Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bizə qarşı allahsızlıq oldu" - Mövludun son müsahibəsi
Tarix: 22-03-2017 | Saat: 15:45
Bölmə:Karusel / Maraqlı / Müsahibə | çapa göndər

"Bizə qarşı allahsızlıq oldu" - Mövludun son müsahibəsi

Yazıçı Kəramət Böyükçöl yaxın dostu, ədəbi mühitin tanınmış gənclərindən olan Mövlud Mövluddan bir neçə ay öncə aldığı müsahibəni paylaşıb.

"Xəbəraz.az " kult.az-a istinadən Kəramətin "Müsahibə deyildi, iki qardaşın söhbəti idi. Mövludum necə gözəl danışıb" sözləri ilə paylaşdığı müsahibəni təqdim edir:

- Mövlud, daha Azərbaycanda yaşamırsan, Tiflisə köçmüsən...

- Tiflisə hələ köçməmişik, köçməyə cəhd eləyirik. Gəlmişik bura, görək işimiz alınırmı, bir şey yarıda bilirikmi?

- Niyə Bakı yox?

- Bakı bahalı şəhərdi. Yaşamaq, dolanmaq olmur. Tiflisin havası təmizdi, ərzaq ucuzdu. Sevinc də, mən də, balamız da müalicə alacağıq. Bir neçə ay başımızı dincə qoyacağıq, əlimiz-ayağımız öyrəşə bilsə, qalıb yaşayacağıq...

- Öyrəşməsə, necə?

- Öyrəşməsə, el bilir ki, sən mənimsən, Azərbaycan, Azərbaycan!

- Tiflisdə darıxırsanmı?

- Dostlardan ötrü darıxıram. Özü də it kimi...

- Lap balacalığından ədəbi mühitin içində olmusan, ədəbiyyat adamları ilə oturub-durmusan... Axı ağzından süd iyi gələn bir uşağın bu yerlərdə nə işi vardı?

- Doğrudan da nə işi vardı? Hər şeyin bir yaş həddi olmalıdı. On üç yaşında uşağın nə iti azmışdı ədəbi mühitdə? Mən çox tələsdim. Sonralar bu tələskənliyin cəzasını ağır ödədim...

- Necə yəni?

- Elə bilirdim hər şeyi tez öyrənib bütün yaşıdlarımı ötəcəm. Amma bu gün demək olar ki, bütün yaşıdlarımdan geridə qalmışam. Çoxunun şəxsi həyatda, ədəbiyyatda keçdiyi yolun heç yarısına gəlib çıxmamışam. Amma ənənəvi dillə desək, itirdiklərimlə yanaşı qazandıqlarım da olub.

- İtirdiklərini bilirəm, bir az qazandığından danış...

- Xeyli şair-yazıçı tanıdım. Müxtəlif xasiyyətli, müxtəlif fikirli adamlarla yoldaşlıq elədim. Bir qələm adamına bütün ömür boyu yetəcək qədər müşahidələr apardım. Məni Azərbaycan yazıçısını, şairini, ümumilikdə, qələm adamlarımızı ən yaxşı tanıyanlardan biri hesab eləmək olar.

- Sənin haqqında fikir birmənalıdır: "Mövlud çox istedadlıdır".

- O sənə elə gəlir ki, birmənalıdır. Bizim oturub-durduğumuz, çörək kəsdiyimiz adamlar eyni adamlardı, eyni "kruq"du deyə sən mənim haqqımda ancaq "istedadlıdır" sözünü eşitmisən. Məni yetərincə istedadsız, mənasız adam hesab eləyənlər də var.

- Bəs istedadı fakt kimi göstərən nədir? Sadəcə, bir neçə məqalə, esse, hekayətmi?

- Görünür, hələlik gücüm ancaq bunlara çatıb. Ancaq bunun günahı tək məndə deyil...

- Kimdi günahkar?

- Bilirsən, Kəramət, mən mənəvi tarazlığımı bərpa eləyə bilmirəm. Özümə mikro mühit yaradıb ancaq yazmaqla məşğul olmaq xoşbəxtliyi hələ ki mənə qismət olmayıb. Əsəblərim imkan vermir. Üstəlik, gündəlik qayğılar... Ancaq axır vaxtlar toparlanıb bir şeylər qaralayıram. Dostum Ağa Cəfərli sağ olsun, məni həvəsləndirir, yazılarımı redaktə eləyir, işlədiyi moderator.az saytına yerləşdirir. Yaman həvəslənmişəm, görək axırı nə olur...

- Sənin ailə qurmağın gözlənilməz oldu. Vaxtilə haqqında ümumi təsəvvür belə idi ki, darmadağın həyat tərzin ömrünün sonuna kimi davam edəcək... Nə oldu birdən-birə? Az qala, nümunəvi bir ailə başçısına çevrilmisən.

- Həyat yoldaşımla bir qəzetdə işləyirdik. Əvvəl dost olduq. Sonra yavaş-yavaş qəlbimiz bir-birinə isnişdi. Mən onunla bütün dərdlərimi, komplekslərimi, uşaqlıq zədələrimi paylaşırdım. Məsələn, tutaq ki, bir dəfə məni bir oğlan davaya çağırıb, mən qorxub getməmişəm. Onu heç bir utanc hissi keçirmədən ona danışırdım. Yəni ənənəvi münasibət deyildi bizimki. Onun yanında istədiyim vaxt gülürdüm, istədiyim vaxt ağlayırdım. Gördüm ki, bu adam mən deyəndi. Dedim alacam bu qara qızı (Gülür).

- Bir oğlunuz da var, Allah saxlasın. Eşitdiyimə görə, yaman ağlağandı...

- Ağlağan da sözdü?! Amma burda bir gürcü həkiminə göstərmişik, deyəsən, təsiri olur. Yavaş-yavaş sakitləşir. Anası sağ olsun, günortalar aparıb gəzdirir, mən işləyirəm, axşam da yatmazdan əvvəl mən çıxarıram havaya. Buranın havası yaxşı təsir eləyir.

- Mövlud, Sabir Əhmədlini bir yazıçı kimi yüksək dəyərləndirdiyin hamıya aydındır, eyni zamanda, Əkrəm Əylislini. Kamal Abdulla isə tamamilə ayrı bir bədii-estetik dünyagörüşün daşıyıcısıdır. Bəs necə ola bilər ki, sən həm Kamal Abdullanı, həm Əkrəm Əylislini, həm də Sabir Əhmədli sevə bilirsən? Burda adam çaş-baş qalır.

- Əzizim, biz Kamyunu böyük yazıçı hesab edirik?

- Bəli...

- Onda gəl Dostoyevskidən imtina eləyək. Yaxud Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş"ındakı dünyagörüş Heminqueyin "Qoca və dəniz"indəki baxışla daban-dabana ziddir. Gəl biz deyək ki, ay oxucu, ay yazıçı, seçim elə: Ya Aytmatov, ya Heminquey! Qardaş canı, düz yanaşma deyil. Mən səni istəyib deyirəm.

Sabir Əhmədli də, Əkrəm Əylisli də, Kamal Abdulla da öz dünyagörüşü, bir-birindən tamamilə fərqlənən üslubu, dili olan yazıçılardır. Gəl bizdən əvvəl yaranan ədəbiyyatımıza vahid bir orqanizm kimi baxaq. Sabir Əhmədli, İsa Hüseynov, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Abdulla, Məmməd Oruc, Azər Abdulla, Afaq Məsud, Mövlud Süleymanlı, Vaqif Nəsib, Seyran Səxavət, İsi Məlikzadə, İsa İsmayılzadə, Ələkbər Salahzadə... daha sonra gələn səksənincilər, doxsanıncılar. Onların hərəsi bir kərpic qoya-qoya çağdaş Azərbaycan ədəbiyyatını yaradıblar. Yaradıblar ki, Kəramət, Mövlud əlinə qələm alanda kürəyini daha güclü ənənəyə, zəngin dilə, yeni formaları olan ədəbi irsə söykəsin.

- Sənin doğmaca xalan Xumar Qədimova Azərbaycanın tanınmış müğənnisidir. Eşitdiyimə görə, xalanla küsülüsən, uzun müddətdir bir-birinizi danışdırmırsınız...

- Doğmacanı elə dedin, elə bil mən məhkəmə qarşısındayam, sən də bu doğmacalığı indicə ekspertizada sübut eləyib gəlmisən. Sən dediyin küsülü sözü adətən doğma adamlar arasında olur, mənsə doğmalığı çoxdandır qohumluqla ölçmürəm. Söhbət umu-küsüdən getmir, mən ümumiyyətlə, heç bir qohumumla beş dəqiqədən artıq söhbət eləyə bilmirəm...

- Özünü onlardan daha çox bilən hesab edirsən?

- Qətiyyən! Sadəcə, biz ayrı-ayrı adamlarıq. Ayrı dünyalarda yaşayırıq. Yolumuz tamam ayrı istiqamətlərədir. Allah hamının qazanını qaynatsın!

- Xumar Qədimovanı səsi xoşuna gəlir? Onun mahnılarına qulaq asırsanmı? Müğənni kimi necə dəyərləndirirsən?

- Sevinc məndən çox qulaq asır ona. Sevincdən soruşarsan (Gülür).

- Bir ara ardıcıl yazılar yazırdın. Məsələn, bir yazının adı belə idi: "Bacım bakirə olmasın". Bilmək istəyirəm, sənə bu sərbəstliyi verən nədir? Bacının olmamağı, yoxsa?..

- Məncə, belə deyil. Mən digər yazılarımda da yetərincə azad, sərhədsiz şeylər yazmışam. O yazıda demək istədiyim bu idi ki, ilin-günün bu vaxtında qadınların paçasının arasını güdmək yaxşı şey deyil.

Bax, qardaş, gəl uzağa getməyək. Elə ədəbi mühiti götürək. Görürsən istedadsız bir qızdır, iki cümləni yaza bilmir. Amma ciddi-ciddi adamlar onun Facebook səhifəsində yatır ki, bir yazı paylaşsın, layk eləyək, tərif yağışına tutaq. Çünki o qızdan azdır, bir, ya iki dənədir. Amma ondan dəfələrlə istedadlı, ondan dəfələrlə azad düşüncəli, seks müqabilində heç bir çap, təbliğat gözləməyən qadınlar olsa, vəziyyət yəqin ki, daha sağlam olar...

- Məişət, xatirələrin, uşaqlığın, evinizdə olan söz-söhbətlər niyə yazılarının əsas mövzusudur? Yaşın da az deyil. Bu mövzuların kitabını nə vaxtsa bağlayacaqsan?

- Heç vaxt. Ömrüm boyu onları yazacam. Nə vaxtsa yazılarımın qabığı başqa şeylər ola bilər. Çəyirdək həmişə o mövzular olacaq.

- Bəzən xatirələrini yazan adamlara lağ edirlər, bəyənmirlər...

- Nə deyim, vallah... Açığı, kiminsə belə mövzulara lağ elədiyini eşitməmişəm. İndi sən deyirsən, fikirləşirəm ki, kimsə lağ eləsə, nə deyərəm, bir söz tapmıram, tapa bilmirəm. Bəlkə, sən demək istəyirsən ki, sən öz xatirələrini xatirə kimi yazırsan, bədii materiala çevirə bilmirsən?

- Hə...

- Onda mən səninlə razılaşıb, bir az vaxt istəyirəm. Sənin dediyin peşəkarlığı əldə eləmək üçün müəyyən bir yol qət eləmək lazımdır.

- Niyə roman yazmırsan?

- Allah köməyin olsun, roman nədir?

- "Mustafa", "Haramı", "Yad dildə"...

- Məncə, roman yazmaq üçün böyük həyat təcrübəsi, ciddi mütaliə lazımdır. Roman yazdığın dövrdə ancaq əsərinlə məşğul olmalısan. Onun havasında yaşamalısan. Yazdığın mətnin dalğasına düşə bilməyəndə bir müddət ara verib yenidən qayıtmalısan. Mənim belə situasiyaya nə mənəvi hazırlığım, nə vaxtım, nə də maddi imkanım var.

- Mövlud, bir müddət Tərcümə Mərkəzində işlədin, işdən çıxandan sonra Afaq Məsud haqqında Facebook profilində status yazdın. Afaq xanımla problemin nədir? Bunu işlədiyin müddətdə həll eləmək olmazdımı? İşdən çıxandan sonra keçmiş müdir haqqında yazılan tənqidlərə bir az pis baxırlar, özün ki bunu yaxşı bilirsən...

- Kənardan elə görünür?

- Məncə, hə.

- Yəqin mən səhv eləmişəm. Amma dayana bilmədim, vallah. Orada bizə qarşı böyük allahsızlıqlar oldu.

- Konkret danışaq, allahsızlıq deyəndə nəyi nəzərdə tutursan?

- Nəsə, köhnə palan içi tökməyək. Vaxt gələr, hər şey gün üzünə çıxar...

- Bəzi dostlar deyir ki, Mövludda dini təfəkkür var. Bunu sənə nöqsan kimi tuturlar...

- Murad Köhnəqala demişdi bunu. Sağ olsun, böyük sözdür. Dini təfəkkür dünya ədəbiyyatına "Səfillər", "İvan İliçin ölümü", "İdiot", "Məsnəvi" kimi əsərlər bəxş eləyib. Dini təfəkkür dünya kinosuna "Bazar olsun, Baltazar", "Andrey Rublyov", "Tövbə" kimi filmlər verib. Mən o dini təfəkkür karvanına qoşulsam, dahi olaram. Yəqin Murad bəy məni dahi hesab eləyir.

- Niyə yazılarını yığıb kitab çıxartdırmırsan?

- Kitaba düşəsi yazılarım həddən artıq azdır. Ən yaxşı hesab olunan, çox adamın təriflədiyi yazılarımı isə bəzən özüm oxuyanda görürəm yox ey, bunu belə çap eləməkdə tələsmişəm. Gərək yaxşı işləyəydim, redaktəyə daha məsuliyyətlə yanaşaydım...

- Kitabsız yazıçı olar?

- Kitab yəqin ki, 30 yaşımda çıxararam... O vaxta kimi çox oxumaq, yazmaq, çox işləmək lazımdır. Allah mənə belə imkan yetirsin. Alabaşına-külbaşına basıb-bağlayıb kitab çıxarmaq kimin nəyinə lazımdı? Kim oxuyacaq onu? Uzaqbaşı feysbukda camaatı dəvət eləyəcəm, "üz-üzdən utanar" deyib gələcəklər, sonra da kitabı atacaqlar evə, heç oxumayacaqlar da. Kitab yaradıcılığın müəyyən bir dövrünün məntiqi yekunu olmalıdır. Mən o dövrə hələ indi qədəm qoymuşam...

Qeyd. Mövlud Mövlud Tiflisdə yaşaya bilmədi və Bakıya qayıltdı. 16 mart 2017-ci ildə intihar etdi.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___