığını qeyd edir.

"Xəbəraz.az " BBC-yə istinadən bildirir ki, uzunluğu 1515 km olan Kür çayı mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən (906 kilometr) axaraq Xəzər dənizinə tökülür.

Araz çayı da Türkiyədən, Ərzurum dağlarından başlayaraq, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədlərindən keçərək, Sabirabad rayonunun Suqovuşan kəndində Kür çayı ilə birləşərək Xəzər dənizinə tökülür.

Səbəblər nədir?
Cənab Rzayev izah edir ki, Kür-Araz hövzəsinə daxil olan ölkələrin hər biri - Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Ermənistan bu çaylardan suvarma, məişət-təsərrüfat və enerji məqsədləri üçün istifadə edirlər və bu ölkələrin hamısının hazırda kənd təsərrüfatının artırılması ilə bağlı planları var.

"Gürcüstan və Ermənistan ərazisində suvarılan sahələrin artımı yaxın gələcəkdə müvafiq olaraq 1.08 kub kilometr və 2.13 kub kilometr suyun artmasını tələb edir. Eləcə də Azərbaycanda suvarılan sahələri təxminən 25 faiz artırmağı planlayır, bu isə 1.22 kub kilometr əlavə su sərfiyyatı deməkdir. Su istehlakının artması Azərbaycan ərazisinə su gətirən çaylarda suyun qaçılmaz azalmasına gətirəcək."

Nəticədə isə Kür çayının suyu Azərbaycana daxil olacaq, amma Xəzər dənizinə çatmaya bilər, Mehman Rzayev bildirib.

Su sərfiyyatının artmasına səbəb təkcə suvarılan sahələrin artırılması deyil, həmçinin böyük su itkilərinə səbəb olan "təkmil olmayan" irriqasiya sistemləridir, alimbelə düşünür.

"Azərbaycanda 2015-ci ildən sonra mütərəqqi suvarma sistemlərinə keçid başlayıb. Hazırda Azərbaycanda hökümət torpaqların birləşdirilməsi, müasir tipli irriqasiya sistemlərinin tətbiq olunmasına çalışır. Bunlar su itkilərinin qarşısının alınması məqsədi daşıyır", həm də Ekologiya Nazirliyi Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin elmi işçisi olan müsahibimiz deyir.

"Bizim başqa yolumuz yoxdur, çünki Kür çayının aşağı axarında yerləşirik və ən axırıncı suyu alan da bizik. Çox maraqlıyıq ki, olan su ehtiyatımızdan çox səmərəli istifadə edək. O biri ölkələr də ekoloji baxımdan daha çox narahat olmalıdır, amma bu bizə daha çox yaxındır."

Suyun həcminin azalmasının digər səbəbini isə o qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirir: "Dağların ərimə xətti yuxarı qalxdığından şirin su ehtiyatları azalır."

Nə təklif edilir?
33 il öncədən proqnoz verən cənab Rzayev əlavə edir ki, hər bir ölkə Kür və Araz çaylarının suyundan kəmiyyət və keyfiyyət baxımından istifadəni optimallaşdırmalıdır.

"Beynəlxalq və yerli mütəxəssislərin rəylərinə görə, su Azərbaycana daxil olanadək artıq çirklənir və bu çirklənmə normadan çoxdur. Hər bir ölkə bununla bağlı işlər görsə də, transsərhəd səviyyəsində qənaətedici deyil, mən belə düşünürəm."

O Aral gölü, Xəzər dənizi üzrə platformalara oxşar bir regional komissiya qurulmasını təklif edir.

Ekologiya Nazirliyinin sularla bağlı qurumlarının olduğunu, eləcə də həmin qurumların layihələr keçirdiyini və əməkdaşlığa dair bir sıra konvensiyalara qoşulduğunu qeyd edən cənab Rzayev, təklif etdiyi komissiyanın əsas məqsədinin yalnız transsərhəd səviyyədə çaylarla bağlı daimi əsasları müzakirələr və monitorinqlər keçirməli olduğunu bildirir.

"...bizim Ermənistanla əlaqəmiz yoxdursa, hansı üçüncü bir təşkilatı cəlb etmək lazımdır. Azərbaycan transsərhəd göllərin və çayların mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulub, amma amma mənim bildiyimə görə, Ermənistan və Gürcüstan qoşulmayıb."

"Bundan biz maraqlı tərəfik, təşəbbüsü biz etsək yaxşı olar. Bunlar deyilməlidir. Bizim əhalinin 45-50 faizi kənddə yaşayır, buna görə də suyun kəmiyyət və keyfiyyət baxımından yaxşı olması bizə və gələcək nəsillərə lazımdır. Balans pozulsa, axınlar azalsa, bataqlaşma gedə bilər, xəstəliklər yarana bilər."

Qonşu ölkələrlə hüquqi əməkdaşlıq yoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova ölkə ərazisində hər 10 gündən bir sularda keyfiyyətin yoxlanıldığını qeyd edir. Lakin qonşu ölkələrlə bu çaylar üzrə əməkdaşlıq yoxdur.

"Qonşu ölkələrlə bizim aramızda hansısa hüquqi sənəd yoxdur, biz təxminən 4 ildir ki Gürcüstanla Kür çayının suyunun keyfiyyətinin yaxşılaşdırılması üzrə bir saziş bağlamaq istəyirik. Bəlkə bu ilin sonuna bəlkə hazır olar. Belə halda nəsə bir problem olduqca onlara bir iddia kimi ötürə bilərik. Ancaq indi dostcasına irad bildirə bilirik. Bunların hamısı pula aid olduğundan müəyyən qədər iş görə bilirlər."

Ermənistana gəldikdə isə xanım Avazova Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar heç bir birbaşa və ya dolayı əlaqə olmadığından hansısa əməkdaşlığın aparılmadığını bildirib.

Qurumun mart ayında III ongünlüyünə olan məlumatına görə, Kür çayında suyun sərfi nisbətən azalıb. Bundan başqa, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub, hesabatda qeyd edilib.




Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___