Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mahmud Qurbanov: “Finalda İspaniya-Belçika cütlüyünü görürəm”
Tarix: 24-06-2016 | Saat: 17:47
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Mahmud Qurbanov: “Finalda İspaniya-Belçika cütlüyünü görürəm”
“Avropa çempionatının startından öncə Albaniya, İslandiya, Şimali İrlandiya yığmalarının autsayder olacağını fikirləşirdik. Onların qazanacaqları 1 xalın belə yaxşı nəticə olacağını deyirdik. Amma çempionatın gedişi bunun heç də belə olmadığını göstərdi”.

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov deyib.

Fransada keçirilən Avropa çempionatı həlledici mərhələyə qədəm qoyub. Qrup oyunlarından sonra 8 komanda mübarizəni dayandırdığı halda, 16 yığma yoluna davam edəcək. Qrup mərhələsinin qarşılaşmaları və 1/8 finala yüksələn komandaların şansları barədə danışan mütəxəssis bildirib ki, ortabab yığmalardan nə isə gözlənilsə də, zəif çıxışları ilə yadda qalıblar: “Məsələn, “A” qrupunda Rumıniya həmin komandalardan biridir. Bəlkə də onlardan gözləntilər çox idi. Fransa ilə ilk görüşü də pis keçirmədilər. Amma sonrakı çıxışlarında zəif oyunları ilə pərəstişkarlarını məyus etdilər. Bu qrupda Fransa meydan sahibi kimi lider olmalıydı və şübhəsiz ki, çempionatın iddialı millisidir. Bu səbəbdən də onların qrupu birinci pillədə başa vurmaları heç də təəccüblü deyil”.

Apasport.az saytının əməkdaşı Tengiz Məmmədov Albaniya millisinin qrupda qalmasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bu komanda debütant olduğu üçün yarışın startından əvvəl autsayder sayılırdı: “Rəqibləri ilə müqayisədə çempionata ilk dəfə qatılan komandanın bu cür çıxışı hamını yaxşı mənada təəccübləndirdi. Heyətində “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi yığmanı göstərdiyi oyuna görə yalnız alqışlamaq lazımdır. Onlar mərhələ adlamaq şanslarını son oyunlara kimi saxladılar. Ancaq əfsuslar olsun ki, digər qrupdakı nəticələrə əsasən turnirlə vidalaşdılar”.

“B” qrupunda əksəriyyət İngiltərənin qrup birincisi olacağını gözləyirdi, amma Uels onları qabaqladı. İngilislərin Britaniyanın digər təmsilçisindən nə səbəbdən geri qalmasına aydınlıq gətirən həmkarımız bildirib ki, burada baş məşqçi amili xüsusi rol oynayıb: “Roy Hocson ilk oyunda meydana buraxdığı heyətlə çoxlarının qəzəbinə səbəb oldu. Düzdür, sonrakı görüşlərdə səhvini düzəltdi və bunun nəticəsini də gördü. Amma istənilən halda, Uels, Slovakiya və Rusiya kimi yığmaların yer aldığı qrupda İngiltərənin birinci olmaması komandanın adına yaraşmır”.

Rusiya yığmasının qrupda qalmasını müdafiə xəttində boşluqların və bu mövqedə oynayan futbolçuların yaşının çox olması ilə əlaqələndirən M. Qurbanov Uelsdən belə nəticə gözləmədiyini də etiraf edib. O, startdan öncə qrupda məhz bu komandanın mübarizəni dayandıracağını proqnozlaşdırdığını açıqlayıb.

“C” qrupunun oyunlarını şərh edən mütəxəssis burada son dünya çempionu Almaniyanın əvvəlki kimi oyun göstərmədiyini deyib: “Bəlkə də öz oyunlarını hələ tapa bilmirlər. Amma yenə favoritdirlər və qrupu birinci yerdə bitirdilər. Burada Polşa yığması öz oyunu ilə xoş sözlərə layiqdir. Onlar zəif olmadıqlarını göstərdilər. Ən təəssüf doğuran məqam Ukraynanın zəif çıxışıdır. 1 xal qazanmadan, 1 top vurmadan belə çempionatı tərk etdilər. Şimali İrlandiya sonadək mübarizə aparır, ulduz oyunçuları yoxdur. Amma istədiklərini əldə edirlər”.

Heç şübhəsiz ki, azərbaycanlı azarkeşlərin ən maraqla gözlədikləri oyunlar “D” qrupunda idi. Türkiyə yığması yalnız son oyunda varlığını hiss etdirdi. Amma “ay-ulduzlular” qrup üçüncüsü kimi də mərhələ adlaya bilmədilər. Onların çatışmazlıqları haqda danışan T. Məmmədov bildirib ki, qardaş ölkə yığması qatıldığı bütün turnirlərə rəng qatmağı bacarır: “Bu dəfə çox çətin qrupa düşmüşdülər. İspaniya son Avropa çempionudur, Xorvatiya millisindəki inkişaf göz qabağındadır. Komandanın “dişinə” görə rəqib Çexiya sayılırdı ki, bu da çempionatda təsdiq olundu. Fikrimcə, “ay-ulduzlular” ilk 2 matçda çox zəif təsir bağışladılar. Söhbət bu komandanın Xorvatiyaya, İspaniyaya məğlub olmasından getmir. Onlarda türklərə xas olan xarakteri görmədik. Bəli, sonuncu oyunda özlərinə bənzədilər. Lakin taleləri öz əllərində deyildi. Çexiya üzərində qələbə qazansalar da, digər qruplardakı nəticələrə görə mərhələ adlaya bilmədilər. Bu qrupda digər diqqət çəkən məqam Xorvatiyanın lider olmasıdır. İspaniyanın birinci pilləni tutacağı gözlənilsə də, onlar asan rəqib olmadıqlarını nümayiş etdirdilər”.

Çoxları Türkiyənin qrupda qalmasını baş məşqçi Fatih Terimin düzgün heyət qurmaması və bəzən də taktiki səhvlər etməsi ilə bağlayırlar. Yığmamızın məşqçisi qeyd edib ki, bu çalışdırıcının qərarlarını müzakirə edə bilməz. Ancaq o son oyunda sürətli futbolçuların meydana çıxmasının komandaya böyük fayda verdiyini də vurğulayıb.

M. Qurbanov son turda İtaliyanın məğlub olaraq, Türkiyənin 1/8 finala yüksəlmək şansının üstündən xətt çəkməsi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. O bildirib ki, dünya çempionlarının ikinci heyətə şans verməsi növbəti mərhələdə İspaniya ilə qarşılaşmanı düşünmələrindən irəli gəlir.

“E” və “F” qrupları barədə danışan qonaqlar burada qeydə alınan sürpriz nəticələrdən də danışıblar. Onların sözlərinə görə, Macarıstanın qrup lideri, İslandiyanın ikinci yer sahibi kimi mərhələ keçməsi, Portuqaliyanın isə qalib gəlmədən qrupdan çıxması təəccüb doğurur. Mahmud Qurbanov Zlatan İbrahimoviçli İsveç yığmasından da belə zəif oyun gözləmədiyini deyib. O, Qaret Beyli çıxmaqla digər ulduz oyunçuların özlərini yaxşı tərəfdən göstərmədiklərini də bildirib.

1/8 final cütlüklərini dəyərləndirən M. Qurbanov Almaniya-İspaniya və ya İspaniya-Fransa finalını proqnozlaşdırsa da, bu, mümkün olmayacaq: “Artıq onlar 1/4 və ya yarımfinalda qarşılaşacaqlar. Bu səbəbdən də finalda sürpriz komanda görə bilərik. Əgər Xorvatiya və ya Portuqaliya finala çıxmasa, gediş onu göstərir. Yəni bütün proqnozların, mülahizələrin əksi ola bilər. Erkən final deməzdim. Amma 1/8 finalda İtaliya - İspaniya matçı çox maraqlı olacaq. 1/4 və ya 1/2 final mərhələlərində isə həlledici görüşdə görmək istədiklərimiz oyunları görəcəyik”.

T. Məmmədov 1/8 finalda Xorvatiya - Portuqaliya oyununun da maraqlı keçəcəyini vurğulayıb. O da aşkar favoritlərdən birinin finala kimi irəliləyəcəyini deyib: “Ancaq reqlament elədir ki, ikinci finalçı iddialılardan biri olmayacaq. Xorvatiya və ya Portuqaliyanın, yaxud Belçikanın son oyuna kimi irəliləmək şansı var. Amma yekunda Fransanı əsas favorit sayıram. Onlar evdə keçirdikləri turnirdə çempion olmağı bacarırlar. Həlledici qarşılaşmada isə Xorvatiya ilə oynayacaqlarını düşünürəm”.

1/8 final cütlüklərini ayrı-ayrılıqda şərh edən M. Qurbanov finalla bağlı proqnozlarını da açıqlayıb. O bildirib ki, İspaniya - Belçika finalı ola bilər: “Burada isə ispanların çempionluğunu düşünürəm”.


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
31-07-2015, 11:26 PKK qana doymur
4-07-2015, 10:47 Azis da oğurluq etdi...

bütün xəbərlər
____ Instagram ___